525.Az

Ədəbiyyatın və elmin ictimai təşkilatlanma formaları - Səlahəddin Xəlilov yazır


 

Ədəbiyyatın və elmin ictimai təşkilatlanma formaları - <b style="color:red">Səlahəddin Xəlilov yazır</b>

Hər bir fəaliyyət sahəsinin ictimailəşməsi və sosial strukturu onun əsas funksiyasına uyğun olur. Elmin məqsədi ağlın gücü ilə obyektiv reallığı öyrənmək, həqiqəti üzə çıxarmaqdır. Elmi yaradıcılıq hamı üçün əlçatan deyil, xüsusi elmi potensiala yiyələnmiş insanlar - mütəxəssis alimlər üçündür. Bədii yaradıcılıq, ədəbiyyat da xüsusi istedad tələb edir. Amma elm və ədəbiyyatın fərqi sadəcə bunda deyil ki, onların məqsədi və predmetləri fərqlidir və ya birində yüksək məntiqi təfəkkür, o birində yüksək bədii təfəkkür tələb olunur. Fərq həm də ictimai funksiyada və sosial təşkilatlanma formalarında özünü göstərir.

Elmin dili ixtisaslaşmış dildir və onu ancaq müvafiq elm sahəsinin adamları, mütəxəssis alimlər anlayırlar. Ədəbiyyat isə hamı üçündür. Yəni ədəbi əsərlər müvafiq dilin daşıyıcısı olan bütün xalq kütləsinə ünvanlanmış olur. Onun predmeti də, hədəfi də insandır.

Doğrudur, hansı dildə yazılıbsa, onu ancaq həmin dili bilənlər oxuya bilir, amma hamı üçün əlçatan olması üçün bədii tərcümə qapısı da açıqdır. Elmdə isə onun hansı danışıq dilində yazılması önəmli deyil, çətinlik törədən onun ixtisaslaşmış bilik tələb etməsidir.

Amma elmin mənimsənilməsi və tətbiqi də hamı üçün deyil. Ədəbiyyat isə obyektiv reallığı yox, insanın özünü, iç dünyasını və iç ilə dışın münasibətlərini işıqlandırır. Onun hədəfi obyektiv dünyanın deyil, insan dünyasının həqiqətdir: insanın simasını, yaşadığı dəyişik halları üzə çıxarmaqdır. F.Şellinq sənətin, ədəbiyyatın özəlliyini araşdırarkən vurğulayır ki, ideal və real dünyanın üç əsas potensiyası - Həqiqət, Xeyir və Gözəllikdir. Bax, bu potensiyaların üçü də ədəbiyyatın hədəfindədir, həm də ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqə və vəhdət halında.

Bəziləri belə hesab edir ki, sənətkarın vəzifəsi ancaq özünü ifadə etməkdir, tərbiyə vermək, öyüd-nəsihət əsl sənətin işi deyil. Bəs onda meyar kimi nə qalır? Əgər yazıçı öz içində olanlardan xəbərsizdirsə və özünü ifadə edərkən başqalarına xeyirmi, yoxsa şərmi təlqin etdiyinin fərqində deyilsə, bu, kortəbii yaradıcılıqdır. Həqiqi yaradıcılıq mühitin, dışdakı reallığın könül dünyası ilə, içdəki reallıqla qarşılıqlı əlaqəsini, dialektikasını üzə çıxarmaqdır. Fəlsəfə və ədəbiyyat bir də bu ortaq məkanda görüşmüş olur.

