Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik" mövzusunda elmi sessiya olub. Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, AMEA-da görkəmli ictimai-siyasi xadimlə bağlı silsilə tədbirlərin təşkil edildiyini bildirib. O, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları ilə bağlı bir sıra sərəncamların imzalandığını diqqətə çatdırıb.
Qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə Akademiyada müxtəlif konfranslar keçirilir, onun çoxcəhətli fəaliyyəti, mübarizəsi və ideyaları, ədəbi-filoloji irsi dərindən öyrənilir, həmçinin alimlərimiz tarixi şəxsiyyətlə bağlı məqalələr nəşr etdirirlər. Akademik İsa Həbibbəyli AMEA üzrə Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən geniş konfransın yanvar ayının 29-da keçiriləcəyini diqqətə çatdırıb.
İ.Həbibbəyli M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinə, azərbaycançılıq ideyalına sədaqətlə xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Mərhum professor Şirməmməd Hüseynovun Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini xüsusi qeyd edən İ.Həbibbəyli "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının I cildinin Məhəmməd Əmin Rəsulzadəyə həsr olunduğunu xatırladıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına təqdim edildiyini söyləyib.
AMEA rəhbəri ölkə başçısı tərəfindən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı imzalanan Sərəncamın mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış ədibin irsinin yenidən araşdırılmasına işıq salacağını deyərək konfransın işinə uğurlar arzulayıb.
Sonra Məhəmməd Əmin Rəsulzadənin əsərlərini Türkiyə ilk dəfə nəşr edənlərdən biri olan İzmir Ege Universitetinin kafedra müdiri, professor Yavuz Akpınar "Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri" mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadə təkcə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi deyil, həm də türk milliyyətçiliyi fikrini, türkçülük fikrini siyasi həyatda gerçəkləşdirən böyük şəxsiyyətdir.

Tədbirdə filologiya elmləri doktoru Abid Tahirlinin "Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları", professor Vüqar Əhmədin "Məhəmməd Əmin Rəsulzadənin mühacirətəqədərki publisistikası" və filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın "Nizami Gəncəvi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında" adlı məruzələri dinlənilib.
Məruzələrdə Rəsulzadənin Azərbaycan ədəbiyyatını araşdıran əsərlərinə müraciət edilib, onun həm klassik dövr, həm də XX əsr xadimlərimiz haqqında görüşləri diqqətə çatdırılıb. Bildirilib ki, çoxşaxəli yaradıcılığa malik olan Rəsulzadə qələmini ədəbi-tənqidi və ədəbiyyatşünaslığın bir çox janrlarında sınamışdır. Onun qələmində ədəbi-tənqid və ədəbiyyatşünaslıq bədii yaradıcılığında olduğu kimi, Azərbaycan istiqlaliyyəti probleminə yönəldilib. Ədibin tərcümə yaradıcılığında bədii ədəbiyyat əsas və aparıcı rol oynayıb.
Vurğulanıb ki, Rəsulzadənin publisistik məqalələrinin mühüm bir hissəsini sovet dövrü Azərbaycan ədəbiyyatında milli kökdən uzaqlaşma meyllərinin, ruslaşdırma siyasətinin tənqidi təşkil edir. O, daim siyasi fəaliyyəti və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan mücadiləsi aparıb, bu mücadilənin xalqın, millətin, ölkənin istiqlalı ilə nəticələnəcəyinə inanıb.
Elmi sessiyada, həmçinin Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək Rəsulzadənin həm siyasi, həm də elmi, publisistik irsinin daha dərindən təbliğinə ehtiyac olduğunu bildirib.
Sonda Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Yanvarın 24-də M.Ə.Rəsulzadə irsi ilə bağlı daha bir tədbir AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilib. "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasının fəlsəfi, ictimai-siyasi mahiyyəti" mövzusunda elmi konfransda İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli "Müstəqillik idealının gerçəkləşdirilməsinə həsr edilən ömür yolu" adlı məruzə ilə çıxış edib. E.Mədətli öz məruzəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. O vurğulayıb ki, Xalq Cümhuriyyətinin öncül qurucularından olan M.Ə.Rəsuzladə görkəmli, ictimai-siyasi xadim kimi xalqımızın tarixi yaddaşında silinməz iz buraxmış şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyevin Sərəncamında qeyd olunduğu kimi, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. M.Ə.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdı.

"Rəsulzadə ömrünün 50 ilindən artıq böyük hissəsini Azərbaycan naminə siyasi mübarizəyə və siyasi yazıçılığa həsr etmişdir" - deyən E.Mədətli bildirib ki, maddi və mənəvi çətinliklər, ziddiyyətlər, çəkişmələr onu mübarizə yolundan döndərə bilmədi və bu ağır, çətin dövr ərzində onun ictimai-siyasi əzmi və iradəsi zəifləmədi, əksinə, zaman keçdikcə daha da gücləndi. İctimai siyasi-ideyalar ədəbi və siyasi liderlerin fəaliyyəti və yaradıcılığının məhsuludur. M.Ə.Rəsulzadə və digərləri şübhəsiz ki, ictimai-siyasi həyata böyük töhfələr vermiş insanlar idilər. Ümumiyyətlə desək, hər iki sahənin siyasət və yazıçılıq fəaliyyətini özündə eyni dərəcədə böyük məharətlə birləşdirə bilmişdi.
Qeyd olundu ki, 23 aylıq Azərbaycan Demokratik Cümhuriyyəti bir çox problemlə yaşasa da, lakin milli ruhun yüksəlişi, milli siyasət, Azərbaycanın ideyalarının möhkəmlənməsi baxımından tariximizin şanlı səhifəsi hesab olunur.
Hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxışında M.Ə.Rəsulzadənin ictimai, siyasi, ədəbi həyatına və onun Cümhuriyyət quruculuğu yolunda fəaliyyətinə nəzər salıb. Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov "M.Ə.Rəsulzadə irsinə yaradıcı münasibət: millətləşmə prosesində və dövlətçiliyin inkişafında Azərbaycançılığın bir ideya - prinsip kimi əhəmiyyəti", siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov "Ulu öndər Heydər Əliyevin Rəsulzadə irsinə münasibəti və varislik məsələsi", fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli "M.Ə.Rəsulzadə və "Azərbaycan" ideyası", fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərov "M.Ə.Rəsulzadənin tədqiqatlarında İran mövzusu", elmi işçi Vüsalə Gülmalıyeva "M.Ə.Rəsulzadənin mühacirət həyatı və Azərbaycan istiqlalı uğrunda mübarizəsi" mövzusunda məruzə ediblər.
Məruzələrdən sonra professorlar Əli Abasov, Adil Əsədov, Rəfail Əhmədli və digərləri mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
çap et