525.Az

"Necə-necə şərab olur üzüm suyundan..."


 

AZƏRBAYCANIN YERLİ ÜZÜM SORTLARINDAN ƏLDƏ OLUNAN ŞƏRAB BRENDLƏRİNİ NİYƏ YETƏRİNCƏ TƏBLİĞ EDƏ BİLMİRİK?

"Necə-necə şərab olur üzüm suyundan..."<b style="color:red"></b>

Son illər ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı istiqamətində müəyyən zəruri addımlar atılır. "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın ölkə başçısı tərəfindən təsdiq edilməsi, ölkəmizdə yerli şərab istehsalçılarının iştirak etdiyi festivalın təşkili, işğaldan azad edilən torpaqlarımızda vaxtilə yetişdirilən üzüm sortlarının yenidən becərilməsi bu sahənin inkişafına təkan verib. Ölkəmizdə şərab istehsalçısı olan müəssisələrin olması, onların özünəməxsus geniş üzüm bağlarının mövcudluğu onu göstərir ki, həqiqətən, Azərbaycanda bu sahədə inkişaf var. Hətta bu böyük müəssisələrin istehsal etdiyi şərablar, xüsusilə də, yerli üzüm sortlarından əldə edilən brendlər beynəlxalq sərgilərdə, festivallarda müxtəlif mükafatlara layiq görülür. Bütün bunlarla yanaşı, şərabçılıq sahəsində hələ də problemlər mövcuddur.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun və eyni zamanda "Meysəri" şərab zavodunun texnoloqu, dosent Teymur Musayev "525"ə açıqlamasında bildirib ki, şərabçılığın istehsalı son 5 ildə yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, 5 il öncə və hazırda istehsal etdikləri şərabın keyfiyyət və qiymətində də xeyli fərq var: "Sovet dövründə şərabda 6-7 qrama qədər turşuluq normal sayılırdısa, hazırda istehsal olunan məhsulun tərkibindəki 4,5 qram turşuluq müştəridə narazılıq yaradır.  Ayrı-ayrı ölkələrdə istehsal edilən eyni şərabın fərqli tama malik olmasının əsas səbəbi həmin şərabın hazırlandığı məhsulun ayrı-ayrı torpaqlarda yetişməsidir. Vaxtilə, Qarabağ zonasında "Xındoqnı", "Bayanşirə" kimi üzüm sortlarından fərqli tama malik şərablar hazırlanırdı. Hazırda həmin sortlar yenidən becərilir. Pandemiya zamanı şərabçılıq sahəsi durğunluq dövrünü yaşadı. Hazırkı vəziyyət də qənaətbəxş deyil. Bu istiqamətdə ən çox narahatlıq yaradan məsələ xarici bazarların müəyyən olunmamasıdır. Bir çox Avropa ölkələrində şərab hazırlanmazdan öncə hansı bazarlara çıxarılacağı araşdırılıb   müəyyənləşdirilir. Təəssüflər olsun ki, biz o istiqamətdə ixtisaslaşmamışıq".

Mütəxəssislərin fikrincə, hazırda Azərbaycanda istehsal olunan şərab məhsulları idxal olunan şərab növlərindən daha keyfiyyətlidir. Qeyd edək ki, üzümçülüyün inkişafının ən yüksək tempi respublikanın qərb rayonlarında - Gəncədə, Samuxda, Göygöldə, Tovuzda müşahidə olunur.

İqtisadçı Akif Nəsirli açıqlamasında şərabçılığın inkişaf etdirilməsi üçün dünya üzrə PR-ı ("Publik Relations" tərcüməsi: ictimaiyyətlə əlaqələr) qorumağın vacib məsələ olduğunu bildirir: "Qonşu ölkələr olan Gürcüstan, Ermənistan bu sahədə PR-nı qurublar. Gürcüstanın yerli filmlərində gürcü çaxırı və digər içkiləri epizod kimi verilir. Xarici ölkələrdən təkcə Rusiyada milli "Ağdam" şərab növündən başqa heç bir şərab növü tanınmır. Uzun illərdir bu sahənin PR-nı aparmamışıq. Həmçinin müsəlman ölkəsi olduğumuzdan bu sahə ölkəmizə yüksək səviyyəli devident gətirə bilməz. Elə bunun nəticəsidir ki, əvvəlki illərə nisbətən ölkəmizdə son vaxtlar içkilərin istifadəsi azalır".

