525.Az

Dərindən gələn səslər - Türkan Turan yazır


 

Dərindən gələn səslər - <b style="color:red"> Türkan Turan yazır</b>

Ötən həftə Şərq və Qərb mədəniyyətlərinin təmsilçiləri olan iki böyük dahinin həyatları və əsərləri, Night Shift çərçivəsində reallaşan "Dərindən gələn səslər: Baxdan İtriyə" adlı möhtəşəm proqramı Şərəfiyə sarnıcında baş tutdu.

1600 illik sarnıcarnıcın belə əsrarəngiz kültür və sənət tədbirlərinə ev sahibliyi etməsi gözəl hadisədir. Məkanın mistik atmosferi zərif notlarla birləşib möcüzəvi bir harmoniya yaradır. Səslər dərindən, ən dərindən, sanki yüz illər öncədən gəlir. Proqram davam etdikcə duyğuların da bir-birinə qarışır. Gah bu gündə qalırsan, gah İtri və Bax dönəminə gedirsən, gah o an içində oturub musiqi dinlədiyin sarnıcın içində vaxtı ilə ölən insanları xatırlayırsan. Hal belə olunca, arada bir özünü suçlu hiss elədiyini də görürsən. Sonra düşünürsən ki, həyat budur - heç kim, heç nə əbədi deyil. Hər şey zamanında olur, olmağı lazım olan məqamda. İnsanlığa gəldikdə isə... hamımız gəldi gedərik, bu gün qanımızın axdığı yerdə sabah başqaları gül əkəcək, rəqs edəcək. İstədiyimiz qədər vəfadan, sədaqətdən ya da sədaqətsizlikdən, insanlıqdan və ya qeyri-insanlıqdan şikayətlənə bilərik, amma həyatın gerçəyi budur. Heç birimizə güzəştə getmir, heç birimizə güzəştə getməyəcək!

 

Rəqs edən ruhlar

 

Proqrama böyük maraq vardı. Qapının önündəki uzun və həyəcanlı növbələr bunun sübutu idi. Keçmişlə gələcəyi ortaq nöqtədə birləşdirən məkanda dərin bir məna daşıyan bu tədbir gözləyənlər üçün əsl hədiyyə idi. Möhtəşəm musiqilər arnıcın bənzərsiz atmosferi və mükəmməl akustikası ilə birləşərək izləyicilərin üzərində unudulmaz bir iz qoydu. İhtişamlı sütunlar və qeyri-adi su kanalları arasında, konsertin ahəngi bu möcüzəvi yerdə əks-səda yaradaraq hər kəsi dərindən təsirləndirdi. Sarnıcın əfsanəvi gücü burada önəmli rol oynadı. Suyun axıntısı, məkanın memarlığı, musiqinin səsi sanki bir-biri ilə rəqs edən ruhlar kimi insanları sehirlədi. Keçmişdən gələn səslər bu günə qarışaraq iştirakçıları həzin və dərin bir səyahətə çıxmağına səbəb oldu. Musiqi zamanın sərhədlərini aşdı.

 

Ortaq miras: Bax və İtri

 

İnsanlığın ortaq mirası olan Bax və İtrinin əsərlərinin dinləyicilər qarşısına çıxdığı bu tədbirdə, musiqinin mənəvi gücünə və fərqli mədəniyyətlərdən gələn insanların bir-birilərini anlaya biləcəyi ortaq dil olduğu həqiqətinə bir daha şahidlik etdik.

Occident İstanbul orkestrının qatqıları ilə gerçəkləşən gecəni Hakan Dədələr tanburu, Eyüpcan Açıqpazu insanı başqa aləmlərə aparan neyi, Nurullah Əjdər az qalsın dil açdırıb danışdırdığı qanunu, Ayşənur Ayyıldız Haksoy divarları inlədən səsi, Gülşah Erol kontrabası, Hande Öndər pianinosu, Serhan Bali isə həm səsi, həm də hekayələri ilə gecəni ölümsüzləşdirdilər.

