525.Az

BAXIŞLAR


 

BAXIŞLAR<b style="color:red"></b>

Vəliyəddin ƏHMƏDBƏY

 

BAXIŞLAR

 

Baxış görmüşdümmü elə bir baxış?

Sən mənə baxdığın baxışlar kimi.

İstəsən car elə, aləmə danış,

Yağdır baxışını yağışlar kimi.

Baxış görmüşdümmü, elə bir baxış,

Sən mənə baxdığın baxışlar kimi.

 

Bu baxışlar, ilk sevginin xətası?

Aman Allah, görən kimə çatası,

Baxışların sanki, çiçək butası,

Göydə göy qurşağı naxışlar kimi.

Baxış görmüşdümmü, elə bir baxış,

Sən mənə baxdığın baxışlar kimi.

 

Kimi  yandırır bu nazlı baxışlar,

Süzüləndə bahar-yazlı baxışlar,

Ömrümə səs saldı gizli baxışlar,

Gözəllər şəninə alqışlar kimi.

Baxış görmüşdümmü, elə bir baxış,

Sən mənə baxdığın baxışlar kimi.

 

Yox oldu könlümdən sevda izlərin,

Yoxsa nağıl idi şirin sözlərin?

Taleh yazım idi baxan gözlərin,

Yazıldın alnıma qırışlar kimi.

Baxış görmüşdümmü, elə bir baxış,

Sən mənə baxdığın baxışlar kimi.

 

 





26.01.2024    çap et  çap et