525.Az

Cəlil Məmmədquluzadənin bir məktubunun izi ilə


 

Cəlil Məmmədquluzadənin bir məktubunun izi ilə <b style="color:red"> </b>

Böyük ədib Cəlil Məmmədquluzadənin kitablarına daxil edilməyən bir məktubu onun Naxçıvan həyatı ilə bağlılığına dair məlumatımızı zənginləşdirmək baxımından olduqca əhəmiyyətlidir. "Şərq qapısı" qəzetinin 30 oktyabr 1930-cu il tarixli 57-ci nömrəsində "Cəlil Məmmədquluyev" imzası ilə dərc edilən "Molla Nəsrəddin"in cavabı" başlıqlı həmin məktubda o, Danelyandan aldığı teleqrama cavab olaraq yazır: "Sizin teleqrammanın məzmununa bütünlükdə şərikəm. Jurnalımızda sizin haqqınızda dərc olunmuş məqalənin haqsız və mənasızlığına hər kəsdən artıq bən özüm mütəəssüf oluram. Redaksiya namından ən səmimi qəlbdən olaraq sizdən üzr istəyərək təmin edirəm ki, bu işi hər hansı orqana göndərmiş olsanız belə, bizim öhdəmizə düşən yalnız öz əfvedilməz günahımızı boynumuza almaqdır. Redaktor Cəlil Məmmədquluyev".

Maraqlıdır. Danelyan kimdir? Onun teleqramının məzmunu nədən ibarətdir? C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalının redaksiyasının "əfvedilməz günahı" nədədir?

Bu suallara cavab tapmaq üçün əvvəlcə "Molla Nəsrəddin"in 1930-cu il nömrələrini nəzərdən keçirdik. 28-ci nömrədə "Bisavad" imzası ilə dərc olunan "Xəstə müdir" adlı kiçik bir yazı diqqətimizi cəlb etdi. Yazıda Naxçıvan Firqə Komitəsi təşkilat şöbə müdirinin (o vaxt bu vəzifədə Danelyan işləyirdi) 12 gün işə çıxmayaraq evində eyş-işrət məclisi qurması tənqid olunur. Yazının tam mətni belədir: "Naxçıvan Firqə Komitəsi təşkilat şöbə müdiri yoldaş 12 gündür ki, idarənin qapısını bağlayıb mənzilində istirahətə məşğuldur. Çünki dostum axşam o qədər içmişdi ki, başı ağrıyıb idarəyə gələ bilməmişdi. Evdə ona xidmət edən qulluqçuların sayı o qədər idi ki, bir-birlərinin ayağına dolaşırdılar. Zeynəblər, yerinciklər, əmirlər, həsənlər biri cücə aşı gətirir, biri qəndab, biri kakao, biri quzu plovu gətirərdi. Bir tərəfdən də idarə işçiləri işləri gətirib daklada. Ancaq yoldaş öz işinə məşğuldu. Kim bu istirahətdən əl çəkər? Bazarda ət, çörək növbəsinə duran adamı yoxdur ki, fikir eyləsin".  

Bu ifşaedici yazı ilə kifayətlənməyən məcmuə növbəti nömrəsində Danelyanın eyş-işrət məclisində karikaturasını vermişdi. Həmin karikaturada jurnalın 28-ci nömrəsində gedən "Xəstə müdir" məqaləsində yazılanlar əyani şəkildə oxuculara çatdırılır. Karikaturanın aşağısında yazılıb: "Dostum, bax cücə supu, yağlı bozbaş, quzu plovu və sərin şərab da var. Daha könlün nə istəyir? Biz də ki, qulluğunda varıq".

Lakin jurnalın 1930-cu il 30-cu nömrəsində dərc olunan "Təhqiqat nəticəsi" başlıqlı məlumatda gözlənilmədən həmin yazıdakı faktlar və bu faktlar əsasında çəkilən karikaturanın doğru olmadığı bildirilir: "Məcmuəmizin 28-ci nömrəsində dərc olunmuş "Xəstə müdir" sərlövhəli məqalə və 29-cu nömrəmizdə "Müdir xəstədir" başlıqlı şəkil təhqiqat nəticəsində doğru çıxmadı. Bu barədə günahkarlar qanunən məsuliyyətə cəlb olunacaqlar".

