525.Az

"Əshabi-Kəhf"in sirləri: qaranlıqdan aydınlığa - Yunis Xəlilov yazır


 

"Əshabi-Kəhf"in sirləri: qaranlıqdan aydınlığa - <b style="color:red"> Yunis Xəlilov yazır</b>

Simvolik anlam daşıyan məqamları özündə ehtiva edən hadisələrin ruhi-mənəvi dərketmə üsullarından biri ezoterikadır. Bu, bir çox hekayə, nağıl və rəvayətlərin batini xarakterini əks etdirir. Qədim tarixə malik və dövrümüzədək gəlib çatan bir sıra hekayə, nağıl və rəvayətlərdə təsvir olunan məlumatların gizli şəkildə nəsildən-nəsilə ötürülməsinin sirri artıq açılmaqdadır. Belə hekayələrdən biri də "Əshabi-Kəhf" haqqındadır. Bu hekayədə simvolik anlama malik olan çoxlu ezoterik terminlərlə rastlaşmaq olur. Məsələn, "mağara", "yeddi rəqəmi", "üç yüz doqquz il", "it", "yatmaq", "sağ tərəfə və sol tərəfə çevirmək" və sair.

Bəs "Əshabi-Kəhf"lə bağlı hadisə hansı mənbələrdə əks olunub? Hamımızın ağlına gələn ilk mənbə təbii ki, Qurani-Kərimin "Kəhf" surəsidir (9-26-cı ayələr). Hökmdar zülmündən qaçıb mağaraya sığınan və orada uzun illər yatdıqdan sonra oyanan bir qrup insanın və onları müşayiət edən Qitmir adlı bir itin başına gələn hadisəni əks etdirən bu hekayə Qurani-Kərimin nazil olmasından çox əvvəllər bir sıra başqa xalqların mədəniyyətlərində və başda xristinalıq olmaqla digər dini mənbələrdə də yer alıb. Hələ Hindistanın sanskrit dilində yazılmış olan "Mahabharata" dastanının 17-ci kitabı olan "Mahaprasthanika Parva"da sözügedən əhvalat var. Xristianlıq inancına gəldikdə isə, bu hekayənin ən qədim variantının itmiş bir yunandilli qaynaqdan gəldiyi söylənilən suryani rahib Suruçlu Yaquba aid olduğu bildirilir. Hekayə eyni zamanda keşiş Diyakoz Paulun (720-796, 797, 798 və ya 799) "Historia Langobardorum" ("Lombardların tarixi") adlı əsərində təsvir edilir. Bundan başqa, həmin hekayənin ən papulyar versiyalarından birinə italyan katolik keşişi Yakopa da Varazzenin (1230-1298) "Legenda Aurea" ("Qızıl əfsanə") adlı əsərində də yer verilir. "Əshabi-Kəhf" hekayəsinin analoji variantları çoxsaylı başqa mənbələrdə də vardır.

Gələk, bu hadisənin harada baş verməsi məsələsinə. "Əshabi-Kəhf" hekayəsinin hansı ərazidə "yaşanılması" bu gün birmənalı qəbul edilmir. Hazırda bu mistik bölgənin Azərbaycanla (Naxçıvan bölgəsi) yanaşı, Türkiyə, İordaniya, Hindistan, İspaniya, Misir, Suriya, Əfqanıstan, Əlcəzairdə və digər ölkələrdə olmasına dair mülahizələr mövcuddur və bu hadisənin "yaşanıldığı" yerə dair abidələrə (mağaralara) həmin ölkələrdə rast gəlmək mümkündür. Lakin haqqında söhbət açdığımız məsələni araşdıran tədqiqatçı və mütəxəssislərin böyük əksəriyyətinin fikrincə, "Əshabi-Kəhf" Azərbaycanın Naxçıvan bölgəsindədir. Bu barədə görkəmli islam alimi Fəxrəddin Razi "Mefatih-ül-Qeyb" adlı əsərində yazır ki, "Doğrusu, "Əshabi-Kəhf"in nə zamanını, nə yerini ağıla gətirə bilməyə imkan yoxdur, lakin şühbə yoxdur ki, bu mağara Naxçıvan ərazisindədir".

Orta əsrlərdə Avropada çap edilmiş, fransızların məşhur "Qrand" Ensiklopediyasında "Sert Dormans" ("Yeddi yatmışlar") adı ilə dərc olunan yazıda "Əshabi-Kəhf" hadisənin tarixi keçmişi və bu hadisənin cərəyan etdiyi ərazi ilə bağlı məlumatlar əksini tapıb. Orada da sözügedən bölgənin məhz Azərbaycan ərazisində olması ehtimalı yürüdülüb.

