525.Az

"Qırxqız qayası" -  Yurdumuzu gəzə-gəzə...


 

BİR GÖRÜŞÜN TƏƏSSÜRATI

"Qırxqız qayası" - <b style="color:red">  Yurdumuzu gəzə-gəzə...</b>

Dağlar torpağa yük olmaz, dirək olar,

İnsan torpağa yük olar - gələr, gedər...

 

Ötən günlərin birində Milli Televizyanın "Mədəniyyət" kanalında bir veriliş izlədim. Mərhum millət vəkili, qəlbi torpaq, vətən, xalq sevdası ilə döyünən Qənirə xanım Paşayeva qədim Türküstan abidələrini elə qərar tutduqları o torpaqlardan tamaşaçılara təqdim edirdi...

2020-ci ilin payızı idi. Sentyabrın 26-sı.

Siyəzən-Şabran elində çox sevilib dəyərləndirilən Milli Məclis üzvü dostumuz Sadiq Qurbanov telefon açıb deputat həmkarı Qənirə Paşayeva ilə sinəsi sirlərlə dolu, neçə-neçə ilahi hikmətin, dastanların, rəvayətlərin ünvanı olan, Zərdüşt peyğəmbərin ayaq izləri, Xızır peyğəmbərin nəfəsi ilə süslənən "Beşbarmaq" dağını ziyarət etmək, rayonun (Siyəzən) tarixi yerlərini gəzib görmək arzusu ilə bizim tərəflərə gəlmək istədiklərini dedi. Şad oldum, sevindim, məmnunluqla "gözləyirəm, gəlin", - dedim. Elə bəri başdan burasını da başa düşdüm ki, iki millət vəkilinin bu gəlişdə əsas hədəfləri həm də ölkə başçısının müvafiq Sərəncamı ilə (8 iyun 2020-ci il) yaradılmış "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisini yaxından görməkdir (İstəkləri vətənpərvərlik hissindən, doğma yurd-yuvanı daha yaxından görüb tanımağı, həm də özlərinə bir borc duyğusundan yaranıb).

Təyin etdiyimiz vaxtın tamamında rayonumuzun (Siyəzən) girişində, mavi Xəzərin sahilindəki Zaratda görüşdük, elə kəndin başındakı Seyrangahda yerli ağsaqqallarla ayaqüstü bir həsbi-hal edib samovar çayı içdik. Sonra da qonaqlarla sözün "yaxasından yapışıb" "Beşbarmağ"a tərəf yol aldıq. Üzü dağın zirvəsinə doğru qalxdıqca mən də vaxtdan istifadə edib bildiklərimdən qonaqlarımıza şövqlə nəql edirəm:

- "Beşbarmaq" qəribə bir dağdır. "Beşbarmaq" qayalıqlarında ziyarətgah yeri olan Xızır-Zində (diri, yaşayan peyğəmbər Xızır) piri müsəlman Şərqinin sinəsi sirlərlə dolu ən müqəddəs ziyarətgahlarındandır...

Yolun sol tərəfindəki qayalıqları nişan verib müəyyən nöqtələrdən kitab (Quran) oxuyan təbii insan heykəllərinin aydın görünən siluetlərini göstərərək sözümə davam edirəm:

- Görkəmli Azərbaycan səyyahı Əbdülrəşid əl-Bakuvi belə yazır ki, "Quranın "Əl-Kəhf" (Mağara) surəsində söhbət açılan Musa və Xızır peyğəmbərlərə aid hekayət bu yerlərdə baş verib. Musanın xidmətində olan Yuşə ibn Nusun yeməyə götürüb, yaddan çıxartdığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılaraq dirilib...

Beləcə, tarixi varaqlaya-varaqlaya Quzey tərəfdən yaxınlaşıb dağın sinəsindəki meydanda,"Beşbarmağ"ın uzandığı əlin biləyinin üstündə maşından endik.

