525.Az

Regionun ekologiyasına vurduğu ziyana görə Ermənistana təzyiqlər artır


 

Regionun ekologiyasına vurduğu ziyana görə Ermənistana təzyiqlər artır<b style="color:red"></b>

Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsini müdafiə edən "Environmental Protection First" (EPF) Koalisiyası yenidən Ermənistanın dağ-mədən sektorunda iştirakçı olan yerli və beynəlxalq şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) üzrə sənədləri ictimailəşdirməyə çağırıb. EPF-dən bildirilib ki, Ermənistan tərəfinin cavab verməməsi onun dağ-mədən sənayesində fəaliyyətin şəffaflığını sual altında qoyur: "Biz Ermənistanda fəaliyyət göstərən dağ-mədən şirkətlərini koalisiyamızla ünsiyyətə açıq olmağa çağırırıq. "Environmental Protection First" (EPF) Koalisiyası regionumuzdakı çirklənmə ilə bağlı rəhbərliklə görüşmək üçün bu şirkətlərin baş ofisləri ilə əlaqə saxlamağı planlaşdırır".

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq Koalisiya üzvləri Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti nəticəsində regionda ciddi ekoloji vəziyyətlə bağlı narahatlıqlarını bildirərək bu ölkənin Baş naziri Nikol Paşinyana birbaşa müraciət ediblər.

"2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini qeyd edərək, Ermənistanı ətraf mühit məsələlərində daha diqqətli olmağa təşviq etmək lazımdır. Biz Ermənistanda fəaliyyət göstərən ictimai təşkilatları və ətraf mühit fəallarını bütün regionun maraqları naminə səylərimizi birləşdirməyə çağırırıq. Axı belə məsuliyyətsiz işlərdən ilk növbədə Ermənistan əhalisi əziyyət çəkir. Unutmayaq ki, təbiət sərhəd tanımır və hamımız eyni regionda yaşayırıq", - sənəddə vurğulanıb.

Onlar qeyd ediblər ki, Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olanların ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə çatdırmaq, eləcə də məsuliyyətli addımlar atmaqla bağlı hökumət öhdəlik daşıyır.

"Sudan istifadə sahəsində mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədovun dediyinə görə, Ermənistanın dağ-mədən sektoru ilə bağlı materialları təqdim etməyəcəyi təqdirdə beynəlxalq şirkətlərdən hesabat tələb olunacaq. Rəsmi İrəvan Qafqaz ölkələrinin tərəf qoşulduğu Espo Konvensiyasını kobud şəkildə pozur. Parsyan etiraf edib ki, Ermənistanda dağ-mədən sənayesindən istifadə zamanı tullantılarla ətraf mühitin çirkləndirilməsi, atmosferə zərərli maddələrin buraxılması halları baş verir: "Ötən il Ermənistan Arazdəyəndə metallurgiya zavodu inşa etmək istəyərkən etiraz bəyanatı göndərilsə də, rəsmi İrəvan məsələni siyasiləşdirərək öhdəliklərindən boyun qaçırdı. Vətəndaş cəmiyyəti olaraq, bəyanatın ardından Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub də ünvanladıq".

A.Məmmədov xatırladıb ki, Arazdəyəndə, ümumiyyətlə Azərbaycan sərhədi boyu Ermənistanın bir çox regionlarında mədən sənayesi fəaliyyəti həyata keçirilir: "Amma bunların heç birinin ətraf-mühitə təsirinin qiymətləndirilməsi, hesabatları açıqlanmır. Ermənistan nəinki Azərbaycan hökuməti, hətta həmin ərazilərdə yaşayan ermənilərə belə heç bir məlumat vermir. Ermənistan Espo Konvensiyası üzrə götürdüyü öhdəlikləri pozur. Biz də tələb edirik ki, ətraf mühitə təsir qiymətləndirilsin, nəticə isə hesabat formasında təqdim edilsin. Bu şəffaflığın təmin edilməsi həm Azərbaycan, həm də region ölkələri üçün önəmlidir".

