525.Az

Gələcək göylərdədir - Sosial şəbəkədə yazılanlar


 

Gələcək göylərdədir - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Əli İsa Cabbarov, rejissor:

- AzTV "Tütək səsi"ni verdi. Bərpa olunmuş versiya idi deyəsən. Sözüm onda deyil. Rasim Ocaqov indi "Təhminə", "Həm ziyarət, həm ticarət"lə tanınır, baş mükafatını "İstintaq"a görə allb, amma mənə elə gəlir "Tütək səsi" onun ən güclü rejissor işi, ən güclü filmidir. Bir filmə nə qədər vulkan, nə qədər energiya, nə qədər günəş sığa bilər: İsa Hüseynov, Teyyub Axundov, Aqşin Əlizadə və Ocaqov.  Xalqı dərindən hiss edən, ifadə edən şairanə bir film.

Sovet Azərbaycanı kinosunda urbanistlərin nəzarəti vardı, kənd əhvalatının vəkili az tapılardı. Şəhər əhvalatları qabağa düşüb bir az elə bil, həm də obyektiv səbəblərdən. Sovet Azərbaycanı kinosundə fəlsəfi qat məişətə çox vaxt uduzur, burda fəlsəfi qatın bir addımlığındadır film. İnsan məişət qəhrəmanı kimi yox, "ürək-könül"ü olan, özünün də ram edə bilməyəcəyi ruhi bir stixiya kimi verilir. Teyyub Axundov natura planlarında personajları təbiət və səma fonunda verir, onun rakursları filmə qəribə kosmizm ovqatına, Aqşin Əlizadənin musiqisi isə filmi həm də mistik ruhlu pastorala, bir az da panteizmə dartır. Hələ Səfurə İbrahimovamın, Şükufə Yusupovanın filmdə olduqları qısa metrajla personajları haqda roman yüklü obrazlar yaratmasını demirəm...

Belə kinomuz var bizim, məhv edə bilməyəcəksiniz.

 

Etibar Əliyev, millət vəkili:

-  Çərkəz Qurbanlı 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948-1959-cu illərdə həmin kənd orta məktəbində alıb. 1960-cı ildə M.F.Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsinə daxil olub və təhsilini 1965-ci ildə başa vurub. 1993-cü ildə Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsinin dekanı, daha sonra "Alman dilinin leksikası və üslubiyyatı" kafedrasının müdiri seçilib. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

Çərkəz Qurbanlı 1990-cı ilin yazından "Şəhidlərdən - şəhidlərə" yol getmişdi. O, 20 yanvar qırğınına etiraz əlaməti olaraq Tiflisə piyada yürüş etmişdir. Çərkəz müəllimin həmin yürüşdən xatirələri: "İlk əvvəl qərara gəlmişdik ki, bu aksiyanı Bakıdan Tiflisə qədər əl-ələ tutmaqla, yol boyu insanlarla birgə keçirək. Və hər rayonun əhalisi yollara çıxmalı, əl-ələ tutub düz Tiflisə gedib çıxmalı idi. Sonra aksiyanı özümüz həyata keçirdik, on beş günə Tiflisə çatdıq. Meydana çatanda insan axınının bizi necə qarşıladığı hələ də gözlərim önündən getmir. Bizimlə uzun illərin həsrətlisi kimi görüşürdülər. Həmin müddət ərzində artıq bu aksiyadan bütün dünya xəbərdar olmuşdu. Bu, SSRİ tarixində görünməmiş bir etiraz idi. Sonra "Azərbaycanfilm" kinostudiyasının rejissoru Xamis Muradov bu haqda kinofilm də çəkmişdi".

Tale elə gətirdi ki, bir neçə il sonra Çərkəz müəllimin əziz oğlu Elçin 26 yaşında Qarabağda şəhid oldu. O, 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanmışdı. Elçin 1994-cü il yanvarın 6-da Qarabağda, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid oldu. Düz 22 il sonra - Aprel döyüşlərində Lələtəpə işğaldan azad edildi. Çərkəz Qurbanlı Elçinin nisgilini hər an ürəyində gəzdirirdi.

