525.Az

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır


 

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Antoni Kleopatradan olan əkiz uşaqlarını Aleksandr və Kleopatra adlandırdı və onlara soyad kimi "Günəş" və "Ay" ləqəblərini seçdi. Bu, romalıların narazılığını xeyli artırdı. Antoni isə özünün şərəfsiz hərəkətlərinə daha cazibədar rəng verməyi bacarırdı. Bir dəfə demişdi ki, Roma imperiyası tutduğundan daha çox, verdiyi çarlıqlardan ibarətdir və bu nəcib qanın onun dünyaya yayılması yoludur. Axı onun öz əcdadları da Herakl nəslindəndir. Herakl da öz nəsli barədə ümidlərini bir ana ağuşu ilə hüdudlaşdırmamışdı. Bu sözlərlə o, özünün Roma mənəviyyatına və adətlərinə yad olan hərəkətlərinə bəraət qazandırmaq istəyirdi.

Antoni öz ordusu ilə qışın ən sərt dövründə, qarlı qasırğalarda böyük ərazilərdə səkkiz min adam itirdi, Sidonla Beyrut arasında Ağ kənd adlanan yerə sayca azalmış öz qoşunlarını gətirib çıxardı. Burada o, Aralıq dənizinin sahilində

Kleopatranın gəlib çıxmasını gözləyirdi. Onun gəlişinin gecikməsinə dözə bilməyib, o öz vaxtını darıxmamaq üçün eyş-işrətdə keçirirdi. Nəhayət, Kleopatra limana gəlib çıxdı və özü ilə əsgərlər üçün paltar və pul gətirmişdi. Antoni isə ondan yalnız paltarları aldı, əsgərlərə isə öz pulunu Kleopatranın adından payladı. Tezliklə Midiya çarı ilə Parfiya çarı Fraat arasında münaqişə başlandı. Midiya çarı Antoninin yanına elçilər göndərdi və Fraat əleyhinə müharibə üçün Roma ilə konfederasiyaya girməyi təklif etdi. Antoni bu xahişi böyük ümidlə qəbul etdi ki, o, Midiyadan çoxlu at və oxatanlar alacaq və bu ittifaq Parfiyanın onu məğlub etməsinə mane olacaqdır. Buna görə də, şimalda, Araz üstündə yerləşən ərazini də Midiyaya birləşdirsin və təzə müharibəyə başlasın. Ancaq Romada olan Oktaviya Antonini görmək istəyirdi və buna görə qardaşı Oktaviandan xahiş etdi ki, ərinin yanına getməsinə icazə versin. Oktavian buna razılıq verdi və onun bu hərəkəti heç də bacısına olan hörmətdən irəli gəlmirdi, o, əmin idi ki, Antoni arvadını lazımi hörmətlə qarşılamayacaq, əslində, ona hörmətsizlik edəcəkdir. Bu isə Oktaviana öz müttəfiqi olan rəqibinə qarşı müharibəyə başlamağa yaxşı bəhanə verəcəkdi. Plutarxın yazdığı kimi, qədim romalılar, bir qayda olaraq, şərabı su ilə qarışdırmamış, onu xeyli durultmamış içmirdilər, şərabı birbaşa qarışıqsız içən qalları ələ salırdılar. Onların nəzərində həqiqət tünd şəraba bənzəyirdi və siyasətdə ondan birbaşa istifadə etmirdilər. Həqiqəti yalanlarla qatışdırıb, fayda vermək üçün hissə-hissə işlədirdilər. Doğrudan, belə şərab siyasət adlanan qidanın daha yaxşı həzm edilməsinə şərait yaradırdı. Oktavian pis müttəfiq və qohum, pis sərkərdə olsa da, mahir siyasətçi idi və öz məqsədlərinə çatmaq üçün ailə mənafeyini də qurban verməyə hazır idi, belə münasibətlərindən də bir vasitə kimi çəkinmədən istifadə edirdi. Bacısının qarşıdakı səfəri bu qadının bədbəxtliyinə səbəb olsa da, öz qorxulu rəqibini sıradan çıxartmaq üçün çox şey vəd edirdi. Oktaviya tezliklə Afinaya yönəldi, lakin Antoni məktubla ona bildirdi ki, o, yeni yürüş hazırlayır və qoy arvadı onu orada gözləsin. Belə xəbərdən Oktaviya çox pərt olmasına baxmayaraq, bu hərəkətdə əsaslı səbəb olduğuna da biganə qalmadı və ərinə yazdı ki, bunun üçün məqsədəuyğun olan yerə o özü ilə gətirdiyi şeyləri göndərə bilər. Bu qadın ərinin əsgərləri üçün paltar almışdı, çoxlu mal-qara, digər hədiyyələr və pul gətirmişdi. Bundan başqa, Oktaviya sərkərdənin dostlarının hədiyyələrini, silahlanmış iki min seçmə əsgər və zabit gətirmişdi ki, onlardan Antoni pretorian kaqortası yaratsın.

