525.Az

Yenidən Azərbaycanlaşan yurd yerlərimiz - Sosial şəbəkədə yazılanlar


 

Yenidən Azərbaycanlaşan yurd yerlərimiz - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Saleh Bağırov, jurnalist:

- Bu günlərdə Musiqili Teatrda Tuncer Cüceloğlunun "Qadınım" əsərinin premyerası oldu. Möhtəşəm!

Bu tamaşa səhnəmizdə yeni tərz, yeni üslub və yeni təqdimat idi.

Həyatdan götürülmüş, hər kəsin üzləşə biləcəyi, hətta bir çoxlarının yaşadığı həyat hekayəsinə dolu zal hakim kəsilmişdi.

Rejissor İradə Gözəlova olduqca maraqlı quruluşları var.

Yenilikçidir, novator dəsti xəttini bu tamaşada da göstərdi. Aktyorlar Gültac Əlili və Əmrah Dadaşov, bravo min kərə. Ustalıqla, məharərlə oynadıllar obrazlarını.

Sonda Afaq Bəşirqızının səhnəyə qalxıb heyətin işini təhlil etməsi də ayrı və təsirli mövzu idi.

Əliqismət Lalayev başda olmaqla bütün heyəti təbrik edirəm və hamıya bu tamaşaya baxmağı mütləq tövsiyə edirəm.

Tamaşa növbəti dəfə 14 fevral və 8 mart tarixlərində oynanılacaq.

 

Aytac Sahəd, jurnalist:

- Daha bu yaşda əziyyət çəkib qızılca çıxarmışam, təcrübəmi bölüşüm sizinlə.

Qızılca keçirdiyim dövrdə bir ağrıkəsici belə atmadım. Mütəmadi həkimlərlə məsləhətləşsəm də, prosesi evdə keçirdim. Əlavə heç bir dərman vasitəsi qəbul etmədim. Onsuz da bunun xüsusi bir müalicəsi yoxdur. İlk günlər çətin oldu, sonra nisbətən rahat keçdi. Səpkiləri gördüyüm andan etibarən qidalanma və soyuğa çox ciddi fikir verirdim. Karantinim bitsə belə, eyni həssaslıqla qoruyuram özümü. Əlbəttə, qızılca hamının keçirdiyi adi xəstəlikdir, amma başdansovdu yanaşanda ciddi fəsadlar qalır. Uşaqlardan fərqli olaraq indiki yaşda keçirmək daha çətindir. Qızılca indi çox yayılıb. Özünüzdən muğayat olun.

 

Siruz Abasbəyli, professor:

- Sabahınız xeyirli olsun, dostlar. Bu gün səhər yuxudan tez oyanmışdım, saat 6.30 olardı. Təsadüfən yutuba daxil olub bir filmə baxdım... Maraqlıdır. "Franüuzskiy Şpion" adlı Sinematik Limitet-kompaniyasının çəkdiyi filmdən belə aydın olur ki, bütün dünyanı bir-birinə vuran elə Fransa hökumətidir... Həmin filimdə həm Qarabağ münaqişəsi, Çeçenistan və Ukrayna müharibələrinin əsas səbəbkarı dünyada fitnəkar dövlət kimi tanınan FRANSAdır... Məsləhət görürəm bu filmə baxın...

TƏBİB:

- Yeni Klinikada növbəti ilk - TAVİ əməliyyatı icra edilib

Yeni Klinikada ilk dəfə olaraq Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib.

Daha öncə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində mövcud olmayan bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikanın peşəkar Ürək-damar Mərkəzinin komandası tərəfindən həyata keçirilib.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur.

Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir.

Xəstə üçün üstünlüyü 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.

Yeni Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilən əməliyyat uğurla başa çatıb. Stasionar müalicəsi davam edən xəstə bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.

Qeyd edək ki, dəyəri kifayət qədər yüksək olan (təxminən 35-40 min AZN) TAVİ əməliyyatı Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz icra edilir.

 

Eldar Tağıyev, tarixçi: 

- "Qədimlərin" dediyinə görə, məşhur fransız komediya ustası Lui de Funesin nənəsi Ərzurum ermənisi olub. Amma bunu sübut etmək hələ ki mümkün olmayıb (Maraqlıdır, görən niyə?). Amma məlumdur ki, Axavni Sarkisyan adlı erməni qadın uzun illər Lui de Funesin evində aşpaz işləyib. Bu qadın mütəmadi olaraq jurnalistlərə maraqlı detallar söyləyirmiş. Məsələn, Luinin necə dolmaya aşiq olduğunu və övladlarının erməni sözlərini öyrənməkdən ləzzət almaqlarını. 1960-cı illərin əvvəllərində Luinin "Maymaq" komediyasında erməni qanqster Leo Saroyan rolunu oynaması və nəvələri Julia, Charles və Andrien Fransa mediasında Artsaxı dəstəkləməsi bizdə də şübhə yaradır.

