525.Az

COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldəcək


 

COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldəcək<b style="color:red"></b>

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP bu Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Qurumun Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. Hər il dünyanın çox sayda ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müzakirələr aparır, çağırış edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Hələlik sonuncu olan COP28 cari ildə Dubayda təşkil edildi. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürdü və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Millət vəkili Məzahir Əfəndiyev deyib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan özünün xarici siyasətində geniş fəaliyyət istiqamətlərindən biri olaraq ölkəmizin dünyada tanıdılmasını müəyyən etdi, eləcə də Azərbaycanın təbii sərvət və əhali potensialının, geosiyasi mövqeyi, mədəniyyəti, incəsənət və musiqisinin hər bir sahədə təbliği ilə məşğul oldu. Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransın, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olub, beləliklə də, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur: "1994-cü ildə "Əsrin müqaviləsi"nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan dördüncü sənaye inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla "yaşıl" enerji, "yaşıl" iqtisadiyyat siyasətinə transformasiya edir. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan "yaşıl" iqtisadiyyatın təşviqi və "yaşıl" enerjinin istehsalı sahəsində bir sıra vacib meqalayihələrə imza ataraq, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu baxımdan ölkədə neft və qazdan əlavə, istehsal olunan alternativ enerjinin xaricə nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər".

Millət vəkilinin söylədiyinə görə, 2024-cü ildə baş tutacaq COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaq: "Bu işin təşkilində dövlətlər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla yanaşı, gənclərimiz, könüllülərimiz də hərəkatın aktiv üzvü olaraq öz töhfələrini əsirgəməyəcəklər, bu günə qədər Azərbaycanda keçirilən mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində göstərdikləri fədakarlığı, qəhrəmanlığı bu platformada da ortaya qoyacaqlar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Dünyada liderlik nüfuzu güclənən ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də mötəbər konfransların, yarışların keçirildiyi bir məkan kimi canlanır. Son illər Azərbaycanın adının xarici ölkə vətəndaşlarının səfər etmək arzusunda olduğu "ilk 20-lik ölkə" siyahısında yer alması da təsadüfi sayıla bilməz. Bu mənada hesab edirəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi ölkəmizin həm turizm, həm iqtisadi, həm də siyasi əhəmiyyətini artıracaq.

Onun sözlərinə görə, ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi ciddi diplomatik uğurdur: "Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. Azərbaycan müstəqil, prinsipial mövqe ortaya qoyduğu, beynəlxalq hüquqa hörmət etdiyi üçün dünya dövlətlərinin etimadını qazanıb. Ölkəmizdə bir neçə ay öncə uğurlu antiterror tədbirləri aparıldı. Bəzi dairələr bundan narahat olsalar da, amma dünyanın əksər ölkələri Azərbaycanı dəstəklədi. Əgər bizim apardığımız antiterror tədbirləri beynəlxalq hüquqa zidd olsaydı, əminliklə demək olar ki, dünya ölkələri, xüsusilə də Şərqi Avropadan olan dövlətlər belə bir mötəbər sammitin Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləməzdilər. 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Düşünürəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sammitində iqlim və ekoloji çağırışların həllinə dair daha effektli və sanballı təkliflər irəli sürüləcək, layihələr hazırlanacaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub. Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etməyə hazır olduğunu, eyni zamanda, bunun sülh istiqamətində növbəti mühüm addım ola biləcəyini vurğuladı. Bildirdi ki, Azərbaycan COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv şəkildə işləyəcək. Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür".

COP29-un Azərbaycanda keçirilməsinin ölkədə bir sıra siyasi dividendlər qazandıracağını deyən deputat əlavə edib: "Belə bir mötəbər tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir. Biz bilirik ki, iki həftə davam edəcək konfransda iştirak etmək üçün 80 min civarında xarici vətəndaş ölkəmizə səfər edəcək. Əminəm ki, bu sammitdən sonra iştirakçıların Azərbaycanla bağlı təəssüratları daha da yaxşı olacaq. Onlar ölkəmizdəki inkişafı öz gözləri ilə görəcəklər və Azərbaycanın çox doğru yolda olduğunu, dövlətimizin ədalətli inkişafa, insan haqlarına, yaşıl enerjiyə, necə üstünlük verdiyini şəxsən görəcəklər".

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, dünyada turizm növləri arasında ekoloji turizm ilk sıradadır. Azərbaycanda COP29-dan sonra bu istiqamətdə mühüm işlər həyata keçiriləcək: "İkinci yerdə çimərlik turizm dayanır. Azərbaycanın bu sahədə böyük potensialı var. Həm Abşeronda, həm də digər Xəzəryanı regionlarda çimərlik turizmi üçün çox işlər görülməlidir. Biz "Mavi bayraq" almaq üçün təşəbbüslər göstərməliyik. Türkiyə, Yunanıstan, Fransa və İspaniyada olan çimərliklər "Mavi bayraq" alıb. Onlar təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verir. Üçüncü yerdə isə dağ xizək turizmi dayanır. Azərbaycanda bu sahədə böyük inkişaf var".

Sevinc QARAYEVA

 





29.01.2024    çap et  çap et