525.Az

Ədəbi köşk:  Nə var, nə yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə yox?</b>

"Ədəbi köşk"ümüzü tərif və ya tənqid edənlərin varlığı bizi sevindirir, deməli, maraqlandırmaq mümkündür. Şəxslərə yönələn giley-güzarlı, umu-küsülü ismarışlarınızı təklif şəklində [email protected] elektron ünvanına yollasanız, sevinərik.

Hörmətlə, "525"

***

Şair və şəhid övladı haqqında hekayə...

Bir gün Şəhriyar adlı şair şəhidlərə həsr olunmuş tədbirə gedir. O, adətən, belə həssas tədbirlərdə əlavə nəsə danışmağa utanır, həmişə şeirini deyib keçir yerinə. Bu dəfə də belə edir. Bir az sonra qarabuğdayı bir oğlan uşağı yaxınlaşıb soruşur: - Bir söz deyə bilərəm qulağınıza?

- Əlbəttə, buyur.

- Atama şeir yaza bilərsiz?

- Niyə yazmıram?! Yazaram. Atan haqda məlumat...

Telefonu alıb vikipediya səhifəsini göstərir. Şəhriyar ona nömrəsini verib deyir:

- Votsapa yazarsan, şeir hazır olan kimi göndərərəm.

Şəhid övladı bir neçə addım gedib qayıdır:

- Yazarsınız ki, onun üçün çox darıxıram.

Şəhriyar alnından öpüb: "Baş üstə, - deyir, - yazaram".

Çox keçmədən oğlan yenə qayıdır:

- Əmi, bacım da darıxır onunçün, bunu da yazarsız?

- Gözlərim üstə, onu da yazaram.

Şəhid övladı aralanır, amma həyəcanla geri qayıtsa da, şairə çatmağına iki addım qalmış, nə düşünürsə, daşınır fikrindən. Şəhriyar bunu görüb onu yanına çağırır:

- Nəsə sözün vardı?

Şəhid övladı başını aşağı salır, qulaqlarınacan qızarır.

- Utanma, de, nə deyəcəkdin?

- Heç nə, deyəcəkdim anam... anam da darıxır onunçün, onu da yazın...

Bunu deyəndən sonra sanki çiyinlərindən yük götürülür uşağın. Qəflətən üzündə yaşına yaraşmayan qürur peyda olur və tamamilə təmkinli intonasiyayla sual edir:

- Əmi, amma düzünü de, ayıb deyil ki? Hə?

***

Ədiblərin nadan yerliləri...

Qazaxlı Səməd Vurğunu, naxçıvanlı Hüseyn Cavidi, şamaxılı Sabiri "özününkü" hesab edir. Bu nadan yerlilərin özününküləşdirmə kampaniyası o qədər vüsət alıb ki, digərləri düşünür: "Day Sabiri şamaxılılar təbliğ edir də, mən ayrı vacib işlərlə məşğul olum". Sonra da məlum olur ki, heç Sabirin "özününkü" bir yönlü iş görə bilməyib...

Yazıçı-dramaturq Firuz Mustafa çoxdankı azarımız olan yerlipərəstlikdən şikayətlənir: "...Sən demə, Hüseyn Cavid və Mirzə Cəlil Naxçıvan ədibləri, Cabbarlı Xızı dramaturqu, Axundov Şəki yazıçısı, Əlibəy Hüseynzadə Salyan mütəfəkkiri, Mirzə Ələkbər Sabir Şirvan satiriki, Səməd Vurğun Qazax şairi, Üzeyir Hacıbəyov Qarabağ bəstəkarı, Nizami Gəncəvi Gəncə dahisi imiş... Son dövrlərdə bu və digər nəhəng simaların təbliği bu istiqamətdə aparılır. Özü də hər birinin öz "təəssübkeş həmyerliləri" tərəfindən. Bu cılız, bu dayaz, bu nadan  "yerlipərəstlər" bu dahi insanlara gah lupa, gah da mikroskop altında baxırlar. Onları "böyütmək" istəyirlər, əvəzində özləri kimi xırdalayırlar... Bir məşhur mahnının sözləri yada düşür: "Haralısan, haralı, durna?.."

***

Qadınların hədəfi bu dəfə El Romandır!

Gənc şair El Roman "Kulis"ə işə başlayandan bəri Ulucaysayağı manevrlər edir. İndi də qadın şairlərdən yazıb. Təəssüf ki, mənim növcavan dostumun mövzu tapa bilməməyi tez bilinir, onun taktikası yoxdur, safdır, təmizdir, özünü tez ələ verir. Çox yaxşı bilməlidir ki, bu məsələ didişdirilib-didişdirilib ətdən-qandan çıxmış məsələdir. Bu qədər mövzunun, bu qədər baş verənlərin içində El Romanı nə vadar edir ki, qadın şairlər söhbətini xırdalamağa çalışsın... Nəysə, olduyla öldüyə çarə yoxdur. El Roman yazır: "Qadın şair" anlayışı isə mövcud deyil. Boş çoxluqdur. Çünki hər sənətin uğurlu sənətkarı da, uğursuz sənətkarı da ola bilirsə, bunun şairliyə heç bir aidiyyəti yoxdur. Ya şairsən, ya deyilsən".

