525.Az

"Gəncəyə növbəti dəfə də sürət qatarı ilə gedəcəyəm"


 

İŞ ADAMI VAQİF HÜSEYNOV: "SƏRNİŞİNLƏRİN RAHATLIĞI ÜÇÜN BAKI-GƏNCƏ SÜRƏT QATARINDA MAKSİMUM ŞƏRAİT YARADILIB"

"Gəncəyə növbəti dəfə də sürət qatarı ilə gedəcəyəm"<b style="color:red"></b>

Bakı-Gəncə sərnişin sürət qatarı 2018-ci ildən fəaliyyətə başlayıb. Bu uğurlu marşrut Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin əhalinin sosial sifarişinin ödənməsinə hesablanıb, eləcə də müstəsna əhəmiyyət kəsb edən layihə olaraq dəyərləndirilir. Dünyanın sərnişindaşıma sistemində ən müasir tələblərə cavab verən sürət qatarının yolda olma müddəti 3 saat 45 dəqiqə təşkil edir. Qatar Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqlarda dayanır. Dörd vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Qatar vaqonları "Stadler" şirkətinin istehsalıdır. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə bilərlər. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub. Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bunlar bir qədər bahalıdır, belə də olmalıdır. İnsanlara seçim imkanı verilir.

Sürət qatarı normal qatarlardan daha sürətli səyahət etməsinə görə fərqlənir. Bu növ qatarlarda hərəkət sürəti saatda 200 km-dən yuxarı olur. Hazırda bu tip qatarlar Almaniyada, Belçikada, Çində, Finlandiyada, Fransada, Cənubi Koreyada, İngiltərədə və başqa ölkələrdə sərnişin daşınmasında istifadə olunur.

Bakı-Gəncə sürət qatarı ilə səfər edən insanlar orada şərnişinlər üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Sürət qatarı ilə səfərindən razı qalan şəxslərdən biri də iş adamı Vaqif Hüseynovdur. Onun dediyinə görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Bakı-Gəncə sürət qatarında maksimum şərait yaradılıb: "İşimlə əlaqədar Gəncəyə səfər etməli idim. Qərara aldım ki, bu dəfə avtomobillə yox, sürət qatarı ilə gedim Gəncəyə. Elə də etdim və çox da razı qaldım. Sürət qatarı ilə səfər etmək çox xoş oldu. Qatarda sadə, biznes və 1-ci sinif yerlər var. 1-ci sinif yerlərdə oturacaqlar 180 dərəcə açılır, çox rahatdır. Bu elektrik qatarları sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçündür. Hər vaqonda sərnişinlər üçün lazımi şərait yaradılıb. Geniş və rahat oturacaqlar, sərnişinlərə çay, kofe, sendviç təklif edən bələdçilərin xoş və gülərüz siması, yolboyu yüksək xidmət 4 saata yaxın yolu vaxt hiss etmədən başa vurursan. Qatarların içərisi çox təmizdir, burada bütün gigiyena qaydalarına əməl olunub. Qatarda sərnişinlərə xidmət də yüksək səviyyədədir. Bir sözlə, qatarda sərnişinlər üçün hər cür şərait yaradılıb - təmizlik, komfort, yüksək xidmət. Sürət qatarı ilə səfər etməklə mən həm də vaxtda qənaət etmiş oldum. Qatarla getdiyimiz zaman sürətin yüksək olmasına baxmayaraq, narahatlıq keçirmədim, əksinə, çox rahat oldum".

Vaqif Hüseynov qeyd edib ki, nəzarət kameralarının quraşdırıldığı vaqonlarda yanğından mühafizə sistemi, kondinsioner, həmçinin hər hansı hadisə baş verdiyi təqdirdə sərnişinlərin təxliyəsi üçün bütün imkanlar yaradılıb: "Vaqonların hər iki tərəfində quraşdırılan monitorlar diqqətimi daha çox cəlb etdi. Həmin monitorlarda bu günün tarixi, Bakı-Gəncə marşrutu üzrə stansiyaların adları, havanın temperaturu, həmçinin qatarın sürəti göstərilir. Bundan başqa, vaqonlarda vayfay da fəaliyyət göstərir ki, sərnişinlər rahat şəkildə internetdən istifadə edə bilsinlər. Qatarlarda sanitar qovşaqları, sərnişinlərin kiçik həcmli baqajları üçün xüsusi yerlər də var".

Vaqif Hüseynovun sözlərinə görə, qatarla səfər etdiyin 3 saat 45 dəqiqə ərzində çox rahatlıqla kitab oxuya bilərsən, yata bilərsən, kompüterdə işlərini görə bilərsən. Sürət qatarının fəaliyyətə başlaması həm də ölkənin inkişafını göstərən məsələdir: "Qatar səssiz hərəkət etdiyindən və oturacaqlar çox rahat olduğundan insan özünü sanki təyyarədəki kimi hiss edir. Qatar sürətini artırdıqca vətəndaşlar üçün yaradılan yüksək komfortu hiss etməmək, onu qiymətləndirməmək mümkün deyil. Nəzərdə tutulub ki, belə qatarlar digər bölgələrimizə, hətta yaxın xarici ölkələrə də getsin. Bu, doğrudan da çox yaxşı olar. Təkcə mən yox, qatardakı digər sərnişinlər də olduqca məmnun qaldılar. Gəncəyə növbəti dəfə də sürət qatarı ilə gedəcəyəm".

S.QARAYEVA

 





29.01.2024    çap et  çap et