Görkəmli şairimiz Ələkbər Salahzadənin "Beşbarmaq" şeirindən bu misraları astadan pıçıldayıram:

 

Beş barmağam,

Buludlara baş vurmağam,

Keçmişin vaxt dəryasında,

Beş qarmağam...

 

lll

 

İnşası ilkin orta əsrlərə gedib çıxan (elə məşhur Gilgilçay səddi ilə həmyaşıd), indi çox yeri aşılanıb uçulub dağılsa da, təməli, bünövrəsi hələ də dözüb duran "Beşbarmaq səddi", qalanın baş bürcündən Xızı tərəfə dağı dolana-dolana uzanıb gedən qədim el yolunun ot basmış cığırları sinəsi kürə kimi VƏTƏN tarixi ilə atəşlənən bu mötəbər qonaqların duyğularını, düşüncələrini, deməyəsən, həmən coşdurmazmı?!

Qənirə xanımı hələ ötən əsrin sonlarından milli mətbuatımıza demokratik ab-hava gətirən peşəkar jurnalist, sərraf söz adamı, daha sonra da bir siyasətçi kimi tanıyırdım. Diqqətli, insanlara yaxın idi, heç bir müraciətə biganə qalmırdı. İnsanlar bu keyfiyyətini yaxşı bildiklərindən öz qayğıları ilə bağlı həmişə ona üz tutardılar. Çalışdığım rayonların sakinlərinin Qənirə xanımın ünvanından daxil olan məktublarını çox araşdırıb cavab vermişəm. Onun üçün "mənim seçicim deyil" anlayışı yox idi, "Azərbaycan vətəndaşı" məfhumu var idi. Eyni zamanda da, elə yazıçı həmkarı kimi yeni nəşr olunan kitablarından mənə də göndərirdi. Üçcildliyini də imzası ilə yollamışdı. İndi bu gün "Beşbarmağ"ın zirvəsindəki bu meydanda tariximizin bir parçası olan hər daşa, hər qaya parçasına baxa-baxa, əl vurub toxunduqca və sonra da dərin mühakimələrini, dəyərli məntiqli fikirlərini eşitdikcə, yurd-yuvaya sevgisini hiss etdikcə qarşımda sanki tamam başqa bir vətənpərvər ziyalı xanım görürdüm. Bir mürid öz mürşidinə heyranlıqla baxa-baxa eşitdiklərindən necə məmnuniyyət duyarsa, eləcə mən də, yol yoldaşlarımız da sanki onu dinləyə-dinləyə bir sehrə düşmüşdük. Qənirə xanım dediklərinə həmdə şövqlə, dəlilli-sübutlu izahlar verirdi, yeri gəldikcə emosional reaksiya, ciddi mühakimə, axtarış ehtirası da öz yerində...

Həmişəki kimi o gün də "Beşbarmaq dağı"nın ziyarətçiləri çox idi. Həm yerli sakinlər, həm də qıraqdan gələnlər, ahıllı-cahıllı hər kəs, Qənirə xanıma yaxınlaşıb salamlaşır, əziz adamları kimi hal-əhval tutur, ünsiyyət qurmağa çalışırdı. Kimi birgə foto çəkdirir, kitab-dəftər əhli də ondan imza alırdılar.

Beləcə, dağın üstündə xeyli dolaşıb maraqlı söhbətlər etdik.

lll

"Vaxtdır, Qənirə xanımı onu əhatəyə alıb sorğu-suala çəkən adamların əlindən almalıyam" - düşündüm. Yoxsa ardı gəldikcə gələn bu inanc əhli ilə günü axşam edəcəkdik. İndi mən də Qənirə xanımı söhbətə tutub böyük Sufi Şeyx Heydərin qarşı dağdakı türbəsindən bəhs etdim: "Gedib görək" - dedi və türbənin yerləşdiyi dağa sarı yollandıq. Yolüstü xarabalıqları indi neçə-neçə yurd yerlərimiz kimi könül dağlayan Zərgərli kəndini nişan verdim, Qənirə xanım maşını saxlatdırıb endi. Yolun kənarındakı söküklərə (kalovlara) yaxınlaşdıq. Xanım qonağımız bir zamanlar nəhəng daşlardan ibarət olub, indisə dağılıb xarabalığa çevrilmiş evlərin qalıqlarına əzizi, çox qiymətli doğması, sevimlisi kimi toxuna-toxuna sığallayıb qucmaq istəyirdi sanki.

