525.Az

Bayağılığa doğru yürüş - Sosial şəbəkədə yazılanlar


 

Bayağılığa doğru yürüş - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Fazil Mustafa, millət vəkili:

- Uzun illər Azərbaycan Dövlət Nəşriyyatının direktoru olmuş tanınmış naşir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Azər Abdulla oğlu Mustafazadənin vəfatının birinci ildönümüdür (27.03.1939, Bakı - 31.01.2023).

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

Günel Səfərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri:

- Sosial şəbəkələrdə, TikTokda nələr baş verdiyini görürük. Düzdür, bu, sosial şəbəkələrin günahı deyil. Sosial şəbəkə çox yaxşı vasitədir, onu həm pozitivə, həm də neqativə istifadə edə bilrrlər. "Oğru aləmi"nin öz dünyası var və onları özlərinə rol-modul götürürlər. Çox təəssüf ki, pozitiv nümunələr neqativ nümunələrə uduzur. Sosial verilişlərdən tutmuş bir çox verilişlərə qədər - bəzi verilişlər istisna olmaqla - yaxşı təbliğat və nümunə deyil. O nümunəyə baxıb müsbət keyfiyyəti də götürmək olur, mənfini də.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Rusiya telekanallarının tamaşaçısıyam. Neçə illərdir ki, maraqlı proqramlarını izləyirəm.

TV-lərində ən müxtəlif mövzularda - siyasi, sosial, əyləncəli formatda proqramlar hazırlayırlar.

Sözüm nəyədir?

Rusiya telekanalları artıq 15 ildən çoxdur ki, şou, sosial-məişət motivli qalmaqallardan veriliş hazırlamırlar.

Orada trend sürətlə dəyişdi.

İndi Malaxovun "Bolşaya stirka"sını "Privet, Andrey" formatında kütləvi baxış əvəz edib. Bahalı layihələr, rəngarəng mövzular və cəmiyyətin adekvat reaksiyası...

Bir-iki sosial qalmaqallı proqram olsa da, orada yalnız cəmiyyət üçün maraqlı problemləri qaldırırlar.

Bu gün Dmitri Naqiyev sayağı birbaşa efirdə dava-dalaş salan "şou-biznes" formatı arxivə tullanıb.

Azərbaycan TV-lərində də yeni format tapılmalıdır. Bahalı studiyalar qurulur, amma proqramların özü də yeni quruluşunu tapmalıdır.

Aparıcılar ciddi məsələdir. Efirdə sərbəst olmaq problemin çarəsi deyil.

lll

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, doktor Üzeyir Rəhimovun "Kaspi"yə müsahibəsindən: "Qəddar, sərt insan olmaq ürək üçün zərərlidir. Sərt insanların ürəklərində daha çox problem olur. Yumşaq ürəkli adam isə çox xırda məsələləri də dərd edir. Hər ikisində də ürək üçün problem yaradacaq məqamlar var".

"Qızıl orta"nı tapan adamlar şanslıdırlar...

 

Mir Səməd, bloger:

- Bakıda Ərdəbil küçəsi var imiş... Və mən indi o küçəyə gedirəm. Naviqatorda gördüm. Bu küçə nisbətən yeni salınmış ərazilərdədir.

Nə yaxşı ki, qərar qəbul edənlər arasında o taylı-bu taylı Azərbaycanı düşünən, tarixi keçmişimizi, bizim ora, onların da bura bağlılığımızı dərk edən adamlar var.

lll

Banklar çoxlu müştəri cəlb etmək üçün, kart ödənişlərində müxtəlif həvəsləndirmələr tətbiq edirlər, "cashback", "ikiqat ƏDV" və sairə.

Bir müddət keçir, müştəri sayı bir az artan kimi, əksər bonuslar gedir işinin dalınca.

Müştərilər nə edirlər?  Bonusu azalan karta pul keçirmir, həmin ay daha sərfəli olan başqa bank kartını işə salırlar.

Dünən bu mövzuya həsr olunmuş statusun altında bir nəfər yazmışdı ki, 18 bank kartı var, o olmasın, bu olsun.

Banklar bir şeyi unudurlar e, bizdə "kişinin pulu cibində olar" şüarı hələ də bəzi adamlarda daha aktualdır.

Kartınızı sevdirmək istəyirsinizsə, daha səxavətli olun. Yoxsa müştərilər qaçacaq.

 

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:

- Ölkə hər ötən gün yeni sosial media fenomenləri istehsal edir. Hamısı bir-birindən düşük, bir-birindən səviyyəsiz. Sanki ölkədə yarış gedir, kim daha dibə enə bilər. Xalqımız da sağ olsun, harda ən düşük, səviyyəsiz var gedib onları tapır, izləyir, dəstəkləyir, zəngin edir.

