525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

Napoleonun gündəliyində nə yazılmışdı?

"İslam həqiqi dindir"

 

İmperator Napoleon Bonapart "Generalın gündəliyi" başlığı altında yazdığı qeydlərdə öz müşahidə və fikirlərini qələmə alırdı. Onun qeydlərinin birində yəhudilik, xristianlıq və islam haqqında söhbət açılır. O yazırdı: "Musa Peyğəmbər yəhudiləri doğru yola yönəltməli olan bir Allahın elçisi idi. Ancaq onun təliminin yalnız faydalı tərəflərini qorudular. Fəqət bu fikirləri dünyaya yaymaq əvəzinə Musanın söylədiyi bir fikrə: "Allahın seçdiyi xalq" fikrini daha çox qabartdılar.

O zaman Allah haqqında böyük həqiqəti söyləyən İsa əta olundu. Allahın tək olduğunu və Onu bütün qəlbimizlə sevməyimizi təbliğ etdi".

Napoleon yazırdı ki, "İsa öldükdən sonra, Romadakı siyasi elita xalqın idarəetmə vasitələrindən birini dində gördü. Beləliklə, İsanı Tanrı rütbəsinə qaldırdılar və o, Tanrının Özünün bir hissəsi oldu. Allah üçün üçlüyünü təsdiqləyən yoldaşlar tapdılar". Napoleonun fikrincə, bu, artıq bütpərəstlikdir.

Nəhayət, tarixin müəyyən bir dövründə Məhəmməd adlı bir adam təşrif buyurdu. Bu adam da Musa, İsa və digər bütün peyğəmbərlərə eyni şeyi söylədi: yalnız bir tanrı var. Bu, islam idi.

İmperator Napoleon Bonapart deyirdi ki, "İslam həqiqi dindir". O yazırdı ki, insanlar daha çox oxusalar, daha ağıllı olacaqlar. Sonra məntiqə tabe olacaq və arqument axtaracaqlar. Bu cür insanlar fərqli tanrılara ibadət etməyəcək və ayinləri kor-koranə şəkildə yerinə yetirməyəcəklər. Onlar Allahın təkliyini qəbul edəcəklər. "Buna görə də mən ümid edirəm ki, tezliklə islamın bütün dünyaya yayılacağı vaxt gələcəkdir, çünki... Onsuz da üstünlük təşkil edir".

 

Hitler islam dini haqqında

 

Adolf Hitlerin islam dini haqda düşüncələri ilə tanışlıq pis olmazdı, elə deyilmi? Elə isə, o fikirlərlə tanış olaq. Hitler deyirdi: "Siz görürsünüz ki, düzgün olmayan din, bizim əsas bədbəxtliyimiz deməkdir. Nə üçün bizdə  yaponlarda olduğu kimi Vətən naminə canından keçməyi ən ali səadət hesab edən bir din yoxdur? Elə maqometan dini (islam dini - F.M.) də xristianlıqla müqayisədə bizim üçün daha münasib ola bilərdi. Xristianlıq öz itaətkarlığı və süstlüyü ilə bizim nəyimizə gərəkdir?"

(Bu iqtibasın gətirildiyi mənbə: Albert Spir. Inside the Third Reich: Memoirs, səh. 115).

Hitler başqa bir çıxışında isə belə demişdir: "İslam dini böyük qələbələr dinidir. Almanlar bu dinə pənah aparmış olsaydılar, bütün dünyanı fəth edərdilər".

Amma bir şeyi unutmayın ki, bu fikirlərin müəllifi başqası yox, Hitlerdir.

Təbii ki, Üçüncü Reyxin əsasını qoyan diktatorla razılaşıb-razılaşmamaq hər kəsin öz işidir.

...və bu konuda təbii ki, mənim də öz mülahizəm ola bilər.

Mən bu tipli fikirlər haqda hökm verməyi sevmirəm, yalnız yeri gələndə şəxsi münasibətimi bildirməyi xoşlayıram.

Təbii ki, mən Hitlerin sərsəm fikirləri və antibəşəri ideyaları ilə şərik deyiləm. Lap elə dinlə, o cümlədən, islam dini ilə bağlı söylədiyi xaotik fikirləri ilə də...

 

Bizdə niyə dəniz avtobusları yoxdur?

 

Halbuki Xəzər dənizi qulağımızın dibindədir...

Bəli, mənim əsas vəzifəm, missiyyam elmi və bədii yaradıcılıqla məşğul olmaqdır. Amma arada zərurət yarananda az bələd olduğum və ya heç bələd olmadığım sahələrə də baş vururam. İndi də elə bu "bələd olmadığım" bir sahədən söhbət açmaq istəyirəm. Beləliklə, nəqliyyat haqda...

Doğrusu, yolun məsələn, hər kilometrinə nə qədər xərc çəkmək lazım olduğu, ona xərclənən pulun, habelə qumun, betonun, asfaltın miqdarı barədə də məlumatsızam. Amma buradakı yeyintilər barədə mətbuatda tez-tez oxuyuram. Bu da ayrı bir söhbətin mövzusu...

İndilikdə qısaca onu deyə bilərəm ki, bizim nəqliyyat sistemində bir xaos mövcuddur. Hər gün saatlarla davam edən tıxaclar... Ac qoyunlar kimi mələşən maşınlar... Avtobus və metrolarda basabas...

