525.Az

"Gözləmirdik" - "Bir rəsmin dedikləri"


 

"Gözləmirdik" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəfiqə Mustafayevadır. Onunla məşhur rus rəssamı İlya Repinin "Gözləmirdik" əsəri haqqında danışmışıq.

İlya Repin XIX əsr rus incəsənətinin görkəmli realist rəssamıdır. Yaradıcılığının erkən dövründə, Repin əsasən müasir həyata və cəmiyyəti narahat edən problemlərə müraciət edirdi. Çiçəklənmə dövrü 1880-ci illərə təsadüf edən yaradıcılığında isə müasirlərinin portretləri, tarixi janr əsərləri və məişət mövzulari əsas yer tutur. Tarixi janrda yaratdığı əsərlərdə əsas məqsəd təsvir edilən hadisənin emosional ifadəliliyini tamaşaçıya çatdırmaq idi. Müasirlik mövzusu Repin yaradıcılığının ana xəttidir.

 

- Şəfiqə xanım, söhbətimizə elə əsərin hekayəsindən başlayaq.

- Rəsmdə sürgündən qəfil qayıdan inqilabçının ailəsi ilə görüşü təsvir edilib. Əsər dərin psixoloji məzmuna malikdir. Geri qayıdan inqilabçının ailəsi onu artıq ölmüş bilirdi, ona görə də dönüşünü xüsusi bir həyəcan və təəccüblə qarşılayırlar.

Bu əsərin yaranma səbəbi çar Rusiyasında baş qaldıran inqilab hərəkatı idi. Repin bu mövzudan yan keçə bilməzdi.

- Əsərin iki variantı mövcuddur. Təbii ki, iki variant arasında oxşarlıq və fərqlər də.

- Əsərin ilk varianti 1883-cü ilə aiddir. Burada Repin baş qəhrəmanı qadın obrazında təsvir edib. Sonra Repin bu təsvirin o dövrün reallığını tam əks etdirmədiyini düşünür və ikinci variant üzərində işləməyə başlayır. İkinci variantda rəssam kişi obrazına müraciət edir. Bu əsər də məşhurluq qazanır. İkinci rəsm 1884-cü ilə aiddir. Əsər öz monumentallığı ilə seçilir, böyük ölçüdə işlənib və qəhrəmanların sayı da artıb. 1884-cü ildə səyyar rəssamların sərgisində nümayiş olunan tablonu tənqidçi Stasov sərginin ən yaxşı əsəri adlandırır. Amma mövzusuna görə rəsmi tənqid edənlər də az deyildi. Qeyd etdiyim kimi, əsərdə inqilabçının sürgündən geri dönməsi səhnəsi təsvir olunub. Burada müxtəlif emosiyalar - qorxu, həyəcan, sevinc hissləri öz əksini tapıb. Birinci planda kreslodan qalxan yaşlı qadın obrazı verilib. Bu, inqilabçının anasının obrazıdır. Həmçinin masa arxasında əyləşən uşaqları və qulluqçuları görürük. 1887-ci ildə Repin baş qəhrəmanın obrazını yenidən işləmək qərarı verir. O, Tretyakov qalereyasına gəlir və gizlincə əsər üzərində işləməyə başlayır. Pavel Tretyakov rəssamın bu hərəkətini bəyənmir. Amma sonra onlar razılığa gəlirlər və Repin baş qəhrəmanın obrazı üzərində işləməyə davam edir. İlk variantda qəhrəmanın üz ifadəsi əzabla dolu idi. Sonrakı variantda isə qəhrəmanın obrazı daha çox əminlik ifadə edir. Əsərdə kimin təsvir olunması sual altındadır. Çünki Repin bu haqda bizə konkret məlumat vermir. Stasov bu obrazı "Geri dönmüş missiya" adlandırır və A.İvanovun "İsanın zühuri" əsəri ilə müqayisə edir. Qeyd edək ki, əsərdəki interyer rəssamın bağ evindən götürülüb. Bu cür oxşar kompozisiyaya digər rəssamların əsərlərində də rast gəlinir.

- Əsərin rəng həlli necədir?