İllərdir televiziyaları söyüb-batırırıq ki, bayağılıq yayırsız, milləti manqurtlaşdırırsız. Sonra sosial şəbəkələr çıxdı. Və bizə göstərdi ki, televiziyalar cəmiyyət nəyi istəyibsə, onu göstərib.

Sosial şəbəkədə limitsiz alternativlər var çünki. Möhtəşəm sənədli filmlər, elmi materiallar, maraqlı müzakirələr, ədəbiyyat, incəsənət, hər şey var.

Bir cəmiyyət onların içindən gedib Baboşu, Ləmoşu seçirsə, baxırsa, pərəstiş edirsə, deməli, tələbatı elə onadır.

Azacıq səviyyəli olan kontentə camaat maraq göstərmir. Baxır, əlini yelləyir keçir.

Bunun adı bütün istək və həvəsilə bayağılığa doğru yürüşdür.

 

Cəmilə Babayeva, jurnalist:

- Tiflisdə vaxtilə nəşr olunmuş "Kavkazğ" (Qafqaz) qəzetinin 1916-cı il 16 yanvar tarixli sayında Qroznı şəhərində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adından törədilmiş fırıldaq əməli barədə məlumat dərc olunub. Məlumata əsasən, həmin ilin yanvarın 7-də Qroznıda yerli fars cəmiyyəti mahir fırıldaqçının qurbanı olub. İldarov soyadlı fars tacirin yanına gələn ziyalı görkəmli fars gənc özünü Qafqazda tanınmış milyonçu, Bakıdan olan Tağıyevin oğlu kimi təqdim edib. Atasının vəfat etdiyini deyən gəncin sözlərinə görə, atası ölümündən qabaq ona Qroznıda ən yaxşı abidə kimi fars məscidi inşa etdirməyi vəsiyyət edib.

Xarici görkəmi və danışıq manerası İldarovu Tağıyevin səmimiyyətinə inandırır. Tacir ona kömək edir və məscid tikintisi üçün uyğun yer də tapır. Köhnə məsciddə yerli fars cəmiyyəti ilə görüşdə Tağıyev atasının istəyinin onun üçün müqəddəs olduğunu deyir və tələb olunan vəsaitin artıqlaması ilə ayrılacağını qeyd edir.

İldarov Tağıyevi evinə qonaq dəvət edir. Bir az sonra gənc evin sahibindən 500 rublu xırdalamağı xahiş edir. Bu qədər pulunun olmadığını bildirən İldarov ona bir saatlığa 100 rubl verməyə razı olur. Pulu götürən Tağıyev qısa vaxtdan sonra qayıdır və götürdüyü məbləği geri qaytarır. İki saatdan sonra Tağıyevin yadına düşür ki, elə indicə bank vasitəsilə 500 rubl pul göndərməlidir. İldarovdan səhərəcən 500 rubl borc götürür və dərhal pulu göndərməyə yollanır. "Tağıyev" geri dönmür.

Fırıldaqçının axtarışları nəticə verir. Qaldığı mehmanxanada onu tapırlar və ifşa olunduğunu bilən "Tağıyev" onu həbs etməyə gələnlərin əlindən qaça bilir. O, ayaqyoluna icazə istəyir, tək olduğundan istifadə edərək tualet otağının pəncərəsindən tullanır, İldarovun bayır tərəfdə keşik çəkən oğlunun başına çemodanla zərbə endirərək qaçır və izini itirə bilir.

Bu hadisə fars cəmiyyətində böyük təşviş və dedi-qodulara səbəb olur.

 

Fərid Pərdəşünas, texnobloger:

- Dubayda səfərdə olan iki nəfər azərbaycanlı gördükləri azyaşlı qaradərili uşaqla şəkil çəkdirdiklərinə görə həbs olunublar. Uşaqların anası icazəsiz çəkimi irqçilik kimi dəyərləndirib və şikayət edib. Səbəb həqiqətən budursa, çox biabırçı və utancverici haldır. Təəssüf ki, bəzi vətəndaşlarımız fərqli irqin nümayəndəsini görəndə qeyri-adi varlıq görürmüşcəsinə kimi rəftar edirlər. Bu da uşaqlıqdan mənasız, irqçi komediyalarla şüuraltımıza yeridilib. Məsələn, elə "Planet Parni İz Baku".