lll

Şeyx Heydərin türbəsinin qalıqları olan yerə, bir vaxt dəfn olunduğu məkana yetişdik. Zamanında möhtəşəm bir abidə olduğunun əzəmətini hələ də saxlayan türbəni ziyarət etdik. Qeyd edim ki, türbə "Beşbarmaq dağı" ilə, üzü Xəzərə olmaqla, eyni xəttin üzərində tikilib. Beşbarmaq dağından Xəzərin mavi suları necə aydın görünürsə, şeyxin dəfn olunduğu bu yerdən də eləcə görünür. Sıldırım qayanın qaşında tikilmiş türbəyə qarşı tərəfdən yanaşmaq mümkünsüz olub. Məqbərənin ön divarı qayaya açılan uçurumun başındadır. Arxa tərəf də qalın hasarla əhatələnib. Türbəyə gərək yan tərəflərdən yanaşasan. Görünür, şeyxin cəsədini onun şəhid olduğu Şahdağın ətəklərindən bu yerəcən gətirən müridləri hələ də bilmədiyimiz nə qədər amilləri nəzərə alıblar. Əlbəttə, məmləkətimizin, bu ellərin etibarlılığı, sədaqət amilidə öz yerində.

Nəql edirlər ki, Şeyx Cüneydin oğlu Şeyx Heydər atasının Azərbaycanı vahid bir dövlətdə birləşdirmək siyasətini davam etdirmək uğrunda 1488-ci ildə Şahdağın ətəklərində Şirvanşah ordusu ilə döyüş meydanında həlak olub, müridləri tərəfindən xəlvətcə "Beşbarmaq dağı"nın arxasında dəfn edilib. Uzun zaman yeri gizli qalan bu məzarı sonralar oğlu Şah İsmayıl Xətai Şirvan yürüşləri zamanı aşkar edərək üzərində türbə tikdirib, məzar ziyarətgaha çevrilib.

Türbə üzərindəki daş kitabə tarixçilər tərəfindən maraqla qarşılanıb. Əhəng daşı üzərində üç sətirlik kitabədə süls elementli nəsx xətti ilə bu cümlə həkk olunub: "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolu yolçusunun qəbri hikmətli Quran dininin həqiqət adlanan şeyxi Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir".

Şah İsmayıl türbəyə xidmət etmələri məqsədi ilə Zərgərli tayfalarından buraya şeyx və xidmətçilər köçürdüb. Bu şeyxlər nəsillikcə türbənin qorunub saxlanmasına xidmət etmişlər. Şah İsmayıl tərəfindən buradan aşağıda, sıldırım qayanın dibində salınan yurd yeri elə o vaxtdan Şıxlar (Şeyxlər) adlanır. Oradan durub dağıntılarına baxdığımız kənd isə Zərgərli adıyla bilinir.

Şeyxin türbəsinin olduğu dağın dibindəki yurd yerinin aydın görünən qalıqlarını göstərirəm. Sonradan (ötən əsrin ortalarında) indi xarabalıqlarını gördüyümüz bu kəndin əhalisi Beşbarmaq dağının şərq ətəklərinə köçüb, dənizlə dağın arasında yurd salıb, adına da "Qalaşıxı"deyiblər.

lll

Xəzərin az qala bir addımlığındakı Zarat kəndindən yola çıxaraq keçib getdiyimiz böyük bir ərazinin (Dövlət Qoruğunun əhatə etdiyi ərazi 300 hektardır. Siyəzən rayonunda isə"Beşbarmaq", "Gilçilçay tarixi səddi" də daxil olmaqla mühafizə edilən ölkə əhəmiyyətli abidələrin sayı 8-dir), həm də Şeyx Heydərin "Beşbarmaq"la göz-gözə baxan türbəsinin qoruğun turizm marşrutuna daxil edilməsi barədə eşidəndə qonaqlarımız bunu donə-dönə təqdir etdilər, çox sevindilər.