Böyük tərcüməçi-alim Çərkəz Qurbanov Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən, "Əli və Nino" və "Məhəmməd Peyğəmbər" romanlarını alman dilindən Azərbaycan dilinə tərcümə edib.

Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb.

Kafkanın "Qəsr" əsərini dilimizə çevirdiyinə görə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən mükafatlandırılmışdı.

Onun alman dilindən tərcümə etdiyi Stefan Svayqın bir neçə əsəri, o cümlədən, "Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi" həmçinin   Nobel mükafatı laureatı Herman Hessenin əsərləri (Şərq səyahəti və Knulp) mükəmməl tərcümə nümunələridir.

Çərkəz Qurbanov 5 may 2014-cü ildə vəfat etmişdir.

Allah Çərkəz Qurbanova və bütün şəhidlərimizə Rəhmət eləsin.

 

Aqşin Yenisey, şair:

- "İstintaq araşdırması zamanı məlum olub ki, F.Mustafaya qarşı cinayəti boynuna götürən şəxs bunun müqabilində 30 min ABŞ dolları məbləğində mükafat alıb".

Görəsən, Rafiq Tağını neçədən razılaşıbmışlar?

 

Xaqani Səfəroğlu, jurnalist:

- Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2023-cü ildə Azərbaycan xaricdən 13 min 675 ton çay idxal edıb. İdxal edilən çayın dəyəri 70 min 556 dollar olub.

Çayçılıqda nəsə düz getmir. Azərbaycanda ildə cəmi min ton çay istehsal edilir. Ölkədə çaya olan illik tələbat isə 12 min tondan artıqdır.  Belə məlum olur ki, çayın 97 faizi xaricdən alınır.  Sovet vaxtında Azərbaycanda yerli çay istehsalı 8,6 min ton olub. Nəhəng SSRİ-nin çaya olan tələbatının 10 faizini ölkəmiz ödəyirdi. 34 min hektar ərazidə çay plantasiyaları olub.

İndi bu rəqəm ağlamalı haldadır: Cəmi 500 hektar.

Çayçılığın inkişafı barədə dövlət proqramı 7 il əvvəl qəbul edilib. Amma nəticələr göstərir ki, hələ də idxaldan asılı qalmışıq.  Halbuki çay kolu əkildikdən 7-10 il sonra ilk məhsulu verməyə başlayır.  7 il keçir, amma hələ də xarici ölkələrə "bir dənə çay verərsən?" deyirik.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Gələcək göylərdədir!

İlk türkiyəli astronavt Alper Gezeravcının kosmosa uçuşu, Beynəlxalq Kosmik Stansiyada 14 gün təcrübə keçməsi böyük hadisədir və mühüm əhəmiyyət kəsb edir:

- Elektronika mühəndisi olan Alperin bu uğuru Türkiyədə, Azərbaycanda və bütün türk dünyasında uşaqlarda və gənclərdə texnologiya və kosmos sahəsinə maraq və həvəsi xeyli yüksəldəcək.

- Türkiyənin kosmik sənaye sektorunun inkişafına ciddi təkan veriləcək.

- Türkiyə kosmik resursların bölüşdürülməsində yaxından iştirak edən ölkəyə çevriləcək.

- Kosmosdan alınan informasiyaları, təcrübələrin nəticələrini əldə edən Türkiyənin elm və texnologiya qurumları, sahə üzrə universitetləri daha üstün, daha rəqabətədavamlı mövqe qazanacaq.

- Kosmik stansiyada 13 fərqli istiqamət (kosmosda yaşayışın mümkünlüyü, insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, tibb, fundamental elmlər sahələri və s.) üzrə aparılan təcrübələr bu sahələrin, bütövtükdə isə bəşəriyyətin daha sürətli inkişafına təkan verəcək.

- Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), "Axiom Kosmos" qurumu və NASA arasında əməkdaşlıq güclənəcək və s.

 

Fazil Mustafa, millət vəkili:

- Bir ağıllı türk Amerikan hava gəmisində kosmosa uçur, sevinirik.

Bir ağıllı türk Amerika universitetinin laboratoriyasında çalışaraq Nobel mükafatı alır, sevinirik.

Bir ağıllı türk Almaniya yığmasının tərkibində futbol üzrə dünya çempionu olur, sevinirik.

İndi düşünək: bu ağıllı türklər öz hava gəmimizdə, öz laboratoriyamızda, öz yığmamızda bu cür uğura imza atsaydılar, nə olardı? Yəqin ki, hamımız sevincimizdən astronavt olub havalarda uçardıq. Ona görə də gördüyümüzə yox, ağlımızın dərk etdiyinə inanmalıyıq: Artıq Günəş Qərbdə çıxır, Şərqdə batır. Günəşin batdığı yerdə ağıl da batacaq. Günəşi çalışmaqla, öyrənməklə, düşünməklə Şərqə qaytarmaq istəyənlərə eşq olsun!

 

İlhamiyya Rza, jurnalist:

- Dünən "Milyonçu" şousunun indiyədək ən böyük qalibi Namiq Mustafayevin qəbulunda oldum. Anamı müayinəyə aparmışdım. Özü də biz qəbula yazılanda Namiq müəllimin hansı Namiq olduğunu hələ bilmirdim. Amma əla göz cərrahı kimi sorağını almışdım. Ona görə də məhz onun qəbuluna yazılmışdım.

Qəbul vaxtını gözlədiyim əsnada məlum oldu ki, bir həkim, intellektual şouda ən böyük məbləği qazanıb (indiyədək qazanılanlar içində ən böyük). Sonra məlum oldu ki, 23 il öncə (bu verilişi mən aparanda) "Milyonçu" şousuna qatılıbmış. Uzun sözün kəsəsi.

İllər öncə, həm də çox illər öncə verilişdə görüşməyimizə rəğmən, elə bir səmimiyyət gördüm ki, sanki dünən ayrılmışdıq. Bəli, elə adamlar var. Təsəvvür edin, adama ancaq xoş enerji ötürür. İnanılmaz bir şeydir. Soruşa bilərsiniz ki, burda inanılmayacaq nə var axı, adam dünən filan qədər məbləğ udub, pozitiv olmasın neynəsin. İzah edim də...

Deməli, siz onun hansı şəraitdə xəstə qəbul etməsini və bunu hansı təmkin, hövsələ və sevgiylə etdiyini görsəniz, Milyonçu verilişində onun udduğu məbləğin çox kiçik olduğunu anlayarsınız. Hərçənd ki, həmin mükafatı, xəstə qəbuluna görə qazanmayıb. Heç inanın, düzgün cavablarına görə də qazanmayıb. Dəqiq bilirəm ki, içindəki işığa görə qazanıb.

Allah bütün işıqlı insanları mükafatlandırsın. Öz lütfü və nemətləri ilə. Amin!

 

Asif Nərimanlı, jurnalist:

- Paşinyanın "yeni konstitusiyanın qəbul edilməsi" fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın "sifarişini" yerinə yetirməkdə ittiham edir;

Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya "müstəqillik bəyannaməsi"nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür:

- bəyannamədə artıq mövcud olmayan qondarma "dağlıq Qarabağ şurasının" 1989-cu ildə qəbul etdiyi qondarma "birləşmə" - "miatsum" qərarına istinad olunur;

- bəyannamənin 11-ci bəndində qeyd olunur: "Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımınının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir".

Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq (bu sazişi nə qədər öz maraqları çərçivəsində qəbul etdirməyə çalışsa da), regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı "dalandan" çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Və qondarma "artsax" ideyasının, eləcə də qondarma "soyqırımı" iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir.

 

 





23.01.2024    çap et  çap et