Bir xanım da bu paylaşıma rəy yazıb ki, bir adamın təxəllüsü "El Roman" ola, ondan nə yazmağı gözləyəsən? El Roman biçarə də cavab verib ki, bu adı mənə dədəm-nənəm verib...

El Roman elə bilir, qadın şairləri hədəfə alıb, amma yanılır... O bu yazı ilə özünü qadınların hədəfinə çevirdi, ilk fürsətdə fətva veriləcək! Özü də fətvanı, çox güman, Rəbiqə Nazimqızı verəcək...

***

Yaşın nə fərqi var ki, yazıram roman...

"Teas PRESS" roman müsabiqəsi elan edib. Birinci yerin sahibinə 3000 manat verirlər, romanını da havayı çap edirlər. Amma müsabiqədə yalnız 35 yaşa qədər olan yazıçılar iştirak edə bilər.

Yazıçı Ülviyyə Heydərova məsələyə ilk reaksiyasını verdi: "...35 yaş nədir sən Allah? Yaxşı mətn yaşa baxmır. Ümumiyyətlə, ədəbiyyat yaşa baxmır. Ya müsabiqə edin, ya da etməyin. Edirsinizsə, yaş söhbəti ilə əlimizi-ayağımızı bağlamayın. "Peterburq duası" romanımı verməyi düşündüm, yaş qabağımı kəsdi".

Ülviyyə xanım öz istedadı, zəhmətkeşliyi naminə indiyə qədər çox müsabiqələrdə qalib olub, təltif edilib. Çox yaxşı! "Teas PRESS"in müsabiqəsində də səy göstərmək istəyi başadüşüləndir. Amma 35 yaşa qədər roman yazanların arasında rəqabət formalaşdırmaq, daha yaxşıları üzə çıxarıb maddi dəstək olmaq üçün yetkinlik yaşını keçmiş yazıçılar təmkin göstərməli, bəzi müsabiqələrdən öz xoşlarına çəkilməlidilər. "Teas PRESS" də özü bu dəfə yaş senzi tətbiq edərək həmin rəqabət mühitini formalaşdırmağa çalışır.

Ülviyyə xanımın paylaşımına yazılan rəylər isə bir az da məyusedicidir. Narıngül Nadir deyir ki, yaş məhdudiyyəti qoyulduğu üçün müsabiqələrin çoxunda qaliblər də nisbi olur, baxırsan, birincilik adına heç nə yoxdur əsərdə, deyirlər yaxşı əsər təqdim olunmadığı üçün nisbi götürmüşük. Qurban Yaquboğlu isə bir az da sərtdir: "Yaş məhdudiyyəti qoymaq olar, amma bu müsabiqədə yerinə düşməyib, çünki roman daha yuxarı yaşlı yazıçılar üçün uyğun janrdır".

Təbii ki, sərt də olsa, haqlıdır, roman təcrübə məsələsidir. Amma həm Azərbaycanda, həm dünyada 30 yaşa qədər sanballı roman yazan müəlliflər olmayıbmı? Olub... Nə qədər ki belə inamsızlıq var, inanmıram nəsə yaxşı bir şey yazıla, yazılsa belə, normal qiymət verilə...

***

Bakıda alim "işləməkdənsə", şair "işləmək" yaxşıdır...

Nicat Həşimzadə deyir, şeir nədi axı, əsas elmdir. Son illərdə azərbaycanlı alimlər hansı fövqəlbəşəri kəşfə imza atdı ki, azərbaycanlı şairlər öz poeziyası ilə bu kəşfin kölgəsində qaldı? O yazır: "Təəssüf ki, bəzi insanlarımız hələ də sənət, peşə və ixtisas anlayışlarını qarışdırırlar. Şairlik, yazarlıq sənətdir, peşə deyil. Sənət pul gətirə də bilər, gətirməyə də bilər. Sovet vaxtı bir anadan soruşublar ki, oğlun harda işləyir. Ana da cavab verib ki, Bakıda şair işləyir... Həqiqətdir ki, Nəsiminin, Füzulinin poeziyasının bu gün bizə heç bir köməyi yoxdur. Dünya başqa dövrünü yaşayır. Biz isə hələ də poemada, bayatıda qalmışıq. Kaş Azərbaycanda elm ədəbiyyatımızdakı şeirlər qədər güclü olaydı. Hər il 500-dən çox adamın alimlik adı aldığı bir ölkədə elmdə ciddi uğur yoxdur..."

Nicat, əgər sən dediyin kimi elm sahəsində ciddi uğur yoxdursa, elə indiki zamanda şair "işləmək" alim "işləməkdən" yaxşıdır...

***

Davam edir pessimizm...

