525.Az

Dünyanın ən xoşbəxt ilanı - "Mistik olaylar" silsiləsindən


 

Dünyanın ən xoşbəxt ilanı - <b style="color:red"> "Mistik olaylar" silsiləsindən</b>

"...Barış canındakı zəhərli dərdlə,

 iyrənmə özündən, ilan balası.

Bəlkə də, ən acı həqiqət elə

sənsən yer üzündə, ilan balası.

Sənsən haqqın yolu bu yer üzündə,

tanrı özü seçib bu yolu bəlkə.

Yüz cür sifətiylə, yüz cür üzüylə

dünya səndən keçib durulur bəlkə".

(Ramiz Rövşənin "İlan balası" şeirindən)

 

...İlanın zəhəri çoxalmışdı deyə canı ağrıyırdı və bilmirdi nə etsin, necə etsin ki, ona yük olan, əzab verən zəhərindən bir az boşaldıb sakitləşsin.

Allah zəhəri ona dar ayaqda özünü qorumaq üçün vermişdi, hər yoldan ötəni sancıb öldürmək üçün yox. İşin tərsliyindən son vaxtlar ona sataşan, quyruğunu tapdalayan, öldürmək üçün dəyənəklə, yaba ilə qovan da yox idi ki, bəhanə edib işini görə, ehtiyacını ödəyə. Bəzən təhqir olunub şans qazanmaq üçün özünü bilərəkdən adamların, heyvanların gur olduğu yerlərə verir, otların arasında ora-bura sürünür, kolların dibində gizlənirdi. Hətta risk edib həyət-bacalara, zirzəmilərə, pəyələrə də soxulurdu, üstünə kütləvi hücumlardan da ehtiyat eləmirdi - təki canı ona əzab verən bu zəhərdən qurtaraydı...

İndi kəndin kənarındakı meşədə veyil-veyil ora-bura sürünür, zəhərini boşaltmağa girəvə, səbəb axtarırdı.

Dünyanın çox qəribə işləri vardı. Onlardan biri də adamların ilan görən kimi əllərinə daş, dəyənək, yaba götürüb hücum çəkmələri, onu daha əzabla öldürmək uğrunda  yarışa girmələri idi. Halbuki ilanların dinc insanlara münasibətdə heç bir düşmənçiliyi-filanı yox idi. Üstəlik, ilanın zəhərindən hazırlanan neçə-neçə dərman, cürbəcür məlhəmlər xəstə insanların şəfa tapmasına, sağalıb ayağa qalxmasına səbəb olurdu və təkcə elə buna görə ilan adı çəkiləndə ünvanına "sağ ol" əvəzinə yalnız "lənət" oxunması, hamının qəlbində, şüurunda ona ölüm hökmünün kəsilməsi dünyanın ən böyük ədalətsizliklərindən biri deyildimi?

Görəsən, adamların ürəyində qorxu qarışıq bu nifrət nədən yaranmışdı? Nə üçün onlar ilanlarla dost ola bilmirdilər? Nə mane olurdu buna? Zəhəri? Üstünə dörd tərəfdən hücum edilirdisə, canını qurtarmaq üçün o biçarə ilan nə etməli idi axı?

İlanlar bilsəydilər ki, insanlara etdikləri bu təmənnasız yaxşılığın mükafatı ölümdür, o zəhəri-məlhəmi canlarında qoruyub saxlayardılarmı?

Qəribədir, büllur vazaya sarılmış ilan bütün dünyada dərdən, azar-bezardan qurtarıb şəfa tapmağın simvolu sayılırdı, amma real həyatda hamı qəlbində, dilinin altında bu biçarə ilanın ünvanına  əbədi bir nifrət, lənət gəzdirirdi...

Meşədə qəribə, amma darıxdırıcı bir sakitlik, səssizlik vardı. Baxımsız qaldığından buralar az qala cəngəlliyə çevrilmiş, kollar, otlar hər yeri basmışdı. Bəlkə elə buna görə bu tərəflərə gəlib-gedən demək olar ki, yox idi.