Fəlsəfə ilə ədəbiyyat arasındakı iç-içəlik təbiidir, çünki hər ikisinin əsas mövzusu insan, onun iç dünyası, mənəvi aləmdir. Yəni sadəcə "ədəbiyyat elminə" deyil, ədəbiyyat fəlsəfəsinə də ehtiyac var. Həm də daha çox ehtiyac var. Xüsusən ədəbi tənqid sahəsi filoloji fakültələrin kurikulumuna sığmır. Nəyinsə içində oturub onu bir bütün olaraq görmək mümkün deyil. Bədii yaradıcılığa qiymət vermək, ona tənqidi yanaşa bilmək üçün yazıçının ideya platformasından ən azı bir mərtəbə yüksəkdə durmalı, bədii təfəkkür və ümumiyyətlə idrak nəzəriyyəsinə bələd olmalısan. Amma bu da azdır, tənqidçi ədəbi-bədii yaradıcılığın ideya hədəflərinə bəşəriyyətin ideya arsenalı zirvəsindən baxmalıdır. Başqa sözlə, tənqidçi üçün sadəcə filoloji biliklər yetərli deyil, fəlsəfi təfəkkür vərdişləri də mənimsənilməlidir. Ancaq bu halda konkret bir bədii əsərdə ifadə və tərənnüm olunan ideyalar dünya fəlsəfi fikrində min illər ərzində araşdırılmış və sistemləşdirilmiş ümumbəşəri ideyalar kontekstində müqayisə və təhlil oluna bilər.

Ədəbiyyat fəlsəfəsi də ədəbiyyat elmi kimi, iki fərqli pilləni əhatə edir: biri - konkret bədii əsərin ideya müstəvisində təhlilidir ki, buna adətən ədəbi tənqid deyirlər. O biri - bütövlükdə ədəbiyyatın, ədəbiyyat universiumunun, empirik elmi səviyyədə deyil, fəlsəfi-estetik səviyyədə mənimsənilməsi, tənqididir ki, bu da estetikaya və sənət fəlsəfəsinə aid olur (hərçənd əksər hallarda onları ayırmır, eyniləşdirirlər). Bəs "ədəbiyyat elminə" nə qalır? - Ədəbiyyatın empirik elmi analizi. Niyə empirik, - çünki o, əsərin məzmununu, ədəbi ideyaları deyil, ədəbi materialın formalarını öyrənir. Necə ki, botanika, zoologiya bitki və ya heyvanların təsnifatı və qruplaşdırılmasından çıxış etdiyi üçün empirik elmlərə, "ümumi biologiya" isə, onların bir üst qurumu kimi, nəzəri elmlərə aid edilir. Beləliklə, "ədəbiyyat nəzəriyyəsi" deyilən sahə əslində ədəbiyyatın empirik elmi analizi ilə estetika arasındakı məkanı əhatə edir. Fərqli nəzəriyyəçilər problemə olduqca fərqli dərinliklərdə daxil olurlar: kimiləri təsnifata, kimiləri isə mahiyyətə üstünlük verir.

Poeziya da iki fərqli anlamda: poetikliyin tərkib hissəsi olaraq, şeiriyyət/nəzm anlamında və bir də bədiiyat anlamında, daxili ahəng, ideyanın harmonik təcəllisi kimi başa düşülür. Bircə ideyanın özü qalır ki, o da artıq fəlsəfənin predmetidir. Və ədəbiyyatda bədii əsərin məzmunu sayılan təhkiyə fəlsəfə qatında ideyanın təcəssüm forması, hətta vasitəsi olur. Elm ona görə insana yaddır və ona görə buz kimi soyuqdur ki, burada ideyalar ümumilər və onların ifadəsi olan anlayışlar, termin və ya istilahlarla, hətta bir az da mücərrədləşdikdə riyazi işarə, sxem və düsturlar vasitəsi ilə təqdim olunur. Elmi ideyalardan ona görə duyğulanmaq olmur ki, onlar, elmin predmeti deyilən obyektdən bütün subyektiv amilləri sıxıb çıxarmaqla, ancaq soyuq, quru məzmuna ulaşmaqla əldə olunur.

 

"ƏDƏBİYYAT ELMİ"

 

Elm və Ədəbiyyatın özlərinin və onları araşdırmaq üçün yaranmış köməkçi elm sahələrinin sosial təşkilatlanma dərəcələri müqayisə edildikdə maraqlı bir disbalansla üzləşirik. Elmşünaslıq və ya "elm haqqında elm" nəhəng elm institutu ilə müqayisədə çox cılız görünür. Elmşünaslığın sosial həcmi nəinki bütövlükdə elm, ayrı-ayrı fənlərlə müqayisədə də çox kiçikdir. Azərbaycanda bu sahə ayrıca bir vahid kimi təşkilatlanmamış, elmşünaslığa dair az saylı tədqiqatlar isə "Fəlsəfə çardağı"nın altında, AAK-ın təsnifatında isə "elm/bilik fəlsəfəsinin" içərisində yerləşdirilmişdir.