Qan Turalı yazır ki, sovet dövrü arxada qalıb, siyasi sistemin senzurası olmasa da, bu dəfə yazıçılarımız kütlənin arzu etdiyi əsəri yazmaqla uduzurlar: "Ancaq di gəl ki, siyasətdən də qorxulu bir düşmən ortaya çıxıbdır: Kütlə! Tarixdən heç bir zaman kütlə bu qədər ədəbiyyatın meyarına çevrilməmişdir... Bu növ yazıçıların yazdıqları əlbəttə ki, kütlənin xoşuna gəlməlidir. Pulu kim verirsə, musiqini də sifariş edən odur".

Hədiyyə Şəfaqət isə sovet dövrü tarixi romanlarımızla müasir dövr tarixi romanlarımız arasında üslub, süjet, dil fərqinin hiss olunmadığını yazır. Nağılların mətnlərini həqiqətə daha uyğun olduğunu bildirir.

Cavanşir Yusifli bir az da irəli gedir: "İndinin mətnlərində forma, mənim fikrimcə, sıyıqdır, yəni formaya çevriləsi məna yoxdur, müəllif o zaman gözəl mətnlər yarada bilir ki, onun sözü bütün mövcud sözlərdən yerdən göyəcən fərqlənsin, hamının bildiyi söz yox olub, həyat səhnəsindən qeybə çəkilib yenidən zühur edə bilsin, amma... biz hər təsadüfdə Axundzadənin kimyagəri ilə rastlaşırıq, Hacı Nuru da qoşulub onlara..."

Necə bəyəm, dostlar, daha yaxşı yazanlar yoxa çıxdı?

***

Təzə nə var?

Prezidentin sərəncamı ilə Məhəmməd Füzulinin 530 illiyi silsilə tədbirlərlə qeyd olunacaq. İlin Füzuli ilə bağlı ilk hadisəsi: Milli Kitabxanada Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabının alman dilində nəşrinin təqdimatı zamanı alman şərqşünas Mixael Raynhard Hess dahi şairin qəzəlini almanca deyib.

***

Xəyal Rza yazır: "Qardaş Özbəkistana səfərim zamanı Özbəkistan Dövlət  İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi ilə görüşdük. Fərqli və gözəl layihələrimiz olacaq". Deyəsən, Xəyal Rza birdəfəlik Özbəkistana getmək istəyir. Yaxşı bir təşəbbüskar adama rast gəlmişdik, onu da özbəklər əlimizdən alacaq...

***

İlham Əziz Kəramətin yeni romanı barədə yazıb, ümumən, əsəri təqdir edib. Bəyənmədiyi nüanslar da var: "Mənə elə gəlir ki, yazıçı yazdığı mətni bəşəriyyətə pay verməlidir. Sabah-birigün bu əsər başqa dillərə də tərcümə edilə bilər. Kəramət bir neçə yerdə Ramiz Rövşənin "qara paltarlı qadın", "Aynur Camalın saytı", "Aqil Abbasın filan sözü", ifadələrini işlətməklə mətni konyuktura toruna salıb. Uqanda oxucusuna bu adlar yaddır, orda bu isimlərin gücü bizim cəmiyyətlə eyni deyil".

Nə əcəb İlham Əziz romanda tez-tez təkrarlanan "İlham Əzizin satdığı kostyum" ifadəsini irad tutduğu ifadələr sırasına əlavə etməyib. Yəqin, o fikirləşib ki, "İlham Əzizin satdığı kostyum" ifadəsi sabah-birigün başqa dilə yaxşı tərcümə oluna bilər...

***

Səddam Laçın hədiyyə kitab istəyənlərdən gileylənir. Ona deyirlər: "Kitabı hədiyyə göndərin, onun ləzzəti başqadır, hər şey pulla deyil ha". Səddam isə həqiqəti pıçıldayır: "Vallah, kitab çapı pulladır..."

***

Kitabçılıqla məşğul olan Pərviz Muradov Coşqun Həsənzadənin "Papatyalar solmadan gəl" adlı şeir kitabını paylaşaraq "son dövrün ən məşhur şeir kitabı" kimi təqdim edib. O ədalətsiz başlığa dözməyən Orxan Saffari dərhal klavyaturasını işə salıb: "Ay dostum, niyə belə edirsən? Sən o kitabların içində belə kitabı təqdim etmək üçün varsan? Heç normal kitab oxumursuz? Zövqünüz belə şeylərdisə, başqa məsələdə niyə hakim kəsilirsiz? Olmadı ki..."

***

Bir müddətdir Yaradıcı Yazarlıq Təliminə başlayan Ramil Əhməd fevral qrupu üçün elan verir: "Öz hekayəni bizimlə yaz!" Cəlil Cavanşir isə Yaradıcılıq Emalatxanası üçün çağırış edib: "Əgər siz də dramaturq və ssenarist kimi peşəkarlardan öyrənmək istəyirisinizsə, bizi seçməyiniz məsləhətlidir".

Hazırladı: Nadir YALÇIN

 





29.01.2024    çap et  çap et