525.Az

Əmlak bazarında gəlir deklarasiyası tələbi


 

ƏMLAK ALQI-SATQISI ZAMANI NOTARİATLARIN VƏTƏNDAŞLARDAN GƏLİR DEKLARASİYASI TƏLƏBİ NƏ DƏRƏCƏ QANUNA UYĞUNDUR?

Əmlak bazarında gəlir deklarasiyası tələbi<b style="color:red"></b>

Bir müddətdir, ölkədə, xüsusilə də paytaxt Bakıda daşınmaz əmlakın alqı-satqısı zamanı notariatların vətəndaşlardan yazılı deklarasiya tələb etməsi barədə məlumatlar yayılıb. Alqı-satqı zamanı notariat ofisləri tərəfindən 020 min manatdan yuxarı olan məbləğlərə görə alıcılardan pulun mənbəyini təsdiqləyən sənəd istənilir. "Gəlir deklarasiyası haqqında" qanunun qüvvəyə minmədiyi halda belə bir tələbin irəli sürülməsi isə vətəndaşlarda narazılıq, çaşqınlıq yaradır.

 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ölkə əhalisinin 25 faizə qədəri Rusiyada yaşayır və işləyir. Digər ölkələrdə də yüz minlərlə vətəndaşımız yaşayır ki, orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirdilər. Başqa bir tərəfdən, ölkədaxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər də yetəri qədərdir ki, onların da gəlir deklarasiyası təqdim edə bilməsi faktiki olaraq mümkün deyil.

Ekspertin sözlərinə görə, notariatların vətəndaşlardan yazılı deklarasiya tələb etməsi məsələsi ilə bağlı araşdırma aparıb: "Hətta Ədliyyə Nazirliyindən mövcud qanunvericiliyi də mənə göndərdilər. Orada tam deklarasiya tələb olunmur. Amma qanunvericiliyə əsasən, böyük məbləğdə pul dövriyyəsi olarsa, onda pulun mənbəyi barədə soruşulur. Bu, banklarda da, digər sferalarda da belədir. Həmçinin notarial qaydalarda da belədir ki, vəsait külli miqdarda olanda vətəndaşdan soruşulur ki, bu pul necə əldə olunub. Vətəndaş da izahın verir ki, evimi satmışam, kənd təsərrüfatından qazanmışam və yaxud Rusiyadan və digər dövlətlərdən əldə eləmişəm. Amma reallıq ondan ibarətdir ki, bu suallara cavab verə bilməyən vətəndaşlar çox zaman alqı-satqı etməkdən imtina edirlər".

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, həqiqətən də notariuslar ev alan zaman vətəndaşlardan gəlirlərini soruşur və heç kimə bunun səbəbini izah etmirlər: "Bununla bağlı bizə müraciətlər olub və biz bunu araşdırmışıq. Bildirdilər ki, ancaq gəlirin mənbəyini göstərmək üçün hansısa bir formanın doldurulmasını istəyirlər. Gəlirin mənbəyini göstərmək üçün hansısa bir şəxs deyə bilər ki, qardaşı xaricdə yaşayır, pul göndərib, ev alır. Bunun dövlətlə nə əlaqəsi var, necə yoxlamaq mümkündür, niyə bu sahəyə nəzarət edilməlidir? Ona görə də notariusların bu tələbi qeyri-qanunidir. Azərbaycanda "Gəlir deklarasiyası haqqında" qanun yoxdur. Daha doğrusu, bunun işləmə mexanizmi yoxdur. Əgər parlament, yaxud hökumət "Gəlir deklarasiyası haqqında" qanun qəbul etsəydi, özləri də ilk növbədə bu gəlir deklarasiyasını verməli idilər. Bu olmasın deyə, neçə illərdir ki, məsələ "ilişib qalıb". Ancaq adi vətəndaşdan bunu "çirkli pul"ların yuyulmasına nəzarət mexanizmi adı altında tələb etmək tamamilə məntiqsizdir. Çünki bunu tətbiq etmək mexanizmi yoxdur".

