525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

 Azərbaycan tarixinə böyük hərflərlə yazılacaq unudulmaz hadisələrlə zəngin 2023-cü il sona yetir.

Ümummilli liderin 100 illik yubileyində xalqımıza ən böyük hədiyyə dövlət suverenliyimizin tam bərpası oldu. Xankəndidə bayrağımızın dalğalanması, ərazilərimizin separatçılardan qəti şəkildə təmizlənməsi kimi inanılmaz arzular gerçəkliyə çevrildi.

2024-cü ilin də ölkəmizə, xalqımıza uğurlar gətirəcəyinə, əsası qoyulmuş böyük işlərin davam etdiriləcəyinə inanırıq. Əminik ki, xalqımız fevral ayındakı növbədənkənar prezident seçkilərində mütəşəkkilliklə tarixi nailiyyətlərimizin davamına səs verəcək, ardıcıl inkişaf xəttinə sadiqliyini bir daha nümayiş etdirəcək.

Gələn ilin sosial rifahın daha da yüksələcəyi, azad edilmiş ərazilərimizdə hərtərəfli quruculuğun və Qarabağa qayıdışın yeni vüsət aldığı il olacağına inanırıq. Ölkəmiz yenə böyük beynəlxalq tədbirlərə qucaq açacaq, COP29 bütün dünyanın diqqət mərkəzində olacaq, "Yaşıl dünya naminə həmrəylik ili" dövlətimizin gücünün, xalqımızın böyüklüyünün növbəti ifadəsinə çevriləcək.

Həmrəyliyimizin daha da möhkəmlənməsi arzusuyla yeni-yeni əlamətdar tarixi hadisələri yaddaşına yazacaq 2024-cü ilin gəlişi münasibətilə qucaq dolusu sevgilərlə hamınızı təbrik edirəm!..

lll

Prezidentdən yeni ilin ilk müjdəli xəbəri:

"2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar".

lll

"Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək. Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o, iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar".

"Ədalətə inam hissi zəifləyəndə bədbinlik və pessimistlik yaranır" sözləri ilə torpaqlarımızın işğal altında olduğu illərin ovqatını xatırladan cənab Prezident lokal antiterror tədbirlərinin nəticələri, suverenliyimizin tam bərpası barədə "Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır" fikirlərini səsləndirdi, bunu epoxal hadisə və parlaq qələbə, yeni dövrün başlanğıcı adlandırdı. Ölkəmizin gələcək inkişafı ilə bağlı fikirlərini bildirən Prezident cəmiyyəti bu məsələ ətrafında ictimai müzakirələrə çağırdı: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Proseslərə, keçmiş və gələcəyə işıq salan geniş və dərin məzmunlu cavablarına, müsahibə zamanı həm də jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdiyinə, səmimiyyətinə, ümumilikdə, yerli televiziya kanallarına verdiyi bu ətraflı müsahibəyə görə cənab Prezidentə sonsuz təşəkkürümüzü bildiririk.

lll

Azərbaycan televiziyalarında rusca, türkcə danışıqlar tərcüməylə verilirsə, ərəbcə də doğma dilimizə çevrilməlidir. Müqəddəs kitabdan parçalar olsa da.

lll

Problem olmayanda da uydurmaq lazımdır...

lll

Bayram günlərində tıxacda yol polislərinin işi xüsusi qeyd olunmalıdır. Bacardıqları qədər gərginliyi səngidə bilirlər.

Qar yağanda da eyni diqqət və həssaslıq müşahidə olundu.

lll

Bayram günlərinin rahatlığında sevimli filmlərə yenidən baxmaq ikiqat bayramdır.

lll

Mən bilirəm ki, bu telefonlar qalın kitablara vaxt ayırmağa imkan vermir. Amma kitab oxumağın üstünlüyü müqayisəolunmazdır, yaratdığı zövq və özünəgüvən hissini isə heç nə əvəz edə bilməz.

lll

İnandığı həqiqətləri deyənlər özünə güvənli, güclü, idxal olunmuş həqiqətləri söyləyənlər səksəkəli olurlar.

lll

Sosial şəbəkələr özündən müştəbehliyi və yekəxanalığı sevmir.

lll

Nadanlar həmişə olacaq.

lll

Dünya sü

rətlə dəyişir. Yeni ilə köhnənin mübarizəsi gedir. Düşüncə, dünyagörüşü fərqləri qarşı-qarşıya gəlir. Köhnənin, yoxsa yeninin yaxşı olduğuyla bağlı sonsuz müzakirə və mübahisələr nəticə verməyəcək.

