525.Az

Texas Baydenə qarşı - müstəqillik nə dərəcədə realdır?


 

Texas Baydenə qarşı - müstəqillik nə dərəcədə realdır?<b style="color:red"></b>

ABŞ-da seçki ilində daxili gərginlik pik həddə çatıb. Bayden administrasiyasının yanlış idarəçiliyi, bir sıra səhv qərarları respublikaçıların xeyrinə vəziyyəti dəyişməklə yanaşı, Birləşmiş Ştatları vətəndaş müharibəsinə sürükləyir. Üstəgəl, Texas ştatında Ağ Evə qarşı üsyan, hətta müstəqillik tələbinin irəli sürülməsi, mərkəzdənqaçma meyllərinin gücləndiyini göstərir. Baş verənlər ABŞ-ın parçalanma ehtimalını gündəmə gətirib.

Məlumat üçün bildirək ki, böhrana səbəb qeyri-qanuni miqrant məsələsi olub. ABŞ-la Meksika arasında sərhəddə qanunsuz miqrant axınının artması Texas ştatı ilə federal hakimiyyət orqanları arasında açıq qarşıdurmaya çevrilib. Bu vəziyyət bir neçə ildir ki, davam edir və Ağ Ev rəhbəri Co Bayden qarşıdurmanın kəskin fazaya keçməsinin qarşısını almaq üçün vaxtında tədbirlər görməyib.

Hələ 2021-ci ildə Texas qubernatoru Qreq Abbott "Tək ulduz" əməliyyatının başladığını elan edib. Buna səbəb Amerika administrasiyasının miqrasiya qanunlarını yumşaltmaq qərarı olub. Əməliyyatın mahiyyəti ondan ibarət idi ki, yerli hüquq-mühafizə orqanları sərhədi müstəqil şəkildə patrul etmək hüququ əldə etmişdilər. Bunun üçün də sərhədin perimetri boyunca tikanlı məftillər çəkildi. Vaşinqton indi onun sökülməsini tələb edir.

CNN-in məlumatına görə, təkcə 2023-cü ilin dekabrında 225 min insan sərhədi qanunsuz keçib ki, bu da 2000-ci ildən bəri rekord göstərici hesab olunur.

2024-cü ilin əvvəlində vəziyyət federal mərkəzin nəzarətindən çıxmağa başlayıb, yanvarın 13-də İql Pass şəhəri ərazisində federal və yerli qüvvələr arasında qarşıdurma demək olar ki, silahlı toqquşmaya keçib. Texas səlahiyyətliləri Vaşinqtonun qeyri-qanuni mühacirlərin yerləşdirilməsi məntəqəsi kimi istifadə etdiyi Şelbi parkını nəzarətə götürüb. Ağ Ev Texasın hərəkətlərini dövlət sərhədinin ələ keçirilməsi kimi qiymətləndirib.

Yanvarın 22-də ABŞ Ali Məhkəməsi Baydeni müdafiə edərək, ştatın təhlükəsizlik qüvvələrinin hərəkətlərinin Konstitusiyaya zidd olduğunu bəyan edib və qoyulmuş maneələrin sökülməsinə göstəriş verib. Texas rəhbərliyi məhkəmənin qərarına tabe olmayıb.

Gərginliyə səbəb olan məsələlər arasında Ukrayna üçün ayrılan böyük məbləğdə xərclər, Yaxın Şərqdə iştirakçılıq da var.

Respublikaçıların tələblərinə 25 ştatın respublikaçı qubernatorları da dəstək verir. Onlar hətta Bayden hökumətini "Texas ştatına təcavüz etməkdə" günahlandırıblar. Çünki Ağ Evdəkilər Texasa təkcə Ali Məhkəmənin qərarını yox, həm də xüsusi təyinatlı qoşun birləşmələri göndəriblər.

Öz növbəsində 25 ştat bəyan edib ki, Texası dəstəkləmək üçün öz milli qvardiyaçılarını göndərməyə hazırdırlar. Onlar bildirib ki, qanunun aliliyini qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək əvəzinə, Bayden administrasiyası hücuma keçdi.

