525.Az

Əbədiyyət və bir gün - Rəvan Cavid yazır


 

Əbədiyyət və bir gün - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Nağıllarda şahlar dirilik suyu ardınca dünyanın bu başından o başına gedir, quyuya düşür, səmaya qalxır, dərvişlərlə yoldaş olurdular. Nağıllar bitdi, üç alma düşdü, dünya da, şahlar da dəyişdi. İndi beyin transplantasiyası ilə düşüncələri ölümsüz edirlər. Xatirələri, duyğuları bədəndən-bədənə köçürürlər. Məşhur reinkarnasiya rəvayətləri dönüb olur həqiqət. Əbədiyyətlə faniliyin rəqəmsal müharibəsi başlayır.

Elm elə bir səviyyəyə gəlib çatdı ki, doğru bildiyimiz hər şeyi unutmaq, yenidən dünyanı kəşf etmək məcburiyyətində qaldıq. Elm arxasınca sənəti də dəyişə-dəyişə bizim bilmədiyimiz yerlərə apardı.

Məsələn, öyrəndik ki, işıq sürətindən daha böyük sürət var imiş. Heyvanlar təkcə reflekslər və intuisiya ilə hərəkət etmirmiş, siçanlar, əslində, pendir yemirmiş və sair. Gah böyük həqiqətlərlə tanış olduq, gah da xırda, ömür boyu bizə lazım olmayacaq şeyləri öyrəndik. Bütün hallarda başa düşdük ki, dünya bizə öyrədilən kimi deyil və ən düzünü elə nağıllardakı adamlar edirmiş.

Nağıllardakı adamlar piramidalar tikmişdilər. Həm də elə tikmişdilər ki, günün müəyyən saatlarında Günəş şüalarının düşmə bucağına görə saatın neçə olduğunu piramidanın içində bilirdilər. Məbədlər inşa etmişdilər. Üzərindən milyon illər keçib, lakin o məbədlərin altındakı tunellərin hələ də sonuna çıxa bilməyiblər. Bax belə. Nağıllardakı adamlar yerini bizə verdilər. Biz də təxminən iki min ildir ki, dünyanı təzədən inşa edirik. Günəşin altında hər şey eyni cür qocalır, eyni cür bitir, eyni cür doğulur. Yeni olan heç nə yoxdur.

Bəşəriyyət qabığını dəyişdikcə mətnlər, şəkillər, musiqilər də əynini dəyişirdi. Ustadlar dedilər ki, nə yazırsınızsa yazın, eyni bulağın suyunu içəcəksiniz hamınız. Həmin bulaq da hələ hərfləri kəşf etməyən insanların danışdığı nağıllar, əfsanələr idi. Dini mətnlər, mifik qəhrəmanlıqlardır. Ağ qoç, qara qoç, tufan, gəmi, buğda, göydən yerə düşən bir cüt insan və hekayə başlayır. Sonra nə yazıldısa, bu sözlərin kölgəsində böyüyən fidanlara oxşadı. Hara baxsan, Xeyirin ordusuyla Şərin ordusu dalaşır.

Belə bir müharibənin ortasında yıxılan dünyanı çaşqın-çaşqın izləyən insan əbədiyyətlə bir günün dəyərini anlamağa çalışır. Hər şeyin keçmişdəkinin proyeksiyası olan yeni dünyada əbədi yaşamaq, düşüncələri və xatirələri kopyalayıb bədəndən bədənə ötürmək daha yaxşıdır, yoxsa bircə gün dünyanı sonuncu dəfə, aqibətin eşiyəndə kimi izləyib, onu dadmaq, son bir dəfə həmin almadan bir dişlək almaqmı?

İnsan zamanın xəlbirindən elə üyünüb keçir ki, əlində, ovucunda qalan ancaq gələcəyi yaşamağa bəs edir. Keçmiş və indiki zaman çoxdan faniliyə uduzmuş, xırda bir xatirəyə çevrilib. Gələcək isə hələ də əbədiyyətə inanır. Onun yolunda üfiqlər genişdir. O, hələ də dünyanı nağıllardakı şahzadələr kimi görmək istəyir - ölümsüz!

