525.Az

SƏN GÜLDÜYÜN GÜN


 

SƏN GÜLDÜYÜN GÜN<b style="color:red"></b>

Mücirəddin MÜBARİZ

 

SƏN GÜLDÜYÜN GÜN

 

Qoxla körpələrini ciyərinə yayılsın,

Huşsuz hissin ayılsın.

Gözlərində gülüşü cild-cild dərc elə,

Sat ağrını, xərc elə.

Pəncərən ağlayanda qoşulma buludlara,

Bax çırpınan quşlara.

Xəyalları səfərdə yağan yağışa baxma,

Axma, yollara axma.

 

Arzulara ayaq aç, diləklərin üstə get,

Sevinci təsəvvür et.

Saçını daramağa ayna gəzsin həvəsin,

Əllərin inciməsin.

Edam eyləyir məni könlündə düşən yasın,

Qaşların çatılmasın.

Səni xoşbəxt görəndə unutmuşam o dağı,

Könlündə daş olmağı

 Bil, köksündə acılar bir gün tufan qoparsa,

Uçar nəyim vardısa...

Gülüşlərin dağların əridər qarın, qalmaz.

Sən güldüyün güldü yaz.

Ürəyini buz kimi, yuvanı isti saxla,

isin evlə otaqla.

Yad olma bu həyata alış, darıxmayasan,

Bilirəm, deyil asan,

Çalış darıxmayasan.

İllərin yorğ

unluğu gözlərində mürgülər,

Baxışın dərd sərgilər.

Tutub göyə çıxası içində yağan dolu,

Yanağın Araz qolu.

Günəş də qaşlarına yas saxlayır, bəlkə də,

Dünya qalıb kölgədə.

Ürəyinin yanğısı ovucumu tərlədir,

Necə də qəribədir...

 

Əllərin toxunan gül çiçək açar fasiləsiz,

Barmaqların misilsiz.

Üzündə təbəssümü görmək arzum səfərbər,

Dodağın ümid kəsər.

Gülsən, zülmət otağa elə bil ki, gün düşər

Könül açar gülüşlər.

Dəryalar xəfif mehdən dalğalanmaz əzizim,

Sakitləş ay dənizim.

 

Misralar kəpənək tək işığına yığışar,

Düşüncələr dağlışar.

Salıb ömürdən belə illəri pərən-pərən,

Axtarma, yoxdur görən.

Bugünlər, gələcəklər zamanla vidalaşır,

Gün qaynayır, vaxt daşır.

Yorulub çiyinlərin dizlərinə düşməsin,

Yer göyə birləşməsin.

 

 





26.01.2024    çap et  çap et