525.Az

Azərbaycanın nüfuzunu daha da yüksəldəcək beynəlxalq tədbir - COP29


 

Azərbaycanın nüfuzunu daha da yüksəldəcək beynəlxalq tədbir - COP29<b style="color:red"></b>

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara, dolayı da olsa, dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun dediyinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır: "2023-cü il Azərbaycan turizmi sənayesi üçün qlobal arenada tanınmaq baxımından uğurlu il olub. İqtisadiyyatın dəyər zəncirinə daxil olan sahələrin böyük qismini özündə birləşdirən turizm qeyri-neft sektorunun aparıcı qolu olaraq ölkə iqtisadiyyatının inkişafında, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, ölkənin müsbət imicinin formalaşdırılmasında, məşğulluğun təmin olunmasında, biznes mühitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır. Bu cür miqyasda tədbirlərin keçirilməsi yalnız nüfuzlu, təşəbbüskar, stabil və təhlükəsiz dövlətlərə həvalə edilir ki, məhz bu üstünlüklər Azərbaycanı digər ölkələrdən fərqləndirir. Turizm sənayesi olaraq biz də bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıyıq".

O qeyd edib ki, hamı bir hədəfə vurmalı, güclü və qalib ölkəmizin belə bir dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik: "Bu tədbir ölkəmizin tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında imkanlar açır. COP29-a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən gələn dəstəyi göstəməyə hazırıq".

Millət vəkili Kamilə Əliyeva bildirib ki, dünya dövlətləri tərəfindən COP29-un sessiyasının gələn il Azərbaycanda keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük hörmətin və etimadın nümunəsidir. Onun dediyinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb.

COP29-un ölkəmizdə keçirilməsinin həm də böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan K.Əliyevanın sözlərinə görə, bu cür mötəbər tədbirin Azərbaycana həvalə edilməsi dünya dövlətlərinin ölkəmizə etimadının bariz nümunəsidir. Deputatın fikrincə, artıq hər kəs Azərbaycanda möhkəm sabitlik olduğunu anlayır: "Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və qanunlarına əsasən öz ərazisində antiterror tədbirləri keçirməklə suverenliyini bərpa etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb dövlətləri, xüsusən Fransa ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir və bu çirkin əməllərindən əl çəkmir. Artıq bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri də Azərbaycanın Qələbəsini qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Ermənistan dövləti də bu reallığı qəbul edib və COP29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs verib. Çox təəssüf ki, bəzi Qərb dövlətləri "ikili standart" siyasəti həyata keçirirlər. Azərbaycan isə hər zaman dünyada sülhün, ədalətin yanında olduğunu bəyan edir. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsində artıq 4-cü ildir Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın 120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləyib. Bu dəfə də dünya dövlətləri ölkəmizi dəstəklədi".

Ölkəmizin irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirləri hər zaman çox yüksək səviyyədə keçirdiyini diqqətə çatdıran deputat gələn il COP29 konfransının da uğurla keçəcəyini vurğulayıb: "Gələn il iki həftə bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir. Ölkəmiz bu mötəbər tədbirə də uğurla ev sahibliyi edəcək. Azərbaycan xalqı, mötəbər təşkilatlar, dövlətlər də ölkəmizin COP29-a uğurla ev sahibliyi edəcəyindən əmindir".

Kamilə Əliyeva qeyd edib ki, dünyada neft və qaz ölkəsi kimi tanınan Azərbaycan dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində artıq "yaşıl enerji" ölkəsinə çevrilir: "Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri Azərbaycandan alacağı yaşıl enerji sayəsində öz enerji təhlükəsizliyini möhkəmləndirəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, COP 29-un ölkəmizdə keçirilməsi xalqımızın növbəti böyük uğuru olacaq".

Millət vəkili Asim Mollazadə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən istifadə edərək Ermənistandan ölkəyə gələn çayların zəhərlənməsi məsələsinə diqqət cəlb edilməlidir. Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatları ilə bağlı problem var: "Azərbaycanı səhra kimi düşünməliyik. Səhrada bu gün kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni texnologiyalar tətbiq edilir, biz də buna keçməliyik. Suvarma ilə bağlı da çox böyük problemimiz var. Biz düşünməliyik ki, hansı istiqamətdə inkişaf edək. Biz su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk. Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik".

Millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da artırır.

O qeyd edib ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir: "Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir. Bu hadisənin önəmi qərarın antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmasıdır. Bir daha dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Burada yekdil mövqe bir daha özünü göstərdi. Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürürdü. Bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatizmə, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü təmin edib. Eyni zamanda ölkəmiz humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb. COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Məhz belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Lakin onu da vurğulamaq lazımdır ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini xüsusilə qeyd etməliyik. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olub, hətta bu müddət bir il də uzadılıb".

Sevinc QARAYEVA

 

 





24.01.2024    çap et  çap et