- Biz əsərə baxarkən eyvanın açıq qapısından içəri dolan təmiz havanın yaratdığı ab-havanı hiss edirik. Peyzaj dramatizmlə dolu səhnəyə xüsusi poetik və lirik xarakter qatır. Təsvir açıq tonlardan ibarətdir. Baş qəhrəmanın geyimi tünd tonlarda verilib ki, bu da tamaşaçının diqqətinin baş qəhrəmana yönəlməsinə səbəb olur.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Təsvir fərqli iki hissəyə ayrılıb. Sol hissədə sürgündən qayıdan inqilabçının obrazı verilib, onun arxasında qulluqçular dayanıb. İnqilabçı otağa girdiyi anda iki işıq axını arasında görünür. Birinci işıq axını qapıdan tamaşaçıya, ikincisi isə soldan sağa - eyvanın qapısından sağ pəncərəyə yönəlib. Açıq fon sürgündən gələn inqilabçının obrazını vurğulayır. Fonda inqilabçının geyimi diqqəti cəlb edir. Onun qohumlarının təsvir olunduğu sağ hissə daha qapalıdır. Sağ və sol hissədə üfüqi xətlər fərqli yüksəklikdə təsvir olunub ki, bu da təsvirin tematikasına uyğun gərginliyi yaradır. Rəssamın əsas məqsədi sürgündən qayıdan inqilabçının dönüşünün gözlənilməzliyini və qəhrəmanların narahatlığını göstərməkdən ibarətdir. Təsvirin bir çox xırda detalları əsərə xüsusi həyatilik verir. Məsələn, divarı bəzəyən reproduksiyalar ev sakinlərinin siyasi baxışlarını göstərir.

- Əsər hazırda harada saxlanılır?

- Əsər Tretyakov Qalereyasında qorunur.

- Rəssamın yaradıcılığına xas ümumi cəhətlər sözügedən əsərdə də özünü göstərir. Ancaq biz konkret olaraq bir əsərin adını çəksək, bu, hansı olardı?

- Repin rus incəsənətində realizmin yaradıcısı hesab olunur. Rəssam əsərlərində insan xarakterini yüksək səviyyədə ifadə edir. O, rəsmlərdə yalnız tekstura və detalları deyil, insanın hisslərini və əhval-ruhiyyəsini də böyük ustalıqla təsvir edib. Repin yaşadığı dövrün təsviri incəsənətinə və onun inkişafına böyük təsir göstərib. Rəssam yalnız gördüyü dünyanı deyil, onun məzmununu da çatdırmağa çalışıb. Adını çəkdiyimiz əsər Repin yaradıcılığına xas olan realizm üslubundadır və dövrünün siyasi mövzusuna müraciət edilib. Bu o dövrdür ki, çar Rusiyasında hərəkat baş qaldırıb, həmçinin imperator II Aleksandra qarşı sui-qəsd törədilib. Əgər bu əsərdə rəssamın digər əsərləri ilə oxşarlıq axtarsaq, onda yada Repinin "İvan Qroznı və oğlu İvan" əsəri düşəcək. Hər iki obraz üçün Repin natura kimi rus yazıçısı Qarşindən istifadə edib. Onun qəm dolu qara gözləri hər iki əsərdə əksini tapıb. Repin Qarşin haqqında qeydlərində yazır: "Həyatım boyu belə təmiz qəlbli insana rast gəlməmişdim. O, büllur qədər təmiz ürək sahibidir". Repin psixoloq kimi yazıçının faciə və pessimizm dolu xarakterini yaxşı hiss edə bilmişdi.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsər öz dövrünün siyasi həyatını əks etdirir. Əsərin adı da çox böyük maraq doğurur: "Gözləmirdik". Niyə gözləmirdilər? Ailə üzvləri həbs müddətinin bitməsindən xəbərsiz idi. Əslində, onu çoxdan ölmüş bilirdilər. Qəhrəmanın anidən qayıtması ailə üzvlərini həyəcanlandırmışdı.

- Yaranan suallardan biri də budur ki, qəhrəman niyə azadlığa çıxandan sonra ailəsinə teleqram göndərməmişdi?

- Çox güman o, Sibirə sürgün olunmuşdu. Qeyd etdiyimiz kimi, əsərdə təsvir olunan hadisələr II Aleksandra qəsd dövründə yaradılıb. O dövrdə qəsddə ittiham olunanlar ağır cəzalandırıldı. Onların geri dönməsi demək olar ki, mümkün deyildi. Baş qəhrəman geri dönübsə, deməli, sui-qəsddə yaxından iştirak etməyib. Rəssam bu əsər vasitəsilə bizə çar Rusiyasında baş verən hadisələr fonunda adi insan talelərini, onların qorxularını, həyəcanlarını, sevinclərini, əzablarını danışır.

Aytac SAHƏD

 





24.01.2024    çap et  çap et