525.Az

Qanın qaralmasın - Şahnaz Şahindən yeni esse


 

Qanın qaralmasın - <b style="color:red"> Şahnaz Şahindən yeni esse</b>

İnsan bədəninin yarıdan çoxunu maye təşkil edir. Hüceyrələr də balıq suda üzən kimi hüceyrəətrafı mayenin içərisində daimi hərəkətdədir. Gün ərzində qəbul etdiyimiz qida məhsullarının da çox hissəsi maye halındadır. Orqanizmin susuzluğa davamı ən çoxu günlərlə ölçüldüyü halda, qidasız bir ayadək tab gətirə bilir... Bu gün tibdən hər kəsin az da olsa bilgisi var və bilir ki, susuzlaşma beyin, sinir sistemi və ürək fəaliyyətinin ciddi zədələnməsinə gətirib çıxara bilər. Çünki susuzlaşma, yəni dehidratasiya səbəbindən orqanizmdə maddələr mübadiləsi pozulur, toksinlərin xaric olması ləngiyir və qan qatılaşır. Gün ərzində insanlar müxtəlif içkilər qəbul edir, əsasən də çay, kofe, şirin və qazlı sular. Amma bunlar heç biri hüceyrələrin "üzdüyü" təmiz suyu əvəz etmir. Orqanizm əlavə enerji xərcləməklə həmin mayeni təmizləyir və hüceyrələrə ötürür...

İri damarlardan başlayıb ta gözlə görünməyən xırda kapilyarlara qədər bölünən və içərisində həyat göstəricisi sayılan qırmızı rəngli mayenin - qanın dövr etdiyi canlı... Əlbəttə, ilk növbədə yada insan düşür, amma istiqanlı canlıların hamısında qan elə qırmızı rəngdədir.

Təpədən dırnağacan orqanizmi qidalandıran bütün maddələrin və ən əsası oksigenin daşıyıcısıdır qan. Qana rəng verən piqment - hemoqlobin qırmızı tərkibdədir. Yer kürəsində hörümçək, əqrəb, dəniz canlılarının bəzilərində isə qan yaşıl və ya mavi rəngdə olur. Çünki onların qanında mis üstünlük təşkil edir. Qanın əsas tərkib hissəsi olan hemoqlobin ağ ciyərlərdə oksigenlə zənginləşərək bütün bədən toxumalarına yayılır. Bu zaman qan parlaq alqırmızı rəngə sahib olur. Oksigeni paylayıb yenidən hemoqlobinə çevrilir. Geri dönüşü, yəni toxuma və hüceyrələrdən qayıdan zaman isə hemoqlobin karbon qazı ilə birləşərək karboksihemoqlobinə çevrildiyindən qanın rəngi də tündləşir. Yəni ürəyə və ağ ciyərlərə doğru axan qanın rəngi tünd göyə çalır...

Bax bunlar tibb elminin öyrətdikləridir, amma el dilində bir deyim də var axı, "filənkəs qanımı qaraltdı", "qanım qaradı", "qanqaraçılıq"... və sair. Elin dilinə söz boş yerə düşməz, sən demə, xoşa gəlməyən situasiyalar, münasibətlər, dava-dalaş zamanı qan həqiqətən qaralırmış. Belə hal keçirən adama baxsanız, üz rənginin də boğulub qaraldığının şahidi olarsınız. Sən demə, güclü sarsıntı keçirən zaman qanda oksigenin və qida maddələrinin miqdarı kəskin şəkildə azalır, noradrenalinin səviyyəsi isə yüksəlir, bu səbəblərdən qan həqiqətən tündləşir - qaralır. Elə insultlar, infarktlar da əsasən bu vaxt baş verir...

Dünyanın qarışıq vaxtıdır, insanlar gündəlik stress və həyəcandan yan qaça bilmir. Laqeydlik, biganəlik artıb, üstəlik, iş, ev, ailə, məişət qayğıları... Bundan başqa, informasiya bolluğu içərisində yaşadığından istər-istəməz dünyanın o biri başında törədilən cinayətə də, qulağının dibində yaşanan hadisələrə də eyni adekvat cavab reaksiyası göstərir. Beynində özü də bilmədən yerləşdirdiyi həmin məlumatlarsa, xətərsiz ötüşmür... Beyinə toxum kimi düşmüş narahat fikirlər orada özünə lazımi mühit tapıb inkişaf edir və ömürlük yaşayır...

Robin Şarma beyni bilgisayara bənzədir və hər gün onun ekranından lazımsız məlumatları silməyi məsləhət görür. Yəni fikirlərinə sahib ola bilsən, beyninə, beyninə nəzarət etsən isə bütün həyatına nəzarət edə biləcəksən...

İndi sən çox şeydən yorulmusan, yorğunluğunu hər hansı bir enerjiyə çevirib işə yönəltmək istəyirsən... Qonşun evini təmir edir, vaxt-bivaxt içəriyə deşici, kəsici usta alətlərinin səsi dolur. Başqa bir qonşunun uşaqları musiqiyə "polnıy xod" verib özləri üçün diskoteka yaradıblar. Həyətdə oynayan uşaqların da səs-küyü bir yandan... Reallıqdan azca uzaqlaşıb sosial şəbəkəyə sığınmaq istəyirsən, burda da bir başqa hay-küy kəsir yolunu...

...Üzü axşama doğru işə gedənlərin də qayıdacaq, sənin də sabahdan bəri sanki "su səpilmiş" kimi səssiz olan evin canlanacaq. Qab-qaşıq cingiltisi günün xəbərlərinə qarışıb axacaq beyninə... Sən isə yorğunsan... Daha nə işləməyə həvəsin, nə də düşünməyə taqətin qalıb. Bir azdan da anam demiş, yatmaq vaxtı yetirəcək özünü. Bax beləcə bir günün edamına imza atanlardan olacaqsan sən də... Nə qədər ki, gec deyil, get Robin Şarmanın məsləhətinə əməl elə. Qaranlıq otağa çəkil və çox deyil, cəmi onca dəqiqə özünə vaxt ayır. Otur və beyninin qaralmış ekranını təmizlə. Təmizlə ki, sabah ora yeni, faydalı məlumatlar yükləyə biləsən. Özünə etibar et, imkanlarının ən kiçik qığılcımlarını belə üfürüb uğur alovuna çevirməyə çalış... Axı, zaman bir də geri dönməmək şərtilə gedir!..

 





25.01.2024    çap et  çap et