525.Az

Müharibənin oyatdığı gülüşlər - Rəvan Cavid yazır


 

Müharibənin oyatdığı gülüşlər - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Məşhur bosniyalı rejissor Emir Kustritsanın filmlərində kasıblığın, sosial ədalətsizliyin, müharibənin, məğlubiyyətin, həyata qarşı ümidsizliyin yaratdığı gülməli vəziyyətlər göstərilir. Tragikomediya da deyil o filmlər. Əzabın acizliyi, insanın ağlamaqdan bezib gülümsəməsidir. Müasir dünyada buna "Joker gülüşü", ya da "kloun təbəssümü" deyirlər.

Ağrının verdiyi həzz ancaq onunla barışanda üzə çıxır. Başqa yolunun olmadığını dərk edəndə, bütün qapıları bağlı görəndə, verdiyin sualların cavabını ala bilməyəndə hər şeyin əlinin içindən çərpələng ipi kimi sürüşüb çıxdığını anlayırsan. Belə vəziyyətlərdə insan bəzən dəli kimi qəhqəhə çəkir. Məchula çatdığı, bilinməyənin arxasında dayanan anlaşılmaz rəngləri sahmana salıb həyatın əsl tablosunu çəkdiyi üçün sevinir həm də.

Sioran insan yaradılışını doğuluşun nəticəsi kimi dəyərləndirmirdi. İnsanın heçdən gəldiyini və buna görə də, əslində, daim əndişədə olacağını yazırdı. Bizi qorxudan ölüm, fanilik, bilinməzliyə yolçuluğumuz, aqibət duyğusu deyil. Bizi məhz həmin əndişə qorxudur. Yol boyu tərəddüd diksindirir. Gedəcəyimiz yerin deyil, gəldiyimiz yerin məchulluğu, onun yaratdığı cavabsız suallar narahat edir bizi. "Kloun təbəssümü" bu narahatlığın verdiyi psixoloji ağrıdan doğan gülüşdür.

Bir də bu "təbəssümün" antonimi olan ironiya var. Barışmaqla, qəbul etməklə, bağışlamaqla gələn, vecsizliyin fövqündə dayanan gülüşlər. Hansısa uğursuzluq, hətta faciə bizi artıq narahat etməyəndə və ya əksinə, onun verdiyi narahatlıq bir işimizə yaramayanda süni pozitivizmin qurbanlarına çevrilirik. Keçən əsrin altmışıncı illərində, postmodernizmin addım səsləri yeni eşidiləndə ironiya haqqında cild-cild, qalın kitablar yazılırdı. Sonra, postmodern obrazlar o kitabları da ələ saldıqdan sonra ironiya, qara yumor termin olaraq filologiyanın bir küncündə istifadə müddəti bitmiş əşyaları xatırlatmağa başladı. O qədər çox qarışdı ki rənglər bir-birinə, vacib olan, müqəddəs olan, həmişəlik olan yerini müvəqqəti olana, aldada bilənə verdi.

İkinci Qarabağ müharibəsindən sonra biz də belə "zarafatlara" aludə olduq. Müharibəni ələ salmaq istəyib, həmin ağır situasiyalardan rəngli karnavallar düzəltməyə alışdıq. Qalibiyyət, zəfər isə Birinci Qarabağ müharibəsinin ağrılarının üstünə rəngarəng şal atdı. Güvən, inam hissinin bərpası ağrını, əzabı üstələdi. Sosial şəbəkələrin şöhrət, "like" kanalları da bu prosesi sürətləndirdi. Məsələn, bəzi qazilərin cəmiyyətdə təqdir edilməyən davranışları vaxt keçdikcə bu sözün ağırlığını azaltdı. Və ya həbs olunan erməni siyasətçilərinin görüntüləri, danışıqları bizim üçün yumor xammalına çevrildi. Təsadüfi deyil ki, böyük rejissorumuz Vaqif Mustafayev də müharibə haqqında filmini qara yumor janrında çəkdi. Və o filmin istər uğru, istərsə də uğursuzluğu kütlənin yumor gücünün azalıb-artan dinamikası ilə özünə bir yer elədi (və ya edə bilmədi).

