525.Az

Cavab məktubu... - Ulduz Qasım yazır


 

Cavab məktubu... - <b style="color:red"> Ulduz Qasım yazır</b>

Bu günlərdə dostluğumda olan, xaricdə yaşayan bir qadın mesaj yazdı ki, həmişə kədərli statuslar yazırsınız, sizi dostluğunuzdan çıxacam. Çox düşündüm, ancaq cavab yazmadım. İndi həmin xanıma cavab yazmaq istəyirəm.

Məni qınamayın. Siz bizim yaşadıqlarımızı yaşamadınız, çadırlardakı o həyatı görmədiniz. Bir qurtum suya, bir loxma çörəyə möhtac olmadınız. Sizin cənnət Qarabağınızı yağı düşmanlar başqalarıyla birləşib zəbt etmədi. Silahsız, dinc insanları evlərindən qovmadılar, baş qaldıranları öldürmədilər. Evsiz qalıb, kimsənin bucağına sığınmadınız, minnətini götürmədiniz. Hətta özünü oda-közə vurub çörək qazananda da bəzi tənəli sözlər eşitmədiniz...

Vətən torpağı səhra olsa belə, tozlu-torpaqlı, palçıqlı olsa belə əzizdi, unudulmazdı. Unudula bilməz! Çünki Vətəndi, arxadı, gücdü torpaq. Hər şeydən əzizdi, özəldi, əzəldi. Bunu yaşamayanlar bilməz. Kimsəni qınamıram...

Nə edək ki, şəhid olduq,  doğma torpaqlarımızdan məcburi çıxarıldıq. Bir  qurulu bina tapmadıq başımızı soxmağa. Adi içməli su, işıq üzünə həsrət qaldıq. Övladlarımız təhsildən qaldı. Neyləyək ki, nəyimiz vardısa hamısını itirdik bir anda. Qohumlarımızı, doğmalarımızı itirdik. İllərlə çadırlarda yaşadıq. Əgər ona yaşamaq demək olarsa... Neyləyək ki, günəş olanda istidən, qış olanda soyuqdan yandıq-qovrulduq.

Necə anlatmaq olar bunları? Elə bilirsiniz  bunları unutmaq olar? Bunları ancaq özünü unudanda yaddan çıxarmaq olar. Biz insanıq, əzizim.

 Bunları yazarkən yadıma Nizami düşür. Amerikalı Cefrinin sənədli filminin qəhramanlarından biri. Gözəl səsli uşaqların içində  bədahətən iki cümləlik muğam oxuyan Nizami. Cəbrayıl rayonundan olan o vətənsevər. Hamı kiminsə yazdığın oxuyarkən o öz dərdini anlatdı dinləyənlərə:

Mən o tozlu-torpaqlı yerləri istəyirəm,

Mən  o xaraba qalmış evləri istəyirəm...

Bəlkə də nə qafiyəsi düz gəlir, nə ədəbi normalara cavab verir bu iki sətir.  Ancaq çox böyük məna kəsb edir. Yeddi yaşlı uşağın öz Vətəninə olan həsrətini, sevgisini bundan daha gözəl anladan olmazdı məncə. Bax onda, o cümlələri eşidəndə  ürəyim yanıb külə döndü. İndiyə qədər göynərtisi keçmir...

Bilirsiniz, üz-göz yanığını düzəltmək, əməliyyatla  təmir etmək olur. Ancaq ürək yarasını təmir etmək olmaz. O elə bir yaradı ki, səninlə məzara gedir. Amerikalı araşdırmacı Cefri də onun səsini olduğu kimi vermişdi öz filmində. O uşağı heç unutmadım, unuda bilmədim. Çünki dərdlərimiz eyniydi... Nizamini sonralar axtaran Cefri onu bir restoranda qarson işlədiyini öyrənir. Və onun niyə oxumadığının səbəbini soruşur.

"Mən Vətənimdən alırdım  ilhamımı. O mənə vermişdi o səsi", deyir. "Vətənimsiz oxumayacam.  Mənim varlığım, yüksəkliyim o torpaqlardı. Mən Vətənsiz bir heçəm".

