525.Az

Dirsəklənib dağlara nəhəng-nəhəng buludlar


 

Dirsəklənib dağlara nəhəng-nəhəng buludlar<b style="color:red"></b>

Dirsəklənib dağlara nəhəng-nəhəng buludlar,

Günə verir özünü qəşəng-qəşəng buludlar!

Baba-dağ, nəvə-bulud, biri yumşaq, biri sərt,

Verdiyi əhval ilə dağlara dəng buludlar!

Dağ, ətəyində göl var, göldə onların əksi:

Gör tapıbdır nə gözəl uyum-ahəng, buludlar!

Təxribat peşindədir şimşəklər, ildırımlar

Topasına atacaq indi fişəng, buludlar.

Elə ki, üzü dönür, suyu belə "sındırır",

Qəzəb ilə yağanda, edəndə cəng buludlar.

Bəzən küləklər qovur, ipini qırıb qaçır,

Başımızın üstündən bu çərpələng buludlar.

Ağı hüzur, qarası narahatlıq doğurur,

Hüzn verir qəlblərə narıncı rəng buludlar...

Yeddibaşlı əjdaha, div kimi də görünür,

Şəkil-şəkil dəyişir "aslan, pələng" buludlar.

Bəzən tülə bənzəyər, yağıb boşalan kimi,

Mavi fona çəkilən bir qat əhəng - buludlar.

İlıq yaz gecəsində aşiq olmamaq çətin,

Dövrəyə alıb Ayı halə-çələng buludlar.

Ayrılmaz dostlar kimi birdən verir əl-ələ,

Dövrə vurub "yallı" da gedir pərsəng buludlar.

Hərdən "çoban aldadır",

gah "gizlənpaç", gah da ki

"Dava-dava" oynayır, atır tüfəng buludlar.

Oğlanlar istər yumşaq, yüngül buluda dönə

Qızların çiynindəki güyüm, səhəng, buludlar.

Yaz vaxtı cavan çoban çöldən yığıb gətirər,

"Ağzı tamsız" gəlinə yemlik, turşəng, buludlar.

Sezgilərim deyir ki: bu, bir doğuş öncəsi -

Ağırayaqlı gəzir göydə ləng-ləng buludlar.

Tufandan əvvəl səma göy geyib-qara bağlar,

Yan-yan gedir qorxudan

yenə "xərçəng" buludlar.

Sinoptiklər car çəkir: "Leysan yağış yağacaq!"

Nə zaman elədiniz onlara zəng, buludlar?

Yağdınız, hamı çöldən yığdı əlin-ayağın,

Yaxşı bir çay yeri var, isti, pürrəng, buludlar!

Ehtiyat yaraşıqdır, yağın ki, dolub-daşsın

"Mingəçevir", "Yenikənd", "Araz",

"Sərsəng", buludlar!

lll

Bir ay gözə görünmürsən,

Maraqlanan, soran olmur.

Hər şey yazılıb, oynanır,

Və heç bir şey zorən olmur!..

 

Min cür din var, günah bitmir,

Niyə göylərə ah çatmır?

- Adam çoxdur... Allah çatmır?!

Tək-tək olmur... Xornan olmur...

 

Səhv elədik, yazar olduq,

Aldıq, satdıq - bazar olduq...

Yalvarmaqdan bezar olduq,

Yağnan olan şornan olmur!..

 

Ümidlərim çilik-çilik,

Qəlbim desən - dəlik-dəlik,

Dərdə çıxıram gündəlik,

Yoxnan olur, varnan olmur!

 

Qapı varsa, açanı var!

Dəlikdən də keçəni var!

Yəni baxtdan qaçanı var?

Tale korsa... Kornan olmur...

lll

Qaçan illəri qova-qova

sanballı bir rəqəm haqlamısan...

Səssizcə "qocalırsan..." deyən

doğma baxışlara etimadın tam...

Gör işin harasıdı,

təbriklərə də cavab verməyə həvəs yoxdu...

Tortun üstündə bir şam dikəlir -

söndürməkdən qorxduğun...

"Doğmalar meşəsi"ndən "ağaclar" qırılır -

dostlar, yaşıdlar seyrəlir...

Heç anlaşmadığın, sevmədiyin həmtayın da

dünyadan köçəndə qəlbin kövrəlir...

Növbəti kim?..

Mahnı oxuyur hansısa yetim:

- Saçın ucun hörməzlər, hörməzlər,

Gülü sulu dərməzlər, dərməzlər...

Ölümə söz veriblər,

Məni sənə verməzlər,

verməzlər, hey, verməzlər...

 

 





02.02.2024    çap et  çap et