525.Az

GÖR KİMƏ KÖNÜL VERDİM...


 

GÖR KİMƏ KÖNÜL VERDİM...<b style="color:red"></b>

Gileyli BƏYLƏR

 

GÖR KİMƏ KÖNÜL VERDİM...

Kimdən ötrü yaşadım, gör kimə könül verdim...

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

Gül ətri duymayana öz bağçamdan gül verdim,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

          

İndi mənim gözümdə canı yoxdur bu eşqin,

Şaxta vurub dondurub, qanı yoxdur bu eşqin.

Mən hardan biləydim ki, sonu yoxdur bu eşqin,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Sevincə rast gəlməmiş dərdə-qəmə tuş oldum,

Yuvasından perikib, uçub gedən quş oldum,

Bahara qovuşmamış qar ələyən qış oldum,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Həyatımı dumanda, çəndə belə yaşadım,

Günüm kədərlə keçdi, gündə belə yaşadım.

Hərə bir cür yaşadı, mən də belə yaşadım,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Min dəfə harayladım, gözlədiyim gəlmədi,

Çox biləndən soruşdum, səbəbini bilmədi.

Talehim şad olmadı, bəxtim üzə gülmədi,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Gözlərimin yaşını dərya tutmaz, çay tutmaz,

Vəfalı yar yarını özgələrə tay tutmaz.

Yalvarıb, sızlasam da, ötən ömür qayıtmaz,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Bu həyat yollarında çətin oldu yoxuşum,

Bu sevgi aləmində gətirmədi naxışım.

Qara buludlar kimi leysan tökdü baxışım,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 

Daha dərdini çəkmə səni atan sevginin,

Tez düşdün kəməndinə göz aldadan sevginin.

Axırı zəhər olur çox bal dadan sevginin,

Heyif mənim ömrümə, heyif mənim sevgimə.

 





26.01.2024    çap et  çap et