Kleopatra artıq öz təhlükəli rəqibini hiss edirdi və o, qorxmağa başladı. O, bütün məftunedici cəhətlərini işə saldı ki, onu dəf etmək mümkün olmasın və o, həmişəlik Antoninin əvəzolunmaz və nadir məşuqəsi olsun. Ona görə də Antoniyə olan məhəbbətindən o, özünü, guya ölən kimi göstərdi, xüsusi pəhriz ilə öz fiqurasını çox incə və qədd-qamətli etmişdi. Antoni otağa girəndə o, gözlərini heyranlıqla məşuquna dikirdi, onu tərk edəndə isə, bu anda kefi xarab olurdu və az qala, huşunu itirirdi. Ona çox acı gəlirdi ki, Antoni onu göz yaşları axıdanda görəcək və o, bunu müşahidə etdikdə, qadın göz yaşlarını silir və geri dönürdü, elə bil ki, onun bircə arzusu vardı ki, məşuqu heç nə duymasın. Bütün bu hadisələr Antoninin Midiyaya yürüşə hazırlaşdığı bir vaxtda baş verirdi. Kleopatranın tədbirləri isə planlaşdırdığı kimi, o qədər də ləng getmirdi, ondan ötrü ölən bu qadının ruhu yalnız Antonidən asılı idi. Bu da bir həqiqət idi ki, Oktaviya onun arvadı idi və ona ərə gələndə bu iş onun qardaşına lazım idi. Kleopatra isə bir çox xalqın çariçası olduğu halda, onun məşuqəsi adı ilə də razılaşmışdı. Bu qadın onu görəndə istər işıq saçsın, istər onun xarakterindən zəhləsi getsin, onunla mehriban yaşaya, onu əyləndirə bilirdi. Əgər o, bunlardan məhrum olsaydı, bu itkidən bir daha özünə gələ bilməzdi. Onlar bir-birinə elə nüfuz etmişdilər ki, Antoni onu tərk edəcəyi halda, bu qadının hökmən öləcəyinə elə inanmışdı ki, Midiya yürüşünü gələn yaya təxirə salıb, müharibəyə getməyi kənara atdı və Aleksandriyaya qayıtdı. Buna baxmayaraq, bir neçə vaxtdan sonra bu ölkənin ərazisinin içərilərinə girdi və Midiya çarı ilə ittifaq bağladı. Kleopatradan olan az yaşlı oğlunu çarın qızı ilə evləndirdi. Qayıtdıqdan sonra onun bütün diqqəti vətəndaş müharibəsinə dikildi.

Romada isə Antoniyə qarşı nifrət və onunla haqq-hesabı çürütmək həvəsi güclənirdi. Oktaviya Afinadan qayıtdıqdan sonra Oktavian öz bacısına qarşı təhqiramiz münasibət göstərildiyi qənaətinə gəlib, bacısına ayrı evdə yaşamağı təklif etdi, lakin qadın öz ərinin evini tərk etməkdən imtina etdi. Oktavian artıq digər motivlərdən də asılı olmayaraq, Antoni ilə müharibə etməyi qərara almışdı. Elə bil ki, bu iki böyük sərkərdə bir dünyada yaşaya bilmirdilər və Roma xalqını vətəndaş müharibəsinə cəlb etdilər. Oktaviyanın isə davranışı onun səmimi insan olmasından xəbər verirdi. O, Antoninin evində qalmaqda davam edirdi və təkcə özünün ondan olan uşaqlarına deyil, həm də onun Fulviyadan olan uşaqlarına nəcib və alicənablıqla qayğı göstərirdi. O, Antoninin Romaya işlə əlaqədar gələn bütün dostlarını qəbul edir və onlara hər cür köməklik göstərirdi. Onun belə hərəkəti özü istəmədiyi bir halda da, Antoninin nüfuzuna böyük zərbə vururdu. Antoninin düzgün olmayan və ağılsız işləri isə bu qadın tərəfindən ona nifrət bəsləməsinə gətirib çıxardı.