O gecə Bax və İtri layiq olduqları yerdə idilər; tarixin içində, sevənlərinin qulağında, ürəyində və ən ülvi duyğularında.

Buhurizadə Mustafa İtri 1640-1711-ci, İohann Sebastyan Bax 1685-1750-ci illərdə yaşayıblar. Hər ikisi dünya durduqca var olacaq dahilərdəndilər. Bu iki böyük insan iyirmi beş illik müddətdə iki fərqli mədəniyyətin qütbləri olaraq dünyamızı şərəfləndirdilər və hələ də buna davam edirlər.

 

Qəhvə kontatası

 

Son zamanlarda qatıldığım ən təsirli proqramlardan birinin, hətta birincisinin "Dərindən gələn səslər" olduğunu desəm yəqin ki, yanılmaram. Şərqlə Qərbin birləşdiyi şəhərdə, 1600 illik tarixi keçmişi olan sarnıcda Şərqlə Qərb mədəniyyətlərinin unudulmaz təmsilçilərinin əsərlərini eyni anda dinləmək insanda bənzərsiz hisslər yaradır.

Möhtşəm konsert Serhan Balinin aparıcılığı ilə sənətçilərin həyatlarına dair maraqlı detallar ilə rəngləndirdi. Ümumilikdə 13 əsər səsləndirildi. Hər birinin ayrı-ayrı hekayəsi olan bu əsərlərdən ən maraqlısı isə Baxın "Qəhvə kantatası" oldu. Hətta əsəri Serhan Bali ilə soprano Ayşənur Ayyıldız Haksoy həm oxudu, həm də səhnələşdirdilər və ortaya maraqlı anlar çıxdı.

Bali, əsərin hekayəsini nəql etməyə başladı.

Qəhvənin tarixi 1670-ci illərdə Almaniyaya gedib çıxıb, 1721-ci ildə isə ölkənin ən böyük şəhərlərində qəhvəxanalar açılıb. Həmin vaxtlar qəhvəni yuxarı təbəqə təmsilçiləri içirdilər. O zamankı həkimlər, elm adamları isə bu içkinin ölümcül təsirlərinə dair açıqlamalar verirdilər. Sebastyan Baxın məşhur "Qəhvə kantatası" 1730-cu illərdə həm qəhvə sevərlərə, həm də qəhvəyə qarşı çıxanlara yazılan həcv, təkpərdəli operattadır. Həmçinin "Qəhvə kantatası" Baxın dindən kənar məsələyə toxunan nadir əsərlərindəndir.

