525.Az

"Avropa Şurasında antitürk, antimüsəlman ab-havası var"


 

ASİM MOLLAZADƏ: "MAKRON HAKİMİYYƏTİ AVROPA İTTİFAQINA ÜZV ÖLKƏLƏRİ AZƏRBAYCANA TƏZYİQ GÖSTƏRMƏK ÜÇÜN ŞANTAJ EDİR"

"Avropa Şurasında antitürk, antimüsəlman ab-havası var"<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanla bağlı qəbul edilən qərarla bağlı narazılıqlar artmaqdadır. Ölkəmizin uğurlarını, regional gücə çevrilməsini, ən əsası isə öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsini həzm edə bilməyən antiazərbaycan qüvvələr müxtəlif çirkin vasitələrə əl atmaqdadırlar. Fransanın rəhbərlik etdiyi bu kampaniya çərçivəsində BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qətnamə qəbulu üçün dəfələrlə müraciət olunsa da, bu cəhdlər fiaskoya uğradı. Təəssüf ki, Avropa Parlamenti, ardınca AŞPA antiazərbaycan qüvvələrinin diktəsi ilə hərəkət etdi.

Müstəqillik qazandıqdan sonra əraziləri işğal olunan Azərbaycanın üzv olduğu təşkilatlarda əsas məqsədi işğala, etnik təmizləməyə, soyqırımına məruz qalmasını bütün platformalarda beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Lakin 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan bu qurumdan ədalətli mövqe görməyib.

Ermənistanın işğalına, bir milyona yaxın insanımızın qaçqın və məcburi köçkün düşməsinə, onların bütün hüquqlarının pozulmasına susan, adekvat reaksiya göstərməyən AŞPA, indi Fransa və Almaniyanın sifarişi ilə heç bir əsası olmadan Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Bununla da ədalət hissini itirdiyini, təməl prinsiplərdən biri olan insan haqlarını məhz özünün pozduğunu göstərdi. Çünki qeyd etdiyimiz kimi, azərbaycanlılar 30 ildən artıqdır ki, öz yurd-yuvalarından didərgin düşüblər, ermənilər tərəfindən zorakılığa, görünməmiş vəhşiliklərə, soyqırıma, qətliamlara məruz qalıblar. Üstəgəl, onların bütün əmlakları talan edilib. Qarabağ erməniləri isə öz könüllü seçimləri əsasında bölgəni tərk ediblər. Onların köçü çox rahat şəkildə, bütün beynəlxalq normalara əməl olunmaqla baş tutub. Bu cür münasibət həm də Azərbaycan dövlətinin humanistliyini nümayiş etdirdi. Azərbaycan dövləti və xalqı hər zaman insani dəyərlərə, humanizmə böyük önəm verib. Hətta müharibəni belə ləyaqətlə, bütün müharibə qanunlarına riayət edərək aparmağı bacarıb. Ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmayıb.

Qeyd edək ki, AŞPA-nın qərəzli mövqeyinə cavab olaraq ölkəmizin parlament nümayəndə heyəti əməkdaşlığı və orada iştirakını dayandırmasına dair bəyanat yaydı. Bəyanatda vurğulanıb ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə, regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Məlum olduğu kimi, ölkəmizin qurumun Parlament Assambleyasındakı səsini dondurmaq təşəbbüsünün müəllifi almaniyalı deputat Frank Şvabedir. O, hər zaman Azərbaycana qarşı qərəzli olub, ermənipərəst mövqe sərgiləyib, eyni zamanda adı siyasi korrupsiyada hallandırılıb. 2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞPA-nın müşahidə missiyasının rəhbəri olmuş Şvabe qərəzli bəyanat səsləndirib. Onun ölkəmiz əleyhinə AŞPA-nın qış sessiyasında səsləndirdiyi iddiaları da heç bir fakta əsaslanmır. Laçın yolu, guya Qarabağdakı ermənilərin blokadaya alınması, onların köç zamanı "zorakılığa" məruz qalması və s. iddiaları qərəzlidir, ölkəmiz əleyhinə aparılan kampaniyanın tərkib hissəsidir.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "525"ə şərhində deyib ki, AŞPA-nın bu mövqeyi gözlənilən idi: "Ona görə də onların qərarını təəccüblə qarşılamadıq. Çünki qurumda bizə qarşı bu cür qərarın çıxarılmasına stimul verən və Azərbaycana hücum edən Fransadır. Görünən odur ki, Fransa bu istiqamətdə çox ciddi hazırlıqlar görüb".

