525.Az

Kübarlıq, gözəllik, mənəviyyat  mücəssəməsi - Zümrüd Dadaşzadə yazır


 

Kübarlıq, gözəllik, mənəviyyat  mücəssəməsi - <b style="color:red"> Zümrüd Dadaşzadə yazır</b>

Musiqişünas Aida Tağızadənin yubileyinə sevgi və ehtiramla ithaf olunur

 

XX əsr Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafına töhfələr vermiş sənətçilər sırasında alimlər də şərəfli yer tutur. Bu sırada Aida Tağızadə xüsusi qeyd olunmalıdır.

A.Tağızadə professor, Əməkdar incəsənət xadimi, fərdi Prezident təqaüdçüsü, uzun illər konservatoriyamızda (hazırda Bakı Musiqi Akademiyası) musiqi tarixi kafedrasının müdiri, bir neçə sanballı monoqrafiyanın müəllifi,  amma hər şeydən əvvəl  həmkarlarının, tələbələrinin  ehtiramını qazanmış bir alim, pedaqoqdur. Fəxri  və elmi adların  dəyərini əsla danmaq istəməzdim, lakin indiki zamanda bir mütəxəssis kimi nüfuz qazanmaq daha önəmlidir. 

A.Tağızadənin tədqiqatları mövzuca rəngarəngdir. Ali peşəkar kimi o, öz səriştəli sözünü sənətlə bağlı bir çox məsələlər haqqında söyləmək iqtidarındadır: "Azərbaycan musiqi tarixi" kursuna dair həmkarları ilə birlikdə   proqram da tərtib edib,  "Azərbaycan musiqi tarixi" (1992) dərsliyinin ayrı-ayrı fəsillərini də yazıb. Amma Aida xanımı həmişə müasir sənət səsləyib, "musiqi tarixinin ən həyəcanlandırıcı məqamı - bu günün musiqisi" (Stravinski) cəlb edib.

Alimin "qəhrəmanlarından" biri - Cövdət Hacıyev haqqında  məqaləmi "Müasirliyin salnaməçisi" adlandırmışdım. A.Tağızadəni də yaşadığımız dövrün ilhamlı salnaməçisi kimi təqdim etmək mümkündür. O, həmişə yaradıcılıq prosesinə həssas yanaşıb, çeşidli problemləri geniş tarixi, bədii-estetik kontekstdə araşdırmağa səy göstərib.

Aida xanım haqqında yazılarda onun xarakterinin ümdə xüsusiyyətləri - ciddiliyi, nəcibliyi, xeyirxahlığı vurğulanır. "Stress və ehtiraslar" dövründə ona xas təmkini, aramlı davranış tərzini də bu sıraya əlavə edərdim. Hər hansı bir tələsiklikdən uzaq  mühakimələr, kübarlıq, nadir daxili sanbal və bütövlük - bu keyfiyyətlər bir araya gələrək A.Tağızadə şəxsiyyətinə füsunkarlıq aşılayır.

Onun obrazının qeyri-adi məlahətinin sirrini axtarmalı olsaq, uşaqlıq illərinə dönməliyik. Nə yaxşı ki, Aida xanım atası - tanınmış dilşünas-alimə həsr olunmuş "Zeynal Tağızadə: Ömrün üfüqləri" (2011) kitabını nəşr etdirib.  Zeynal müəllimin  ömür kitabından səhifələri, xatirələri oxuya-oxuya bir çox maraqlı qənaətlərə gəlirsən.

Aida xanım Bakıda dünyaya göz açsa da, xarakterinin formalaşdığı  ilk məktəb illəri dədə-baba yurdu Şuşada keçib. O Şuşada ki  "hündür bir yerdə dayanıb, bir tərəfdən Kirsi, o tərəfdən Bağırqanı, başqa bir tərəfdən Murovu görmək olar. Üfüqün bu qədər genişliyi, təbiətin füsunkarlığı, yerli əhalidə fantaziyanın inkişafına güclü təsir göstərmişdir", - deyə müşahidə qabiliyyətinə malik Zeynal  müəllim qeyd edir.