Çalışıb köhnənin yaxşılarını yeniyə inteqrasiya etmək, yeniyə daşımaq lazımdır.

lll

Tanınmış yazıçı Çingiz Hüseynovun "Fətəli fəthi" romanını gənclik illərimdən, ilk oxuduğumdan ədəbiyyatımızın ən sanballı romanlarından biri saymışam, gənc yazarlara da bu əsəri oxumağı tövsiyə etmişəm.

Çingiz Hüseynov 94 yaşında, yaşadığı İsraildə vəfat edib.

Allah rəhmət eləsin!

lll

Dünyanın gələcəyindən bədgümanlıq yəqin ki, heç zaman indiki kimi bariz olmayıb.

lll

Cığallıq nədir? Uduzursan, açıq-aşkar uduzursan, razılaşmırsan, hay-küy salırsan, qadağan metodlardan istifadə edirsən, xeyri yoxdur.

Cığallıq məğlubiyyətdir!

lll

Bir var axmaq, gic, məhdud düşüncəli və psixikasında problem olanlar. Bir də var küyə gedib, özünü gicliyə qoyub qəsdən sərsəm fikir söyləyənlər.

lll

Qara sevinən uşaqlardır, bir də uşaq qəlbli adamlar.

Qara sevinə bilirsənsə, safsan!

lll

Yaxşını, müsbət işləri görmürsənsə, demirsənsə, kəm-kəsirləri söyləyəndə obyektivliyinə şübhə yaranır.

lll

Səbuhi Məmmədliyə Allah rəhmət eləsin. Başda Vüsalə Mahirqızı, Rey Kərimoğlu olmaqla onun üçün əziyyət çəkən bütün dostlarına, bütün əlaqədar dövlət qurumlarına təşəkkür edirəm.

Səbuhi Məmmədli hələ tələbə ikən onu "525-ci qəzet"də işə götürmüşdük. Bir müddət qəzetdə redaktor olaraq da çalışmışdı. Rəhmətlik Məmməd Nazimoğlu onun haqqında bir yazı yazmışdı: "Dərsə gedən redaktor". "525-ci qəzet"ə gəlib soruşublar ki, redaktorunuz haradadır? Deyiblər ki, redaktor dərsə gedib".

lll

Cığal iradlara sərrast cavablar...

lll

İndi sosial şəbəkələr bu imkanı yaradıb deyə, kimi necə istəsən, təhqir etməli deyilsən ki. Hüquqi məsuliyyətdən qabaq sənin öz tərbiyən, mənəviyyatın imkan verməməlidir buna...

Tanıdığı-tanımadığı adamlar haqqında rahatlıqla təhqir yazanların psixikasına, ağlına, səviyyəsinə şübhələr yaranır.

lll

Ölkəmiz müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirildiyi dinamik bir məkandan əlavə, həm də mədəni tədbirlərin çoxluğu və genişliyi ilə heyrət doğurur. Təkcə iTicket.az saytına göz gəzdirməklə yaxın aylarda Bakıda, Sumqayıtda, Gəncədə keçiriləcək mədəni tədbirlərin sayını və əhatə dairəsini görəndə adamı heyrət bürüyür. Bu zaman bəzi əcnəbilərin də qısqanclığını başa düşürsən. Onlar Bakının hər sahədə aparıcı bir məkana çevrildiyini görüb əndişələnirlər.

lll

İP qazanmaq xətrinə oxucunu aldatmaq, xof və qorxu yaradan başlıqlarla, yalanla diqqəti cəlb etmək, gündəmə gəlmək bəsit illüziyadır, qeyri-etikdir, peşəkarlığa ziddir.

lll

Mütəşəkkil mənəvi terror dəstələri...

lll

Hər bir ölkədə ağıldankəm, avam, psixikası yerində olmayan insanlar tapmaq mümkündür. Sosial şəbəkələr sayəsində rastlaşdığımız belələrini bayraq edib özümüzü aşağılamalı deyilik. Bu, natamamlıq kompleksidir.

