525.Az

Hesablama Palatasında “Dövlət maliyyəsinin idarə edilməsi” adlı kitabın təqdimatı keçirilib


 

Hesablama Palatasında “Dövlət maliyyəsinin idarə edilməsi” adlı kitabın təqdimatı keçirilib<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının inzibati binasında “Dövlət maliyyəsinin idarə edilməsi” adlı kitabın təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın ölkəmizin ali audit orqanı olaraq dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsinə, o cümlədən güclü fiskal institutların formalaşdırılmasına dəstək vermək məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirdiyini qeyd edib.

O, bu istiqamətdə aparılan işlər arasında dövlət maliyyəsinin idarəedilməsi sahəsində şəffaflıq və hesabatlılığın artırılmasını, cəmiyyətin maarifləndirilməsini xüsusi vurğulayaraq, hədəflərin icrası üçün atılmış növbəti addımlardan biri kimi Hesablama Palatasının dəstəyi ilə “Dövlət maliyyəsinin idarə edilməsi” adlı kitabın hazırlanması və çap edilməsi olduğunu bildirib.

Sədr çıxışında hesabatlılığın təşviq edilməsi sahəsində Hesablama Palatası tərəfindən tətbiq edilmiş yeniliklərə toxunub, habelə 2024-cü il üçün müəyyənləşdirilmiş hədəflər barədə məlumat verib.

Sonra çıxış edən kitabın müəllifi, Hesablama Palatasının “Səmərəlilik auditi” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Zaur Vəliyev kitabın yazılmasında məqsədin ölkədə dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatların əsas xətti olaraq müəyyən edilmiş fiskal institutların tətbiqi istiqamətində görülən işlərə dəstək vermək olduğunu deyib.

Daha sonra tədbirdə kitabın rəyçiləri Mərkəzi Bankın şöbə müdiri, iqtisad elmləri doktoru Ağanemət Ağayev, Paşa Holdinq MMC-nin departament direktoru, iqtisad üzrə fəlsəfə doktoru Elman Eminov, iqtisad elmləri doktoru, professor Rövşən Quliyev və Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə çıxış edərək kitabın ölkəmizdə dövlət maliyyəsi sahəsində çalışan, iqtisadçı və maliyyəçi alimlər, tədqiqatçılar, dövlət maliyyəsi istiqaməti üzrə dövlət qulluğuna hazırlaşan şəxslər, bu sahədə təhsil alan tələbələr və ümumiyyətlə makroiqtisadiyyat, fiskal siyasət, ictimai (dövlət) maliyyə və dövlət maliyyəsinin idarə edilməsi, o cümlədən, büdcə haqqında həm nəzəri, həm də praktik biliklərə yiyələnmək istəyən şəxslər üçün əhəmiyyətli vəsait olacağını qeyd ediblər.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatları Etibar Əliyev və Vüqar Bayramov çıxış edərək kitabla bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabda dövlət maliyyəsinin idarə edilməsi (və ya büdcə proseslərinin mərhələləri) və onun institusional bazası, dövlət xərclərinin idarə edilməsi, dövlət borcu və onun idarə edilməsi, dövlət investisiyalarının idarə edilməsi, vergi inzibatçılığı, fiskal intizam və fiskal institutlar, fiskal şuralar, ayrı-ayrılıqda Orta Müddətli Xərclər Çərçivəsi, fəaliyyət (o cümlədən, nəticə əsaslı) büdcəsi, büdcə (fiskal) şəffaflığı və hesabatlılığı, dövlət maliyyəsinin idarə edilməsinin diaqnostikası, fiskal risklərin təhlili, büdcə xərclərinin faydalılığının qiymətləndirilməsi, dövlət auditi və s. bu kimi mövzular əhatə edilib.

 





23.01.2024    çap et  çap et