Ekspertin dediyinə görə, bu, daşınmaz əmlak bazarına, onsuz da zəif olan iqtisadi aktivliyə növbəti zərbədir: "Əgər bu proses davam etsə, daşınmaz əmlak bazarında durğunluğa səbəb olacaq. Notarius məndən soruşarsa ki, bu məbləği haradan almısan, deyəcəyəm ki, dostum, qohumum verib. Dövlət mənə nə deyəcək? Deyə biləcək ki, niyə qohumun, dostun yardım edib? Bu, harada qadağan olunur, nə ilə tənzimlənir, necə nəzarət olunur? Yəni bu həddindən artıq məzmunsuz, mənasız bir qərardır. Bunun işləmə mexanizmi, ölkə üzrə hamının - Avropa, Amerikada olduğu kimi gəlir deklarasiyasının tələb olunmasıdır. O zaman "Gəlir deklarasiyası haqqında" qanun qəbul etsinlər, onun həyata keçirilməsi haqqında formanı təsdiqləsinlər. O zaman hamı, yəni bütün məmurlar, nazirlər, deputatlar gəlir deklarasiyasını doldursun və biz də bilək ki, gəlir mənbələri hardandır. Əgər bu, yoxdursa, notarius elə bir orqan deyil ki, onu tələb etmək hüququ olsun. Sadəcə olaraq bəzi rəsmilər bunu "çirkli pul"ların yuyulmasının qarşısını almaqla izah edirlər. Ancaq "çirkli pul"ların yuyulmasının qarşısını belə almaq mümkün deyil".

Əmlak məsələləri üzrə ekspert Elnur Əsədov hesab edir ki, ölkədə artıq uzun müddətdir gəlirlərin göstərilməsi ilə bağlı müəyyən məsələlərə toxunulur: "Hansı mənbədən gəlirlər əldə olunur, pullar hardan gəlir və sairənin mənbəyi göstərilməlidir. Bu, qanunun bir tələbidir. Bu ildən artıq mənzil alarkən gəlir mənbəyinin göstərilməsi ilə bağlı tələbnamə var. Lakin burda maraqlı nüanslar da var. Qanunvericilikdə müəyyən tələblər var ki, onların açıqlanması vacibdir. Məsələn, həmin mənzil hansı dövrdə alınıbsa göstərilməlidir. Təzə alınmış mənzildirsə, yəni son bir-iki ildə alınıbsa, onu təkrar satıb yeni mənzil alırsa, bu halda həmin şəxsin gəlirinin mənbəyini göstərməsi daha məqsədəuyğun olur. Amma mənzili keçmiş zamanda alıb-satıbsa, həmin ev miras payı ola bilər, valideynindən ona qalmış əmlak ola bilər. Yəni bunların müəyyən tarixçəsini göstərməyə ehtiyac var".

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanuna görə, notariuslar alqı-satqı prosesində məbləğ 20 min manatdan yuxarıdırsa, vəsaitin hardan əldə edildiyini müəyyən etməlidir. Ancaq təkcə sadə vətəndaş yox, dövlət məmurları, onların ailə üzvlərindən də gəlir deklarasiyası tələb olunmalıdır: "2009-cu ildə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna görə 20 mindən çox nağd pulu banka gətirən, notariusa aparan şəxsdən mütləq pulun mənbəyi soruşulur. Ola bilər ki, bu pul, qanunsuz yolla əldə olunub. Vətəndaş isə buna cavab verməli, pulun haradan gəldiyini deməlidir. İndiyə qədər bu qanun tətbiq edilmirdi. Bu qanunun tətbiqinin nə onda, nə indi əhəmiyyəti var. İndi göstərmək istəyirlər ki, maliyyə monitorinqi xidməti var və onlar da çirkli pulların yuyulmasına qarşı mübarizə aparır. Bundan əlavə, beynəlxalq təşkilatlar da Azərbaycandan bunu tələb edirlər. Buna görə də formal olaraq bununla bağlı hesabat istəyirlər. Vətəndaş pul dəyişir, soruşurlar, banka gəlir, soruşurlar, ev alır, notarius soruşur. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki vətəndaş istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər babamdan qalıb. Bank və notarius isə hansısa yolla bunun babasından necə qalmasını, necə bağışlanmasını müəyyən edə bilməz. Vətəndaş ona 10 il, 20 il bundan əvvəl bu bağışlanan əmlakı, pulu sübut etməyə borclu deyil. Sadəcə, Azərbaycanda bu qanunvericilik formaldır. Onun real təsir qüvvəsi yoxdur. Çünki vətəndaş gəlirin mənbəyi ilə bağlı istədiyi məlumatı verə bilir".

