525.Az

Həftədə 4 günlük iş rejimi


 

AZƏRBAYCANDA BU İŞ REJİMİNİN TƏTBİQİ MÜMKÜNDÜRMÜ?

Həftədə 4 günlük iş rejimi<b style="color:red"></b>

Bu il fevralın 1-dən etibarən Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçiriləcək. "Bloomberg" agentliyinin məlumatına görə, dörd günlük proqram test rejimində istifadəyə veriləcək. Yüzlərlə müəssisənin işçiləri maaşı tam saxlanılmaqla hər həftə əlavə istirahət günü əldə edəcəklər. 45 şirkətin qatılacağı dörd günlük iş həftəsi tədqiqatı bu ilin avqust ayına qədər davam edəcək. Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Qeyd edək ki, ötən ilin iyulundan etibarən Qazaxıstanda dörd günlük iş həftəsi tətbiq edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Məcəlləyə edilən dəyişikliklərin əsas hissəsi işçilərin istirahət vaxtının artırılması ilə bağlıdır. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri ilə yanaşı, 4 günlük iş həftəsi də nəzərdə tutulub.

Niderlandda da müəssisələr xeyli vaxtdır ki, 4 günlük iş gününə keçid edib. Orada orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir. İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu, dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat təşkil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir.

Alimlərinin qənaətinə görə, dörd günlük iş həftəsi işçiləri daha xoşbəxt, biznesi isə daha mənfəətli edir.

Azərbaycanda da 4 günlük iş rejiminin tətbiqi mümkündürmü?

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyir ki, Azərbaycanda 4 günlük iş rejiminə keçməzdən öncə əmək bazarı tənzimlənməli, qeyri-formallıq minimuma endirilməlidir. Onun fikrincə, bu sistemə keçid insan əməyindən rasional istifadə etmək şərti ilə mümkündür. O yerdə ki, texnoloji imkanlar, iş şəraiti 4 günlük iş həftəsinə uyğun deyil, orada bu sistemin tətbiqi real görünmür. Bunu insanın 5-6 gündə gördüyü işi 4 gündə bitirməsi mümkün olan sahələrdə həyata keçirmək olar. Məsələn, ölkədə bəzi iş sahələrində insanların 8-9, hətta 10-12 saat işlədiyi yerlər var. Belə olan halda həmin yerdə 4 günlük iş rejimindən danışmaq real deyil. Artıq bəzi ölkələrdə belə eksperimentlər həyata keçirilir: "Xarici ölkələrdə 4 günlük iş rejiminin tətbiq edildiyi müəssisələrdə iş gününün qısaldılması hasilat həcmini azaltmır. Yeni texnologiyanın tətbiqi nəticəsində biznes uduzmur. Bu müəssisələrdə çalışanlar həftənin 5-6 iş gününə hasil etdiklərini, 4 iş günündə də hasil edirlər. Onların 4 gün işləməyi maaşlarına təsir etmir, azalma baş vermir. Əmək haqqından əlavə, hasilatda da azalma baş vermir. Burada həm biznes, həm də işçilər qazanır. Biznes hasilatı 6 günə deyil, 4 gündə icra etməklə qazanır. Nəticədə əlavə enerji itkisinə və iş xərclərinə yol verilmir. İşçilər də daha çox istirahət etmiş olurlar".

S.Məmmədov bildirib ki, Azərbaycanda özəl şirkətlər 4 günlük iş rejimini tətbiq edə bilərlər. Amma dövlət qurumlarında bu, mümkün deyil: "Bizdə qeyri-formal əmək bazarının həcmi o qədər böyükdür ki, işçilər nəinki 8, hətta 12 saat işlədilir. Üstəlik, bəzi hallarda əmək müqavilələri də olmur. Təəssüf ki, bu cür çatışmazlıqların qarşısını tam ala bilməmişik. Lakin Azərbaycandakı özəl şirkətlər Avropadakı kimi dördgünlük iş həftəsi rejimini tətbiq edə bilərlər. Bu, onların sərbəst seçimidir. Qanunvericilik buna qadağa qoymur. Amma dövlət orqanlarında, büdcə təşkilatlarında bu, mümkün deyil. Dövlət orqanlarının fəaliyyətini həftənin 7 günündən 4 iş gününə endirmək qeyri-mümkündür. Buraya idarəetmə sistemi, polis, məhkəmə, həkim, notarius, təcili yardım və sair kimi sahələr, işlər daxildir. Onların fəaliyyəti dayana bilməz. Dövlət qurumlarının 4 günlük iş rejiminə keçməsi üçün ayrıca qanun olmalıdır. Belə bir qanunun olacağını isə gözləməyə dəyməz".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, son illər dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib: "Ancaq Azərbaycanda buna keçid hələlik problemdir. Çünki Azərbaycanda 1 milyon 700 min muzdla çalışan işçi var. Onların 900 mindən çoxu büdcə sektorunda çalışır. Məsələn, müəllimləri 4 günlük iş rejiminə keçirmək mümkündürmü? Bu zaman hansı keyfiyyətdən danışmaq olar? Və yaxud polis 4 günlük iş rejiminə necə keçə bilər? Bu, mümkün deyil".

