525.Az

Tələbələrin bilinməyən qanadları - Məhsəti Musa yazır


 

Tələbələrin bilinməyən qanadları - <b style="color:red"> Məhsəti Musa yazır</b>

Ali və orta ixtisas təhsili müəssisələrində birinci yarımil  (semestr) başa çatdı. İstər təhsilverən, istərsə də təhsilalanlar arasında geridə qalan dərslərdən razı qalanlar da oldu, narazı olanlar da. Təəssüf ki, söhbətlər zamanı müəllimlərin daha çox gileyli olduğunu görürük. Onlar daim müqayisələr aparır, öz dövrləri ilə indiki dövrün arasında xeyli fərq olduğunu söyləyir, çox şeydə inkişaf getsə də, tələbələrin elmə, biliyə az maraq göstərdiyini bildirirlər. Çoxu qarşı tərəfdən narazıdır, gənclərdən gileylənir, auditoriyanın zəif olduğunu bildirir. Bəs bu müəllimlər özləri necədir? Özləri o tələbələrin oxuması üçün hansı şəraiti yaradırlar?

Deyəcəksiniz ki, tələbə adını qazanan şəxs oxumalı olduğunu da bilməlidir, özünə sənət qazanır, niyə onun ardınca düşməliyəm ki? Belə deyək, oxuyur oxusun, oxumur, özü bilər... Reallığa söykənsək, əslində belədir. Tələbə ibtidai sinif şagirdi deyil ki, əlindən tutub yazmaq öyrədək. Amma bəs vicdan? Bəs sonrakı nəsil? Bəs gələcək? Axı onlar bizim sabahımızdır. Sabahımızın uçuruma getməsinə necə göz yuma bilərik? Əlbəttə, bir qrupdakı bütün tələbələr eyni savada, eyni dünyagörüşünə, eyni çalışqanlığa malik olmur. Yəqin ki, hər qrupda 3 ya 4 xüsusi fərqlənən tələbə tapılar. O zaman digərlərinin taleyini elə başlı-başına buraxmaq lazımdırmı? "Sizdən heç nə olmaz" deyib qol-qanadlarını sındıraraq, doğrudan heçliyə yuvarlamalıyıqmı?

Bir çox tələbələrin fikirlərini də nəzərə almaqla, etiraf edək ki, ali təhsil müəssisələrində dərs keçən fəlsəfə müəllimlərinin əksəriyyətində özündənrazılıq, eqo diqqət çəkir. Bir az da anlamağa çalışıram bu insanları. Çünki onların dünyaya baxşı daha dərin və daha fərqlidir. Çoxlarının gündəlik gördüyünü, amma əslində dərk etmədiyini məhz onlar dərindən görür, duyur, bilir. Lakin sabaha  doğru hələ indi-indi addım atan tələbələrin önündə bu fərqliliyini qabartmaq, özünü əlçatmaz, onları isə sıradan, bəsit, hətta bəzən yararsız biri kimi dəyərləndirmək çox pis nəticələr verir. Universitetdə bir fəlsəfə müəllimimiz var idi. Auditoriyaya daxil olduğu ilk gün, heç kimlə tanış olmadan dediyi söz bu oldu: "Mən bu auditoriyalara girəndə elə bil qara daşlarla dolu bir mağaraya girirəm".

Vəssalam! Bu, tələbələrin həmin fənnə maraq göstərməməsi, həmin müəllimi sevməməsi üçün bir "münbit şərait" idi. Bundan sonra o müəllim nə qədər çalışsa da, nə özünü, nə fənnini sevdirə biləcəkdi. Ataların bir sözü var: "Açılmayan qanadların böyüklüyü bilinməz". Nə yazıq ki, istər həyatda, istər elə daxil olduğumuz auditoriyalarda qarşı tərəfi öyrənmədən onları kiçik görməyi daha rahat yol hesab edirik. Elə bilirik ki, bununla tələbələri tənqid edirik, onlar da bundan nəticə çıxarıb oxuyacaqlar. Lakin nəticə fərqli olur və biz sadəcə diplomlu kütlə yetişdiririk. Yəni tələbə məhz qiymət (bal) almaq xətrinə oxuduğu fənni əslində dərindən mənimsəmir, sevmir, istiqamətlənmir.