Ədəbiyyat fəlsəfəsinə dair fərdi təşəbbüs qismində rast gəlinən tək-tük tədqiqat(çı)lar da Fəlsəfə İnstitutunda deyil, Ədəbiyyat İnstitutunda sığınacaq tapmışdır. Yəni fəlsəfəçilərimiz ədəbiyyatı sanki unudublar; yəqin belə düşünülür ki, onun öz sahibi var, - Ədəbiyyat İnstitutu.

Ədəbiyyatda isə durum xeyli fərqlidir. Ədəbiyyat elmi, ədəbiyyatşünaslıq öz sosial miqyasına görə hətta ədəbiyyatın özünü də aşmış kimi görünür.

Ədəbiyyatın özünün (bədii ədəbiyyatın) sosial təşkilatlanması isə acınacaqlı gündədir. Sovetdən qalma, "ənənəvi" təşkilatlanma forması, "ədəbiyyatın yiyəsi" AYB olduğundan, bunun dışında institutlaşma formaları "ağla gəlmir". Amma sovet dövründə ədəbi prosesin, bədii ədəbiyyatın sosial-iqtisadi və təşkilati aspektlərini, kitabların nəşri və satışını, kitabxanalara paylanmasını, təbliğat və reklam xidmətini Mədəniyyət Nazirliyi, Dövlət Nəşriyyat Komitəsi, "Azərkitab" İstehsalat Birliyi kimi nazirlik statusunda dövlət qurumları həyata keçirirdi. Bədii ədəbiyyatın, teatrın təqdimatı və təbliği Televiziya və Radio Komitəsinin də mühüm vəzifələrindən biri idi. Cəmi bir TV kanalının olmasına baxmayaraq, tanınmış ziyalılarımızın, şairlərimizin siması hamıya tanış idi, onların efirdə görünməsi, yeni əsərlərlə tanışlıq, şeirlərin ifası gözəl bir ənənə olmaqdan başqa, az qala rəsmiləşmişdi.

Bazar iqtisadiyyatına keçid dövründə bazardan xəbərsiz bu saf, məsum ədəbiyyatı bazarın öhdəsinə buraxmaq olmazdı təbii ki... Amma bu sahədə görülən tədbirlər real ehtiyaca adekvat olmadı. Əslində bu ehtiyacların öyrənilməsi də hələ təşkil olunmayıb. Əgər o keçmiş ənənələrdən miras qalmış AMEA-ya, "ədəbiyyat elmi" funksiyasını üzərinə götürmüş Ədəbiyyat institutlarına və universitetlərin filoloji fakültələrinə, müvafiq kafedralara və Elmi şuralara müraciət etsək, bəlli olar ki, onlar bədii ədəbiyyatın təşkilati, sosial, iqtisadi problemləri ilə məşğul olmur... Onda bəlkə Fəlsəfə, Sosiologiya və İqtisadiyyat institutlarına, Dövlət strateji araşdırma mərkəzlərinə müraciət edək; onlar da ədəbiyyat bizlik deyil, - deyəcəklər. Bəs onda necə olsun? Mən bir elmşünas kimi, elmlərin təsnifatı və statusu ilə məşğul olan mütəxəssis kimi belə hesab edirəm ki, dövlət qarşısında məsələ qaldırmaq, əsaslandırılmış layihələr hazırlamaq biz alimlərin, ziyalıların işidir; yoxsa dövlət bunları necə araşdıra bilər və ortaya çıxarılmamış, yetərincə əsaslandırılmamış ehtiyacları necə təmin edə bilər?

Qaldırdığımız məsələ kitabın mövzusunu - "ədəbiyyatın fəlsəfəsi" məsələsini aşsa da, biz bu absurd durumu vurğulamağı vacib bilirik; yoxsa gənc yaradıcı nəsil, gerçək və ya əsl ədəbiyyatın daşıyıcıları olan insanlar yaranmış problemlərin ünvanı olaraq ictimai təşkilat olan AYB-ni görməkdə davam edəcək, ümidlərini sadəcə bu quruma bağlayacaqlar. Yazıçılarımız öz fəaliyyət sahələrinin sosial statusunu və cəmiyyətin strukturunda daha ədalətli və daha məqsədyönlü yerini düzgün təsəvvür etməsələr, mübarizəni yanlış ünvanda aparsalar, təbii ki, bir nəticə də heç vaxt hasil olmayacaqdır.