Bundan əlavə, ABŞ-nin 26 ştatının respublikaçı baş prokurorları da Texas qubernatoru Qreq Abbotun "miqrant işğalı"na dair mövqeyini müdafiə edib.

Onların Prezident Co Baydenə və daxili təhlükəsizlik katibi Alexandro Mayorkasa ünvanladığı məktubda vurğulanıb ki, Texasın yerləşdirdiyi bariyerlərin federal hökumət tərəfindən dağıdılmasına çalışılmasına rəğmən, öz sərhədinin mühafizəsinə çalışması alqışlanmalıdır.

Respublikaçı potensial namizəd Donald Tramp prezidentliyi dövründə daxili siyasətə, o cümlədən, sərhəd məsələsinə xüsusi diqqət yetirirdi. 2020-ci ilin sonuna qədər ABŞ-Meksika sərhədindən çox az sayda miqrant keçmişdi. Respublikaçılar hesab edirlər ki, Ukrayna məsələsi deyil, sərhəddə milli təhlükəsizlik prioritet olaraq qalmalıdır. Lakin administrasiya güzəştə getmək istəmir.

Həqiqətən də, demokratların daxili və xarici siyasətdəki səhvləri fonunda Donald Tramp indi təkcə respublikaçıların prezidentliyə namizədləri arasında partiyadaxili yarışda deyil, həm də seçkiqabağı sorğularda liderlik edir. "Reuters"in sorğusuna görə, amerikalıların demək olar ki, 40 faizi keçmiş liderə səs verməyə hazırdır, sorğuda iştirak edənlərin 34 faizi isə Baydeni dəstəklədiyini bildirib.

Keçmiş prezident Donald Tramp bir neçə gün əvvəl ABŞ-nin "ölməkdə" olduğunu bəyan edib: "Ölkəmiz ölür. Sərhədimiz açıqdır. Bu, açıq yaradır. Əvvəllər belə hal olmayıb".

Görünən odur ki, Trampın reytinqinin artması demokratların ona qarşı təzyiqlərini də artırıb. 2020-ci ildə seçkilərdə Trampın seçilməməsi üçün poçtla səsvermə daxil olmaqla, bütün saxtakarlıqlara əl atan demokratlar indi də onun hakimiyyətə yolunu bağlamaq üçün çoxsaylı cinayət işləri, həbs təhlükəsi, bir sözlə, mümkün vasitələrin hər birindən istifadə edirlər. Prosesləri izləyəndə, indidən seçki saxtakarlığına hazırlıq görüldüyünü də müşahidə etmək mümkündür. Bu sırada sosial mediada feyk və dezinformasiyaları da qeyd etmək lazımdır. Eyni zamanda əvvəlki seçkilərdə səslərin hesablanması zamanı da saxtakarlıq edilib.

Bütün baş verənlərin fonunda, Texas ştatının ayrılması nə dərəcədə real görünür. Əvvəlcə onu vurğulayaq ki, ABŞ özü indiyədək bir sıra ölkələrdə separatçıları dəstəkləyib, onlara maliyyə yardımı göstərib. Qarabağdakı keçmiş separatçılara Vaşinqtonun dəstəyini qeyd etmək kifayət edir. İndi özü analoji vəziyyətlə üzləşib.

Vurğulayaq ki, Texasda müstəqillik istəkləri Texit kimi tanınır - Böyük Britaniyanın Brexitinə bənzəyir. Bir çox mühafizəkar cənub əyalətləri də demokratların immiqrasiya siyasətlərinə çox mənfi yanaşır və onların sakinlərinin Birləşmiş Ştatlardan ayrılma ilə bağlı fikirlərini getdikcə daha çox eşitmək olur.

2023-cü il dekabrın əvvəlində TNM (Texas Milliyyətçi Hərəkatı) 2024-cü ilin martında keçiriləcək praymerz zamanı seçki bülleteninə məsləhət xarakterli ayrılma referendumunu daxil etmək üçün müraciət etdi. Petisiya təxminən 140 min imza toplasa da, rədd edildi.