Göyəm kollarının yanından sivişib palıd ağacına tərəf sürünəndə təxminən 20-25 metr aralıdan keçən kənd yolundan taz qalxdı, maşın səsi gəldi. Dərhal fırlanaraq acgözlüklə o tərəfə baxdı - qırmızı rəngli təzə, bahalı avtomobil gün işığında az qala güzgü kimi bərq vururdu. Belə bahalı, təzə maşının daşlı-kəsəkli yolda, cəngəlliyə çevrilmiş meşə kənarında peyda olması bir az müəmmalı idi və təbii ki, heç də yaxşı şeydən soraq  vermirdi.

Qurumuş zoğal ağacının tuşuna çatanda maşın yoldan çıxıb meşə tərəfə - bayaqdan başını azca qaldırıb bu mənzərəni seyr edən ilanın dayandığı səmtə yol aldı. İlan cəld sürünərək palıd ağacının gövdəsindəki dar koğuşa girdi və  sonrakı hadisələr o koğuşun qaranlığında parlayan gözlərinin qarşısında baş verdi...

Maşın palıd ağacının yanından keçib bir az aralıda dayandı. Əvvəlcə sürücü oturan tərəfdəki qapı açıldı və oradan saçlarını qız kimi yığıb arxadan bağlamış, gözlərində qara eynək olan bir oğlan düşdü, dərhal da qabaqdan keçib sağ tərəfdəki qabaq qapını açaraq dala çəkildi: kabinada müasir dəbdə, amma zövqsüz geyinmiş bir qız oturmuşdu. Dodaqları altında nə isə mızıldayıb sağ əlini oğlana uzatdı - yəni kömək elə, düşüm. Oğlan cəld onun əlindən yapışıb daha çox əmrə oxşayan bu xahişi yerinə yetirdi. Qız maşından düşəndən sonra əvvəlcə yaxşıca gərnəşdi, sonra şalvarının cibindən iri gün eynəyini çıxarıb taxdı. Paltarları əcaib və səliqəsiz idi - cins şalvarının cırıq, deşik yerlərindən saplar sallanırdı, gödəkçəsi isə o qədər qısa idi ki, içərisinə gün işığında müxtəlif rənglərə çalan xırda bahalı daş yerləşdirilmiş göbəyi çöldə qalmışdı.

Onlar elə maşının yanındaca dayanıb bir müddət nə barədəsə danışdılar. Sonra oğlan əlini qızın belinə dolayıb özünə tərəf çəkdi... və öpüşüb qurtarandan sonra maşının arxasına keçib yük yerinin qapısını açdı, əvvəlcə oradan ağ parçaya bürünmüş iri və dəyirmi qutu kimi bir şey çıxarıb yerə qoydu, sonra əyilib bu dəfə orta ölçülü bir bel götürdü, sağ əlini uzadıb ağ bağlamanı qaldırdı, qıza yaxınlaşıb başı ilə irəliyə işarə edərək nə isə dedi və onlar asta, bir az da oğrun addımlarla meşənin dərinliyinə yöl aldılar.

İlan dərhal ağacın koğuşundan çıxıb onların dalınca süründü...

Meşənin nisbətən sıx, kol-kosu bir-birinin üstünə çıxmış, dar-darısqal yerinə çatanda dayandılar. Oğlan bellə hündür bir kolun dibini qazmağa, qız isə cibindən bahalı bir telefon çıxarıb qurdalamağa başladı.

Oğlanın qazdığı çalanın dərinliyi 30-40 santimetrə çatanda qəfildən hardansa körpə uşaq qığıltısı, ardınca da uşaq ağlamağının səsi gəldi. Qız diksindi, nəzərlərini telefonun ekranından çəkib oğlana, oğlan da işini dayandırıb karıxmış halda qıza baxdı və qızın baxışlarını oxuyandan sonra beli kənara atıb bağlamanın büründüyü ağ örtüyü açmağa başladı.

Örtüyün hər qatı açıldıqca ağlamaq səsi daha ucadan eşidilirdi...

Nəhayət, sonuncu qat da sürüşüb yerə düşdü və ilan toy-nişan mərasimlərində içinə şirniyyat yığılan qulplu xonça zənbilinin içində əllərini, ayaqlarını yelləyə-yelləyə ağlayan körpəni gördü.

