525.Az

Zəlzələ şərhləri psixoz yaradır - Sosial şəbəkədə yazılanlar


 

Zəlzələ şərhləri psixoz yaradır - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edərək Natəvanın heykəlinə qarşı vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyini bildirib. Azərbaycan tərəfi heykəlin səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir. Fikrimcə, ən optimal yol elə budur. Çünki sabah heykəlin üzərinə atılan rəng təmizlənsə belə, vandallar eyni təxribatı təkrarlayacaqlar. Fransa bələdiyyəsi heykəli vandallardan qorumaq üçün heç nə etməyəcək və ya edə bilməyəcək. Meriya Azərbaycan səfirliyinin telefon zənglərinə cavab verməsə də, heykəlin orada qalması artıq mümkün deyil.

 

Tural Cəfərov, yazıçı:

- Televiziyanın bir işi də öz sahəsində səriştəli, sanballı, qabiliyyətli insanları efirə çıxartmaq, onları tanıtdırmaqdır. Hər dəfə "Sabaha saxlamayaq" verilişinə baxanda qiyabən də olsa bu cür gərəkli adamlarla tanış oluram. Bu, həqiqətən də son dərəcə əhəmiyyətli və faydalı bir məsələdir.

 

İlham Əzizov, yazıçı:

- Ölkədə prezident seçkiləri yaxınlaşır. Bəlkə də bir məmləkətin ən böyük hadisələrindən birdir. Müharibə bitib, torpaqlar qayıdıb. Avropadan sanksiyalar yağır, düşmən ölkələr var gücləri ilə əleyhimizə çalışırlar. Sözümün canı nədir?! Gərək bu seçkilərə gedək. Həmişəki kimi etməyək. Fəallıq yüksək səviyyədə olmalıdır. Avropadakı əmilərin əlinə fürsət verməyək. Görsünlər ki, biz seçkiyə gedə bilirik. Demokratik seçki keçirməyin ən elementar mərhələsi seçkiyə getməkdir. Ayağımızı o qapıya öyrətməliyik. Danışanda ən böyük ideallardan dəm vururuq, amma seçkiyə getmirik. Elə bilirsiz siyasi məsələyə görə getmirik? Xeyr! Tənbəllik tutub canımızı. O gün iş də olmur, deyirik əşi nə var e...

Vallah elə deyil, getmək lazımdı. Sən seçkiyə get ki, heç olmasa övladlarımız bu institutun vacibliyini anlasın, gələcəkdə o da düzgün seçim edə bilsin.

Özünüz düşünün ki, vaxtında məktəbə getməsəydik, orduya getməsəydik, işə getməsəydik, bu torpaqlarda Respublika qura bilərdik? Bizdən beş qat artıq torpaqları olan xalqların heç dövlətləri yoxdu.

Biz, sivil şeylərə alışmalıyıq, əziyyətdi bilirəm, amma çarə yoxdu...

 

Taleh Cəfərov, tarix üzrə fəlsəfə doktoru:

- Bakı bu səhər yenidən ağ örpəyə bürünüb. Açığı, Bakı Şəhər İcra Hakimiyyətinin budəfəki hazırlıqlarını çox bəyəndim. Deməli, şəhərin ən hündür yerlərindən olan Yeni Yasamalın bütün yollarına duz, qum səpilib, yollar çox rahatdır. Gözəl işlər həmişə təqdir olunur. Mahnıda deyildiyi kimi, "belə ola həmişə"...

 

Zahir Əhmədov, İsveçrə Səfirliyi/İsveçrə Əməkdaşlıq Ofisi,  Milli Proqram Rəhbəri:

- Albert İsakov deyir ki, o, məşhur erməni şahmatçısı Levon Aronyanın atası ilə şəxsən tanışdır. L.Aronyanın atası Belarus yəhudisidir. Oğlu özünü güclü şahmatçı kimi göstərməyə başlayana qədər onun adı Lev Aronov olub. Sonralar Ermənistan hakimiyyəti tələb edib ki, uşaq adını dəyişsin və beləliklə, gənc şahmatçı Levon Aronyana çevrilib. A.İsakov deyir ki, Aronyanın atası bunu həmişə çox ağrılı qəbul edib.

 

Jalə Mütəllimova-Seyidli, jurnalist:

- Dəhşət saçan zəlzələ şərhləri, xəbərdarlıqları insanlarda psixoz yaradır. Bunu İT üçün edənlər, edir. Bəs ideoloqlarımız niyə narahat deyil ki, psixoloji gərginlik cəmiyyəti aqressiv edir və bu, Azərbaycana gərək deyil. Adil və soyuqqanlı vətəndaş lazım, sinirləri oynamış, aqressiv yox. Üstəlik, guya bu efir düşgünü "zəlzələ mütəxəssisləri" bilmir ki, Azərbaycan seysmoloji olaraq zatən həssas bölgədir və il ərzində yüzlərlə xəbərimiz olmayan simvolik silkələnmələr olur. Bu psixoz nəyə gərəkdir axı?!.

Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi: 

- Məsələn, Ay Zaurun, hə, həmin Zaurun on yeddi sponsorundan (yalan olmasın) onu klinika, altısı həkim, biri isə babasil dərmanıdır. Sonra bu klinikalar, bu həkimlər reklama xərclədiklərinin on qatını tələb edirlər.

 

Nihat Pir, yazar:

- "Oskar" mükafatına namizədlər elan olundu, ermənilərin filmi yekun siyahıdan kənarda qaldı, Christopher Nolanın "Oppenheimer"i 13 kateqoriya üzrə namizəddir.

 

Ərşad Hüseynov, hüquqşünas:

- Sumqayıt-Bakı arasında yeni ekspres avtobus marşrutunun işə düşməsi irəliyə doğru ciddi addımdır. Xeyirli-uğurlu və davamlı olsun.

Lakin görüləcək işlər hələ çoxdur. Dəfələrlə vurğuladığımız kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğurlar gətirməyəcək. Bu iki şəhərə vahid aqlomerasiya kimi, vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəlkə də yüz mindən çox) insan gündəlik olaraq (yəni mütəmadi olaraq), öz rutin həyatının axarı olaraq bu iki şəhər arsında gedib-gəlir. Bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Bu, Sumqayıt yarandığı tarixdən belədir. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Bunun imkanları araşdırılmaqla daha kiçik tutumlu (ehtiyac olan istiqamətdə həm də iri tutumlu) avtobuslarla ekspres marşrutlar yaradılmalıdır. Bu iki şəhər arsında qatarla daşıma imkanları da ciddi yaxşılaşdırılmalıdır. Əks təqdirdə bu iki şəhər arsında fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman çox vacibdir. Aqlomerasiya daxilində gündəlik səfərlər edən insanlar üçün vağzaldan-vağzala daşıma ciddi vaxt itkisidir. Heç də hər kəs bu itkiyə getmir (daha artıq pul xərcləsə də)...

 

Mir Səməd, bloger:

- İndoneziyalılar bu yaxınlarda yeni paytaxta köçəcəklər. Borneo adasında Nusantana adlı şəhər hazır olmaq üzrədir.

Yava adasındakı paytaxt Cakarta o qədər böyüyüb, o qədər adam yaşayır ki, artıq vəziyyət dözülməz həddə çatıb.

10 il əvvəl tranzitlə Cakartada olmuşdum. Cəmi 10 saata yaxın. Düşündüm ki, şəhəri gəzib, əsas görməli yerlərlə tanış olaram. Hava limanından mərkəzə üç saata çatdıq. İstiqlal məscidinin qarşısında bir şəkil çəkdirəndən sonra bələdçi dedi, gedək yemək yeyək sonra aeroporta qayıtmaq lazımdır. Üç saata da geri döndük. Şəhərlə tanışlıq belə başa çatdı.

Yeni paytaxt 34 milyard dollara başa gəlir. Deyirlər, Asiyada ən nümunəvi, ən yaşıl şəhər olacaq.

Nə qədər ki, bizdə də hava limanından şəhərə gediş üç saat vaxt aparmır, paytaxtın köçürülməsi barədə düşünmək lazımdır.

Yeri gəlmişkən, Misirin bu yaxınlarda yeni paytaxtı olacaq.

 

Asif Nərimanlı, jurnalist:

- AŞPA-nın Azərbaycana qarşı qaldırdığı məsələdə "Qarabağdan erməni sakinlər zorakılıqla çıxarılıb" iddiasını səbəb kimi göstərməsi əsas hədəfin nə olduğunu anlamağa imkan verir: Qərbdə erməniləri Qarabağa istədikləri formada - "təhlükəsizlik zəmanəti" altında qaytarmaq istəkləri hələ də var, lakin Bakının bunu qəbul etməyəcəyini bilirlər, bu baxımdan, "Qarabağın erməni əhalisi" kartını Azərbaycanı sülh danışıqlarını Qərb düşərgəsində aparmağa məcbur etmək siyasətində istifadə edirlər.

Fransa Senatının qətnaməsi, Avropa Parlamenti, AŞPA, eləcə də Borelin son açıqlamaları... eyni siyasətin tərkib hissəsidir.

Hərçənd, rəsmi Bakı Ermənistanın gündəliyinin - sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi "güzgü prinsipi" üzrə aparılması, kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. - irəli sürüldüyü Avropa platformasında danışıqlara getməyəcək, bütün "körpüləri yandırmaq" hesabına olsa belə. Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması da rəsmi Bakının bu siyasətə qarşı adekvat cavabıdır.

Təzyiq dalğasının seçki öncəsi və sonrasında güclənəcəyi də istisna deyil.

 





26.01.2024    çap et  çap et