Bir sıra alimlər (Əbu Həyyan, Əbdürrəşid Əl-Bakuvi, Bertran Rassel və b.), eləcə də hökmdarlar (Bizans imperatoru II İohan və digərləri) "Əshabi-Kəhf" mağarasının Naxçıvan ərazisində olmasını qeyd ediblər. "Əshabi-Kəhf" mağarasının Naxçıvanda olmasını təsdiq edən onlarla başqa faktları da qeyd etmək olar. Lakin biz bu siyahını uzatmadan keçək sözügedən hekayədə adı keçən "Qitmir" adlı itlə bağlı bəzi məqamlara. Ümumiyyətlə, itin bu hekayədə nə işi var? Başqa sözlə, hekayədəki itin batini anlamı nədir və o, nəyə işarə edir? "İt" sözünün ezoterik anlamı müxtəlif cür izah edilir. Belə ki, bu sözün batini mənası "insana yaxın", "sədaqətli", "aqressiv", "sahibini o biri dünyada qorumaq", "ruha səyahətində işıq yolu tutmaq" deməkdir.

Qədim Misir mifologiyasında Set və Neftisin oğlu olan itbaşlı axirət dünyası tanrısı (ölüm tanrısı, məzar tanrısı) Anubis ölüləri axirət dünyasına yola salmağı ilə tanınır. Sonralar Set tərəfindən öldürülən Osirisi mumyaladığı üçün o, mumyalama tanrısına çevrilir. Anubis əlində Anx xaçı (yuxarısı üzük nişanlı Misir xaçı) tutmuş formada təsvir olunub. Bu xaçın mənasını izah edən çoxsaylı izahlar var. Fikrimcə, bu izahlar içərisində ən ağılabatan olanı budur:  "Yüksəliş və keçidlərdə gərəkli qapıları açmağa kömək edəcək, fərdləri sirrə aparacaq sehrli açar".

Ümumiyyətlə, analoji məqsədlərə xidmət edən it simvoluna başqa mədəniyyətlərdə də rast gəlinir. Məsələn, Qədim meksikalılar ölümdən sonrakı dünyaya yolçuluq edərkən müşayiət etməsi üçün sahibləri ilə birlikdə itləri də basdırıblar. Kanar adalarında yaşayan "Guanche" yerliləri (e.ə. 3000-ci illər) də ölülərini itlərlə birlikdə dəfn ediblər. Belə bir davranış mayyalılar, asteklər, Afrika yerliləri, Qədim İran, Hindistan, Anqoladakı Bantu qəbilələri arasında və ümumiyyətlə, Asiyanın demək olar ki, bütün qədim cəmiyyət və mədəniyyətlərində geniş yayılıb.

Elə buradaca "Sirius" ulduzu haqqında məlumat verməyin vaxtıdır. "Bunun mətləbə nə dəxli var?" deyə bilərsiniz Məsələyə aydınlıq gətirək. Qurani-Kərimin "Nəcm" surəsində ərəb dilində "Şira" deyilən "Sirius" ulduzundan bəhs olunur. Alimlər gecələr göydə görünən ən parlaq ulduz olan "Sirius"un hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Beləliklə, Sirius "Sirius A" və "Sirius B" kimi ifadə edilən iki ulduzdan meydana gələn bir dəst ulduzdur.

Ən köhnə astronomik mənbələrdə adı keçən Sirius, qədim Misirdə Sopdet adlı tanrı olaraq maddiləşdirilib. Bir sıra qədim Misir məbədi Sirius ulduzuna istiqamətlənmiş şəkildə inşa edilmişdi. Məsələn, Xeops piramidasının firon otağının divarında açılan bir kanal Sirius ulduzunu görmək üçün nəzərdə tutulubmuş.

Maraqlıdır ki, Sirius ulduzunun içində olduğu bürcə "Böyük it bürcü" (latınca "Canis Major") adı verilib. Sirius ulduzunun digər adı da "İt ulduzu" adlanır. Nəyə görə? Çünki əksər mədəniyyətlərdə (Qədim Çin, İran və yunan mifologiyasında) adı çəkilən ulduz klasteri (ulduz çoxluğu) itlə əlaqələndirilir.

İndi isə məsələnin düyün nöqtəsinə toxunaq. Qədim Misir inancına görə, bədən öldükdə ruhlar Siriusa yolçuluq edir. Ezoterizmdə Sirius "qalaktik idarə mərkəzi" hesab edilir."Əshabi-Kəhf" sözündəki "kəhf" sözünə gəlincə isə, bu söz ərəbcə "mağara" anlamını daşıyır. Ezoterizmdə "mağara" simvolundan ana bətnini ifadə etmək məqsədilə istifadə olunur. Eyni zamanda ezoterik mətnlərdə məzarlar da simvolik olaraq ana bətnini ifadə edir və ölüb-dirilmə inisiasiya mərasiminin izahı belə açıqlanır: ölülər torpaq ananın bətninə qoyulur və üzərinə su tökülür ki, ruh gedəcəyi yerə salamat çatsın.

