525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Narkomanlığa qurşananlar ətrafdakı insanlar üçün, bütün sosium üçün böyük təhlükədir. Gizli cəmiyyətlər kimi onlar daim öz sıralarını artırmağa, böyütməyə çalışırlar. Onlar daha çox olsalar, böyük və qarşısı alınmayan təhlükəyə çevriləcəklər və onlarla mübarizə aparmaq da çətin olacaqdır. Ona görə də bu bəlanı beşikdəcə məhv etmək lazımdır, onun yayılmasının qarşısı alınmalıdır.

Dustaqxanalarda məhbuslara bişirilən şorba iki əsrə yaxındır ki, "balanda" adlanır.  Bu, real həyatdan götürülmüş addır. Və hətta bu hadisəni Balzak da qələmə almışdır. XIX əsrin əvvəllərində Fransa həbsxanalarının birində çox qəddar, dustaqlara zülm verən bir nəzarətçi var idi. Balanda adlı bu vəhşi insana bütün məhbuslar nifrət edirdilər və ondan yaxalarını qurtarmağa çalışırdılar. Axırı hamısı onu məhv etmək qərarına gəldi və o, mətbəxdəki böyük şorba qazanının yanına gələndə, yaxında toplaşmış dustaqlar onu əllərinə götürüb qaynayan qazanın içinə atdılar. Balandanın yanan bədəni əriyib, qazandakı məhlula qarışdı. Dustaqlar əməllərinin üstünün açılmaması üçün bir inqredient kimi Balandanın bədəni də qatılmış şorbanı iştahla yedilər. O vaxtdan məhbəs şorbası "balanda" adını aldı. Narkomanlarla da belə rəftar etmək lazımdır, onların addım basdıqları torpaq yanmalıdır.

Mən faşist deyiləm ki, adamların kütləvi məhvinə çağıram. Mən narkomanların cəmiyyətdən təcrid edilməsini istəyirəm, onları himayə edənləri və gizlədənləri də, heç olmasa, maddi cəhətdən cəzalandırmaq lazımdır. İki narkomanla qısa müddətli ünsiyyətim hesabına mən onları yaxşı tanıyıram. Deyirlər ki, hər adamda vəhşi heyvan gizlənir. Bəzilərində bu, sakit, digərlərində isə yırtıcı heyvandır. Bir qrup adamda bir neçə yırtıcı yerləşir. Mənə rast gələn narkomanlarda mən dişi canavar gizləndiyini hiss edirdim, səhvə yol versəm, onlar məni parça-parça edərdilər. Mənə göstərdikləri nəzakətdə də, quduzluqlarını pərdələdiklərini görürdüm. Narkotikə qurşananların daxilində də yırtıcı heyvanların sayı artmağa başlayır. Onlar, bir qayda olaraq, narkotikin təsirindən ağıllarını itirirlər. Onları heyvanlar kimi instinkt idarə edir. İnstinktə tabe olan davranış çox qorxuludur, hər cür fəsadlar törədə bilər. Bu dediklərimi mənə həyatda qazandığım təcrübəm öyrədib, başqa bir fədəkarlığa isə hazır deyiləm.

Bəlkə, siz istəyirsiniz ki, mən də narkotikə qurşanıb, iynəyə oturub,  rolu bu yolla təbii canlandırmağa müvəffəq olum. Mən mikrob dolu stəkanı başına çəkən Paster olmaq istəmirəm, həyatımı narkomanlığa qurban vermək istəmirəm. Belə fədakar aktrisanız varsa, mən roldan imtina etməyə hazıram. Bu da teatr tarixinndə sizin ixtiranız ola bilər. Mənim isə elə eksperimentlərə ehtiyacım yoxdur, çünki çox qorxulu mühitdə yaşamaqla, böyük təcrübə qazanmışam və rolu oynamaq üçün onlar mənə kifayətdir.

Rejissor bizim məşqləri bir gün keçəndən sonra təxirə saldı, yenidən hazırlığa başlayanda məni yanına çağırıb, başqalarının eşitməməsi üçün pıçıltıya bənzər bır səslə dedi ki, mən çox fikirləşəndən sonra, sənin rol barədəki traktovkanla barışmaq qərarına gəldim. Sənə heç bir düzəliş verməyəcəyəm, özün bildiyin kimi dona gir. Mən hiss edirəm ki, sən bu rolu oynamaq yox, onda yaşamaq istəyirsən. Teatr sınaqlar, həll yollarını axtarıb tapmaq meydanıdır, qoy bu dəfə xəstə qız rolunu aktrisa-rejissor özü bildiyi kimi oynasın. Güman edirəm ki, tamaşa bundan qazanacaqdır, heç nə itirməyəcəkdir. Niyə ki, yeni bir üsulu sınaqdan keçirməyək. Bizdə rejissorlar vardır ki, quruluşa qoyduğu pyeslərin sayının çoxluğu ilə öyünür, belələrinə sual vermirlər ki, onların bəs hansı tamaşası yadda qalmışdır, teatra hansı bir şərəf gətirmişdir, yəqin ki, bu vaxt onun dili susar, əvəzində vicdanı hesabına üzü qızarar.

