525.Az

COP29-un yüksək səviyyədə təşkili üçün mühüm addımlar atılır


 

COP29-un yüksək səviyyədə təşkili üçün mühüm addımlar atılır<b style="color:red"></b>

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub.

İclasda çıxış edən Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" zonası elan edildiyini bildirib.

S.Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb: "Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Prezident İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricidir. COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək".

Sonda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, ekologiya və təbii sərvə

tlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının prezidenti kimi müəyyən edilib.

Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla müəyyən edilən Prezidentə (President-Designate) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib. Sərəncamda qeyd olunub ki, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir.

Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcək.

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova bildirib ki, Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib: "Doğrudur, erməni diasporası və bəzi siyasi qüvvələr revanşist hərəkətlərini davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, "Fransada və bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar". Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Yəni Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Bu və ya digər şəkildə Azərbaycanın düşmənləri növbəti uğursuzluqları ilə barışmalı olacaqlar. Əslində, COP29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri bu qurumun institusional mexanizmlərin yaradılması səyləri konkret nümunədir. Həmçinin, Azərbaycan qlobal inteqrasiya prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə ciddi töhfə verir və bu istiqamətdə səylərini artırmağa hazırdır".

Millət vəkilinin dediyinə görə, Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, "Hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq". Düşünürəm ki, COP29 sammiti də ən yüksək səviyyədə, iştirakçılar üçün səmərəli müzakirələr və qərarların qəbulu üçün hər cür şərait yaradılacaqdır. İqlim dəyişikliyi problemi təkcə dövlətləri deyil, bütün planeti əhatə edən çox ciddi problemdir. Azərbaycan COP29-u uğurla keçirməklə və alternativ enerjini inkişaf etdirməklə bu qlobal bəlaya qarşı mübarizəyə töhfə verəcəkdir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq nüfuzun güclənməsi, xarici investorların diqqətinin Azərbaycana cəlb edilməsi baxımdan əhəmiyyət kəsb edir.

Millət vəkili Sevinc Hüseynova qeyd edib ki, COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin bariz nümunəsidir: "Ölkəmiz məhz bu cür yüksək dəyərlərə layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub".

Sevinc QARAYEVA

 





26.01.2024    çap et  çap et