Aparılan arxeoloji qazıntılarda aşkar edilən qalıqlar sübut edir ki, Azərbaycanda və Qafqazda şərabçılığın zəngin tarixi var. Hətta şərabçılığın və üzümçülüyün ən qədim torpaqları Azərbaycan və Qafqazdır. Bu qədər zəngin tarixə malik olan Azərbaycan şərabçılığını, mədəniyyətini və şərab brendlərini yetəri qədər təbliğ edə bilmirik. Mütəxəssislər bildirir ki, bunun üçün dövlətin aidiyyəti qurumları tarixçilərin, şərabçı alimlərin, gənc şərabçıların və marketoloqların fikir və təkliflərini müzakirə etməlidirlər.

Alkoqollu içkilərin satışı üzrə mütəxəssis, marketoloq Ülvi Günəşli Azərbaycanda bu sahənin inkişafı üçün çalışan qurumların koordinasiya çatışmazlıqlarını müşahidə etdiyini qeyd edir. Müəssisələrdə yerli kadr çatışmazlığı yaşandığını vurğulayan mütəxəssis aidiyyəti qurumlardan bu sahə üzrə cəlbedici təkliflərin olmadığını deyir: "Sahibkarlar universitetlərlə sıx əlaqədə olmalıdır. Bu, həm universitetlərin, həm də oradakı tələbələrin inkişafı üçün maraqlı olacaq. Universitetlərin müasir texnoloji avadanlıqlarla, laboratoriyalarla təminatına maddi dəstək göstərilməlidir. Dünyada sürətlə davam edən qlobal istiləşmə ölkəmizdə də özünü göstərir. Bir çox sahibkarlar üzüm bağlarından gözlədiyi nəticəni ala bilmirlər.

Bu gün həm daxili, həm də xarici bazarda orqanik və biodinamik şərablara tələbat sürətlə artır.  Dünyanın başqa ölkələrində olduğu kimi, bizim ölkəmizdə də kiçik ailə bizneslərinin qurulmasına dövlət tərəfindən dəstək göstərilməlidir. Məsələn, 5-10 hektardan çox olmayaraq ailəsi ilə birgə kəndlərdə üzüm yetişdirən sahibkarlar olmalıdır. Kiçik bağları olan sahibkarlar orqanik və biodinamik şərablarda istehsal edə biləcəklər.

Azərbaycana məxsus üzüm sortlarının ixrac potensialı çoxdur. Hazırkı ixrac göstəricimizi 40 faizədək artırmaq mümkündür. Bununla ölkəmizə daha çox xarici valyuta cəlb edə bilərik. Xüsusilə "Bayanşirə", "Mədrəsə", "Şirvanşahı", "Xindoqnı", "Həməşərə", "Mələyi", "Xərci", "Qara aldərə", "Dəvəgözü" kimi yüksək keyfiyyətli yerli (aborigen) texniki üzüm sortları ilə dünya bazarında milli şərabın şöhrətini artıra bilərik.

Bir başqa təklifim isə budur ki, reklamla bağlı qanunlarda digər alkoqollu içkilərlə şərab eyni tutlmasın. Şərabın reklamında da məhdudiyyətlər çoxdur. Bayaq qeyd etdiyim kimi, bu sahənin inkişafı üçün işlər görülüb və görülür. Lakin bu işləri sürətlə həyata keçrilməli, inkişafa gecikməməliyik".

Qeyd edək ki, hazırda Azərbaycanda qəbul edilmiş müvafiq dövlət proqramına uyğun olaraq üzümçülük sahələri üzrə təşkilati işlər davam etdirilir. Həmçinin şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında qurulması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Bütün bunlar yaxın gələcəkdə ölkəmizdə şərabçılıq sahəsində böyük uğurların əldə olunmasına şərait yarada bilər. Sadəcə çalışmaq, səy göstərmək lazımdır. Bir misrasını bu yazımıza sərlövhə seçdiyimiz məşhur mahnıda deyildiyi kimi: "Bəsləsən, atlas olar tut yarpağından..."

Havar ŞƏFİYEVA

 

 





29.01.2024    çap et  çap et