Aida xanımın valideynləri  ehtiramla xatırlanmalıdır. Anası Sayalı xanım Hacıyeva iki ali məktəbin (Pedaqoji İnstitut və Tibb İnstitutu) məzunu olsa da, həyatının böyük hissəsini övladlarına həsr etmiş, Aida xanımın nailiyyətlər qazanması üçün hər bir şərait yaratmışdır.

Zeynal Tağızadə Azərbaycan  dilçilik elmini öz dəyərli   tədqiqatları ilə zənginləşdirmiş elmlər doktoru, Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun professoru, linqvistikada yeni araşdırma metodlarını tətbiq edən  geniş dünyagörüşlü bir alim idi.  Onun Şuşa həyatı haqqında  qeydlərini maraqla oxuyub, XX əsrin əvvəlində - siyasi olaylar baxımından ziddiyyətli və mürəkkəb bir dövrdə bu qədim  torpaqda yaşayan insanların sevincli-qüssəli həyatını, məişətinin səciyyəvi cəhətlərini aydın təsəvvür edirsən. Qohum-qonşu arasında münasibətlərin özəllikləri, məşhur xanəndələrin iştirakı ilə toy məclisləri, Qarabağ mətbəxinin unudulmaqda olan ləziz təamları haqqında məlumat,  Şuşa məktəbində, seminariyasında  təhsilin xüsusiyyətlərinin nəzər-diqqətə çatdırılması... və bütün çətinliklər müqabilində mənəvi həyatın zənginliyi, oxumaq, durmadan inkişaf etmək istəyi. 

A.Tağızadəni həmişə, əgər belə demək caizsə, "kitab adamı"  adlandırmışam. "Ömrün üfüqləri" ilə tanış olduqdan sonra həmin kitab sevgisinin, hətta mən deyərdim, kitab "azarının" köklərini anladım. O, ədəbiyyata məhəbbət hissinin övladlara aşılanmasını atasının özündən sonra qoyub getdiyi ən qiymətli miras hesab edir.

Aida xanımın parlaq təəssüratları sırasına Bakıda 2 saylı musiqi məktəbində oxuyarkən əfsanəvi Üzeyir Hacıbəylini canlı olaraq görməsi aiddir.  Məktəbə baş çəkən Üzeyir bəy onun rəfiqələri ilə 8 əlli ansamblda çıxışını dinləmiş və yeniyetmə pianoçuların istedadlı olduğuna diqqət yetirərək onların musiqi təhsilinin davam etdirilməsini  məsləhət görmüşdür.

A.Zeynallı adına Musiqi Texnikumunu pianoçu kimi  bitirən A.Tağızadə 1951-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinə, professor Nigar Usubovanın sinfinə daxil olur. Amma iki il pianoçu kimi müvəffəq oxuyan Aida xanım əllərinin xəstəliyi ucbatından  ixtisasını dəyişmək məcburiyyəti  ilə üzləşir. Buradaca deyim ki, A.Tağızadə pianoya əsla "xəyanət" etməyərək, bəstəkar əsərlərini, el havalarını öyrənib səsləndirməyi sevir. Mühazirə oxuyarkən, o, royalın arxasına keçib bizi  təəccübləndirərək lazımi musiqi parçasını söylənilən fikrə illüstrasiya kimi əzbərdən  çalardı...

"Mənim konservatoriyam" adlı məqaləsində Aida xanım tələbəlik dövrünü,  cavan müəllim kimi çalışdığı illəri xatırlayaraq yazır ki, Q.Qarayevin, sonra C.Hacıyevin  rektorluq etdiyi bu təhsil ocağının atmosferində o zaman "musiqiyə  xidmət etmək ruhu" hökmranlıq edirdi. Ali peşəkar, sənət vurğunu olan müəllimlərin təsiri altında gənc musiqiçinin bədii dəyərlər sistemi formalaşır, araşdırıcılığa  marağı baş qaldırırdı.