Bu mövzuya müraciət etməyimin əslində bir səbəbi var. Cari tədris ilindən etibarən yaşadığım rayondakı kollecə müəllim kimi dəvət olundum. Əlbəttə, bu təklifi sevə-sevə qəbul etdim. Digər işlərimin həddindən çox olmasına baxmayaraq, müəllim kimi də fəaliyyət göstərmək istədim. Çünki gənclərlə işləmək mənə müsbət təsir edir. İlk gün çox həyəcanlı idim. Gənc, enerjili, tələbkar tələbələri gözüm önündə canlandıraraq bu görüşə əməlli-başlı hazırlaşmışdım. İlk dərsimiz demək olar ki, tanışlıq mərhələsi oldu. Və elə tanışlıq mərhələsində auditoriyada bir şeyi hiss etdim. Bu tələbələr özlərinə inanmırlar. Özlərini "zəif bənd" kimi qəbul ediblər. Onu da müşahidə etdim ki, mənim onlarla mehriban davranışım, hər birinə siz deyə müraciətim, gülmsəməyim də onlara qəribə gəlir. Elə qəribə gəldiyi üçün də üzümə daha maraqla, diqqətlə baxırlar. Onların bu marağını görəndə isə burada təkcə öz fənnimdən mühazirə deməli olmadığımı, əslində necə deyərlər, qolumu çırmayıb həm də gələcəyimiz üçün dəyərli vətəndaşlar yetişdirməli olduğumu anladım. Əlbəttə, bir semestr boyu mükəmməl nəticə əldə edə bilməyəcəkdim. Amma ən azından qapını azacıq da olsa aralayıb onlara Günəş işığını göstərə, o qapıdan çöldə böyük bir dünya olduğunu izah edə, gələcək üçün addım atmalarına imkan yarada biləcəkdim...

Yeni yarımilin başlanmasına az qalıb. Demək, irəlidəki vaxtlarda bir çox tələbələrə o qapını açmağın da yollarını öyrətmək imkanlarım olacaq. Amma bu qısa vaxt ərzində öz təcrübələrimdən əldə etdiyim nəticələri bir yerə qeyd etmişəm. İstərdim ki, mövzunu çox uzatmadan bu qeydlərimi sizlərlə də  bölüşüm. Kim bilir, bəlkə işinizə yaradı:

 l Xarakterindən, biliyindən, kimliyindən asılı olmayaraq, tələbəyə hörmətlə yanaşın. Onun bir şəxsiyyət olduğunu elə onun  özünə aşılayın. Sizin ona hörmət etdiyinizi gördükcə o da sizə eyni hörmətlə yanaşacaq (qorxu yox, hörmət)

l Məhz özünə və sizə hörmət etməyi öyrətdiyinizdə sözünüzün, iradınızın, tənqidinizin kəsəri olacaq. Yox, auditoriyaya girdiyiniz andan özünüzü göylə aparacaq, onları biliksiz, cahil kimi dəyərləndirib aşağılayacaqsınızsa, əmin olun,  həmin tələbələr aşağılanmağı qəbul edərək adətkar şəkildə buna davam edəcəklər. Yaxud da içərisində bunu qəbul etməyənlər olacaqsa, onlarla da münasibətləriniz korlanacaq. Hər iki halda qarşılıqlı hörmət olmayacaq. Bu olmadığında da siz bir müəllim kimi heç bir nəticə əldə etməyəcəksiniz.

l Tələbə üçün mühazirəni elmi cümlələrlə söyləyərək  getməyəcəksiniz, yaxud mövzu ilə bağlı hansısa digər vasitələrdən istifadəyə yönəltməklə canınızı qurtarmayacaqsınız. Tələbə o  mühazirədəki terminlərdən birini bilməyib mənasını soruşanda ona "aşağı səviyyəli" biri kimi baxmayacaqsınız, bunu soruşmasını tam normal qəbul edib izah verəcəksiniz (Orta məktəb dərsliklərindən birbaşa bu dərsliklərə keçid sözsüz ki, onlar üçün çətindir və bir çox terminləri bilməmələri normaldır). Hətta bəzən o soruşmasa belə, "yəqin ki, özünüz bilirsiniz, amma mən də bir açıqlayım" deyərək hamı tərəfindən anlaşılmayan sözlərin, terminlərin mənasını açıqlayacaqsınız.