Görəsən, niyə bizdə dəniz nəqliyyatından istifadə olunmasın?

Qonşu və qardaş Türkiyədə bir görün nəqliyyat necə tənzimlənir. Məsələn, götürək İstanbulu. Avtobus, havobus, metrobus, tramvay xətləri qətiyyən bir-birinə mane olmur. Dəniz nəqliyyatı da ki, öz yerində. Müxtəlif həcmli gəmilər (vapurlar) sərnişinləri şəhərin bir nöqtəsindən ən müxtəlif yerlərə fasiləsiz daşıyıb aparır. Bəlkə nəqliyyat başçıları qonşu ölkələrə ezam olunsunlar? Olsun ki, bu təklif kiminsə şəninə toxuna bilər. Yeri gəlmişkən, Rusiya çarı rəhmətlik Pyotr öz məmurlarına etibar etməyərək Niderlandda gəmiçiliyin və gəmi nəqliyyatının sirlərini öyrənməyə gedibmiş...

Düzü, mən bilmirəm, məsələn, Bakıdan ölkədaxili regionlara gəmilər işləyirmi? Məsələn, Lənkərana, Astaraya, Xaçmaza... Zənnimzə, Bakının bu başından o başına su nəqliyyatından istifadə etmək yolların yükünü xeyli azalda bilər. Məsələn, Azneftdən Əhmədliyə, Zığa, Sahil qəsəbəsinə, Ələtə gəmilərlə getmək problemə çevrilməz.

Görəsən, bu dediklərimdə siyasətə toxunan bir şey yoxdur ki?

Keçirəm təklifimin mabədinə.

Deyə bilərlər ki, bizdə bu qədər gəmini haradan, necə, hansı pulla əldə etmək olar?

Doğru sualdır.

Olsun ki, Nəqliyyat Nazirliyinin bu qədər vəsaiti yoxdur. Amma elə bu sətirləri yazıb təklifimi yekunlaşdırarkən gözümə sataşan maraqlı bir məlumatı oxuyarkən düşündüm ki, "vəsaitin" tapmaq elə də çətin iş olmasın gərək.

Həmin məlumatı tam oxumasam da, bu cümlələr diqqətimi çəkdi: "Nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun 49 milyon borcu olub. Daha sonra Əsgərovlar ailəsi 29 milyon manatı zərərçəkmişlərə ödəyiblər" (Sanki söhbət ərzaq dükanına 49 manat borcu olan qonşu Şəmməd kişinin həmin borcun 29 manatını verib yüngülləşməsindən söhbət gedir).

Görəsən, bu dediklərimdə siyasətə toxunan bir şey olmadı ki?

Görəsən, 49 milyon manata neçə dəniz avtobusu, sərnişin gəmisi almaq olar?

 

"Qadın poeziyası" varmı?

 

Əlbəttə, söhbət, əsasən,

bizim ədəbiyyatdan,

bizim poeziyadan gedir.

 

Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində ("hə" və ya "yox" deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən (yenə də "əsasən"), sual şəklində olacaq.

"Qadın poeziyası" nədir?

Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdığı, qələmə aldığı şeirlər?       

Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adıçəkilən mövzuya müncər oluna bilərmi?

Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə "şair", şeir yazan qadına isə "şairə" demək nə dərəcədə qanunauyğundur?

İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də "qadın poeziyası" nümunəsi hesab etmək olarmı?

Bəlkə "qadın poeziyası"nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən "orta cinsin" yaradıcılığında aramaq lazımdır?

Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında "qadın nəsri" (yəni "qadın prozası") var, amma "qadın poeziyası" mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, "bir çoxu" deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?

Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə "qadın-kişi" bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik "bölgüdə" necə, belə bir "ayrı-seçkilik" varmı? Bəlkə belə "bölgü" aparmaq yersizdir, yanlışdır?

Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli "cins" anlayışı olmamalıdır?

Poeziyada lirik qəhrəman "biz" çoxluğuna, yoxsa "mən" fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin "ümumiliyi", yoxsa "xüsusiliyi" aparıcı olmalıdır?

Gender probleminin "poetik həllində" kim daha "irəlidədir" - kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də "bərabərlik", "balanslaşma" mövcuddur?

Bir də görürsən ki, hansısa bir "şairə" (yəni qadın şair) öz sevimlisinə "canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim" - deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişini imitasiya edir, ya da ki, kişi "duyğuları" ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür "əzizləmələri", "oxşamaları" da məqbul hesab etmək lazımdır?

Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli... kimi isimləri xatırlarmalı oluruq.

Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:

 

"Ə nauçila jenhin qovoritğ...

No, Boje, kak ix zamolçatğ zastavitğ!"

 

("Danışmaq öyrətdim mən qadınlara...             

Tanrı, bəs susmağı kim öyrədəcək!")

 

İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?

Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular "qadın-kişi" paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik... mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?

Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın "fərqi" daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik "sərhəd situasiyası" nadir hallarda nəzərə çarpır.

Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın "cinslərə" ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret "bölgüdənsə", "ümumən" poeziya haqqında danışmaq daha məqsədəuyğundur?

Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.

 





01.02.2024    çap et  çap et