525.Az

Müəllimim - Kənan Novruzov yazır


 

Müəllimim - <b style="color:red"> Kənan Novruzov yazır</b>

...Bu günlərdə fakültənin dəhlizində yenə üz-üzə gəldik. Müdiri olduğu Milli mətbuat tarixi kafedrasından çıxıb özünəxas şəkildə asta-asta dəhlizin bu başına - mənə sarı gəlirdi. Tənəffüs olduğundan tələbələr dəhlizdə idi. Professor Cahangir Məmmədli ona yaxınlaşan tələbələrlə səmimi görüşür, bəziləri ilə ayaqüstü söhbət edirdi. Həmin bir neçə dəqiqəlik söhbətlərin nədən ibarət olduğuna əmin idim. Bilirdim ki, Cahangir müəllim tələbələrin dərsləri, onların gündəlik qayğıları ilə maraqlanır. Niyə əmin idim? Çünki mən də uzun illər tələbə kimi ondan diqqət və qayğı görmüşəm.

Cahangir müəllimi doğma BDU-nun Jurnalistika fakültəsinin birinci kursunda oxuduğum illərdən - təxminən 8 ildir tanıyıram. O, mənə "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənnindən dərs deyib. Cəmi 3 ay. Əslində isə Cahangir Məmmədli dərsləri artıq 8 ildir davam edir.

Özünəxas xüsusiyyətləri var professorun. Öyrətməyi, bildiklərini bölüşməyi sevir. Özü də bunu xüsusi həvəslə edir. Sonra öyrətməklə qidalanır. Səbirlidir. Həmişə, nə olursa-olsun üslubunu qoruyar. Yumoru sevir. Yeri gəlmişkən, Cahangir müəllimin həm də yaxşı zarafatları var. Elə bu zarafatları da onun dərslərini daha maraqlı edir.

İşlədiyim redaksiyada baş redaktorun müavini bu yaxınlarda demişdi ki, vaxtı ilə ən maraqlı dərs keçən müəllimlərdən biri məhz Cahangir Məmmədli idi. Bu sözləri eşidəndə, əlbəttə, fərəhləndim.

Cahangir müəllim əsl tələbə adamıdır. Tələbə vaxtımda, demək olar, hər tənəffüs o vaxt rəhbəri olduğu Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına gedirdim. Məni səmimi qarşılayır, tövsiyələr verirdi. Bəzən çay da təklif edirdi.

Ümumiyyətlə, Cahangir müəllim əksər tələbələrinə öz nəvəsi, övladı kimi yanaşır. Elə buna görə də onunla yetirmələri arasında unikal münasibət var. Təsadüfi deyil ki, vaxtı ilə Cahangir müəllimin tələbələri olan və bu gün mətbuatda öz imzaları ilə tanınan media təmsilçilərinin bir çoxu, o cümlədən, Əməkdar jurnalist Mirşahin Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev, "Şərq" qəzetinin baş redaktor müavini Yusif Nəzərli, eləcə də fakültəmizin müəllimlərinin bir çoxu professor haqqında xatirələrini həmişə xoş nostalji ilə yada salır, ona ehtiramlarını ifadə edirlər.

Cahangir müəllim mənim həm də elmi rəhbərim olub. "İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mətbuatının fəaliyyəti" kimi yüksək məsuliyyət tələb edən dissertasiya mövzumun ərsəyə gəlməsində mənə yaxından kömək edib. Bəzən bir gün dəfələrlə zəng edib. "Dədə" xitabı ilə sözə başlayıb və məsləhətlərini, tapşırıqlarını verib.

Professor dəfələrlə şəxsən mənə və bizim "yaradıcı komandamıza" etimad göstərib və biz də onun inamını doğrultmağa çalışmışıq.

...Hə, onu deyirdim axı, Cahangir müəllimlə dəhlizdə görüşürük. Yenə dərslərimlə maraqlanır. Deyir ki, çalış, tələbələrlə dost ol, mümkün qədər güzəşt elə. Sonra da fikrini əsaslandırır: "Bilirsən, dədə, bizim sahəmiz də, fakültəmiz də digərlərindən fərqlənir. Biz gələcəkdə yenə görüşə, tədbirlərdə üz-üzə gələ bilərik..."

...Cahangir müəllim haqqında çox danışa bilərəm. Ən azından ona görə ki, onunla hər söhbətimiz, hər müzakirəmiz özü bir dərsdir. Cahangir Məmmədli isə böyük, əzəmətli, neçə-neçə məzunu olan məktəbdir.

Deyirlər ki, insan öyrəndikləri ilə yox, öyrətdikləri ilə xoşbəxt olur. Cahangir müəllimim 50 ildən çoxdur ki, öyrədir. Deməli, doğrudan da, xoşbəxtdir. O, tanıdığım ən xoşbəxt adamlardandır.

Professor müsahibələrinin birində demişdi ki, 5 övladı olduğuna görə, indi hesab onun xeyrinə 5:0-dır. Məncə, hesab arasındakı fərq daha böyükdür. Çünki Cahangir Məmmədlinin onlarca, bəlkə də yüzlərlə övladı var...

Bu günlər müəllimimin 82 yaşı tam olur.

Bu qeydlərlə Sizi təbrik etmək istədim, müəllimim.

Sabah, növbəti dərsinizdə yenidən görüşənədək...

 

 

 





24.01.2024    çap et  çap et