Onu da vurğulayaq ki, yerli sakinlər mühacirlərə çox mənfi münasibət bəsləyirlər, çünki onların bəziləri ştatdan uzağa getmir və burada məskunlaşır.

Statistikaya əsasən, 2021-ci ilin martına qədər miqrant axını Trampın dövründəkindən iki dəfə çox artıb. 2023-cü ilin ortalarında sərhədi keçənlərin sayı aylıq doğum nisbətini ötüb. Ştat qubernatoru bəyan edib ki, yaxın gələcəkdə ştatın ağdərili olmayan əhalisi çoxluq təşkil edəcək.

Beynəlxalq məsələr üzrə ekspertlər hesab edirlər ki, 2020-ci ilin son seçkilərində olduğu kimi, mümkün saxtakarlıqlar qəbuledilməz olacaq və buna cavab olaraq ölkədə sabitlik pozula bilər. Demokratlar 2020-ci il seçki ssenarisini təkrarlamağa cəhd etsələr, poçtla səsvermə kütləvi saxtakarlıq ittihamlarına səbəb olarsa, o zaman respublikaçı ştatlar ayağa qalxıb daha güclü və güzəştsiz hərəkət edəcəklər.

Bununla belə, sərhədlər məsələsi mühafizəkar respublikaçılarla demokratlar arasında yeganə mübahisə mövzusu deyil. Bayden administrasiyasının BLM (Qaraların Həyatı Əhəmiyyətlidir) və LGBT hərəkatı ilə bağlı siyasəti də əsasən respublikaçılar olan ayrı-ayrı ştatların hakimiyyət orqanları və əhalisi tərəfindən düşmənçiliklə qarşılanır. Bununla belə, miqrant məsələsi respublikaçılar üçün qırmızı xətt olaraq qalır.

Siyasi şərhçi İlyas Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, ABŞ-da cərəyan edən hadisələr, ictimai-siyasi narazılıqlar, ölkənin vətəndaş qarşıdurması həddində olması birbaşa siyasi hakimiyyətin uğursuzluğu və Co Bayden administrasiyasının ümumilikdə fiaskosu ilə əlaqədardır: "Biz görürük ki, Bayden anlayır ki, noyabrda keçiriləcək seçkilərdə uduza bilər, ona görə də bürokratik aparatı işə salır, müxtəlif inzibati resurslardan istifadə edərək seçkilərdə qalib gəlmək niyyətindədir. Baydenin idarəçiliyi dövründə sosial narazılıqlar və ictimai rəydə neqativlər çox güclənib. Bu gün biz görürük ki, media səviyyəsində də Trampa qarşı təzyiqlər başlayıb. Çoxsaylı cinayət işləri, həbs təhlükəsi və s. Trampın hakimiyyətə gedən yolunu kəsmək üçün demokratlar bütün mümkün vasitələrdən istifadə edirlər. Bu, demokratiyanın ümumi dəyərinə və prinsiplərinə ziddir. ABŞ hər zaman demokratiya müstəvisində dünyaya dərs keçməyə çalışıb. Dünyanı demokratiya pərdəsi altında öz imperialist maraqları ilə zəbt etmək hədəflərini qoyub və bu gün ABŞ-nin daxilində məhz demokratiya və antidemokratiya mübarizəsi gedir və demokratlarla respublikaçılar arasında, bilavasitə Tramp və Bayden arasında şəxsi münasibətlər zəminində də gərginlik müşahidə olunmaqdadır. ABŞ daxilində gedən bu siyasi mübarizə həm də daxili və xarici siyasətdə atılan uğursuz addımların da nəticəsidir. Çünki Rusiya, Ukrayna müharibəsi, Yaxın Şərqdə cərəyan edən proseslər ABŞ-da vətəndaşları yenidən iqtisadi rifahın gücləndirilməsinə, sosial təminatın həyata keçirilməsinə bütün diqqətləri yönəltməyə sövq edir. Bu meyarlar da ağıla gələndə Tramp xatırlanır və bütün bunları anlayan demokratlar bu gün hakimiyyətdə qalmaq üçün bütün imkanlarını səfərbər edirlər".

 

 





31.01.2024    çap et  çap et