Tamaşanın uğuru mənim üçün öz reputasiyamın toxunulmazlığından daha üstündür. Bu pyesə müraciət edərkən, mən böyük ümidlərlə yaşayırdım, bəlkə də, sənin təbii oyunun tamaşanın ad-san qazanmasına kömək edəcək, onda baş rolun ifaçısı ilə yanaşı, rejissorun da ünvanına xoş sözlər deyiləcəkdir. Qoy bizim səhnə oyunumuz səviyyəli tamaşaçını düşünməyə məcbur etsin. Xalqı bu bəlalara qarşı mübarizəyə səsləsin və birləşdirsin. Onda teatr öz funksiyasından kənar olan bir işə girişərək, təhlükəli sosial problemin həllinə kömək etməli olacaqdır.

Trafalqar dəniz döyüşündə qalib gəlib, elə həmin vaxt həlak olan məşhur ingilis admiralı Horatsi Nelson ölərkən "Lövbər, lövbər!" deyə qışqırırdı. Mən isə sənə uğur diləmək üçün deyirəm: "Yelkənləri qaldır, yelkənləri qaldır". Onlar küləklə dolduqda, bizim teatr adlanan gəmimiz ətalətdən çıxıb, iti sürətlə hərəkət edəcək, quduz dalğaları dəf edərək irəli doğru üzəcəkdir. Mənim də başlıca amalım öz dominantlığımı göstərmək deyil, teatrı, çox arzusunda olduğum bir uğura çatmaqdır. Bu işdə mən bütövlükdə tamaşanın uğuruna, sənin qəlblərə və şüurlara təsir edəcək oyununa böyük ümid bəsləyirəm. Bu ümidlər doğrulduqda mən sənin istedadın qarşısında baş əyib, sənin sənətinə təzim edəcəyəm. Bu, təkcə sənin yox, hamımızın zəfəri olacaqdır, bu uduş naminə yeni eksperiment aparmaq kimi bir riskə getməyə də dəyər.

Mən qulaqlarıma inana bilmirdim, qarşımda elə bil əvvəlki tərs adam deyil, olduqca böyük sənət fədaisi dayanmışdı. O, özünün nüfuzuna zərbə dəyməsinə də əhəmiyyət verməyib, axı bundan hamı agah olacaqdı, tamaşanın uğuru naminə mənə güzəştə getməklə, özünü və məni öz gözümdə ağıla gəlməyən bir qaydada qaldırmışdı. Mən hissə qapılıb, minnətdarlıq naminə onu qucaqlayıb öpmək istədim. Lakin özümü saxladım və bircə şeyi dedim:

- Müəllim, siz bu hərəkətinizlə təkcə mənə deyil, tamaşada zəhmət çəkən hamıya, hər kəsə nəcib insan, ən başlıcası isə böyük sənət adamı dərsini verdiniz. Mən qabaqcadan gələcək uğurdan danışa bilmərəm, ancaq sizin təəccüb doğuran qərarınızı və bir şəxsiyyət olaraq böyüklüyünüzü, əvvəllər görmədiyim nəhəng hadisə kimi daim iftixarla bəyan etməyi özümə borc biləcəyəm. Siz həm də güzəştə getmək barədə də mənə yaddan çıxmayan bir dərs verdiniz. Donanmanın rəhbərliyini könüllü olaraq sıravi matrosa həvalə etdiniz. Mən bunu da heç vaxt yaddan çıxarmayacağam.

Rejissor fikirə dalıb, daim məndən gizlətdikləri duyğusunu belə bir vaxtda əlverişli sayıb, etiraf etdi:

- İzolda! Rejissor daim sevimli aktrisaya vurulmalıdır. Bunu indiyə  qədər mən etiraf etmirdimsə, bu o demək deyildir ki, mən monastırda xidmət edən rahibiydim, gözəl qadını inancım hesabına inkar edirdim, ona tam laqeyd idim. Mən hisslərim barədə intim xarakterdə olan könül harayımı sənə etibar əlaməti olaraq açıb danışdım, sən də bunu yalnız bir ötəri, uzaq, heç vaxt baş tutmayacaq xəyal kimi qəbul et.