Bir daha qeyd etmək istəyirik ki, bu məsələlər nə ədəbiyyatın özü, nə də onların elm sahəsində təmsilçiləri - ədəbiyyatşünaslar tərəfindən aydınlaşdırıla bilməz, çünki tamamilə başqa sahələrin -fəlsəfə, sosiologiya və mədəniyyətin idarə edilməsi kimi araşdırma sahələrinin mövzusuna daxildir... Və təəssüf ki, hələ indiyədək bu sahələrdə yetərli tədqiqat aparılmayıb və müvafiq dövlət orqanları qarşısında əsaslandırılmış məsələ qaldırılmayıb.

Bəs AYB-nin heçmi günahı yoxdur? Nə qədər paradoksal görünsə də, "günahı" fəaliyyətsizlikdə deyil, həddindən artıq fəal olmasında, özünün səlahiyyətinə aid olmayan işləri də həll etmək təşəbbüslərindədir. AYB isə öz funksiyasına aid olmayan bu məsələləri həll etmək üçün yeganə çarəni dövlət rəhbərliyinə müraciətdə görür və nəticədə ədəbiyyatı, yaradıcı gəncliyi ələbaxımlığa öyrədir. Halbuki bu məsələlər dövlət əhəmiyyətli olsa da, dövlətin işi deyil; sadəcə olaraq sənətin bütün sahələrinin, o cümlədən, ədəbiyyatın sosial-təşkilati strukturunun yeni şərtlərə uyğun qurulması tələb olunur.

Bədii yaradıcılıq sahələrinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşa bilməsi üçün daha bir şərtin ödənilməsi lazımdır. Ədəbiyyata sosial sifariş olmalıdır. Bəs bizim cəmiyyətdə bu sifariş niyə hiss olunmur? Bu sualın cavabı ədəbiyyatın, sənətin özündə deyil, - təhsil sistemində buraxılmış nöqsanlara bağlıdır. Tələbə qəbulunun mərkəzləşmiş test sisteminə keçməsi ümumən proqressiv hadisə sayılsa da, bu işin daxili məzmunu xeyli dərəcədə qüsurludur. Ən mühüm qüsurlar dilin dilçilik, ədəbiyyatın da ədəbiyyatçılıqla qarışıq salınmasıdır. Əgər biz bədii ədəbiyyatı sosial iflasdan qurtarmaq istəyiriksə, o, ədəbiyyatşünaslıq və ədəbiyyat tarixi ilə əvəzlənmək kimi bir yanlışdan xilas edilməlidir. Yoxsa bədii ədəbiyyat özünün ən böyük oxucu kütləsini itirmiş olur ki, bu faciəvi durumun əsas zərbəsi oxucu qismində bütövlükdə gənc nəslə, dolayısı zərbəsi isə ədəbi-bədii yaradıcılığın cəmiyyətlə əks əlaqəsini tormozlamaqla yaradıcı gəncliyə dəyir.

Yenə də başlanğıca dönək: ədəbiyyat özünüdərk iqtidarındadırmı, yoxsa özünün sosial təşkilatlanması və iqtisadi problemlərinə aydınlıq gətirilməsi üçün fəlsəfə, sosiologiya, iqtisad elmi kimi tədqiqat sahələrinə müraciət etməlidir?! Amma... Ədəbiyyatmı müraciət etməlidir, yoxsa ictimai elmlər öz təşəbbüsü ilə ədəbiyyatı da sadəcə ədəbi-bədii məzmun kimi deyil, həm də başqa rakursda, ictimai varlığın, cəmiyyətin tərkib hissəsi, bir sosial institut kimi görməlidir. Əlbəttə, soruşula bilər ki, olmayan şeyi necə araşdırmaq olar? Yəni bu gün bədii ədəbiyyat əsasən fərdi yaradıcılıq kimi, pərakəndə şəkildə mövcud olduğuna və bütöv bir sosial orqanizm kimi formalaşmadığına görə, onun öyrənilməsi də cəmiyyətşünaslığın diqqətindən kənarda qalmış və dövlətin cəmiyyəti təşkilatlandırmaq funksiyasından yararlana bilməmişdir.