Bütün bunlar, paytaxtı Təbriz olan Səfəvilər dövləti, o dövlətinin tariximizdəki yeri və taleyimizdəki rolu barədə həm Qənirə xanım, həm də Sadiq müəllim çox dəyərli faktlardan söz açıb, geniş mülahizələr söylədilər.

Vaxtı nəzərə alaraq, yenə də mən sözə körpü saldım, gün günotadan ötüb, "Yol intizardır, gedək", - dedim.

lll

Yol boyu söhbət əsnasında qonaqlara Siyəzən-Qalaaltı yolunun kənarında, dağların döşündə sanki mahir memarın əllə yonub-yontalayıb dağın köksünə "sapladığı" əzəmətli "Qırxqız qayası"ndan da söz açdım. Axşam düşürdü, deputat dostlarımız Bakıya qayıtmalıydılar. "O qayanı da görmək istərdik, ancaq daha gecdir, sonraya saxlayaq", - dedilər. Qənirə xanımla xudahafizləşib ayrılanda "Qırxqız qayası" haqqında eşidib-bildiklərimi yazıb ona çatdırmağımı dönə-dönə xahiş etdi.

Mən də tez bir zamanda "Qırxqız qayası" haqqında eşitdiyim bir rəvayəti (əfsanəni) yazıya köçürüb Qənirə xanımın elektron poçtuna göndərdim. Yəqin ki, baxmışdı, oxumuşdu. Və mütləq nə vaxtsa o qayadan yazacaqdı. Hayıf, çox hayıf ki, əcəl aman vermədi, ömrü yarımçıq qaldı Qənirə xanımın...

Mən isə indi o "Qırxqız qayası" haqqında eşidib-bildiklərimi, həm də bir xatirə olsun deyə, bir daha yada salıram.

lll

Siyəzən-Qalaaltı yolunun üstündəki Sadan kəndindən ayaqlanıb gah üzü yoqquşaqalxan, gah da enişə düşən, dərələrlə, təpələrlə qıvrılan,bir başı da Xaqani Şirvanini Şabran qalasına gətirən qədim Şirvan yolunun, el yolunun keçdiyi, "Dübrar"ın dabanında qovuşan Kələno dağ silsiləsinin şərqindəki yal-yamacda binə salan bir kənd var, "Müşkül-Qazma" kəndi. Gilgil çaydan ötüb üzü Məşrifə, Qalaaltı tərəfə qalxandan sonra sol tərəfindəki dağ silsiləsində, yamacda üzü zirvəyə, yelli gədiyə doğru, yerdən hündürlüyü ilə eni simmetrik, təxminən otuz metr, uzunluğu isə bir neçə yüzmetr olan mil kimi düppədüz, çəlik kimi dimdik bir qayaboylanıb baxır. Adəmin zamanından qalıbmı? Yoxsa bu qalaya Xızır kürəyini söykəyib nəfəsini dəribmı? Ya bəlkə də Musa salamullah əsası ilə mamırına, çayırına toxunub? İndi bütün belə sirlərdən agah müdrik qocanı haradan tapaqki, xəbər alaq: - Axı necə olub ki, bu qayaya "Qırxqız qayası" deyiblər, onu niyə belə adlandırıblar?..

Qayadı da, "telinin" birini də əsrlərdən bərisərt rüzgara vermədən, yaranışda necə vardısa, eləcə də yerində dayanıb-durub...