Bəs "kloun təbəssümü"nün və "qara yumor"un elmi əsası varmı? Necə olur ki, biz travmalarımıza, ağrılarımıza gülürük və ya gülmək istəyirik? Belə bir xəstəlik var. Psevdobulbar təsir və ya tibdə qısaca PBA adlandırılan psixoloji travma. Nə qədər depressiyaya bənzəsə də, ondan incə nüansları ilə fərqlənən bu xəstəlik ciddi bir travmanın, şəxsiyyət ikiləşməsinin və beyin xərçənginin formalaşmamış hüceyrələrinin nəticəsidir. Beynin soğanabənzər hissəsində yaranan (psedo-yalan, bulbar-soğan; xəstəliyin adı buradan gəlir) və gülməyimizə səbəb olan kortizol, adrenalin, dopamin və bu kimi digər hormonların anormal şəkildə qarışığından meydana gələn psevdobulbar təsir gərəksiz yerə qəhqəhə çəkməyimizə, özümüzdən xəbərsiz, məkandan və zamandan asılı olmayaraq gülməyimizə səbəb olur. Nə qədər xarizmatik bir xəstəlik kimi görünsə də, çox ciddi nəticələri (hətta ölüm) var. Yeni tanış olduğumuz adamlarla ünsiyyət qurmaqda bəzən çətinlik çəkirik. Onlarla necə davranacağımızı bilmirik. Bəzən yersiz gülürük, bəzən heç reaksiya vermirik. Bu kimi hallar da PBA-nın sindromlarındandır, ancaq tam diaqnoz deyil. Psevdobulbar təsir asosiallığa gətirib çıxarır (sosial şəbəkələr bunun üçün ən "yaxşı" yerdir). Ətrafdakı adamların narazı baxışları həmin xəstəlikdən əziyyət çəkənləri sıxmağa başlayır. Bu da bəzən intiharla nəticələnir. Bunu çıxış yolu saymayanlar isə başqa yollarla (narkotik, qumar, qəfil uğur qazanmaq cəhdləri) kompensasiya etməyə cana tırlar. PBA-dan əziyyət çəkən xəstələr xüsusi şəraitdə saxlanılmalıdır. Və təəssüf ki, bu psixoloji xəstəliyin hələ müalicəsi yoxdur.

Yuxarıda yazdığım elmi izah fərdlər üçündür. Təəssüf ki, bir cəmiyyətin, kütlənin yoluxduğu və ya yoluxmaqda olduğu "gülümsəmələr" zaman keçdikcə həyat tərzinə çevrilir. Hər şeyin ciddiyyəti beləcə ortadan qalxır. Adətlər, mental dəyərlər, inanclar bir anda kütlə psixologiyasından "buxarlanır". Yerdə qalanlar isə "fəsfud" xarakter daşıyır. Bu cür hallara "kloun təbəssümü" adının verilməsi də təsadüfi deyil. Klounlar maskanı çıxardıqdan sonra həqiqətlə - öz simaları ilə yenidən görüşürlər. Ciblərinə yığdıqları pullar, ağır həyat şərtləri, sosial problemlər yavaş-yavaş onların üzündəki boyaları yuyub təmizləyir. Gülüb qurtardıqdan, qəhqəhə atdıqdan sonra qalan hüzn isə əsl kimliyin ağrılarıdır. Müharibələr də kütlələrin, cəmiyyətlərin əsl problemlərini beləcə ortaya çıxarır. Diqqətlə müşahidə etsək, görərik ki, talelərindən daha çox müharibə keçən coğrafiyalar daha tez-tez və yaxşı (!) "gülə" bilir.

Fərdin mərkəzdə təkbaşına dayandığı dünyada isə bu təbəssümlər səmimiyyətdən çox, saxtakarlığın, özünü aldatmağın nişanıdır.

 





29.01.2024    çap et  çap et