525.Az

Zəlzələ psixozu


 

Zəlzələ psixozu<b style="color:red"></b>

Ötən il dünyanın bir sıra ölkələrində ağır nəticələrə səbəb olan dağıdıcı zəlzələlərlə yadda qaldı. Ümumiyyətlə, alimlərin fikrincə, son 10 ildə yer kürəsində seysmik aktivlik iki dəfə artıb. Mütəxəssislər bunu günəş aktivliyinin artması ilə bağlı olduğunu bildirirlər. Proqnozlara görə, 2024-cü ildə də güclü və hiss olunan zəlzələlər müşahidə oluna bilər. Yeri gəlmişkən, bu il yanvarın ikinci ongünlüyündə Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edildi.

Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu sayılır. Bəzən zəlzələ baş verəndə hansısa ciddi fəsadlar olmasa da, insanların psixologiyasına mənfi təsir göstərir. Bu mövzu xüsusi ilə də ötən ilin əvvəlində Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb.

Dünya əhalisinin 90 faizi seysmogen bölgələrdə yaşayır. Heç kim təbii fəlakətlərdən sığortalınmadığına görə insanlar ümumilikdə bütün təbiət hadisələri barədə maarifləndirici məlumatlarla tanış olmalı, özünü hər hansı təbiət hadisəsinə qarşı psixoloji hazırlamalıdır.

Psixoloq İlhamə Mustafayeva "525"ə açıqlamasında bildirir ki, zəlzələlər insan psixikasına ciddi zərbə vurur: "Burada bilinməzlik və kontrolun insandan asılı olmaması faktorları var. Bilinməzlik insan psixikası üçün ən dəhşətli haldır - insan təbiət hadisəsinin nə zaman olacağını bilmir və situasiyanı nəzarətdə saxlamaq imkanı olmadığından özünü gücsüz və zəif hiss edir. Buna görə də hər bir insan zəlzələ zamanı necə davranmalı, nə etməli olduğu barədə bilgilərə yiyələnməlidir. Məlumatlatları yalnız etibarlı mənbədən almalı, yuxudan əvvəl heç bir xəbər saytlarına daxil olmamalı və təşviş yarada bilən istənilən informasiyadan uzaq durmağa çalışmalıdır. Statistikaya görə, insanın qorxduğu hadisələrin 85 faizi heç vaxt reallaşmır, lakin qorxulu məlumatlar almaq həyəcan və təşvişlə yanaşı, insanın immun sistemin zədələnməsinə də gətirib çıxara bilir. Belə anlarda həyəcan və təşvişi azaltmaq üçün harasa getmək, fikrini dağıtmaq tövsiyə olunur".

Ötən əsrin 70-80-ci illərində tədqiqatçılar heyvanların davranışları, radon emissiyaları və elektromaqnit siqnalları kimi bir sıra işarələrə baxaraq zəlzələlərdən əvvəl ola biləcək siqnalları tapmağa çalışırdılar. O zaman Kaliforniya Universitetinin fizika və geologiya professoru Con Randl bəzi nəticələr əldə edə bilmişdi. Ancaq bu nəticələrin heç biri elmi tələblərə cavab verəcək qədər etibarlı deyildi. Bir çox geoloqlara görə, zəlzələni tam şəkildə proqnozlaşdırmaq qeyri-mümkündür. Çünki planetin bütün qabığını təhlil etmək olduqca mürəkkəb prosesdir.