"Hər daşın öz tarixi var", deyiblər. Bəlkə bu qayalarında köksünün altında hələ də gizlətdiyi, elə özü boyda neçə sirri-sehri var, qatını çözələyib öyrənməyə, açıb-ağartmağa, üzə çıxarmağa yol, məqam gözləyir. Gözləyir ki, nə vaxtsa sən gəlib onu varaqlayasan, toxunub hiss edəsən, bəlkə də qucaqlayıb köksünə sıxasan! Hisslərin səni sınağa çəkə, qayaların arxa üzünə hərlənmək istəyin səni bir də getdiyin yoldan geri qaytara. "Niyə o qayanın dördbir yanına dolanmadım?", - deyə özündən soruşarsan. Beynində-düşüncəndə açılan qapıdan minbir xəyal sel kimi səni ağuşuna alar. Nəhayətdə nəfəsini o qədər rahat alıb-verərsən ki, istəyin bu olar: "Qurban olum vətənimin hər dağına, daşına..."

Günəşin doğuşu, axşamın gəlişi quzuların yorğun mələşməsi kimi milyon illərdir səninlə qolboyundur, görüşünə gecikəndə darıxır... "Qırxqız qayası" da bax belə... Tarixinin dərin qatlarında gizlətdikləri hələ də pünhan qaldığından darıxır. Tanrıdan diləkləri hasil olar, bəlkə... Daşa dönən o qırx qız bəlkə də bir gün allı-güllü donlarıyla yenidən gerçəyə dönüşün yolunu gözləyir...

 

Ümid gözlərdə yaş yükü...

Aç sinən boyda suç yükün,

Aç, danış dağlara...

...Nağıllar, əfsanələr adətən belə başlayır: "Biri var idi, biri yox idi..." İndi sənə elə gəlir ki, bu yerlərdə bir Tanrı var idi, bir də bu dağlar... "Qırxqız qayası" da dağın döşünə sancılmış qırxdişli bir daraq kimi tarıma çəkir yolu keçən, görüb tamaşasına duran insan düşüncələrini. Dağlar da inanmazdı ki, ismətdən don geyinən, abır-həyadan yaşmaq tutan o nazənin mələklər belə ağır sınağa çəkiləcəklər. Gəlin köçürən, qız böyüdən nənələr-analar üçün öyüd, nəsihət meyarı olub indiyəcən də dildən-dilə düşəcəklər. Və bir məsumiyyət meyarıdır bu gün də "Qırxqız qayası".

İndilərdə vur-tut ikicə ailənin yaşadığı, sinəsi yallı-yamaclı, döşü nağıllı-dastanlı, qoynu gülüstan olan bu "Müşkül-Qazma"nın bir vaxtlar necə haylı-haraylı, gümrah günləri varmış. Yadın, xainin gözü götürərdimi?

...Bir gün düşmənə hədəf oldu. Bilək tutdu, qılınca qurşandı, ancaq yağı düşmən... Namərd düşmən güc gədi. Yağmaladı, yandırdı, kül edib, viran qoydu yurdu. Yağı düşməndən qorunmaq üçün Müşkün qırx qızı saçlarını üzlərinə duvaq etdilər, namuslarını qorumaq üçün yalınayaq üz tutdular dağlara. Gizlənmək, pünhan bir yerə çəkilmək üçün yalda-yamacda çox vurnuxdular, çırpındılar, nə qədər gəzib-dolaşsalar da, nə bir kaha, nə də bir ağac kövülu tapa bildilər. Yağı yetişhayetişdə daha bomboz dağlarda sığınmağa daldalanacaq bir yer, qaçıb qurtarıb xilas olmağa çarə tapmayan o qırx qız elə durduqları yerdə əl qaldırıb Tanrıdan daş olmaqlarını dilədilər. Dar ayaqda olanların duaları sərhəd tanımazmış... Tanrı diləklərini tez eşidərmiş... Beləcə, dağ silsiləsinin qabarıq sinəsi "Qırxqız qayası", yurdun adı isə "Müşkül-Qazma" olur. Bu gün də buqaya öz əzəmətilə, bağrında gizlətdiyi əfsanəylə insanlıq tarixinə meydan oxumaqdadır.

lll

Başına qırx gözəlin saçını öpüb oxşayan darağın sancıldığı, Müşkül-Qazmanın həm də o qədər duzlu-məzəli hekayələri var ki! Bu da elin dilində dolaşan bir hekayədir:.. Müşküllə üz-üzə, Gilgilçayın sağ sahilində, başı Şah dağının ətəkləri ilə qucaqlaşıb öpüşən Tənkəmər dağının dibində bir kənd də var - Güləh kəndi. Güləhdə qonşuyla deyiş, Müşkül-Qazmadan, yanındaymışlar kimi, "Amandır, etməyin" deyib tənə edəcəklər.