Ekspert EPF-nin yenidən Ermənistana çağırış etməsinə də toxunub: "Əgər rəsmi İrəvan yenə də hesabatları təqdim etməzsə, bu zaman Ermənistanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdən hesabat tələb ediləcək. Biz Ermənistana çağırış edirik ki, hesabat versinlər. Həmçinin Ermənistan vətəndaşlarından da bu məsələlərə biganə qalmamalarını, öz hökumətlərindən hesabat tələb etmələrini istəyirik. Çünki həmin ərazilərdə mədən fəaliyyətinin həyata keçirilməsi, Azərbaycanla sərhəd olan rayonlarla yanaşı, orada yaşayan erməni vətəndaşlarının sağlamlığına və yaşadıqları ətraf mühitə təsir göstərmək riski var".

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova bildirib ki, Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər ictimaiyyət üçün açıq olmalı sənədləri ört-basdır edir: "15 milyondan çox əhalisi olan Cənubi Qafqaz regionu Ermənistanın dağ-mədən müəssisələrinin zərərli kimyəvi tullantılarının ətraf mühitdə yaratdığı böhranla üz-üzə qalıb. Həmin müəssisələrin zərərli tullantıları Azərbaycanla sərhəd bölgələrdə olan su resurslarına da çox ciddi ziyan vurduğu aşkarlanıb. Bütün bunlar əhalinin təhlükəsiz yaşayışına mane olur. 30 il işğal altında qalmış ərazilərimizdə minaların basdırılması ilə yanaşı, ətraf mühitə dəyən ziyan insanların rahat yaşayışına ciddi problem yaradır. Biz sözügedən problemlərlə əlaqədar Ermənistan Baş naziri Nikol Paşinyana da müraciət etmişik. Lakin baş nazir tərəfindən ona ünvanladığımız məktuba heç bir reaksiya vermədi. Həmçinin, beynəlxalq ekspertlərə gəlib yerindəcə qiymətləndirmələr aparılmasına şərait yaradılmadı. Xarici ölkə QHT-ləri də buna bənzər bəyanatlar səsləndirərək problemlə bağlı öz narahatlıqlarını bildiriblər".

Su problemləri üzrə mütəxəssis Rövşən Abbasovun dediyinə görə, Ermənistan beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozur, onun dağ-mədən sənayesinin fəaliyyəti ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhran yaradıb: "İstənilən metalın istehsalı zamanı çox sayda toksik tullantı əmələ gəlir. Tullantıların tərkibi sulfidlər, cürbəcür nitratlar, siyanidlər, arsen, civə və digər ağır metallardan ibarətdir. Həmin maddələr torpağa və suya qarışaraq insanların qida zəncirinə daxil olur. Bu proses müxtəlif xəstəliklərin yaranmasında və ya rastlaşma göstəricilərinin artmasında xüsusi rola malikdir. Finlandiyanın Espo şəhərində imzalanan "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Dağ-mədən sənayesinin təşkili zamanı ölkə ərazisində və ya yaxın sərhəd bölgələrdə çox ciddi nəzarət tədbirləri həyata keçirilməlidir".

Mütəxəssis vurğulayıb ki,  Ermənistanın mədən sənayesində 26 kontrakt əsasında şirkətlər təkbaşına və ya konsorsium formasında 400-ə yaxın şaxtadan qızıl, mis, molibden, sink və digər qiymətli resursların hasilatını aparır. Həmin müraciətdə təklif edilmişdir ki, şirkətlər həyata keçirdikləri fəaliyyətə dair Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədlərini açıqlasınlar. Məhz bu sənədlərin təhlili transsərhəd çayların zərərli maddələrlə çirkləndirilməsi risklərini qiymətləndirməyə imkan verər. Şirkətlərin veb-səhifələrində bu sənədlər aşkarlanmır. Bu, acınacaqlı faktdır. Ermənistanın ekoloji təşkilatları da mədən sənayesi müəssisələrinin ətraf mühitə vurduqları zərərə görə dəfələrlə çıxışlar edib, hətta bir sıra ekoloji yönümlü QHT-lər tərəfindən Ermənistan Ekoloji Cəbhəsi də yaradılıb. Problemlər ümumidir, çirklənmiş axar sular ilk növbədə əhaliyə və təsərrüfatlara yönələn təhlükələrdir. Ermənistanın dağ-mədən sənayesi müəssisələri ekoloji fəlakətə səbəb olan hərəkətləri dayandırmalıdır. Təhlükə böyüdükcə, Ermənistanda əhalinin sağlamlıq vəziyyəti də pisləşə bilər".