İnsanı əbədiyyətə inandıran şey ümiddir, əslində. Bizim də belə bir refleksimiz var. Məyusluq içində qıvrıldığımız günlərin vitaminidir ümid. Həyatdan iki əlli yapışmağımızın ən böyük səbəbi həmin ümidlərin qurdurduğu xəyallardır. Bir gün ümidimiz olsa, ancaq xəyal qurub gələcəyin nagümanlığından yaxa qurtara bilməsək, hər şey çox çətin olar. Xəyallar Adəmin cənnəti itirdikdən sonra hər gün oranın həsrəti ilə yaşamasının verdiyi bardır. Unutdu, unutduq hardan gəldiyimizi. Bütün çırpınışlarımız da gəldiyimiz yerə yenidən qayıtmaq üçündür. Dənizə baxmaq da, səmaya gülümsəmək də, otları əzə-əzə uzun bir daş yolunu keçmək də, səhrada oazis axtarmaq da, pianonun dillərinə toxunub eyni notlardan hər dəfə fərqli musiqilər yaratmaq da, şeir yazmaq da, hətta nahar fasiləsində - bir fincan kofenin hənirtisində siqaret yandırmaq da cənnətin rahatlığını, oranın müdhiş genişliyini axtarmağımızın vərdişləridir, yadımızdan, canımızdan çıxara bilmirik.

Virtual insanların dünyasında hər şey klassikləşir. İnkubator adamları kimi soyuyuruq. Qırtlağımızdan daş sallanır, gözümüzdən yuxu tökülür. Otağımızdan, telefonumuzdan, sosial şəbəkə profilimizdən çıxıb küçələrdə zombi kimi, bədbin, məyus gəzəndə dörd tərəfimizin əslində minlərlə asosial "manyaklardan" ibarət olduğunu gec-tez anlayırıq. Qloballaşan dünyada fərdlər yalnızlığa məhkum edilir. Onların qaçacaq yerləri yenə özləri olur axırda. Onlar məcburdur əbədiyyətə inanmağa. Bu qədər qarmaqarışıqlığın içində özlərinə bir yer etmək üçün əlli, altmış il bəs etmir. Onlara əbədiyyətin "dirilik suyu" lazımdır.

Yeni dünyanın "dirilik suları" da nağıllarınkından fərqlidir. Plastik əməliyyatlar, silikonlar, idman zalları, protein dərmanları, brendlər, reklamlar, bəyənmə butonları, naməlum adamların rəyləri, tanımadığın kəslərin qeybətləri, maşınlar və sair. İnsan bunlarla daha çox yaşayacağının, daim diqqət mərkəzində olacağının xəyallarını qurur. Hər şeyin ən yaxşısına çatmaq üçün can atanda əbədiyyət və bir gün arasında qalan o zərif hisslərin xoşbəxtliyindən məhrum qalır. Əslində, əbədiyyətin insana çox bir şey vəd etmədiyini anlamır. Əbədiyyət nədir ki? Olub keçənləri unutmaq, bir də xatırlamamaq və yenidən eyni həyəcanla yaşamaq. Əbədiyyət unutmaqdan və xatırlamaqdan başqa heç nə deyil, əslində.

Zaman və tale, qədərçilik oyunu əbədiyyət xəyallarının açarıdır. Su kimi axıb gedən ömrün məcrasında nağılların taybatay açılan qapılarında keçəndə əbədiyyət haqqında heç nə soruşmayacaqlar. Gözardı etdiyimiz "bir gün"lərin hesab-kitabını edəcəyik onda. İstədiklərimizi yaşamadan, dadmadan, görmədən, eşitmədən sakitcə faniliyin qollarında əbədiyyətin sonsuz çöllərinə atılacağıq. Və o vaxt hər şey təzədən başlayacaq.

 





05.02.2024    çap et  çap et