525.Az

Turizm sektorunda nələr dəyişməlidir?


 

XƏRCLƏRİ AZALTMAQ, XİDMƏTİN KEYFİYYƏTİNİ ARTIRMAQ ÜÇÜN HANSI ADDIMLAR ATILMALIDIR?

Turizm sektorunda nələr dəyişməlidir?<b style="color:red"></b>

Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq, 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6.5, Cənubi Koreyadan 3.3, Türkmənistandan 2.3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1.9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq yüksəlib. Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərisində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30 faizi Rusiya, 18.1 faizi Türkiyə, 7.9 faizi isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapayır. Maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44.6 faiz, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41.6 faiz artmasına rəğmən, körfəz ölkələri turistlərinin sayında 2.1 faiz azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb turistlərin sayı əvvəlki ilə müqayisədə azalıb.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir: "Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".

V.Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir: "Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, turizmdə əsas məsələ rəqabətli mühitin olması və onun qiymətləri tənzimləyəcək əsas faktora çevrilməsidir: "Digər sahələrdə olduğu kimi, turizmdə də əsas məsələ rəqabətdir. Daha çox turizm obyektlərinin açılmasına ehtiyac var ki, rəqabətli mühit yaransın. Rəqabətli mühit isə qiymətləri tənzimləyəcək əsas faktora çevrilir. Bu, dünyanın hər yerində belədir. İkinci məsələ isə ondan ibarətdir ki, əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, quru sərhədləri məsələsi birdəfəlik həllini tapmalıdır. Artıq üçüncü ildir ki, bununla bağlı qərar verilmir. Bu isə problemlərin yaranmasına gətirib çıxarır. Quru sərhədlərinin açıq olması turizmə ciddi töhfə verə bilər. Üçüncü məsələ kimi vizaları qeyd etmək olar. Viza məsələsində bir az irəliləyiş var. Azərbaycandan digər ölkələrə elektron vizalar tətbiq olunur. Hesab edirəm ki, ümumiyyətlə, Avropa ölkələrinə, Amerikaya, Kanadaya, Yaponiyaya, Çinə vizaların ləğv edilməsi daha doğru olardı. Mən dəfələrlə şahidi olmuşam ki, quru sərhədləri açıq olan zaman böyük turist qruplar Avropadan Gürcüstana, oradan isə Azərbaycana gəlmək istəyiblər, lakin vizaya görə problem yaşayıblar. Viza məsələsi Azərbaycana girişin qarşısını kəsən əsas faktora çevrilib. Hazırda viza məsələsində xeyli irəliləyişin olduğunu deyə bilərəm. Amma fikrimcə, bu məsələ tamamilə həll olunsa, daha yaxşı olar".

İqtisadçı bildirib ki, əgər Azərbaycanda turizm doğrudan da prioritet elan edilibsə, bu zaman yeganə yol quru sərhədlərinin açılmasıdır. Quru sərhədlərinin bağlı olması turist sayını ən azı iki dəfə aşağı salır. Bu, həm də sərhədyanı bölgələrə turist qruplarının gəlməsinə əngəl yaradır. Həm də ölkənin özündə əhalinin xaricə keçməsində problemə yol açır. Nəticə etibarı ilə turizm sektorunda ciddi gəlir azalmasına və dövriyyənin azalmasına səbəb olur. Quru sərhədlərinin bağlı olması təkcə ölkəyə gələn turizm gəlirlərinə təsir etmir. Ölkədə fəaliyyət göstərən turizm şirkətləri ölkədən kənara da avtobus turları təşkil edirlər. Onlar da vəsait qazanırdılar. Bu vəsaitdən vergilər ödəyirdilər. Onların da məhdudlaşması turizm sahəsinə gəlir baxımından ciddi zərbə vurur: "İlk növbədə quru sərhədləri açılmalıdır. Bu, iqtisadi, psixoloji, siyasi baxımdan ölkəyə baş ucalığı gətirmir. Sərhədyanı turizm inkişaf etdirilməlidir. Məsələn, Gürcüstana gələn avropalı turist qrupları var ki, onlar avtobuslarla Azərbaycana keçmək istəyirlər. Əvvəllər Şəkiyə, Qəbələyə turlar təşkil olunurdu. İndi onlar yoxdur. Quru sərhədlərdən başqa hava limanlarının işlətmə konsepsiyası dəyişməlidir. Aşağıbüdcəli şirkətlərə uzun müddətli icarəyə vermək olar. Avropa şirkətlərini buraxmaq istəmirlərsə, türk şirkətləri var ki, onlar Azərbaycan bazarında çox məmnuniyyətlə fəaliyyət göstərmək istəyərdilər. Daha sonra turizm konsepsiyasında bir dəyişikliyə getmək lazımdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun dediyinə görə, əsrarəngiz təbiət müxtəlifliyi, dünya standartlarına cavab verən istirahət mərkəzləri, müasir hotellərin yaradılması, gəzməli-görməli yerlər turizmin inkişafında mühüm rol oynayır: "Son illər Bakının ev sahibliyi etdiyi sammitlər, konfrans və simpoziumlar, beynəlxaq idman yarışları, digər beynəlxalq tədbirlər ölkəmizin turizm potensialını xeyli artırır. Hazırda Azərbaycanda turizm çox geniş imkanlara malikdir. İlk növbədə təhlükəsizlik və sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm və s. inkişaf edir. Şahdağ, Tufandağ kimi qış turizm mərkəzləri, eyni zamanda Naftalan böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlər, Naxçıvanda Duzdağ Müalicəvi Mərkəzi turistlər üçün cəlbedici bölgədir".