Deputat hesab edir ki, Paris bir sıra dövlətləri, o cümlədən, Avropa İttifaqına üzv ölkələri Azərbaycana təzyiq göstərmək üçün şantaj edir: "Makron hakimiyyəti deyir ki, əgər bu təzyiqi etməsəniz, Aİ-yə maliyyə yardımını kəsəcəyik. Bununla yanaşı, ölkəmizə qarşı bu cür qərəzli siyasəti həyata keçirənlər siyasi korrupsiyaya uğramış sosialistlər, radikal solçulardır. Məqsəd Azərbaycanla Avropa arasında problem yaratmaqdır. Bütün bunlar heç bir nəticə verməyəcək. Yəni bunlar siyasi oyunlardır, siyasi korrupsiyanın nəticəsində yaranmış vəziyyətdir. Avropa Şurası əslində zərbəni özü-özünə endirib".

A.Mollazadə deyib ki, Azərbaycana qarşı səsləndirilən iddialarda ölkədə insan hüquqlarının pozulması, Avropa missiyasının Laçın sərhəd-buraxılış məntəqəsinə buraxılmaması, erməniəsilli sakinlərə qarşı Azərbaycanda zorakılığın tətbiq edilməsi və bir sıra fərqli bəhanələr uydurulur: "Əslində isə onlar heç öz ölkələri daxilində proseslərə nəzarət edə bilmirlər. Fransada yəhudilər qaçırılır, müsəlmanlara qarşı zorakılıq tətbiq edilir, məscidlər yandırılır, rasizm çox ağır həddə çatıb. Korsikada parlamentdə yerli nümayəndələr öz dilində danışa bilməz. Bu, ağla sığmayan bir qərardır. Bu hansı haqqa, hüquqa, insan haqlarının qorunmasına, müdafiəsinə, Avropanın hansı dəyərinə söykənir.

A.Mollazadə Gürcüstan, Ukrayna və Moldovanın AŞPA-da Azərbaycanla bağlı sərgilədikləri mövqelərinə də toxunub. Onun sözlərinə görə, bu ölkələr heç vaxt Azərbaycana dəstək verməyiblər. Hər zaman Qərblə hansısa qarşıdurmalardan yayınıblar: "Xüsusilə, onların Avropa İttifaqı ilə əməkdaşlığının statusu qaldırılıb. Burda da xüsusi rolu Fransa oynayıb. Bununla onları bir növ təsiri altında saxlayıb. Amma heç vaxt burda aktiv olmayıblar. Bəzi deputatları var ki, Azərbaycana dəstək verib. Lakin onlar ümumiyyətlə səsvermə zamanı ənənəvi olaraq zaldan çıxırlar. Azərbaycanın yanında Türkiyə olub, Türkiyə var və həmişə də olacaq. Bu hücumlar eyni zamanda Türkiyəyə olan hücumlardır.  Avropa Şurasında ənənəvi olaraq antitürk, antimüsəlman ab-havası var. Bu da yəqin ki, bəzi ölkələrin deputatlarını stimullaşdıran bir amildir. Onların müsəlmanlara qarşı, türklərə qarşı mənfi münasibətləri var, bütün Avropa strukturlarında bir növ səlib yürüşü ab-havasında siyasətlərin həyata keçirirlər.

Azərbaycan hər zaman özünün haqq işini dünyaya çatdırmaq üçün bütün platformalardan istifadə edir. Sadəcə olaraq bu tərzdə Azərbaycana yanaşmaq təbii ki, qəbuledilməzdir. Azərbaycan heç kimə bu cür yanaşma nümayiş etdirməyə, onunla kiminsə müəllim kimi davranmasına, təzyiq dili ilə danışmağa cəhd göstərməsinə imkan verməyəcək. Biz müstəqil dövlətik və öz müstəqilliyimizə də çox böyük önəm veririk. Xüsusən qələbədən, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra".

 

 





01.02.2024    çap et  çap et