O bildirib ki, Avropa və Qərb ölkələrində gəlir bəyannaməsi ilə bağlı qanun var. Bütün məsələlər bu qanuna görə tənzimlənir: "Bu qanuna görə hamı hər il gəlirini bəyan etməlidir. Ona görə də Avropa və Qərb ölkələrində vətəndaşdan bank soruşanda o deyə bilməz ki, babamdan, nənəmdən qalıb. Çünki onlar həmin şəxsin gəlir bəyannaməsinə baxacaq. Bu bəyannamə isə hər şeyi müəyyənləşdirir".

Maliyyə Monitorinqi Xidmətindən (MMX) bildirilib ki, sözügedən tələb hələ 2009-cu ildə qəbul edilmiş qanunla müəyyən edilib. Belə ki, 2009-cu ilin 10 fevral tarixində qəbul edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı" mübarizə haqqında qanun notariusları öhdəlik daşıyan şəxs, yəni monitorinq və uçot aparan şəxs kimi müəyyən edib. Notariuslarla yanaşı, maliyyə institutları, rieltorlar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər də bu kateqoriyaya daxildir. 2023-cü ilin 1 fevralından onu əvəz edən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda da bu tələblər təsdiqlənib.

Qanunun 4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslər digər hallarla yanaşı, daşınmaz əmlakın alqı-satqısı zamanı iyirmi min manat və ya ondan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı əməliyyatdan əvvəl müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər.

Müştəri uyğunluğu tədbirləri müştərinin eyniləşdirilməsi, eyniləşdirmə məlumatlarının verifikasiyası, işgüzar münasibətlərin məqsədinin və mahiyyətinin aydınlaşdırılması, mənbəyinin öyrənilməsi və bu barədə müştəridən məlumat və sənədlərin əldə edilməsi və digər tədbirləri əhatə edir. Qeyd edilib ki, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə olunan məlumatlar müştəri profilində uçotun aparılması üçün istifadə olunur və hər hansı hüquqi nəticə yaratmır.

Məsələyə münasibət bildirən Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov deyib ki, yeni qanunun tətbiqi ilə bağlı notariatların üzərinə geniş vəzifələr qoyulub. Notariuslar bu qanuna öhdəlik daşıyan qurumlardır. Bir neçə əməliyyatlar var ki, məsələn, daşınmaz əmlakın alqı-satqı müqavilələri və s. hərəkətlər də məhz notariatlar tərəfindən həyata keçirilir. Notariuslara bu hərəkətlər üçün müraciət olunduqda onlar müştəri uyğunluğu tədbirləri həyata keçirirlər. Bu müştəri eyniləşdirilməsi məsələsidir ki, bu zaman etibarlı mənbələrdən bu məlumatların yoxlanılır və sonra müştəri profeli yaradılır: "Müştərinin adı, soyadı, ata adı, onun yaşayış ünvanı, orta illik əmək haqqısı, gəlirləri, əlavə gəlir mənbələri barədə müxtəlif dovlət qurumlarından məlumatlar əldə edilir. Notarus hər hansı bir sual ortaya çıxdıqda müştərilərin əlavə gəlir mənbələri barədə ona sual ünvanlayırlar. Bu sual şifahi şəkildə verilir və cavab da şifahi olur. Qanunla müəyyən edilən məlumatların informasiya resurslarından əldə edilməsi mümkün olduğu halda vətəndaşdan sorğulanmır. Hər hansı sənədin tələb olunması ilə bağlı notariat hərəkəti iştirakçılarının narahatlığına əsas yoxdur. Son vaxtlar daşınmaz əmlakın alqı-satqısı zamanı notariatların vətəndaşlardan yazılı deklarasiya tələb etməsi barədə məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir".

Sevinc QARAYEVA

 





29.01.2024    çap et  çap et