525.Az

“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub


 

“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub<b style="color:red"></b>

31 yanvar 2024-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı, Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin birgə təşkilatçılığı ilə “2 fevral Gənclər günümünasibətilə Aprel şəhidlərinə və qazilərə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filminin təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsində döyüşmüş gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamış, sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri  açaraq 2 fevral – Gənclər günü münasibətilə bütün sahələrdə, Dövlətimizin inkişafı, qüdrətlənməsi üçün çalışan, səy göstərən Azərbaycan gənclərini təbrik etmiş, onlara dövlətçiliyimiz, inkişafımız, rifahımız naminə uğurlar, sağlam, xoşbəxt gələcək arzulamışdır. Azad, müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızdan bəhs edərək onların da ailələri üçün, gələcək və Vətən üçün arzuları, niyyətləri olmasından, hər birinin həyat dolu, saf niyyətli, təmiz qəlbli, cəsur igidlər olmasından bəhs edib. Bu igid, xoşməramlı gənclərin bütün arzularını, həyat eşqini, yurd sevgisini üçrəngli bayrağımıza büküb Vətənə qurban vermələrindən, qanları ilə yağmalanmış, tapdalanmış torpaqlarımıza can verib Şəhadətə yüksəlmələrindən danışıb. Y.Bahadurqızı belə bir gündə Vətən üçün canını fəda edən və əbədi olaraq xalqın nəzərində gənc qəhrəmanlar kimi yaşayacaq Şəhidlərimizı, eləcə də sağlamlığını, əzalarını itirmiş qazilərimizi xatırlatmağın vacib olduğunu vurğulayıb.  

Sonra tədbir iştirakçılarına 2017-ci ildə çəkilmiş, Aprel döyüşlərinin şəhid və qazilərinə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filmi təqdim olunub.

Təqdimat mərasimində filmin məzmunu və filmdə insanlara çatdırılan əsas ideya haqqında danışan Yaqut Bahadurqızı bildirib ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunan ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıda qaçqın yataqxanasına sığınmış və hər gün öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan azərbaycanlı məcburi köçkün qadınların ümumiləşdirilmiş obrazı yaradılıb. Qadın şəhid ərinin xəyalı və öz ata-baba yurduna dönəcəyi vaxtın intizarı ilə günləri sayır, dünya ölkələrinin bu işğala səssiz qalmayacağına ümid bəsləyərək oğlu Həsrəti təsəlli edir. Həsrət film boyu yalın ayaqla gəzərək Qızıl Ayın bağışladığı yeni ayaqqabıları  doğma yurduna qayıdarkən geyinəcəyi günün həsrətilə yaşayır və anasına: "Qarabağ alınanda atamı və bacımı da götürüb kəndimizə gedərik,ayaqqabıları orda geyecəyəm..." – deyir.

Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş oğlu ilə Xankəndində "Geyilməmiş ayaqqabılar" muzeyinin qarşısına gəlir və oğlunun geyə bilmədiyi iki cüt ayaqqabını muzeyə verir.

Y.Bahadurqızı hələ 2017-ci ildə çəkilmiş filmin rejissoru və ssenari müəllifi, istedadlı aktyor və rejissor Rza Rzayevin yüksək təxəyyülünün və uzaqgörənliyinin, 7-8 il öncəni görə bilmək məharətinin təqdirə layiq olduğunu məxüsusi  vurğulayaraq qeyd etdi ki, Rza Rzayev 7 il öncə çəkdiyi filmdə Xankəndində Azərbaycan bayrağının dalğalanacağına, amansız müharibənin və tarixi qələbəmizin izini özündə əbədiləşdirən muzeylərin açılacağına böyük inamla bu filmi çəkmişdir. Düşündürücü rejissor işi tamaşaçıda dərin psixoloji gərginlik yaradıb. Filmin quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, prodüseri Mahir Canasdır. Filmdə Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları çəkiliblər.

Tədbirdə Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin rəhbəri Nicat Ağarəhimov  çıxış edərək, ölkəmizdəki bu günki  gənclər siyasətinin mahiyyətcə yeni mərhələsini yaşamasından, Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməsindən, Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsindən, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs etmiş, Gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanın bu sahəyə böyük diqqətin nəticəsi olduğunu vurğulamışdır. Natiq, eyni zamanda “Geyilməmiş ayaqqabılar” filminin mahiyyətindən bəhs edərək, belə ekran əsərlərinin gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunmasında müstəsna rol oynamasını vurğulayıb.

Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsində sona qədər döyüşərək şəhid olmuş tank bölük komandiri, baş leytenant Fərrux Hüseynovun anası Səhər Hüseynova, köçkünlük həyatının əzablarını yaşamış şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Əliyeva rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdıqlarından, onların rəşadəti sayəsində əldə olunan  Şanlı Zəfərdən, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsindən, xalqımızın 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşmasından danışmış və film haqqında kövrək hisslərlə öz təəssüratlarını bölüşmüşlər.

 





01.02.2024    çap et  çap et