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov deyir ki, son illər ölkəyə ailəvi şəkildə gələn turistlərin sayı çoxalıb: "Bu, yəqin ki, birinci növbədə bizdə kriminal durumun çox sabit olması ilə əlaqədardır. Turistlər ailəvi şəkildə heç bir narahatlıq çəkmədən istədikləri yerdə və günün istənilən saatında rahat gəzə bilirlər. İkincisi, gördüyünüz kimi, həm regionlarımız, həm də Bakı gündən günə gözəlləşir, turistlər üçün daha cazibədar olur. Ölkəyə gələn turistlər təkcə paytaxtı görməklə kifayətlənmirlər. Təbiət qoynuna, yaşıllıqlara üz tuturlar. Bu mənada Qəbələ, Quba, Şəki kimi bölgələrimizi məmnuniyyətlə seçirlər. Ancaq hesab edirəm ki, bununla kifayətlənmək olmaz, başqa ölkələrdən də turist axınının artmasına cəhd etməliyik. Turizm əslində patriotizm işidir. Burda yalnız pul qazanmağı düşünsək, itirərik. Turist qəbul edən hər kəs bilməlidir ki, bizim ölkəmizin imicini təmsil edir. Bu, insanın daxilindən gəlməlidir. Bəzən turistlərdən kiçik narazılqılar eşidirik. Amma bizim turistlərimizin də xarici ölkələrdə qarşılaşdığı problemlər olur. Bu, qlobal formada deyil və hər gün rast gəlinmir".

Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Qarabağlıların qonaqpərvərlik mədəniyyətinin turizmdə xidmət mədəniyyətinə çevrilməsi bölgədə bu sahənin inkişafına böyük təkan verə bilər. Digər tərəfdən, Qarabağ mətbəxinin tarixi də elə xalqın keçmişi qədər qədimdir və turizm sektoru üçün geniş imkanlar yaradır.

Qarabağın turizm mərkəzinə çevrilməsi üçün çox geniş imkanlar var. Bu imkanların reallığa çevrilməsi üçün əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu əraziləri yenidən qurmaq, qayıdış üçün əlverişli zəmin formalaşdırmaqdır. Artıq rabitə-kommunikasiya xətləri çəkilib, kilometrlərlə yeni yollar salınıb, dağıdılan binaların, tarixi-mədəni abidələrin bir hissəsi bərpa olunub. Bu gün bir tərəfdən Qarabağın tarixi görkəmi özünə qaytarılır, digər tərəfdən yaşayış üçün ən müasir infrastruktur qurulur, turizmin potensialı yaradılır.

Turizm eksperti Cabir Dövlətzadə bildirib ki, Hadrut, Şuşa, Kəlbəcər, Laçın kimi təbii gözəllikləri ilə seçilən zonalarda turizmin inkişafı üçün böyük potensial var. Qarabağ ərazisi kəşfedilməmiş zonadır və turistlər belə yerlərə səyahət etməkdə maraqlıdırlar: "Qarabağın turizm potensialı gələcəkdə digər turizm zonalarını üstələyəcək. Dağlarından, meşələrindən tutmuş, havasına qədər əsrarəngiz yerlərdir. Xaricdə Qarabağın turizm potensialının nümayiş etdirilməsi oraya turist axınını gücləndirəcək. Füzuli və Zəngilanda hava limanlarının olması turist səfərlərini asanlaşdıracaq. Ərazinin töhlükəsizliyi tam təmin edildikdən sonra əvvəlcə daxili turizmi inkişaf etdirmək, sonra isə xarici turist axınını gücləndirmək olar. Dünya təcrübəsi onu göstərir ki, turistlər hər zaman ənənəvi səyahət nöqtələrindən daha çox kəşf edilməmiş yerlərə maraq göstərirlər".

Sevinc QARAYEVA

 





29.01.2024    çap et  çap et