Tam adekvat analogiya olmasa da, təsəvvür edin ki, Tibb universitetinin məzunları üçün elmi-tədqiqat institutları yaradılır, amma xəstələr və xəstəxanalar yaddan çıxır, təbabət xalqı unudub özü-özünü araşdırmaqla kifayətlənir. Bu gün ədəbiyyatın vəziyyəti belədir ki, bədii əsərlər sanki xalqın ehtiyacını ödəmək üçün deyil, yazarların yaradıcılıq yanğısını ovutmaq üçün yazılır və bir də onları dəyərləndirmək üçün elmi araşdırmaçılar var; xalq isə yaddan çıxıb. Ya xalq ədəbiyyatın, ya da ədəbiyyat xalqın, cəmiyyətin, dövlətin yadından çıxıb. İctimai tələbatı, sosial sifarişi körükləyən isə milyonlarla məktəblinin oxucuya çevrilməsi olmalı idi. Təsadüfi deyil ki, sovet dövründə həm orta məktəbi bitirmək üçün ədəbiyyatdan imtahan verilməliydi, həm də istənilən ixtisas üzrə ali məktəbə qəbul üçün. Məhz ədəbiyyatdan, ədəbiyyatşünaslıqdan deyil. Ədəbiyyatdan inşa o deməkdir ki, məktəbli proqramda olan bütün bədii ədəbiyyat nümunələrini oxumuş olmalıydı, çünki tələb olunan əsər və ya yazıçı haqqında bilgi deyil, əsərin təhlili idi. Nəticədə klassik ədəbiyyatın tirajı yüz minlərlə, çağdaş ədəbi əsərlərin tirajı isə ən azı on minlərlə hesablanırdı. Və yazıçılar, şairlər cəmiyyətin zənginləri sırasında idilər.

Gənc nəslin yenidən bədii ədəbiyyata qurşanması (!) və bunun sosial sifarişə çevrilməsi zərurətini vurğulayarkən məqsədimiz sadəcə bədii yaradıcılığın özünü maliyyələşdirə bilən sosial sistemə çevrilməsi deyil, əsas məqsəd gənc nəsli mənəvi zənginliyə qaytarmaqdır ki, bunun ən mühüm yollarından biri - birincisi bədii mütaliədir.

Bəli, "günah" bundan ibarətdir ki, ədəbiyyat özünü sadəcə subyekt kimi, yaradıcı sahə kimi aparmamalı, özünün həm də optimal təşkilatlanması və sosial obyekt olaraq öyrənilməsi üçün cəhd göstərməli, bunun üçün mütəxəssislər qarşısında məsələ qaldırmalı, müvafiq dövlət qurumlarına müraciət etməlidir...

Və təəssüf ki, tələb olmayanda təklif də olmur, ehtiyacın ödənilməsi düzgün ünvanda axtarılmayanda, nə müvafiq elmi araşdırmalar aparılır, nə də cəmiyyətin və dövlətin strukturunda aidiyyətli orqanlar, cavabdeh qurumlar oluşur. AYB də hər şey üçün məsul tərəf imiş kimi, çıxış yolları arayır və problemin həllini birbaşa dövlət başçısına müraciət və yardım dışında təsəvvür edə bilmir. Edə bilmir, çünki bu, bir ədəbiyyat məsələsi, bədii yaradıcılıq sahəsi deyil, fəlsəfi-sosioloji təhlil tələb edir. Müvafiq sosial təşkilatlanma da ancaq bu zaman aktuallaşar və dövlət də ancaq konkret ictimai tələbata uyğun təşkilati tədbirlər görər.

 

ELMLƏR AKADEMİYASI VƏ YAZIÇILAR BİRLİYİ

 

Elm və ədəbiyyat arasında fərqlərdən danışarkən, bu fərqin onların təşkilati formalarına da yansıdığını nəzərə almaq lazım gəlir.

Xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı və onun təşkilatlanması problemləri haqqında düşüncələri ilə tanış oldum. Bir elm adamı olaraq, burada qaldırılan məsələlər fikrimi istər-istəməz elmin və fəlsəfi tədqiqatların təşkilatlanması ilə əlaqədar vəziyyətin təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla yanaşı, elm və fəlsəfə də öz sovet dövrünü başa vurduqdan sonra, müstəqillik şəraitində qarşısında duran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxtdan qalmış təşkilati formaların bir daha nəzərdən keçirilməsinə ehtiyac hiss edir.

Əlbəttə, iqtisadiyyat sahəsində biz öz seçimimizi artıq etmişik. Mərkəzləşmiş təsərrüfat və vahid dövlət idarəçiliyi sistemindən bazar iqtisadiyyatına keçilməsi prosesi artıq başa çatmışdır. Kommunist ideologiyasından və sosialist təsərrüfat sistemindən imtina edildikdən sonra belə bir keçid labüd idi. Lakin bu keçidin özü də ilk illərdə yaxşı ölçülüb-biçilmədiyindən iqtisadiyyatımız böyük itkilər verdi. Sənaye də, kənd təsərrüfatı da az qala iflic vəziyyətinə düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən sonra hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri kor-koranə dağıtmaq praktikasına son qoyuldu. Bu tendensiyanın neobolşevik mahiyyətini çox düzgün qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.

Yeniliyi, müstəqilliyi, azadlığı "sovetdən nə qalıbsa dağıtmaq" kimi başa düşənlər təbii ki, təkcə iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən Yazıçılar İttifaqını ləğv etmək tərəfdarlarının arqumentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Akademiyasının da keçmişin qalığı kimi qiymətləndirilməsi və ləğvi haqqında düşüncələr mənə yaxşı bəllidir.

İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı, təhsili və ümumiyyətlə istənilən ictimai həyat sahəsini əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə, məhz sosializm üçün spesifik bir cəhət idi. Amma onun çatışmazlıqları ilə yanaşı, üstünlükləri də var idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliyyələşdirmə və mərkəzləşdirilmiş fəaliyyət prinsipi elmin inkişafı üçün böyük hərəkətverici qüvvə idi. Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir şərait arzu edirdilər. A.Eynşteyn deyirdi ki, elm adamı gərək qazanc barədə düşünməli olmasın, onun bütün maddi ehtiyacları və qayğıları üzərindən götürülməlidir. Buna uyğun model isə məhz sosializm cəmiyyətində formalaşdırılmışdı. Və sosializmin bu üstünlüklərindən bəhrələnmiş, dövlət tərəfindən maliyyələşməyə vərdiş etmiş alimlər üçün başqa tipli təşkilati forma və maliyyələşmə metodları, təbii ki, müəmmalı və hətta qorxulu görünür; xüsusən də yaşlı nəsil üçün. Axı, ənənəvi sistemdə dərəcələr, ölçülər, meyarlar və müvafiq maaş kateqoriyaları detallarına və qəpiyinədək müəyyənləşdirilmişdi. İnkişaf səviyyəsi konkret göstəricilər və titullarla müəyyən edilmiş, dissertasiya işlərinin yazılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş elmi işçiliyə qədər bütün pillələri keçməklə reqlamentləşdirilmişdi. İndi gün kimi aydın olan bu sistemdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə, fərdi münasibət prinsipinə, konkret nəticəyə-məhsula görə maliyyələşmə mexanizminə, layihə-qrant və müsabiqə metodlarına əsaslanan tamamilə başqa meyarlar sisteminə keçmək, bildiyini qoyub biləcəyə getmək risk deyilmi və kim bunu istəyər?

Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. Hər hansı yeni bir təşkilati forma gerçək ictimai tələbatdan ortaya çıxmalı və elmi üsullarla əsaslandırılmalıdır. Yüz ölçmədən biçmək olmaz. Amma köhnə strukturları mütləqləşdirmək, hər hansı bir yeni təşəbbüsü dağıdıcılıq kimi dəyərləndirmək də yolverilməz haldır. Bütün sahələrdə olduğu kimi, elmdə də, yəqin elə ədəbiyyatda da yenilikçilərlə ənənəçilər arasında mübarizə labüddür. Bir daha təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təməlin üzərində qurulmaqla, məhz onun öz içərisindən bir daxili zərurət kimi cücərib çıxmaqla, həqiqi bir yenilik olar və ancaq bu zaman fayda gətirə bilər. Yoxsa "hələ köhnəni yıxaq, sonra baxarıq" düşüncəsi ilə atılan addımların yeniliyə heç bir aidiyyəti yoxdur.

 

YAZIÇILAR BİRLİYİ VƏ ƏDƏBİYYATIN ÖZÜ

 

Xalq yazıçısı Elçin yazır: Söhbət ədəbiyyatdan gedir; heç bir siyasi-inzibati qəliblərə sığmayan bu bəşəri-mənəvi dəyərin təbiətini dəyişmək mümkün deyil.

Mən belə başa düşürəm ki, söhbət "Yazıçılar Birliyi"nin adından, şöhrətindən və ya rəsmi səlahiyyətlərindən getmir. İndi kiminsə yazıçı və ya şair olması üçün hansı isə birliyin, hansı isə təşkilatın üzvlük vəsiqəsi tələb olunmur, çünki mətbuat azadlığı verildikdən sonra hamı öz əsərini istədiyi şəkildə çap etdirmək hüququna malikdir. Hətta "Yazıçılar Birliyi"nin orqanlarında da çap olunmaq üçün onun üzvü olmağa ehtiyac yoxdur. Qəzet, jurnal və kitab buraxmaq ixtiyarı hamıya verildiyi kimi, ictimai birlik yaratmaq səlahiyyəti də heç kim üçün məhdudlaşdırılmamışdır. Hətta ənənəvi "Yazıçılar İttifaqı" adı dəyişildiyi üçün, bu ad, necə deyərlər, vakansiyadır və kim istəsə, sovetlər dönəmindəki həmin adı bərpa edə bilər. Yəni söhbət hansı isə ictimai birlikdən və ya onun adından getmir. Söhbət əslində ancaq dövlətin məhz hansı təşkilatı maliyyələşdirməsindən gedir. Bu isə artıq yaradıcı qruplar, ədəbi cərəyanlar, hətta təşkilatlar arasında rəqabət olmayıb, dövlətə yönəli bir istəkdir. Bu istək uğrunda mübarizə də, məntiqlə yanaşsaq, qrupların və ya təşkilatların öz aralarında deyil, müvafiq dövlət orqanlarının meyarlarına və tələblərinə cavab vermək uğrunda getməlidir. Dövlət isə təbii ki, daha çox dərəcədə ictimai nüfuz meyarından çıxış edir. Yəni bu mübarizə əslində ictimai nüfuz uğrunda mübarizədir. Bu nüfuzu qazanmaq üçün isə yenə də əvvəlcə yazıb-yaratmaq, çap olunmaq tələb olunur. Yenə başlanğıca qayıtmış oluruq.