 

İradə Tuncay, Əməkdar jurnalist:

- ...Hər zaman eyni proseslər gedir. İnsanlar varlanırlar, zənginləşirlər, sonra harınlayırlar, bütün dəyərləri, prinsipləri unudurlar, Allahsız olurlar. Sonra böhran başlayır - maddi, mənəvi. İntiharlar, cinayətlər, müharibələr. Bir azacıq özlərinə gəlirlər, sakitlik yaranır, yeni dövrə keçid alırlar. Xronoloji ardıcıllıqla baxsaq, tarixə məlum olan ilk böhrandan sonra yeni ideologiya - xristianlıq gəldi. Orta əsrlərdəki böhrandan sonra protestantizm və kapitalizm bərqərar oldu. XX əsrin 30-cu illərində nasizm, kommunizm ideyaları tətbiq olunmağa başladı və dünya sosialist və kapitalist düşərgələrinə bölündü. XXI əsrdə  bizi nə gözləyir? Yaşaya bilsək, görəcəyik...

 

Elnur Məcidli, bloger:

- Cəbrayılın yenidən inşasıya bağlı yayılan fotolara, sosial şəbəkələrdə müxtəlif fikirlər və tənqidlər səsləndirilib.

Əvvəla, 5 il əvvəl xəyalını belə qurmadığımız bir layihənin bu gün icrasını görmək və bu fonda tənqidləri eşitmək çox xoşdur. Bu gün, Azərbaycan dövləti, 30 illik işğaldan sonra, öz şəhər, rayon və kəndlərini işğaldan azad edərək və ən əsası öz ərazi bütövlüyünü təmin edərək, işğaldan azad edilmiş ərazilərdə yenidən quruculuq işləri aparır.

Bu tarixi anın fərqində olmaq lazımdır, bu həm də suverenliyimizin təkrar bərpası deməkdir.

Dronla, yaxud quşbaxışı çəkilmiş inşaat ərazisinə gəlincə, düzü, mən bu görüntünü dəmir yumruğa oxşatdım.

İnşaat bitdikdən sonra belə bir simvolik mesaj olub-olmadığını daha yaxşı görəcəyik.

Binaların və məişət obyektlərinin bir-birinə yaxın tikilməsi, əsas tənqidlərdən biridir.

Ancaq bir şeyi unutmayaq. Söhbət 30 ildir, heç bir yaşayışın və infrastrukturun olmadığı yerə yeni bir şəhər salınmasından gedir. Burada, yol, su, kanalizasiya, qaz, elektrik, telefon və s. xətlərin yenidən çəkilməsi məsələsi var və məsafələrin uzaq olması, infrastruktur xərclərini daha çox artıracaq.

Buna qənaət edilib.

Həmçinin, şəkildə inşaat gedən ərazi, Cəbrayıl rayon mərkəzinin ərazisidir, yəni rayonun ilkin nüvə ərazisidir.

İlk köç üçün zəruri sayılacaq bütün təsisatlar nəzərdə tutulmuşdur. Cəbrayıl rayonuna köç, hissə-hissə olacaq və bu, könüllü əsaslarla olacaq. Bu da o deməkdir ki, dövlət öncə öz torpaqlarına könüllü qayıtmaq istəyən əhalinin sayını müəyyənləşdirdikdən sonra yeni və fərqli infrastruktur layihələrinə start verə bilər.

Yuxarıda qeyd etdiyim kimi, inşaat gedən ərazi rayon mərkəzi sayılacaq, əhali köç etdikdən və sosial-iqtisadi inkişafa uyğun olaraq tədricən rayonun genişlənməsi baş verəcək.

Əsas odur ki, öz torpağımızdayıq və Cəbrayıl yenidən Azərbaycanlaşmaqdadır.

Odur ki, pessimist olmağa dəyməz, böyük mənzərədəki kiçik detallar, sizi narahat etməsin, Azərbaycanın gələcəyi daha parlaq olacaq.

Şəhriyar Del Gerani, şair:

- Şəhid ailələrinin tədbirində çıxış edirdim. Dəvət olunduğum yerlərdə çalışıram, ümumiyyətlə, danışmayım, şeiri oxuyum, keçim yerimə. Xüsusilə belə həssas məclislərdə heç danışa bilmirəm, utanıram. Nə danışasan axı...