Heç vaxt ağa qara deməyən "Molla Nəsrəddin"in bu məsələyə münasibətindəki "ehtiyatsızlığının" səbəbini müəyyən etmək üçün digər mənbələrə də müraciət etdik. Nəhayət, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda C.Məmmədquluzadənin şəxsi arxivindən tapdığımız 8 nəfər naxçıvanlı müxbirin imzaladığı bir məktub kimin haqlı, kimin haqsız olduğunu sübut etdi. Məktubun tam mətni belədir: "28 nömrəli jurnalınızda "Bisavad" imzası ilə "Xəstə müdir" sərlövhəli məqaləni biz aşağıda imza edən firqə qəzeti ("Şərq qapısı" qəzeti nəzərdə tutulur - F.X.) müxbirləri təsdiq edərək məlum etməliyik ki, Naxçıvan ölkəsində müxbirləri təqib etmək işləri sizə aşkardır. Hansını ki, təsdiq etdi mərkəzi qəzetlər və Zaqafqaziya Kontrol Komisyonu və müxbir təqibçilərini də məsuliyyətə almaq qərarını çıxarıb, bu haqda Naxçıvan işçilərinə acıq gələrək 5-7 oktyabrda çağırılmış müxbirlər konfransında həmin məqaləni yazan müxbiri məsuliyyətə cəlb etmək istəyirlər. Onun üçün də komisyon ayrılmışdı ki, bu işi təhqiqat etmək ilə bərabər ali idarələr vasitəsilə müxbirin imzasını tələb etməyə çalışırlar. Onun üçün də biz xahiş edirik onun imzasını heç bir təşkilata verməməli və gizlin saxlamalı. Çünki məqaləni yalana çıxarmağa çalışırlar.

1.M.Ə.Əsədullazadə, 2.R.Babayof, 3.N.Əlizadə, 4.M.Ə.Seyidof, 5.X.Abasof, 6.K.Tağıyof, 7.İ.İmanzadə, 8.N.Hacılı.

Naxçıvan, Arasda. 7/X-1930".

Məktubda yazılanların doğru və etibarlı olmasını aşağıdakı faktlar təsdiq edir:

Əvvəla, məktuba imza atanların birincisi M.Ə.Əsədullazadə Azərbaycanın Naxçıvanda inanılmış mətbuat müvəkkili idi. Şübhəsiz ki, yalan məlumata imza atmaq onun nüfuzuna və  vəzifə məsuliyyətinə  uyğun olan bir iş deyildi.

İkincisi, məktubda yazıldığı kimi keçən əsrin 30-cu illərində Naxçıvanda müxbirlərin təqibi az qala bir hərəkat halını almışdı. 1930-cu il 5-7 oktyabrda keçirilən IV Naxçıvan müxbirlər konfransına aid "Şərq qapısı" qəzetində dərc edilən materiallarda daha ətraflı və dəqiq məlumatlar vardır. Qəzetin  10 oktyabr 1930-cu il tarixli nömrəsində dərc olunan bir məqalədən aydın olur ki, Zaqafqaziya Dairə Kontrol Komissiyasının sədri İ.Yakovlevin iştirak etdiyi bu konfransda çıxış edən yerli müxbirlərdən İ.Xudiyev, M.Seyidov, Ə.Ağayev, A.Hatəmov, H.Əlizadə, X.Abbasov, Q.İskəndərov, İ.İmanzadə, M.Tarverdiyev və başqaları belə bir fikri təsdiq etmişlər ki: "Müxbirlərə canlı rəhbərlik olunmaması üzündən onlar çox təqiblərə uğrayırlar... Şəxsi tənqidi boğan və müxbirləri həyasızcasına təqib edən məsul işçilər vardır".

Məruzəçi M.Əsədullazadə isə bəzi müxbirlərin öz təqiblərinə dair verdikləri məlumatlara cavab olaraq qəti şəkildə bildirmişdir: "Müxbir təqibçiləri həmişə proletar cəzasına mübtəla ediləcəklər".

Deyilənlərdən belə nəticə çıxarmaq olar: "Bisavad" imzalı müəllif vəzifəsinə məhəl qoymadan Danelyanı tənqid etdiyi üçün təqibə məruz qalıb; səkkiz nəfər müxbirin imzaladığı 7 oktyabr 1930-cu il tarixli məktubla vaxtında tanış ola bilməyən C.Məmmədquluzadə Danelyanın daha əvvəl göndərdiyi və indi mətni əlimizdə olmayan teleqramına inanmış və redaksiya adından ondan üzr istəyib; əslində "öz əfvedilməz günahı" üçün üzr istəmək Danelyanın öhdəsinə düşürdü; vaxtilə baş vermiş bu əhvalat xalqımızın məkrli düşməni olan ermənilərin riyakarlığı, əxlaqsızlığı və nankorluğundan xəbər verən minlərcə məlumat və faktlardan yalnız biridir.

Bir neçə kəlmə də "Xəstə müdir" məqaləsinin müəllifi haqqında. Qeyd etdiyimiz kimi, bu yazı "Bisavad" gizli imzası ilə dərc olunub. "Bisavad" kimdir? Elmi ədəbiyyatdan məlumdur ki, Azərbaycan miqyasında bu imza ilə "İrşad" qəzetində Üzeyir Hacıbəyov, "Molla Nəsrəddin" və "Zənbur" jurnallarında isə Həsən Mirzəyev müxtəlif məqalələr dərc etdirmişlər. Lakin "Molla Nəsrəddin"də çap olunan "Xəstə müdir" yazısını nə Ü.Hacıbəyova, nə də H.Mirzəyevə aid etmək olar. Çünki adıçəkilən yazıda söhbət Naxçıvanda baş verən əhvalatlardan gedir. İkinci bir tərəfdən C.Məmmədquluzadəyə göndərilən teleqramda məhz naxçıvanlı müxbirlər ondan "Bisavad" imzasının kimə məxsus olduğunu "heç bir təşkilata verməməsini" və "gizli saxlamasını" xahiş etmişdilər. Deməli, "Xəstə müdir" yazısının müəllifinin Naxçıvanda yaşayan müəlliflərdən olması şübhəsizdir.

