525.Az

Bəlkə, o dünyada gəldik üz-üzə


 

Bəlkə, o dünyada gəldik üz-üzə<b style="color:red"></b>

Rəşidə ALLAHVERDİYEVA

 

İndi hansı ildi, ya hansı fəsil?

Bilmirəm, bilsəm də, nə dəyişəcək.

Mənim qismətimə ötən əsirdən

Düşsə, bir gözüyaş payız düşəcək.

 

 Niyə bu haldayam bir sən bilirsən.

Deməsəm, nə fərqi, desəm, nə fərqi?!

Ruhum yarpaq kimi qopub canımdan.

Ya külək apara, ya sən, nə fərqi?!

 

Daha vərəqələr də bezib əlimdən.

Hər gecə yastığa yazıram səni.

Kipriyim gödəlib od götürməkdən.

İndi bəbəyimdən asıram səni.

 

Bəlkə, o dünyada gəldik üz-üzə.

Bu ürək yenəmi şan-şan olacaq?!

Nə məni sənintək yaxıb-yandıran,

Nə sənə mənimtək yanan olacaq.

 

Payız ürəyinlə az yağdır az əs.

Biryolluq qır, dağıt, tapda, əz, adam

Dəysən, yox olası bir ovuc küləm.

Uzaq dur, uzaq qaç, uzaq gəz, adam.

 





26.01.2024    çap et  çap et