Bir gün Bax Picander ləqəbli şair dostunun "Paris nağılları" əsərində Fansadakı qəhvə və sağlamlıqla bağlı mübahisələrə toxunan, əslində isə Almanyadan bəhs olunan lirik bir mətnini oxuyur. Sonra Picanderdən qadınların qəhvə çılgınlığı barədə bir libretto yazmasını istəyən Bax möhtəşəm bəstəsini bu hekayə üzərində qurur. Əsərdə valideynlərin uşaqlarını necə böyütdükləri, o dönəmdə qadın olmaq və qəhvə içməyə qarşı söylənilən fikirləri açıq şəkildə görmək mümkündür. Kantatanın qəhrəmanlarından biri qəhvəni sevən Lisegen adında gənc və həyat dolu bir qızdır. Məsələn, Liesgenə görə qəhvə min öpüşdən daha dadlıdır, şərabdan daha ləzzətlidir. Fəqət, atası Şilendir qızının qəhvədən bu qədər zövq almasına qarşı çıxır və onu bu içkidən çəkindirməyə çalışır. Liesgen isə atasının hər israr və danlağında qəhvəni nə qədər sevdiyini göstərən cavablar verir: "Ata, bu qədər hirslənmə. Əgər gündə üç dəfə qəhvə içməsəm, quruyub qaxaca dönərəm". Atası qızının cavabından məmnun olmadığı üçün ona deyir ki, "əgər belə davam etsən, toya getməyəcəksən, gəzintiyə çıxmayacaqsan, hətta pəncərədən belə baxa bilməyəcəksən". Qız isə bu təhdidləri vecinə almır. Qızının qəhvəyə görə hər şeydən vaz keçməyə hazır olduğunu görən ata axırda ən ciddi təhdidini işə salır. Deyir ki, əgər qəhvədən əl çəkməsən, səni heç vaxt ərə verməyəm. Qız bu dəfə yumşalır, qəhvə içməyəcəyini deyir. Çünki evlənəcəyi insanla çoxdan tanış olub və evlilikləri boyu qəhvə içə biləcəyinə dair ondan söz alıb. Yəni əri heç vaxt onun qəhvə içməyinə qarışmayacağını deyib. Qəhvə və içkilərdən bu qədər həzz almağın ailə qızına münasib bilməyən ataya görə qəhvəxanalar qadınların yeri deyil. Liesgenə görə isə pişik siçandan əl çəkməyəcəyi kimi gənc qadınlar da qəhvədən uzaq durmayacaqlar. Beləcə, əsərdə qəhvəyə nə qədər məna yükləndiyini həm kültür, həm də fiziki yöndən görürük. Yeri gəlmişkən, klassik musiqini sevən və dinləyən biri olaraq, mən Baxın bu möhtəşəm əsəri ilə o gecə tanış oldum.

 

Şərəfiyə sarnıcı

 

Şərəfiyə sarnıcı görüləcək yerlər siyahımda olan, ancaq fürsət tapıb gedə bilmədiyim yerlərdən idi. Açığı, proqramın Yerəbatan sarnıcında baş tutacağını düşünürdüm. Daha doğrusu, əziz dostumun sayəsində iki sarnıcı bir-birinə qarışdırmışdım. Demək olar ki, Şərəfiyə sarnıcı Yerəbatan sarnıcı ilə eynidir. Sadəcə bura bir az daha kiçikdir. Tarixdə iki önəmli imperatorluğa paytaxt olan İstanbulun su ehtiyacını qarşılamaq üçün vaxtilə şəhərdə 200-ə yaxın sarnıc inşa edilib. Şərəfiyə sarnıcı, 443-cü ildə Bizans imperatoru İkinci Feodosinin əmri ilə Bozdoğan kəmərindən su depolamaq məqsədi ilə 15 il davam edən inşa işlərindən sonra ərsəyə gəlmişdi. İstanbulun tanınan iki sarnıcı - Yerəbatan sarnıcı və Bindirdirək sarnıcı olsa da, əslində Şərəfiyə sarnıcı bu iki sarnıcdan və hətta Ayasofyadan belə daha qədimdir. Eyni zamanda Minbirdirək sarnıcı ilə Yerəbatan sarnıcı ilə bağlantılı olduğu bilinməkdədir.

Çəmbərlitaş adlı yerdə tikilən Şərəfiyə sarnıcının üzərində 1910-cu ildə Arif Paşa köşkü, 1950-ci illərdə isə Eminönü bələdiyyəsinin köhnə binası vardı. 2010-cu ildə İstanbul Bələdiyyəsi tərəfindən köşk və bələdiyyənin köhnə binası dağıdıldı, səkkiz il davam edən retavrasiya işləri başladıldı. Sarnıc 2018-ci ildə istifadəyə açıldı.

Sarnıcın xarici görünüşü xüsusi şüşə və dəmir konstruksiya ilə əhatələnərək daha dayanıqlı vəziyyətə gətirilib. Bu dizayn sarnıca estetik cazibə qatıb.

Dərindən gələn səslərə gəlincə isə, mənim üçün unudulmazlardan oldu.

 





01.02.2024    çap et  çap et