525.Az

Eyni kökənli iki hadisə - İmir Məmmədlidən esse


 

Eyni kökənli iki hadisə - <b style="color:red"> İmir Məmmədlidən esse</b>

Həyat, doğrudan da, insana verilən bir məqamdır, ona, illərcə uzanan bir an da demək olar. Bəzən bu anın o başında və bu başında baş verən hadisələr bir-birinə çox oxşayır, sadəcə həmin oxşarlığı (az qala eyniliyi) görmək lazımdır.

...Yay ayları idi. Kəndə şəhərdən bir qız gəldi, bir qız gəldi ki, gözəlliyini  təsəvvür etmək mümkün deyil. Qızın 20-25 yaşı vardı. Mən onda 6 yaşımda idim. Həmin qızı görən kimi vuruldum. Bilmirəm, bu, səmimi uşaq məhəbbəti idi, bilmirəm, nə idi, amma sevdim. Qızı görəndə utanırdım, özümü yıxşırıb çalışırdım, əsl kişi kimi davranım.

Bir axşam saçımı (kəkilimi) isladıb səliqə ilə daradım. Kəndə çıxdım ki, gedim "sevgilimi" görüm. Axşamlar yeniyetmə qızlar və oğlanlar kəndin ortasında, bulağın yaxınlığında "birjaya" toplaşardılar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Mən də qızı görmək ümidi ilə həmin yerə üz tutdum.

Evdən xeyli aralanmışdım ki, Allahdan olan kimi, həmin xanım qənşərimə çıxdı. Mən, balaca əllərimi ciblərimə qoyub, yanından guya saymazyana keçib getmək istədim. Amma istədiyim kimi edə bilmədim. Biz bir-birimizə yaxınlaşanda qız ayaq saxlayıb:

- Hara gedirsən? - deyə soruşdu.

Onun mənimlə maraqlanmağı sevgimi lap alovlandırdı. Düşündüm, demək, o da mənə qarşı laqeyd deyil. Odur ki, qəlbimdə tüğyan edən həyəcanı cilovlayıb:

- Gəzintiyə çıxmışam, - dedim.

Mən bu kəlməni deyəndə o, mənə yaxınlaşıb əlimdən tutdu.

İlahi, onda necə hisslər keçirdiyimi anlatmaq etmək üçün nə söz var, nə səs, nə də rəng...

Əlimi verdim qızın əlinə. Onun əlinin istisi canıma yayıldı.

Qız, beləcə əlimdən tutub, məni gəldiyim yolla geri evə tərəf apardı. Mən qəddimi düzəldib onun yanıyla əsl kişi kimi gedirdim. İstəyirdim, bütün kənd bizə tərəf baxsın, görsünlər sevənlər necə olur! Görsünlər, biz bir-birimizə necə yaraşırıq! 20-25 yaşında gözəl bir qız və 6 yaşında oğlan kəndin ortasından beləcə keçib gəlib bizim evə çatdıq. Mən təsəvvürümdə evə gəlin gətirirdim. O isə anamı görcək məni ona təhvil verərək dedi:

- Şamama xala, uşağınız o tərəfə gedirdi, hava qaralır, dedim, Allah eləməsin, birdən itib eləyər, budur, götürüb gətirdim.

Mən başımı qaldırıb qızın üzünə qəzəblə baxsam da, aşıq demiş, sındı qol-qanadım yanıma düşdü.

Aradan altmış il keçdi. Bəli, bəli, nə az, nə çox, düz altmış il. Mənim indi 66 yaşım var.

Bu günlərdə işlə bağlı bir idarəyə getməli oldum. Məni masa arxasında oturan gənc, həm də çox gözəl bir xanım qarşıladı. İş uzandı, sənədləri diqqətlə nəzərdən keçirib yerbəyer eləmək lazım idi. Xanım bir az darıxdığımı hiss etdi.

- Bilirəm, uzun çəkdi, amma darıxmayın, iş bunu tələb edir, - dedi.

Mən də hazırcavablığımdan qalmadım:

- Xanım, işin uzanmağı problem deyil, - dedim, - məsələ burasındadır ki, insan çox oturduğu yerə tədricən adaptasiya olur, öyrəşir. Qorxuram, mən gedəndən sonra bura üçün darıxam.

Bu sözümün müqabilində xanım üzümə elə gülümsündü ki, qəlbimə süzülən günəş işığını ap-aydın hiss etdim. Düşündüm, görünür, hələ qocalmamışam, hələ üzümdə gəncliyimin havası sezilir.

Bu cür ilıq duyğuların qoynunda idim ki, gənc xanım otağa daxil olan iş yoldaşıma üz tutub:

- Müəllim yaşlı adamdır, qılımından hiss edirəm ki, darıxdı, yoruldu. Qoy o getsin, sənədlər hazır olanda siz apararsınız, - dedi.

Qızın üzünə gizlin gileylə baxdım. Sağollaşıb qapıya tərəf gedəndə 60 il öncə baş verən əhvalat bu əhvalatın eynisi kimi gözümün önündə canlandı.

 





26.01.2024    çap et  çap et