 

Asif Nərimanlı, jurnalist:

- İranın İordaniyada ABŞ hərbi bazasına hərbçilərin ölümü ilə nəticələnən hücumunda müəmmalar var:

1. Amerika mediasında Yaxın Şərqdəki hərbi bazalara son bir neçə ayda 100-dən çox hücumun edildiyinə dair statistika mövcuddur: bu hücumların heç birində amerikalı əsgərlər həlak olmayıb, yaxud ağır yaralanmayıb, hətta bazalara ciddi ziyan dəyməyib: maraqlıdır, bir dronla edildiyi deyilən hücumda 3 hərbçi ölür, onlarla hərbçi yaralanır;

2. ABŞ-da dünənə qədər siyasi gündəm Texas ştatında yerli hakimiyyətin Meksika ilə sərhəd məsələsinə görə mərkəzi hakimiyyətə "üsyan bayrağı" qaldırması, "Texit"in yenidən aktuallaşmasıdır: respublikaçılar buna görə Bayden Administrasiyasını hədəf taxtasına çıxarıb və demokratlar seçkiöncəsi çətin vəziyyətə düşüb: İranın hücumu ilə Texas üsyanı arxa plana keçdi, hətta respublikaçılar belə Yaxın Şərqdə ABŞ təhlükəsizliyinə təhdidlərdən danışır, Tehrana hərbi müdaxilədən bəhs edirlər;

Bu məqamlar hücumun arxasında siyasi planların dayandığına dair ehtimalları önə çıxarır. Amerikalı hərbçilərin ölümünün Vaşinqton üçün sərfəli tərəfləri var:

Birincisi, ABŞ daxilində siyasi gündəmi dəyişmək;

İkincisi, Amerika ordusunun Yaxın Şərqdə mövcudluğunu əsaslandırmaq;

Son bir neçə ayda yüzlərlə hücumdan zərər görməyən amerikalı hərbçilərin dron hücumu ilə ölməsi və yaralanması bu kontekstdə şübhələrə yol açır.

Burada əsas məqamlardan biri də amerikalı hərbçilərin ölümünün ABŞ ordusunun Yaxın Şərqdən tədricən çəkilməsi məsələsinin gündəmdə olduğu vaxt baş verməsidir. Vaşinqton İraqdakı hərbçilərin sayının azaldılması və tədricən çıxarmağı Bağdadla müzakirə edir. ABŞ mediası ("Politico", "Foreign Policy") Baydenin qüvvələri Suriyadan da çıxarmaq istəyindən yazır.

Və bu informasiyalar fonunda amerikalı hərbçilərin ölümü ilə nəticələnən, ümumiyyətlə son aylar İrandan qaynaqlanan yüzlərlə hücum ABŞ ordusunun bölgədə missiyasının əhəmiyyətini önə çıxarmış oldu. Amerikalı hərbçilərin ölümündən sonra Vaşinqtonun siyasi gündəmində "qisas" çağırışlarının alovlanması daxili ictimai rəyi də Yaxın Şərqdə mövcudluğun vacibliyinə yönəldir. Beləliklə, Bayden Administrasiyası həm Texas gündəmini dəyişir, həm "Yaxın Şərqdə hərbi missiyanın" vacibliyini region ölkələrinə və Amerika cəmiyyətinə nümayiş etdirir.

Və bu prosesdə Vaşinqtona yaxından "dəstək" verən ölkənin İran olduğu görünür. İraqa, Suriyaya, Pakistana hücumun ardınca İordaniyaya da edilən hücumda İranın hədəfi "müqavimət oxu"nu gücləndirmək, "qisas" planlarını icra etməkdir, eyni zamanda, bununla amerikalılara "əlcək atır". Bu baxımdan, ABŞ-ın İrana müdaxilə etməyəcəyi ehtimalı, edəcəyi ehtimalından çox yüksəkdir. Lakin ABŞ və İranın Yaxın Şərqdə eskalasiyanı artıracaq addımları qarşılıqlı şəkildə atmağa davam edəcəyi gözləntisi var.

lll

Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni konstitusiyanın qəbul edilməsi məsələsinin Azərbaycanla görüşlərdə müzakirə edildiyinə işarə vurub. Lakin maraqlı məqam Ermənistanın Azərbaycandan da bunu tələb etməsidir. Simonyan iddia edir ki, "Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da dəyişdirilməli olan müddəalar var". Amma hansı müddəalardan danışdığını açıqlamayıb. Çünki Azərbaycan Konstitusiyasında, yaxud müstəqilliyin bərpası haqda Bəyannamədə Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa yoxdur. Ermənistanın müstəqillik bəyannaməsində isə qondarma "miatsum"dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir.

Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlar qarşı hesablanmış kimi görünür.

 

 





02.02.2024    çap et  çap et