Tamaşa olduqca uğurlu keçdi, qəzetlər, televiziyalar ünvanımıza təriflər yağdırırdılar. Bu, mənim ən böyük zəfərim idi. Hətta biri müvəffəqiyyəti şişirdərək, yazmışdı ki, tamaşa, Azərbaycan teatr dünyasının yeniləşdirməklə, təzə bir başlanğıca qədəm qoyulmasından xəbər verir. Mənim oyunum haqqında ən böyük tərif ondan ibarət idi ki, bu gənc aktrisa narkomaniya kimi böyük bəlanın qarşısını almaq barədə haray qaldırmaqla, gizlədilməyən. qorxu yaradan şivəsi ilə bizim hamımızı birləşməyə, bu dəhşətli epidemiyanı birdəfəlik ləğv etməyə çağırırdı. Bəlkə də, yalnız Orlean qızı Janna d`Ark ingilis işğalçılarına qarşı mübarizəyə qalxmaq barədə fransızlara belə qüdrətli çağırış etmişdi. Gənc aktrisa da, imkanında olan hər şeydən, birinci növbədə, əlbəttə ki, istedadından istifadə edərək, valideynləri ehtiyatlı olmağa, övladlarını bu bəladan qorumağa səsləyərək, millətin bu gününə və gələcəyinə zərbə vurmağa çalışan və düşməni sevindirəcək bu bədbəxtliyi bütün vasitələrlə məhv etməyə yalvarmışdı. Bu gənc qız səhnədə qışqırmırdı, hay-küy salmırdı, çaşqınlıq yaratmağa can atmırdı, lakin özünün məruz qaldığı acı həyat təcrübəsi ilə, onu hərtərəfli, olduqca təbii olaraq göstərməklə, bu virusu aradan qaldırmaq, milləti, onun quduz pəncəsindən xilas etmək barədəki həzin xahişini edirdi. Və bizim borcumuz onu eşitməkdir.

Səhnədə və ekranda uğurlu rollarım az olmamışdır, çünki hər roluma, səhnəyə hər bir çıxışıma xüsusi məsuliyyətlə yanaşırdım, ona görə də ekranda heç bir uğursuzluğum olmamışdı. Bunlara görə məni belə çox sevirlər, axı mən nə Madonna, nə Naomi Kembell, nə də başqa bir məşhur müğənni və ya modeləm. Nəyə nail olmuşamsa, birinci növbədə məni yaradan təbiətə minnətdaram. Çoxları da təbiətin hədiyyəsini düzgün qiymətləndirib, məni öz sevgiləri ilə mükafatlandırırlar. Məni sevənlər nədənsə məni hərtərəfli, həm daxilən, həm də zahirən gözəl hesab edirlər. Daxili aləmim təmiz, saf, həm də zəngin olduğuna görə mən həmin rəylərə etiraz edə bilmərəm.  Deyirlər ki, gözəllik gözdədir. Zahiri gözəlliyim barədəki düşüncələri isə birinci növbədə təbii zərifliyimin, incə hərəkətlərimin nəticəsi tək izah edərdim, əgər onlar həqiqətən gözəllik sayılırsa. Gizlətmirəm, küçədə də hamı mənim yerişimə xüsusi diqqət veirir, bu, məni həm sevindirir, həm də utandırır. Deməli, mənə vurulanlar da təbiətimdən irəli gələn zərifliyimi lazımınca qiymətləndirməyi bacarırlar, bu münasibəti özüm üçün ən böyük mükafat sayıram.

Həm də səhnədə və ekranda işləmək elə də asan deyildir. Axı biz özgə həyatını təsvir edir, bacardıqca o həyatı səhnədə yaşamağa çalışırıq. Onların kədərini, qəmini tamaşaçıya çatdırmağa cəhd edəndə, bizim könlümüz də həmin hisslərə biganə qalmır. Rolu oynayıb, başa vurmaqla könlümüzdə başqalarına məxsus olan qəmginlik, onun dumanı bir andaca yoxa çıxmır, biz onları yaşamaqda davam edirik. Bu, bir xəstəliyə bənzəyir, həkimlərin nikbin rəyindən fərqli olaraq, xəstələr hələ bir müddət özünü sağlam hesab etmir. Aktrisanın zəhmətini mən marafon qaçışı ilə müqayisə edərdim, çoxları o məsafəni ən azı axıra qədər şərəflə davam etdirə bilmir. Bəzilərinə tələsik, elə bir uğura imza atmadan fəxri adlar verildikdə, bu, stimul rolu oynamaq əvəzinə, onlarda lovğalıq, özündən razı qalmaq hissləri yaradır və belələrinin inkşaf tumurcuğu həmin ianə ilə kəsilmiş olur. Fəxri adı daşımaqdan başqa, onlar heç nəyə yaramırlar, teatr üçün isə gəmilərdə istifadə edilən ballasta çevrilməklə, zəhmət çəkmədən teatrdan pul alır, havayı maaşa sahib olmaqla, həqiqi zəhmət çəkənlərin çörəyinə şərik olurlar.

Yaxşı olar ki, hər aktrisaya istedadına, qabiliyyətinə görə qiymət verilsin. Qəlbini və ruhunu bütünlüklə işə sərf etməyi bacarmayanlara çətin dramatik rolu etibar etmək səhv olmaqla yanaşı, tamaşanın gələcək taleyini də uğursuzluq təhlükəsi altında qoyacaqdır. Belə rollara iddia edənlərə sərt "yox" cavabı verilməlidir. İstedadlı aktrisalarla isə şahzadələrlə olan kimi davranılmalıdır, onların hansısa rolda oynamalarına maneə göstərilməməlidir. Bəzən olduqca sevdiyim rol mənə verilməyəndə, mən inciyirəm, belə laqeyd diktatorluq münasibəti məni narazı salır.

(Ardı var)

 

 





24.01.2024    çap et  çap et