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva bildirib ki, bir neçə ay bundan öncə qeyri-hökumət təşkilatları olaraq "Environmental Protection First" (EPF) Koalisiyasını yaradıblar. Həmin koalisiyanın məqsədi Ermənistanda aparılan qeyri-şəffaf dağ mədən sənayesi işlərinin dayandırılması və burada çalışan yerli və xarici şirkətlərin məsuliyyətli davranışa cəlb edilməsi, beynəlxalq ətraf mühitin qorunması üzrə norma və standartların gözlənilməsinə çağırış etmək idi. Hazırda bütün dünyada ən çox trend olan məsələ iqlim dəyişmələridir. Ətraf mühitə əsasən insan təsirinin nəticəsi olan həmin qlobal dəyişikliklər bütün bəşəriyyət üçün narahatlıq doğurur. Ermənistan Respublikasının dağ mədən sənayesi işləri də havanın, su ehtiyatlarının çirklənməsinə gətirib çıxarır. Bu, təkcə Ermənistan sərhədlərində qalmır, eyni zamanda, Cənubi Qafqaz regionunu da təhdid edir. Belə ki, aparılan dağ mədən sənayesi işləri transsərhəd çayları, regionun atmosferini, şirin su ehtiyatlarını, torpaq ekosistemini çirkləndirir, fauna və florasının məhvi ilə nəticələnir: "BMT təmiz hava və sağlamlığı əsas insan hüququ kimi tanıyıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri də 2030-cu ilə qədər sağlam gələcək, eyni zamanda, ətraf mühitin qorunması ilə bağlı bir sıra hədəflər ortaya qoyur. Bütün dünya dövlətləri də 2030-cu ilə qədər həmin hədəflərə çatmaq üçün öhdəliklər götürüblər. Ətraf mühit məsələləri insanların sağlamlığına ciddi şəkildə təsir göstərir. Hava və suyun çirklənməsi respirator xəstəliklər, ürək-qan damar problemlərinin yaranması, eyni zamanda, uşaqların vaxtından əvvəl doğulması və ölümü ilə nəticələnir. Təsadüfi deyil ki, həmin məsələ COP28-də, yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında - COP28-də açıq şəkildə qeyd edilib. Nəzərə alsaq ki, bu il COP29 Cənubi Qafqazda, yəni Azərbaycanda keçiriləcək, Ermənistanı da ətraf mühitin qorunması məsələlərində məsuliyyətli davranışa dəvət edirik. Burada dağ-mədən sənayesinə cəlb edilmiş şirkətlər ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənədlərini ictimaiyyətlə bölüşməlidirlər. Koalisiya olaraq əsas hədəflərimizdən, prioritetlərimizdən, tələblərimizdən biri həmin sənədlərin geniş ictimaiyyətlə bölüşülməsi, şirkətlərin öz veb-saytlarında sənədlərin mətnini bütöv şəkildə yerləşdirmələridir. Dəfələrlə həmin şirkətlərə müraciət etsək də, təəssüf ki, qarşı tərəf susur. Növbəti mərhələdə biz həmin şirkətlərin Avropa ölkələrində yerləşən baş ofislərinə müraciət edərək, görüşlər almaq, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin region ekosistemini korlaması barədə onlara məlumat vermək, burada insan hüquqlarının açıq-aşkar şəkildə pozulmasını qeyd etmək niyyətindəyik. Biz həm xarici şirkətlərə, həm də Ermənistan hökumətinə çağırış edərək bildirmək istəyirik ki, dağ-mədən sənayesi müəssisələrinin qapısını beynəlxalq ətraf mühit və səhiyyəyönümlü qeyri-hökumət təşkilatlarına (QHT), eyni zamanda, ekspertlərinə açsınlar, orada aparılan fəaliyyətin monitorinqini, qiymətləndirilməsini, eyni zamanda, müvafiq nümunələrin götürülərək ölçü işlərinin aparılmasını təşkil etmək üçün həmin QHT və beynəlxalq ekspertlərə şərait yaratsınlar".

Sevinc QARAYEVA

 





25.01.2024    çap et  çap et