Xülasə, bu dəfə də belə etdim, şeirləri oxuyub keçdim yerimə. Az keçmişdi qarabuğdayı bir oğlan uşağı yaxınlaşıb soruşdu: "Bir söz deyə bilərəm qulağınıza?"

Dedim, əlbəttə, buyur.

Pıçıldadı ki, "Atama şeir yaza bilərsiz?"

Dedim, niyə yazmıram?! Yazaram. Atan haqda məlumat...

Telefonu alıb vikipediya səhifəsini göstərdi. Nömrəmi verib "Votsapa yazarsan, şeir hazır olan kimi göndərərəm" deyibən sağollaşdım. Bir neçə addım gedib qayıtdı, yenə qulağıma pıçıldadı, "Yazarsınız ki, onun üçün çox darıxıram". Alnından öpüb, "Baş üstə" - dedim, "Yazaram". Getdi. Çox keçmədi yenə qayıtdı, "Əmi, bacım da darıxır onunçün, bunu da yazarsız?"

Dedim, "Gözlərim üstə, onu da yazaram". Getdi. Onsuz da həssas, qəlbiyuxa adamam, özümü güclə saxlayıram ağlamamaqçün. Gördüm yenə gəlir həyəcanla. Gəlib çatdı, iki addım qalmış nə düşündüsə, daşındı fikrindən, qayıtdı. Çağırdım, gəldi.

Soruşdum: Nəsə sözün vardı?

Başını aşağı saldı, qulaqlarınacan qızardı. Boynunu qucaqlayıb, "Utanma, de, nə deyəcəkdin?" - soruşdum.

Dedi, "Heç nə, deyəcəkdim anam... anam da darıxır onunçün, onu da yazın..."

Bunu deyəndən sonra sanki çiyinlərindən yük götürüldü uşağın. Qəflətən üzündə yaşına yaraşmayan qürur peyda oldu və tamamilə təmkinli intonasiyayla sual etdi: Əmi, amma düzünü de, ayıb deyil ki? Hə?

 

Rövşəna Ağasəfqızı, jurnalist:

- Həyacan, sevgi, ehtiras... sevginin desəm ki, müasirləşmiş formasının səhnə təcəssümü...

Zal tamaşaçı ilə dolu idi. Yaşı 18-i keçmiş hər kəs cəsarətli aktyor oyununun şahidi oldular. Akademik Musiqili Teatrda "Qadınım" tamaşasının premyerası... Aktyorlar Əmrah Dadaşov və Gültac Əlili uğurlu seçim idi. Rejissor tərtibatı, dialoqlar, mizanlar tamaşaçını tamaşanı sona qədər izləməyə vadar etdi.

Son illər Musiqili Teatrın repertuarı yaxşılığa doğru o qədər dəyişib ki, artıq tamaşacı bu səhnədə məzmunsuz, boş hırıltı yaradan, duzsuz, şit, bayağı heç nə görmür. Çox şey dəyişib. Zövqlü və düşündürən tamaşalar xeyli artıb. Vacib nüans - teatra teatrı gözəl bilən, mədəniyyətin ən dərin qatından xəbərdar peşəkar və işini mükəmməl bilən adam rəhbərlik edir. Gözəl rejissor və teatr təşkilatçısı Əliqismət Lalayev. Həm də bu tamaşanın bədii rəhbəri. Halal olsun sizə!.. Necə deyərlər, çörəyi ver çörəkçiyə misalı...

Tamaşadan sonra kulisə keçdik. Söz Afaq Bəşirqızında. Səhnəni addımları ilə titrədən, zalı gəlişi ilə ayağa qaldıran, səsi ilə ətrafını gülüşə qərq edən qadın bu dəfə ətrafına, işığına yığılanları kövrəltdi. Əyləşmişdi... hamı ayaqüstə... təsirli idi çox... İmkanınız olsa, baxın tamaşaya. Məncə, hər kəsin həyatından bir epizod var bu tamaşada. Aşiq olan qadın, ehtiras havasında qadının hisslərində rəqs edən kişi...

Tamaşaya baxdıqca bir sual düşündürür. Sevgi uğruna fədakarlığa dəyərmi? Sağ ol deyən yox. Özün də zülm çəkəsən. Axırda da gedə o birinin yanına...

"Qadınım"dan sonra həyatına çəki-düzən verənlər olacaq yəqin. Suala cavab tapsalar, təbii...

 





30.01.2024    çap et  çap et