l Bəzən elə ilk tanışlıqda  auditoriyanın bilik səviyyəsinin aşağı olduğunu bilsəniz də, bunu onların üzünə vurmayacaq,  mövzunu tələbələrin anlayacağı şəkildə, asandan çətinə, sadədən mürəkkəbə prinsipindən istifadə edərək izah edəcəksiniz. Seminarlar vaxtı ilk cəhdlərdə  tələbələr lap 3-5 cümləlik nə isə danışsalar belə dəyərləndirəcəksiniz, "bilirəm ki, dərsi mənimsəmisən, amma izah etməkdə çətinlik çəkirsən. Sən heç çəkinmə, hər dəfə bir az daha çox cəhd et, əminəm ki, sərbəst danışmağa adət edəcəksən" kimi  sözlərlə onlarda özünəinam yaradacaqsınız. Və inanın ki, bir neçə dərsdən sonra bunun müsbət nəticəsini görəcəksiniz. Nə olsun ki, onlar imtahan verib, ali və ya orta ixtisas məktəblərinə qəbul olunublar. Müşahidələrimə əsasən deyə bilərəm ki, əksər tələbələrdə nitq o qədər də inkişaf etməyib. Bilikləri olsa belə, oxuduqlarını ifadə etməkdə, danışmaqda çox çətinlik çəkirlər. Odur ki, tələbədən istədiyiniz cavabı ala bilməyəndə dərhal aşağı qiymət verməyə çalışmayacaq, yuxarıda qeyd etdiyim kimi, danışmağa həvəsləndirəcəksiniz.

l İzahlar verərkən tələbələrlə  dialoqa girəcək, onların ən bəsit cavabını belə ipucu kimi dəyərləndirərək gedişatı məhz o cavabın üzərində quracaqsınız. Danışarkən "Bax, yoldaşınız da müəyyən qədər buna toxundu, izah etməyə çalışdı" və s. kimi ifadələr işlədəcəksiniz. Bu, tələbənin özünə, öz cavabına daha çox inamla yanaşmasına kömək edəcək. Və digər tələbələri də lap az bilgi ilə olsa belə, mövzuya müdaxilə etməyə ürəkləndirəcək. Onlar qarşıdakı şəxsin acıqlı, yekəxana, hər sözünün başında hədə-qorxu gələn "çubuqlu adam" yox, onları öyrətmək istəyən biri olduğunu hiss etdiklərində artıq daha səylə oxumağa başlayacaqlar. O fənni də, sizin özünüzü də sevəcəklər.

Ümumiyyətlə, fənnini tədris etməklə yanaşı, müəllim həm də insanlıq, vətəndaşlıq borcunu yerinə yetirməlidir. İnsan - sağlam düşüncəli, sağlam əqidəli insan yetişdirməlidir. Qürur hissi ilə qeyd etmək istərdim ki, bu gün  tələbələrim içərisində məni özünə böyük bacı bilən varsa, auditoriyaya girərkən: "Müəllim, sizi görən kimi pozitiv enerji alıram", "Nə yaxşı ki sizin kimi müəllimlər var" və s. deyirlərsə, ilk günlər mən danışarkən heyrətlə, təəccüblə üzümə baxaraq susan, danışmağa ürək etməyən bu gənclər indi mənimlə müzakirələrə qoşulur, bəzən mübahisə etməyə belə cəhd edirlərsə, düşünürəm ki, yuxarıda sadaladıqlarım işə yarayıb. Ola bilər ki, o gənclərin çoxu bizim fənnimizdən yüksək qiymət almasın. Hətta ola bilər ki, heç bu fənn gələcək işində ona lazım olmasın. Əslində hər birimiz kimi sonralar onların da lazımi biliyi  məhz şəxsi təhsil hesabına əldə etmək imkanları var. Özlərinə inamları olacaqsa, özlərinə hörmət etməyi və etdirməyi bacaraqcaqlarsa, vicdanlı, təmiz əqidəli insanlar kimi yetişəcəklərsə, digər bilik və bacarıqları əldə etmək onlara çətin olmayacaq. Bilmədiklərini də təcrübə sayəsində qazanacaqlar. Yoxsa qorx o gündən ki, savadlı cəlladlar yetişdirək. Bilik, bacarıq olsun, amma insanlıqdan kənar qalsın. Cəmiyyətə heç bir xeyir verməsin. Xeyir verməyi bir yana, hələ bu savadından ölkəsinin, xalqının əleyhinə olan işlərdə istifadə etsin. Azdırmı belə nümunələr?

Mən ötən yarımildəki az müddətli təcrübəmi sizlərlə bölüşdüm. Bölüşdüm ki, hamılıqla, hər zaman gənclərimizin yanında olmağı bacaraq. Təbii ki, qəbul edib-etməmək sizin işinizdir.

Hazırda imtahan verən tələbələrə isə bol-bol uğurlar arzulayıram! Mən inanıram ki, onların hamısının böyük qanadları var. Sadəcə şansları gətirməlidir ki, o qanadları lazımi yerdə, lazımi məqamda açıb göstərmələrinə imkan yarada biləcək insanlarla rastlaşsınlar.

 





05.02.2024    çap et  çap et