525.Az

“PAŞA Holding”in baş icraçı direktoru üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


 

“PAŞA Holding”in baş icraçı direktoru üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb<b style="color:red"></b>


“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Elvin Əlizadə və Ülviyyə Mehralıyeva ilə görüşüb.

Müsabiqənin İşçi Qrupundan 525.az-a bildirilib ki, baş icraçı direktor qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluğunu bildirib. Cəlal Qasımov bildirib ki, xüsusi hazırlanmış mentorluq proqramı çərçivəsində qaliblər “PAŞA Holding”in müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaq, ixtisaslarına uyğun xüsusi sahələr üzrə bilik və bacarıqlarının inkişafına yönəlik fəaliyyətlərə cəlb olunacaqlar.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Cəlal Qasımova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Sevinc Qarayeva 

 





30.01.2024    çap et  çap et