Bu imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək üçün bir çox mənbəyə müraciət etməli olduq. Nəhayət, bəhs etdiyimiz dövrdə Naxçıvanda müxbir kimi fəaliyyət göstərən, 5-7 oktyabr 1930-cu ildə keçirilən IV Naxçıvan müxbirlər konfransının iştirakçısı, sonralar isə yazıçı-jurnalist kimi məşhurlaşan Məmmədəli Tarverdiyevin bizə verdiyi yazılı məlumat bu məsələyə aydınlıq gətirdi. Həmin məlumatın kiçik bir hissəsinə nəzər salmaqla o vaxt Naxçıvanda fəaliyyət göstərən digər müxbirlərin gizli imzaları haqqında da təsəvvür əldə etmək mümkündür: "Bəzi müxbirlər tənqidi yazılarına görə ciddi təqib olunurdular. Bunlardan Xəlil Məhərrəmovu, Musa Məmmədovu, Qədim Qədimovu Noraşen rayonundan; Məmmədəli Əsədullazadəni, Əkbər Abbasovu, Məmməd Əkbərovu Naxçıvan şəhərindən; Manaf Xudiyevi Şahbuz rayonundan və başqalarını göstərmək olar.

Bu təqiblər müxbirləri ehtiyatlı olmağa, gizli imzalarla çıxış etməyə məcbur edirdi. Məsələn, Əkbər Abbasov - "Bisavad", Xəlil Abbasov - "Fikirli", Məmməd Əkbərov - "Zəki", Məmmədəli Tarverdiyev - "İstedadlı", "Hüseynoğlu", Qədim Qədimov - "Sədərəkli", Musa Məmmədov - "Kəndli" kimi gizli imzalarla çıxış edirdilər".

Beləliklə, aydın olur ki, "Xəstə müdir" məqaləsinin sonuna qoyulan "Bisavad" imzası naxçıvanda yaşayan müxbir Əkbər Abbasova aiddir. Mənbələrin verdiyi məlumata görə, o, həqiqətən "Şərq qapısı" qəzetinin ilk müxbirlərindən olub. Lakin 1930-cu illərdən sonra onun imzası həmin qəzetin səhifələrində bir daha görünməyib. Maraqlıdır. Əkbər Abbasov kimdir?

Araşdırmalar nəticəsində həmin dövrdə Naxçıvanda yaşayan Əkbər Abbas oğlu Abbasov adlı bir şəxs haqqında məlumatlar əldə etmişik. Naxçıvan MRDA-da saxlanılan şəxsi işindən məlum olur ki, o, 1897-cu ildə Naxçıvanda anadan olub. 1916-1919-cu illərdə Culfa-Təbriz dəmir yolunda fəhləlik edib. 1918-1920-ci illərdə Naxçıvana hücum edən təcavüzkarlara qarşı igidliklə vuruşan Ə.Abbasov hökumət tərəfindən xüsusi tapşırıqla Təbrizə göndərilib, orada qafqazlı mühacirlərə yardım işlərinin təşkili ilə məşğul olub. 1921-ci ildə İranda həbs olunub, azad olunduqdan sonra 1922-ci ildə Naxçıvana qayıdıb, ömrünün sonunadək burada Maarif Komissarlığı, Həmkarlar İttifaqı və Kommunal Təsərrüfat Trestində bir sıra məsul vəzifələrdə çalışıb, 1967-ci ildə isə 70 yaşında vəfat edib.

1934-cü ildə ona "Naxçıvan MSSR-nin Qırmızı partizanı" adı verilmişdi. Bu haqda "Ədəbiyyat qəzeti"nin 1935-ci il 13 yanvar tarixli nömrəsində yığcam məlumat vardır. "Molla Nəsrəddin" jurnalının Təbrizdə çıxan 8-ci  nömrəsində isə Ə.Abbasovun qafqazlı mühacirlərlə bağlı apardığı işlər haqqında bəhs olunur.

Əldə olan sənədlərin heç birində Əkbər Abbas oğlu Abbasovun "Şərq qapısı" qəzetinin müxbiri olması haqqında məlumata rast gəlməsək də, çox böyük ehtimalla belə nəticəyə gəlirik ki, 1930-cu ildə "Bisavad" imzası ilə "Molla Nəsrəddin" jurnalına məqalə göndərən Əkbər Abbasovun özüdür.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, "Xəstə müdir" məqaləsi, onunla bağlı karikaturanın dərc olunması "Molla Nəsrəddin" jurnalı və onun redaktoru C.Məmmədquluzadənin mübariz ruhunu, hansı şəraitdə olursa-olsun yaramazlıqlara qarşı barışmazlığını təsdiq edən ibrətli bir nümunədir.  

 





02.02.2024    çap et  çap et