525.Az

Yazıçılar Birliyində özbək şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub


 

Yazıçılar Birliyində özbək şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çıxan kitablarının təqdimatı olub. AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb. Tədbiri giriş sözü ilə açan S.Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan-Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan danışıb.

AYB katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi kimi təqdir edib, onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. İ.Yaşar çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Filologiya elmləri doktoru, professor Ramiz Əskər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində müstəsna rolu olmuş ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin və qarşılıqlı bədii tərcümə işinin tarixindən bəhs edərək, bu sahədə böyük bir yol keçildiyini və X.Rüstəmin kitablarının Bakıda nəşrinin də uğurlu addım olduğunu vurğulayıb.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək yazarı təbrik edib.

Daha sonra çıxış edən Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şermuhamməd, "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər.

Tədbirin sonunda Özbəkistanın "Şöhrət" medalı laureatı, "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.

 





26.01.2024    çap et  çap et