Müşkül-Qazmada həyətdə qəhqəhə çəksən, Güləhdən "nə gözəl, həmişə belə" - deyərək alqışlayacaq, sevinəcəklər.

Günlərin bir günü Güləhdə yaşlı kişilər kənd meydanında tay sıra ilə yan-yana düzülmüş kötüklərin üstündə oturub ötənlərdən- keçənlərdən danışır, həsbi-hal edirmişlər. Saç-saqqalı bir yana, sinəsinin tükləri də ağarmaqdan ötüb gümüşü rəngə çalan birisi Müşkül-Qazma tərəfə baxıb köks ötürür. Sonra da həmkəndlilərinə tərəf dönüb sanki son sözünü deyirmiş, həyata vida edirmiş kimi: "Ey gidi dünya, bu qədər illər keçdi, ömrü başa vurdum, gedib Müşkül-Qazmanı yaxından görə bilmədim" - deyərək dərindən ah çəkir.

Neyləsin, dövr elə dövr imiş...

Halbuki indi, yaşlılar öz yerində, heç ayaqları yer tutmayan körpələrdə az qala dünyanı gəzib-dolaşırlar.

lll

Düşünürəm ki, mən də gedib o kəndi-kəsəyi görməsəm, köhnə yurd yerlərinin başının üstündəki "Qırxqız qayası"na baş çəkib torpağına, daşına toxunmasam, çevrəsinə dolaşıb tamaşasına durmasam, elə həmin o "Ölüb-getdim, Müşkül-Qazmanı görmədim" deyən güləhli qocanın ruhu məndən inciməzmi?

"Müşkül-Qazma" - Sadan kəndinin ha tərəfindən, az qala hansı həyət-bacasından baxsan mavi Xəzərlə üz-üzə, göz-gözəsən. Bax, bəsirətin yetdiyi, gözün gördüyü qədər. Bu yurdda dağlar sinəsini elə qabardıb, qucağını elə açıb ki, dənizin coşqun dalğaları ləpələrini sanki bir addımlıqdan çöhrənə üfürür. Bu lacivərd mənzərədən hələm-hələm ay ayrıldın haa...

Sakitlikdir, baxdım, gördüm. İndi də səs gəlir, ayaq səsi, nal cingiltisi, at kişnərtisi. Kəndin ayağından bir yol ayrılır, yamacların sinəsi ilə səni "Qırxqız qayası"na aparacaq. Körpüsüz, bəndsiz-bərəsiz, torpaq yol.

Beş nəfərik - iki bələdçi, ilhamı gur çeşməli bulaq kimi qaynayan şair, çiyni ağır xurcunlu qoca nasir, bir də mən - sadə bir oxucu.

Kəndə çatırıq, bələdçi daş kalovları göstərib:

- Məscidin yeridir bura, bu da qalıqları, - deyə əlini uzadıb üzü bozarmış daşlara toxunur, sığallayıb oxşayır. Nəhəng qoz ağacının kölgəsinə qədər yeriyirik. Baldırğan qomaları saçını ağardıb, qarsıyıb, daha bombozdu.

Bu da alça ağacı, elə bil palıddır, qocalıb, gövdəsini mamır basıb. Meyvəsidə var, kimsə toxunmayıb. İndi alça yeyən kimdir? Bir ovuc dərib qoca nasirə təklif etmək olar. Ancaq "su"suz olmaz: o istəyən, o içən "su"dan olsaydı, bambaşqa məsələ...

