525.Az

Valideynlər arasında münaqişələrin uşaqlara təsiri


 

Valideynlər arasında münaqişələrin uşaqlara təsiri<b style="color:red"></b>

İnsanın həyat yolunu müəyyən edən faktorlardan biri də uşaqlıqda yaşadıqları və gördükləridir. Şübhəsiz ki, uşaqlıq illərinin problemsiz keçməsini valideynlər təmin etməlidirlər. Bəzən isə əksinə olur. Valideynlər uşaqlarını çox sevsələr də, onların psixologiyasının pozulmasına səbəb olurlar. Bəlkə də, bunun fərqində belə olmurlar. Amma həqiqət budur ki, ana ilə ata arasındakı problemlər ən çox uşaqlara zərər verir.

Psixoloqlar bildirirlər ki, belə hadisələr uşaqlarda birbaşa yox, dolayı yolla özünü göstərir. Valideynlər çox vaxt uşağın şəxsi inkişafı, vərdişləri və davranışı üçün onların üzərinə hansı məsuliyyətin düşdüyünü dərk etmirlər. Nəticədə uzun sürən münaqişələr ciddi psixi travmalara səbəb olur.

Psixoloq İlhamə Mustafayeva "525"ə açıqlamasında bildirir ki, münaqişəli ailədə böyüyən uşaqlar  daha çox toksik münasibətlər, yəni istər psixoloji, istər fizioloji sağlamlığa mənfi təsir edən əlaqələr qururlar: "Uşaqlar üçün ana və ata onların həyatındakı ən önəmli insanlardır. Ata və ananın bir-birlərini sevməməsi və ya hər zaman mübahisə etmələri uşaqlar üçün böyük travma yaşdır. "Valideynlərim münaqişə edirlərsə, deməli, mən dəyərsizəm", "Varlığım heç nəyə yaramır", "Mən onları xoşbəxt edə bilmirəm" kimi  şüuraltı düşüncələr formalaşır. Xüsusən, kiçik uşaqlar özlərini ailənin mərkəzində hiss edirlər. Ailədəki münaqişələr onların eqosuna zərbə vurur və çox zaman da özlərini qınayırlar.

Digər tərəfdən valideylər münaqişə edərkən uşaq arada qalır, kimin tərəfində olacağına dair ciddi travmalar alır. Tərəf tutmağa məcbur qalanda da özünün bir tərəfinin lazımsız və dəyərsiz olduğunu hiss edir, çünki uşağın bir tərəfi ata, digər tərəfi anasıdır".

Qeyd edək ki, belə uşaqlar öz üzərilərinə düşən vəzifələri və işləri normal yerinə yetirə bilmirlər və  bir təsəlli kimi pis vərdişlərə qurşanırlar. Dünya statistikası  göstərir ki, daha çox narkomaniya, içki asılılığı olan uşaqlar məhz münaqişəli ailələrdən çıxan uşaqlardır. Bəzi hallarda ailə mübahisləri uşaqlara müxtəlif cür təsir göstərir. Məsələn, həmişə belə hesab edilib ki, valideynlərin boşanması və ya ayrı yaşamaq barədə qərarı uşaqların əksəriyyətinə xüsusi zərər vurur. Amma indi psixoloqlar hesab edirlər ki, bəzi hallarda uşaqlara valideynlərin dərhal ayrılması deyil, məhz boşanmaya qədər, boşanma vaxtı və boşanmadan sonrakı müddətdə onların arasındakı mübahisələri zərər vurur. Daha əvvəllər həmçinin hesab edilirdi ki, uşaqların münaqişəyə münasibətində irsiyyət əsas rol oynayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Ailə mübahisələrinin uşaq sağlamlığına vurduğu zərərləri azaldan amillər də mövcuddur. Tədqiqat göstərir ki, təqribən iki uşaqlar iki yaşından valideynlərinin davranışlarını diqqətlə müşahidə etməyə başlayırlar. Uşaqlar onların da iştirakçısı olacağı mümkün olan növbəti mübahisənin uzanan münaqişəyə çevriləcəyi və ya ailə sabitliyi üçün təhlükə yaradacağı barədə düşünürlər. Bu isə bəzi uşaqları xüsusilə narahat edir.

Mütəxəssislər onu da bildirirlər ki, mübahisədən sonra valideynlər uşaqları ilə danışmağa başlayanda bir-birini tənqid etmədən övladlarına xoşbəxt olduqlarını başa salmalıdırlar. Uşağa problemin həll olunduğunu çatdırmaq vacibdir. Tədqiqatlar göstərir ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar. Bu, onlarda hər hansısa bir münasibətə başlayanda özgüvənin aşağı olması ilə nəticələnir. Uşaq psixoloqları bir daha qeyd edirlər ki, günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur. Hətta bəzi məlumatlara görə, nikahın pozulması oğlan uşalarına daha çox mənfi təsir göstərir. Bəzi hallarda münaqişələr və boşanma südəmər uşağın həlak olmasına da apara bilər, çünki uşaq anası ilə sıx bağlı olur. Bu zaman ana stresdə olur və uşağa lazımi qayğı göstərə bilmir.

Havar ŞƏFİYEVA

 

 





24.01.2024    çap et  çap et