Antoni oğlanları arasında ali vəzifələr bölgüsü aparmasına baxmayaraq, onlar Aleksandriyada heç də az qeyri-populyar deyildilər, bu, elə bil ki, onların həyasızlığına və bütünlükdə onların mənsub olduqları ölkəyə olan nifrəti əks etdirirdi. Gümüşdən düzəldilmiş yüksəkliyin üstündə Antoni və Kleopatra üçün iki qızıl tac qoyulmuşdu. Onlardan aşağıda isə uşaqlar üçün nəzərdə tutulan alçaq taclar qoyulmuşdu. Antoni Kleopatranı Misirin, Kiprin, Liviyanın, Kelesuriyanın kraliçası elan etdi, bu əraziləri o, qadının Yuli Sezardan olan oğlu Sezarionla birlikdə idarə etməli idi. Kleopatradan olan oğlanlarını - Aleksandrı və Ptolomeyi çarlar çarı adlandırdı. Aleksandra o, Midiyanı, guya tezliklə zəbt ediləcək Parfiyanı, Ptolomeyə isə Finikiyanı, Suriyanı və Kilikiyanı verdi. Kleopatradan olan böyük oğlu Aleksandr xalqın qarşısına Midiya paltarında, Şərq tacında çıxdı, Ptolomey isə makedoniyalı plaşında, ayaqqabısı və papağında çıxmışdı, onun da başını qardaşının tacından fərqli olaraq diadem bəzəyirdi. Bunlardan biri Böyük Aleksandrın varislərinin, digəri isə Midiya ənənələrinə uyğun idi. Kleopatra isə bu vaxt və bundan sonrakı dövrlərdə xalqın qarşısına ilahə İsidanın qiyafəsində çıxırdı və Yeni İsida adı altında əhalini qəbul edirdi.

Bütün bu şeyləri Oktavian Sezar Senata çatdırırdı və çox vaxt xalqa şikayətlənib, adamların Antoniyə qarşı pis münasibətini qızışdırırdı. Antoni də bunları cavabsız qoymurdu və Oktavianı ittiham edən çoxlu məktublar göndərirdi. Onun ən kəskin ittihamları ondan ibarət idi ki, o, Pompeydən sonra aldığı Siciliyanı onunla bölüşməmişdir və onun borc verdiyi gəmiləri geri qaytarmamışdır. Nəhayət, Lepid kənarlaşdırıldıqdan sonra ordunu, dövlətləri və əvvəllər ona çatan gəliri özünə götürmüşdür, həmçinin demək olar ki, bütün İtaliyanı öz əsgərləri arasında bölmüş və onun üçün heç nə saxlamamışdır. Oktavian bu ittihamlara gecikmədən cavab verdi ki, Lepid öz xətalarına görə idarəetmədən uzaqlaşdırılmışdır, ikincisi, o, müharibədə əldə etdiyini necə Antoni ilə yarı bölməlidir, axı Antoni də ona  son yürüşündən heç bir pay ayırmamışdır, Antoninin əsgərlərinin İtaliyaya heç bir iddiası yoxdur, çünki onlar Midiyada və Parfiyada əmlaka və torpağa sahib olmuşlar və öz generalının başçılığı altında bu igid əsgərlərin əldə etdikləri də Roma imperiyasının qüdrətinə əlavə olunmuşdur. Antoni bu cavabı yürüşdə olanda aldı və o, saatca on altı legionu Kanidinin başçılığı altında dənizə tərəf göndərdi. Özü isə Kleopatra ilə birlikdə Efesə yollandı. Yük gəmiləri də daxil olmaqla onun donanması səkkiz yüz gəmidən ibarət idi. Bunlardan iki yüzünü Kleopatra qayırtdırmışdı, bundan başqa, o, iyirmi min talant pul verdi ki, müharibənin keçiriləcəyi dövrdə ordunu ərzaqla təmin etsin.

Antoni bir çox dostlarının məsləhəti ilə göstəriş verdi ki, Kleopatra Misirə qayıdıb, orada müharibənin gedişini izləsin. Lakin o, Oktavian ilə ərinin təzədən barışacağından qorxuya düşərək, Kanidini böyük pul məbləği ilə ələ aldı və onlar Antonini inandırdılar ki, müharibənin məsuliyyətini bir adamın daşıması o qədər də düzgün deyil və bu, çariçanın şöhrət payından məhrum edilməsi demək olacaqdır. Axı misirlilər öz hərbi-dəniz qüvvələrinin bir hissəsini müharibə üçün vermişdilər. Bundan başqa, o, özü görür ki, Kleopatra bütün çarlarla necə ağıllı surətdə əlaqə yarada bilir. Bu qadın uzun müddət ərzində böyük bir ölkədə təkbaşına çariçalıq etmişdir və uzun müddətdir ki, onunla bir yerdə yaşayır və ictimai işlərdə böyük təcrübəyə malikdir. Bu arqumentlərin hamısı Antonini inandıra bildi və o, Kleopatra ilə birlikdə Samos adasına böyük bayram keçirməyə getdi. Göstəriş verildiyi kimi bütün çarlar, şahzadələr, valilər, Suriya sərhədlərinin daxilində olan bütün xalqlar, həmçinin İlliriya müharibə üçün lazım olan silah və sursat gətirirdi. Beləliklə, elan edilmişdi ki, bütün səhnə aktyorları Samosda tamaşa verəcəklər.

 (Ardı var)

 





29.01.2024    çap et  çap et