Oğlan zənbilin içindən kiçik bir balış çıxardı və əyilib uşağın üzünə basmaq istəyəndə uşaq qəfildən bərkdən qıyya çəkdi.

O səs elə bil ilanın başından,   dişlərinin zəhər yığılmış dibindən keçib quyruğundan çıxdı: ilan gördü  ki, oğlan uşağı boğub qazdığı çalada basdırmaq istəyir və ilanlığını nümayiş etdirmək üçün bundan yaxşı şans ola bilməz!

Sıçrayıb ayaqları çalanın müxtəlif tərəflərində olan oğlanın paçasının arasından necə çaldısa, oğlan heç qışqırmağa da macal tapmadı, dizləri üstə çalaya yıxılıb çabalamağa başladı.

Bircə anın içindəcə dişlərini yumşaq ətdən çıxarıb qıvrılaraq bu dəfə qızın açıq göbəyinə ox kimi sancıldı və zəhərinin ən qatı hissəsini səxavətlə ora boşaltdı.

Telefonu əlindən düşən qızın rəngi qapqara qaraldı və o sürüşüb söykəndiyi ağacın dibinə yıxıldı.

İlan sürünərək zənbilin yanına gəldi, quyruğu üstə qalxıb zəhmli gözlərini uşağa dikdi.

Uşaq ağlamağını kəsmişdi və xoşbəxt-xoşbəxt ilana baxırdı.

Sonra ilan yerə sərilərək geriyə - qırmızı maşının dayandığı tərəfə süründü. Maşına çatanda bir müddət hərəkətsiz qaldı, sonra qəfildən açıq pəncərədən içəri keçib sükanın üstünə çıxdı. Səs düyməsinə toxunanda qəribə bir səs haray salıb buradakı darıxdırıcı sakitliyi pozan kimi ilan gövdəsini düyməyə daha möhkəm sıxaraq hərəkətsiz dayandı.

Ara verməyən siqnal səsinə evdən, həyətdən çölə çıxan kənd sakinlərindən bir neçəsi - əksəriyyəti cavanlar idi - dabanlarına tüpürüb maşına tərəf götürüldü - əgər maşın çöllük-biyabanda dayanmadan siqnal verirdisə, deməli, nə isə olmuşdu.

Sonrakı hadisələr onların gözləri qarşısında baş versə də, nağıl, əfsanə süjetinə daha çox bənzəyirdi.

Adamlar maşına çatanda siqnal kəsildi, amma kabinadan adam yox, pəncərədən yekə bir ilan çıxdı, elə maşının yanındaca quyruğu üstə dikəlib mələrtiyə bənzər səs çıxardı.

Özünə gələn cavanlar ilanın başını əzmək üçün əyilib daş, ağac götürməyə hazırlaşırdılar ki, özünü  təzəcə yetirən nisbətən yaşlı bir kişi irəli sıçrayıb çığırdı:

- Yox, lazım deyil, dayanın, toxunmayın ona! Burda nə isə bir iş var.

İlan elə bil onun dediklərini başa düşdü, kişi sözünü bitirən kimi elə quyruğu üstə sürünə-sürünə bayaq uşağı qoyub gəldiyi səmtə yön aldı.

- İlahi, özün bilən məsləhətdir -  deyə yaşlı kişi salavat çevirdi. - Haydı, ardımca...

...Onlar hadisə yerinə çataçatda ilan elə bil qəfildən əriyib havaya qarışaraq yoxa çıxdı.

Gələnlər gördükləri mənzərədən işin nə yerdə olduğunu başa düşdülər və bir anlığa donub qaldılar.

Xonça zənbilindəki uşaq isə yuxuya gedib mışıl-mışıl yatırdı.

Bayaqkı yaşlı kişi irəli yeridi, titrəyən əlləri ilə körpəni qaldırıb qucağına aldı və sonrakı sözləri gözlərindən yaş tökülə-tökülə dedi:

- Qüdrətinə, lütfünə şükür, İlahi.

Nə yaxşı ki, varsan... varsan...

 





02.02.2024    çap et  çap et