Şair çiçək toplayır, kəkotu talasına rast düşüb. Aman, odu ey, başmaqlarını çıxarıb əlində tutaraq, yalın ayaqla sinə-sinə dolanıb durur. Oxucuyam, köks ötürürəm. Yəqin bu da bir şeir olacaq. Şair olsam, elə özüm yazardım: - "Şehli çəməndə barmaqlarının ucunda gəzən qız"...

Dodaqlarımı sıxıram, şairin ilhamına şərik çıxmaq? Ay-hay... Yuxarıdan "Qırx qız" baxır üzü bəri, Müşkülün yalı ilə üzü yuxarı, qayaya doğru...

Bu da "Qırxqız qayası", ha bax, bax, zirvəsi görünməz. Şair özünü çatdırıb qaya daşlarının şəklini çəkir. Mən isə eləcə baxıram. Nasir bulağa, o "Qırx qız"ın dabanlarının dibindən süzülüb gələn göz yaşı kimi dupduru bulağa yetişir. Bulağın yanındakı vələs ağacından asılmış taxta çömçəni əlinə alır, su ilə doldurub içir. Taxta çömçəni yenə, ikinci dəfə bulağın gözündən doldurur. İkinci, hə, ikinciyə hünəri çatmır. Əlindəki su dolu taxta çömçəni yerə salır. Belini dikəldib ağaca söykənir. Nasir duyğulanıb, gərək yetişim, təsəlli verim, toxtadım onu. Yəqin "Müşkül"ün mələk timsallı o qırx qızının acı taleyi kövrəldib onu. Ya da "su" tutub - "yavan soyuq su!" Hayıfdı, sözə, elin danışan dilinə yazıq olar. Təzəcə qələmə almaqda olduğu romanı da yarımçıq qalar. "Qırxqız qayası"nın dibindən, durduğum yerdən üzü enişə, nasirin su içib başının üstündəki ağaca yaslandığı bulağa doğru yüyürürəm. Bəlkə mən də, elə şairimiz də görüb-götürmüş dostumuzun birdən-birə bu hala düşməsinin əsl səbəbindən xəbərsiz idik. "Soyuq su"da onu belə yerindən eləyə bilməzdi.

Odur ey, şair də haray salıb: "Ay aman, nasir düşür!.." Bələdçiləri haylayır: "Yetişin, harda qalmısız?!" Yalın ayaqla qaçaraq qoca nasirin köməyinə yetirlər.

Özümüzə gəldiyimizi görüb, indi də əlindəki fotoaparatı işə salaraq şəklimizi çəkir...

lll

...Tarix səhifələnir... Yaddaşda qalanlarla təsəlli tapılır... Yaddaşdan silinənlərin yerini doldurmaq bəzən qismət olmasa da, bir çox hallarda xatırlamaq, təkrar yada salmaq üçün insan biixtiyar əlinə qələm alır... Bunu xatirələrə ehtiram olaraq da etmək mümkündür...

Həmin gün 2020-ci ilin 26 Sentyabrı idi. Ertəsi gün isə Tarixi Zəfərimizlə - Qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsinin ilk günü olacaqdı.

Üstündən elə çox vaxt keçməyib. Lakin bu müddətdə xalqımızın, millətimizin taleyində, dövlətimizin tarixində neçə-neçə əzəmətli, ehtişamlı hadisələr yaşanıb. Yeni tarix yaranıb: millətin, dövlətin Zəfər tarixi!

İndi sıramızda deyilsə də, nə yaxşı ki, vətən sevgisi ilə alışıb-yanan Qənirə xanım da əzəli-əbədi Vətən torpaqlarımızın azad edilməsinin, ərazi bütövlüyümüzün bərpasının şahidi oldu, qəlbən, ruhən rahatlıq tapdı. Axirət dünyasında yeri behiştdir, inşallah!

12 dekabr, 2023-cü il.

Siyəzən

 

 

 

 

 

 





29.01.2024    çap et  çap et