Gözəl keyfiyyətlərimizlə, istedadlı, ağıllı, savadlı insanlarımızla, böyük uğurlarımızla öyünməliyik.

lll

Feysbuku yüngül videoların paylaşıldığı məkana çevirməyək.

lll

İlk dəfə 1998-ci ilin yazında Strasburqdan - Avropa Şurasından "525-ci qəzet"ə dəvət gəlmişdi. Onda hələ Azərbaycan Avropa Şurasının üzvü deyildi, bu təşkilat barədə ölkə ictimaiyyətində geniş məlumat yox idi. O zaman biz - "Turan" İnformasiya Agentliyinin, ANS televiziyasının və "525-ci qəzet"in təmsilçiləri olaraq - üç jurnalist Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etdik. Böyük ümid və inamla getdiyimiz sessiyada avropalı parlamentarilərin bəzilərinin dilindən "Avropa xristian dünyası olmalıdır, biz digərlərini buraya buraxmamalıyıq" kimi eybəcər məzmunda fikirlər eşidərkən heyrətə gəlmişdim. Ədalətinə ümid bəsləyib qapısını döydüyümüz o möhtəşəm sarayın divarları arasında belə ayırıcı və aşağılayıcı fikirlərin səslənməsindən çox məyus olmuşdum.

Bununla belə, sonralar Azərbaycanın quruma üzvlüyü ilə bağlı səsvermənin, bayrağımızın bu sarayın önündə qaldırılmasının şahidi olduq. Beş ildən artıq müddətdə hər il bir neçə dəfə jurnalist kimi iştirakçısı olduğum Avropa Şurası toplantılarında başqa tarixi hadisələrə də şahidlik etdim. Amma...

Çox təəssüf ki, ötən əsrin 90-cı illərində AŞPA-da bəzi avropalı deputatların dilindən ilk dəfə eşitdiyim, guya "şəxsi düşüncə və azadfikirliliyin nümunəsi" olaraq qələmə verilən, əslində isə sırf etnik antipatiya və dini nifrət meyllərini ifadə edən çağırışlar get-gedə daha geniş vüsət aldı. Son zamanlar isə ümumiyyətlə dözülməz həddə çatdı.

AŞPA bir beynəlxalq qurum kimi bizim əvvəllər Yüksək Ədalətə inamımızın söykənəcək yerlərindən idi. Ancaq qətiyyən bizdən asılı olmayan səbəblərə görə AŞPA-nın ədalətinə inamımız çoxdan zəifləməkdəydi və bu gün proses artıq öz labüd sonluğunu tapdı.

İndi - Azərbaycan nümayəndə heyətinin "AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlməsi" barədə bəyanatını oxuyarkən fikrən o illərə qayıtdım. 25 ilə yaxın müddətdə AŞPA-nın Azərbaycana qarşı ədalətsiz, qərəzli, ən yaxşı halda isə laqeyd münasibətdən xəbər verən davranışlarını bir daha xatırladım. Ona görə mən də tərəddüdsüz bu fikirdəyəm ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycanı gözü götürməyənlərə qarşı layiqli münasibətimizi, sərt üzümüzü göstərərək belə bir qəti addım atmaqda tamamilə haqlıyıq!

Yaşasın haqlı və güclü Azərbaycan!

lll

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayevin 55 yaşı tamam olur.

Alqış Musayev jurnalistikanın dəyərlərinə bələd, öz fəaliyyətində bu dəyərləri qoruyan, həmçinin dəyər hesab elədiyi imzalara həmişə xüsusi qayğı ilə yanaşan, yüksək ədəbi-bədii zövqə malik bir redaktordur. Eyni zamanda, o, ən çətin situasiyalarda belə öz prinsiplərindən dönməyən, əqidəsinə sadiq, möhkəm xarakterli bir insandır.

Bu yubiley günündə həmkarımızı ürəkdən təbrik edir, həm media sahəsində, həm də ictimai-siyasi fəaliyyətində ona yeni-yeni uğurlar, şəxsi həyatında cansağlığı, sağlam ömür arzulayıram.

lll

 Medianın İnkişafı Agentliyi Müşahidə Şurasının ilk iclasında Əməkdar jurnalist Natiq Məmmədli Ağentliyin İcraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının səsverməsiylə İcraçı direktorun müavini təyin edilib.

Natiq Məmmədli Ağentlikdə çalışdığı müddətdə öz təcrübəsi, peşəkarlığı, jurnalistlərə isti və həssas münasibətilə seçilib.

Natiq müəllimi ürəkdən təbrik edir, yeni məsul işində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 





29.01.2024    çap et  çap et