Yuxarıda deyilənləri ümumiləşdirsək, "Əshabi-Kəhf" hekayəsinin ezoterik anlamının"mağara" simvolu ilə kodlaşdırılan ölüb dirildikdən sonra saflaşan və kamilləşən ruhların "it" simvolu ilə kodlaşdırılan Sirius ulduzuna yolçuluq etməsi" mənasına uyğun gəldiyini deyə bilərik. Göründüyü kimi, dərin mətləblərdən bəhs olunan bu hekayəyə hərfi və bəsit yanaşmaq olmaz.

Elmi araşdırmalar "Əshabi-Kəhf" mağarası ilə bağlı da ictimaiyyət üçün o qədər də geniş məlum olmayan maraqlı fikirləri və məqamları ortaya çıxarır. Məsələn, bəzi mənbələrdə bildirilir ki, tarixin müəyyən dövrlərində "Əshabi-Kəhf" mağarasında İsa peyğəmbərin yaxın əshabəsi tərəfindən qələmə alınmış İncil kitabı, İsa peyğəmbərə aid bir neçə əşya, eləcə də qədim əlyazmalar, İsa peyğəmbərin hesab edilən su dolçası, onun əl ağacı, ölüb-dirildikdən sonra əynindəki paltar və dünya tarixini dəyişə biləcək müəyyən sirli kitablar mühafizə olunub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hələ 2018-ci ildə dərc olunan "Tampliyerlər, "sirr bəkçi"ləri və bektaşilərin qoruduğu Əshabi-kəhf" adlı məqaləsində son dərəcə maraqlı məqamlardan bəhs edərək vurğulayır ki, Naxçıvanda bir neçə ailə bu mağaranın yerini və sirrini qoruyub saxlamaq üçün seçilmişdi. Müəllif həmin yazısında daha sonra bildirir ki, Osmanlı-Səfəvi dövründə Şah İsmayıl bu yerin mühafizə olunmasını qaramanlı tayfasına tapşırmışdı. Onun yanına gələn Vatikan elçilərinin xahişini yerə salmayan Şah Muğanlı Sarı Əlinin nəslindən olan Noruz Ağa Əlini bura mühafiz təyin edir.

Məqalə müəllifinin yazdıqlarına görə, "Türkmənçay müqaviləsindən sonra buranı işğal edən ruslar ətrafda qazıntı işləri zamanı böyük miqdarda qızıl olan xəzinə aşkar edirlər. Bundan sonra qazıntını genişləndirmək qərarına gəldikdə yerli sakinlərin etirazı ilə qarşılaşırlar. Onlara dəstək vermək üçün erməni dəstələri də gəlir. Mağaraya yol axtaran ruslara ermənilər yol göstərirlər. Bu döyüşlərdə iştirak etmək üçün tampliyerlər, İrandan batini bəgləri, yəni "sirr bəkçi"ləri və Türkiyədən bektaşilər gəlirlər. Rus və ermənilərə qarşı savaşda onlar da iştirak edirlər və qələbə qazanandan sonra tamamilə mağaraya gedən yolları, bu yolları bilənləri məhv edirlər. Naxçıvanda mağaranı qorumaq üçün seçilən ailələrə isə zamanı gələnə qədər buranı qormaq həvalə edilir".

Batini alimi, misirşünas Firudin Gilar Bəgin fikrincə "bu mağara haqqında söz demək üçün qədim yazıların batini mənalarını açmaq lazımdır". Misirşünas alimin daha maraqlı fikirlərinə gəlincə müəllifə görə,"Sufi-batinilərdə "Əshab"  rəmzi - "Sahu-Ba" kimi açılır ki, buradakı "Sahu" rəmzi qədim Misir yazılarında, insan öləndən sonra bədənindən çıxan ruhunu bildirirdi. "Ba" rəmzi isə bu fəlsəfədə, insan ruhunun ilkin materiya ilə vəhdəti, yəni ölümsüzlük qazanmış ruhları, Misir Allahları demək idi. Batinilərdə "Kəhf" sözünün Kufə-Qaf rəmzləri ilə eyni mənalı olduğunu dilə gətirən F.G.Bəgin düşüncəsinə görə, "Əshabi-Kəhf" dedikdə sufilər, ölümsüzlük qazanaraq Allaha çevrilmiş insanları nəzərdə tuturlar ki, onların cəsədləri də məhz Qaf dağındakı "Əshabi-Kəhf" mağarasında gizlədilib.

Ümidvarıq ki, mütəxəssis alimlərimizin gələcəkdəki elmi aşardırmaları haqqında söhbət açdığımız mövzunun batini anlamlarını daha dərindən izah etməyə geniş imkanlar yaradacaq.

 





25.01.2024    çap et  çap et