Siz bunu anlaya bilərsiniz? Mən anlayıram, sanki  həmin gəncin ürəyini görürəm, fikirlərini oxuyuram, onun kimi  yanıram...

Biz otuz il yaşamadıq, sadəcə nəfəs aldıq. Yaralı quşlar kimi çırpındıq. Torpaqlarımız alınandan sonra yaşamağa başladıq. Amma, bilirsiniz, yaralarımız  sayalandı, sağalmadı. Ağır dəddi  torpaqlarını itirmək. Mən otuz ildən sonra kəndimizə gedəndə  ata ocağımdan bir nişan tapmadım. Uşaqlığımın, gəncliyimin  xatirələrini silib atmışdı yağı düşmən.

Siz heç Xocalıda olan faciəli gecədə törədilənlərə baxdınız? Necə unuda bilirsiniz olanları, necə yaddan çıxarırsınız? Düşmənin əlinə keçməsin deyə öz qızlarını diri-diri torpağa basdıran anaları dinlədinizmi bircə kərə? Mən gördüm, dinlədim, yazdım. Yuxularım haram oldu həmin gündən, xəstəliklərə düçar oldum. Düşmənə əsir düşənləri  bircə kərə eşidə bildinizmi? Balayanların diri-diri  gənc qızlarımızın dərilərini soyduğunu  zövqlə yazdıqlarını oxudunuzmü? Zeynəblərin, Məryəmlərin, Nərgizlərin nələrlər çəkdiklərini bildinizmi? Olmayan kəndinizə teleqram göndərmək istədinizmi?

Əmim oğlu, şəhid Həbibin həyat yoldaşı 23 yaşlı Vəsilə  3 yaşlı oğluyla tək qaldı. O şəhidin ruhunun inciməsindən ehtiyat edib bir də ərə getmədi. Bu Türk qadının sədaqətidi, tərbiyyəsidi, qeyrətidi, mənliyidi. Şəhid ruhuna olan ehtiramıdı.

Elələri bilirsiniz nə qədərdi? Bəs şəhid anaları, bacıları? Onlarla bircə dəfə olsun görüşə bildinizmi, dərdlərini dinlədinizmi? Nələrlər yaşadıqlarından xəbəriniz varmı?

Məni qınamayın, əzizim! Bizim hələ Təbriz dərdimiz var, Dəmirqapı Dərbənd dərdimiz var. Gecəsi kimi günüzləri də qapqara İrəvan dərdimiz var...

Türkün dərdi bir deyil, iki deyil. Hər zaman çörəyimizi yeyib, bizə düşmən kəsiliblər. İçimizə nifaq salıblar.  Gözləri götürməyib bizi. Nə mədəniyyətimizi, nə mənəviyatımızı, nə igidliyimizi, nə cəsarətimizi. Torpaqlarımızın zənginliyi, yurdlarımızın gözəlliyini, barımızı-bağatmızı qısqanıblar. Tərbiyəmizi, dinimizi-dilimizi dışlayıblar. Unudublar ki, bunlar bizim qanımızdadı. Bunları bizdən heç kim ala bilməz. Biz yaşadıqca bu zənginliklər  yaşayacaq. Nəsillərdən- nəsillərə ötürüləcək...

Hələ az qala bütün dünya cənnət Qarabağımızın azadlığına qarşı durub. Öz torpaqlarımızı, atalarımızın, babalarımızn  halal torpaqlarını bizdən almaq istəyirlər. Oyunlar, kələklər peşindədilər. Ancaq bilmirlər ki, türk ölər, torpağını kimsəyə verməz...

Dediklərinizlə razı deyiləm. Yəqin mənim qələbəmiz barəsində, qəhramanlarımızdan bəhs edən sevincli statuslarımı oxumadınız. Mən sevinmək gərəkəndə sevinirəm, kədərlənmək gərəkəndə kədərlənirəm. 

Moskva

 





29.01.2024    çap et  çap et