Lakin zaman-zaman texnologiyaların sürətli inkişafı ilə bərabər, zəlzələdən xəbərdar edən sistemlər də inkişaf edir. Bu şəbəkələr yeraltı təkanları aşkar və təhlil etmək üçün seysmoloji maşınlardan istifadə edir və zəlzələdən bir neçə saniyə əvvəl insanlara bildirişlər göndərən sistemə qoşulur. Təhlükənin olduğunu əvvəlcədən bilmək mümkün olsa da, dəqiq tarix vermək hələ ki mümkün deyil. Ona görə də, zəlzələyə qarşı əvvəlcədən tədbir görülməsi qaçılmazdır. Xüsusilə də, Türkiyədə baş verən son zəlzələdən sonra yayılan "Zəlzələ deyil, bina öldürür" ifadəsinə çox həssas yanaşmaq lazımdır. Əgər hadisə nəticəsində güclü uçqunların qarşısı alınsa, ölüm hadisələrinin də müəyyən qədər qarşısı alınar. Bu mövzuda insanları ən çox düşündürən suallardan biri də ölkəmizdə inşa olunan binaların zəlzələyə nə dərəcədə davamlı olmasıdır.

Tikinti üzrə ekspert Vüqar Oruc "525"ə açıqlamasında qeyd edir ki, belə halların baş verməsini nəzərə alaraq əlaqədar hökumət və dövlət qurumlarının binaların mövcud vəziyyətilə bağlı mütəxəssis rəylərini özündə ehtiva edən bir sənəd hazırlaması zəruridir:  "Azərbaycanda, xüsusilə də Bakıda bir çox köhnə yaşayış binaları var və onların istismar müddəti çoxdan başa çaıtb. Bundan əlavə, bəzi yeni tikililər də müvafiq normativlərə uyğun tikilməyib. Yeni tikilmiş təxminən 60 bina nöqsanlardan dolayı hələ də istismara qəbul olunmayıb. Eyni zamanda,  istismara qəbul edilən binaların da təkrar yoxlamadan keçrilməsinə ehtiyac var".

V.Oruc onu da qeyd edir ki, dövlət qurumları ilə yanaşı, vətəndaşlar da vəziyyətə uyğun addımlar atmalıdırlar: "Türkiyədə hər bir kəsin evində vacib elementlərin toplanması həyata keçirilir. Bizdə böyük zəlzələlər olmasa da, müəyyən tədbirlər görülməlidir. Digər tərəfdən, büdcədən köhnə binaların bərpa edilməsi və təmiri istiqamətində müəyyən vəsaitlər ayrılır. Daha dəqiq, operativ və səmərəli iş görmək üçün binaların təkrar yoxlamadan keçirilməsi vacibdir. Çünki zədəli və istismara yaramayan binalar təkcə xarici görünüşü ilə müəyyən olunmur, bunun üçün ciddi texniki araşdırma aparılmalıdır".

Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyindən titrəyiş çox vaxtlar yer səthinə gəlib çatmır və bu titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır. Bu gün seysmologiya elminin qarşısında duran əsas sual da məhz zəlzələlərin dəqiq proqnozu ilə bağlıdır və hələ də bu sual açıq qalır. Zəlzələ baş verən zaman telefonlara gələn xəbərdarlıqlara gəlincə, qeyd etməliyik ki, bu xəbərdarlıqlar heç də hansısa proqnoz deyil.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurullayev açıqlamasında bildirir ki, baş verəcək belə hadisələrə qarşı insanlar həm fiziki, həm psixoloji, həm də praktik olaraq hazır olmalıdırlar: "Zəlzələ baş verən an harada olmasından asılı olaraq insanlar necə hərəkət etmək barədə ilkin biliklər əldə etməlidirlər. Evdə öncədən təhlükəsiz bir yer müəyyən etmək lazımdır. Eyni zamanda, hər evdə təhlükəsizlik çantası olmalıdır. Bu çantada vacib sənədlər, pul, qiymətli kağızlar, fanar, fit və digər əşyalar qoyulur. Çanta elə bir yerdə qoyulmalıdır ki, hadisə anı tez bir şəkildə götürə bilsin. Təcrübələr göstərir ki, evdə vacib sənədləri qoyub hadisə vaxtı mənzili tərk edirlər və sonradan həmin sənədlərə görə evə dönəndə təhlükəli hallarla qarşılaşırlar. Belə hadisələrin baş verməməsi üçün öncədən tədbirlərin görülməsi çox vacibdir".

Havar ŞƏFİYEVA

 





29.01.2024    çap et  çap et