İqtisadçı qeyd edib ki, kommersiya müəssisələrində, ümumiyyətlə, özəl sektorda da belə bir keçid məntiqli və real görünmür: "Özəl sektorda elə sahələr var ki, orada həftənin 7 günü iş gedir. Bura kafeləri, restoranları, mağaza və marketləri aid edə bilərik. Bu sahələrdə belə dəyişiklik o qədər asan deyil. Azərbaycanda ən aparıcı sahənin neft-qaz sektoru olduğunu nəzərə alsaq, bu sahədə də iş günlərini azaltmaq mümkün deyil. Çünki bu sahədə 24 saat iş gedir və neft çıxarma qurğuları dayandırıla bilməz. Buna görə də belə bir addım atılması texniki olaraq mümkün deyil. Bu, ancaq universitetlərdə və dövlət idarələrində ola bilər. Bu da hökumətin məsələyə baxışından asılıdır".

Ekspertin fikrincə, sadəcə dövlət şirkətləri qısaldılmış iş həftəsinə keçidə təşviq edilə bilər: "Məsələn, bu rejimə keçən şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər. Müəyyən təşviq addımları ilə bəlkə də, buna nail olmaq mümkündür".

İqtisadçı ekspert Akif Nəsirlinin dediyinə görə, 4 günlük iş həftəsinə keçmək üçün ölkə iqtisadiyyatı yüksək səviyyədə inkişaf etməlidir: "4 günlük iş həftəsinə keçid adi bir bəyanatdan ibarət deyil. Bunu təsdiq etmək üçün həm də imkanlar olmalıdır. Yəni ölkənin iqtisadiyyatında mexanikləşmə, avtomatlaşdırma prosesi getsin və maddi nemətlər istehsalında insan əməyi kifayət qədər aşağı salınsın ki, insan əməyi çatışmadıqda maddi nemətlər istehsalı ara verməsin, dayanmasın, istehsal zənciri qırılmasın".

Ekspert qeyd edib ki, MDB ölkələri arasında bu kriteriyalara cavab verən ölkə yoxdur: "Yalnız Pribaltika ölkələrində bu məsələ mümkün ola bilər. Amma həmin ölkələrin avtomatlaşdırılma prosesi haqqında da dəqiq məlumatım yoxdur. 4 günlük iş həftəsinə keçid heç də o demək deyil ki, insan əməyi artıq aradan qaldırılır, insanlar işsiz qalacaq və yaxud işsizlik artacaq. Bununla bağlı artıq bir sıra Avropa ölkələrində təcrübə var. Həmin ölkələrdə həm iş saatı aşağıdır, yəni insanlar Azərbaycanda olduğu kimi həftədə 30-40 saat deyil, 20 saat işləyir. Hətta 13 saat işləyənlər də var. Amma onların maaşı MDB ölkələrində işləyənlərin maaşlarından xeyli yüksəkdir. 4 günlük iş həftəsinə keçid digər tərəfdən vətəndaşların sosial təminatlarının dövlət təsirinin altına alınması deməkdir. Yəni az vəsait sərf etməklə çox miqdarda maddi nemətlər istehsal edən sahibkar daha çox vergi ödəyir və dövlət həmin vergi əsasında formalaşan vəsait hesabına həm ölkədə olan işsizlərin, pensiyaçıların, eləcə də işləyən fəhlələri öz çətiri altına ala bilir. Beləliklə, 4 günlük iş həftəsinə keçidin iqtisadiyyata təsirləri bunlardır - işçi qüvvəsinə ehtiyac azalır, sahibkarların manevr imkanları artır, daha çox məhsul istehsal etməyə meyllənir. Bu, yüksək rifah hədəfidir. Bütün ölkələrin məqsədi budur ki, bu sistemə keçə bilsin, bunun üçün şərait yaradılsın".

İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, 4 günlük iş həftəsi sistemi müxtəlif ölkələrdə tətbiq edilə, təcrübədən keçirilə bilər, lakin ölkə iqtisadiyyatı buna tam hazır olmalıdır: "Bu sistemin tətbiqi iqtisadiyyatın inkişaf səviyyəsindən asılıdır. Əgər söhbət sırf Azərbaycandan gedirsə, ölkəmizdə bunu ümumi olaraq kompleks şəkildə qanunvericilik yolu ilə etmək mümkün deyil. Amma hər hansı bir sahibkarın, bu və ya digər özəl təsərrüfat strukturunda rəhbərliyin həmin sistemi fərdi qaydada tətbiq etməsi mümkün hesab edilə bilər. Lakin dövlət sektorundan söhbət gedirsə, bunun nəinki indi, yaxın perspektiv üçün də real olacağını düşünmürəm. Çünki bizdə faydalı iş əmsalı hələ ki, tələb olunan səviyyədə deyil. Hətta, təcrübələr göstərir ki, bir çox iş yerlərində nəinki 5 günlük, yaxşı olardı ki, 6 günlük iş rejiminə keçilsin. Bütün bunlar ölkə iqtisadiyyatının kompleks şəkildə qeyd olunan dəyişikliyə hazır olmamağından irəli gəlir. Əgər 4 günlük iş həftəsinə keçid etmək istəyiriksə, iqtisadiyyatı inkişaf etdirməli, bütün sahələrdə müasir texnoloji metodların tətbiqinə nail olmalıyıq".

Sevinc QARAYEVA

 





05.02.2024    çap et  çap et