Kapitalizm cəmiyyətinin və yeni iqtisadi münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif yaradıcı qrupların və alternativ təşkilatların olması təbii haldır. Sadəcə olaraq dövlət bunlardan ancaq birini maliyyələşdirir (əslində EA-dan fərqli olaraq burada tam maliyyələşmədən deyil, maliyyə dəstəyindən söhbət gedir). Digər təşkilatlar isə fərqli mənbələrdən maliyyə dəstəyi ala bilərlər. İnkişaf etmiş ölkələrin hamısında bədii ədəbiyyata real ictimai ehtiyac olduğuna görə, kitablar böyük tirajla çap olunub satılır və bütün maliyyə məsələləri həll olunduğundan, meydanda daha çox həqiqi ədəbi-bədii meyarlar, sənətin öz prinsipləri qalır. Mədəni-mənəvi və intellektual inkişaf səviyyəsinə görə geri qalmış, xüsusən təhsilin səviyyəsi aşağı olan ölkələrdə isə oxucuların azlığı üzündən ədəbiyyat özünü maliyyələşdirə bilmir və maddi dəstəyə ehtiyac yaranır. Kapitalizm şəraitində ya ədəbiyyat da, incəsənətin bu və ya digər formaları da yüksək sənət meyarlarından uzaqlaşaraq kütləvi şüur səviyyəsinə enir, şoular və komediantlıq artır, kütləvi mədəniyyət genişlənərək onsuz da maddi cəhətdən problemləri olan həqiqi ədəbiyyatı və sənəti bir az da sıxışdırır, ya da milli burjuaziya yüksək sənəti qorumaq üçün müxtəlif vəqflərin, fondların, maarifçi-xeyriyyə təşkilatlarının vasitəçiliyi ilə ona maddi dəstək verir. Yəni nəzərlər dövlətə deyil, ictimai elitaya yönəlir. Uzağa getməyək, bizə yaxın olan Türkiyədə də ədəbiyyata və sənətə dəstək vermək üçün yaradılmış neçə-neçə vəqf fəaliyyət göstərir. Bizim problemimiz belə vəqflərin və ya onları maliyyələşdirə biləcək milli burjuaziyanın hələ də formalaşmamasıdır. Bax, dövlət də ancaq məcburiyyət üzündən əslində özünə aid olmayan bu yükü də üzərinə götürür. Lakin dövlətdən üstəlik, alternativ maliyyələşdirmə sistemi gözləmək sadəlövhlük olardı. İndiki mərhələdə dövlətin ən böyük dəstəyi məhz alternativ təşkilatlanmalar üçün hüquqi baza formalaşdırmaq və bu təşkilatların istər dövlət fondlarından, istərsə də ictimai fondlardan, vəqflərdən qrantlar və digər formalarda dəstək ala bilməsinə şərait yaratmaqdır.

Necə deyərlər, hansı isə yeni bir ədəbi-bədii məktəbin yeni cəmiyyətin açdığı imkanlar sayəsində dəstəklənməsi daha qanunauyğundur. Yeni cəmiyyətin öz mənəvi, bədii-estetik və intellektual siması formalaşdıqca, yeni yaradıcılıq istiqamətləri də özünə daha böyük dəstək tapacaqdır.

Söhbət yenilik axtarışından yox, mənəvi həyatda və sosiumdakı yeniliklərin bədii tərənnümü zamanı öz-özünə məhz yenilik kimi təzahür edən ədəbi-bədii faktdan gedir. Elçin yazır: "Bu gün yüksək səviyyəli ədəbiyyat mübarizəsi üçün, bəlkə də heç vaxt olmadığı qədər, münbit ədəbi zəmin, ədəbi şərait var. Eyni zamanda bu gün belə bir ədəbiyyat mübarizəsinə böyük də bədii-estetik ehtiyac var". Bəli, ədəbi-bədii həyatın zahiri tərəflərinin, təşkilati məsələlərin az qala intriqa səviyyəsində üzə çıxan melodramatik mübarizə yox, yeni bədii-estetik səviyyəyə aparan yolların öz dramatizmi və ədəbi-bədii prosesin öz daxilində mübarizə!

Yüksək bədii-estetik səviyyə isə ilkin fəlsəfi dünyagörüşü tələb edir. Bu gün filoloji fakültələrdə fəlsəfənin və estetikanın əsas fənn kimi, geniş proqramla tədris olunmaması fəlsəfəçilərdən daha çox, ədəbiyyatçıları narahat etməli deyilmi?! Filosofların vəzifəsi mövcud durumun təhlilini verməkdən, filoloji təhsilin məzmumundakı bu böyük çatışmazlığı üzə çıxarmaqdan, təhsildəki bu vəziyyətinə dəbiyyatın missiyasına uyğun gəlmədiyini açıb göstərməkdən ibarətdir. Sonrası ədəbiyyatçıların öz üzərinə düşür.

Tutaq ki, belə bir absurd durum özləri də fəlsəfi təməlsiz filoloq olmuş adamları narahat eləmir, bəs gerçək ədəbiyyat təmsilçiləri, yazıçı və şairlərimiz niyə məsələ qaldırmır?! Belə anlamsız vəziyyətin həyəcan təbilini ən uca səslə Yazıçılar Birliyi, nüfuzlu ədiblərimiz, ziyalılarımız çalmalı deyilmi?!

 





01.02.2024    çap et  çap et