Təhsilini tarix-nəzəriyyə  fakültəsində davam etdirən Aida  xanımın taleyində görkəmli musiqişünas İzabella Vladimirovna  Abezqauzla əlamətdar görüş baş verir. Onun mütəxəssis kimi  püxtələşməsində Abezqauzun rolu danılmazdır. Burada Aida xanımın müəlliminə kövrək münasibətini, ona minnətdarlıq hissinin sonsuzluğunu qeyd etməyə bilmərəm. 2020-ci ildə Abezqauz haqqında müəllifi A.Tağızadə olan yığcam bir kitabın (Azərbaycan Bəstəkarlar İttifaqının nəşridir) işıq üzü görməsi ustadına sevginin əyani nümunəsidir.

1958-ci ildən A.Tağızadə  konservatoriyada çalışmağa başlayır: musiqi tarixi kafedrasının  sıravi müəllimindən  professoruna qədər yüksəlir, müəyyən zaman kəsimində kafedraya rəhbərlik edir. A.Tağızadənin alim kimi  müntəzəm səmərəli fəaliyyəti onun pedaqoji sahədə işinə də təsir göstərirdi.

Aida xanım yaradıcılıq yoluna  əlamətdar bir  dövrdə - ötən əsrin 50-ci illərinin sonu - 60-cı illərinin əvvəlində qədəm basmışdır. Siyasi atmosferin mülayimləşməsi dönəmində SSRİ və Qərb arasında "dəmir pərdə"nin tədricən laxlaması, ölkəyə daxil olan informasiyanın həcminin xeyli artması, sənətə yeni mövzuların  "müdaxiləsi", təravətli forma axtarışları cəmiyyətdə canlı reaksiya doğurur, qızğın müzakirələrə meydan açırdı. Bəstəkarlarla yanaşı, aparıcı musiqişünaslarımız da maraqlı, bəzən ziddiyyətli, hətta dramatik hadisələr burulğanına baş vurur,  əldə olunan informasiyanı refleksiyaya məruz qoymaq, qazanılan bilikləri musiqinin tədqiqinə cəlb etmək, dünyada baş verənləri milli musiqi nailiyyətləri ilə tutuşdurmaq istəyi ilə yaşayıb-yaradırdılar.

A.Tağızadənin xarakterinin xüsusiyyətləri, ruhən azad olması, yeni sənətə canlı marağı, müasir ədəbiyyatla təmasda işləmək həvəsi onu altmışıncılar nəslinin layiqli təmsilçisi kimi səciyyələndirmək imkanı verir.

Məqalələrindən birində A.Tağızadə yazır ki, "yeni zaman sənətkarlarımız qarşısında yeni mövzular və onlara müvafiq olan yeni forma axtarışları zərurətini doğurmuşdur. Onların təcəssümü üçün əvvəlki dil resursları bəzən kifayət deyil". Musiqişünas XX əsr sənətinin klassiklərinə çevrilmiş Stravinski, Prokofyev, Şostakoviç, Bartok, Hindemit və başqalarını   öyrənib, müasir musiqinin texnoloji vasitələrindən yararlanan müəllifləri təqdir edir. 

Vaxtilə akademik D.Lixaçov  "Əgər bu, imitasiya deyilsə..." adlı yazısında aşağıdakı fikri vurğulayırdı: "Ədəbiyyatşünaslıq ədəbiyyatı gerçəkliyə, real, konkret və dəqiq izah olunmuş fakta çevirir". Düşünürəm ki, A.Tağızadə də belə bir vəzifəni reallaşdırırdı: ayrı-ayrı əsərləri musiqi tariximizin faktına çevirir,  ayrı-ayrı sənətkar adlarını tarixdə təsbit edir. Həmin sənətkarlar sırasında isə Cövdət Hacıyev, Soltan Hacıbəyov, Aqşin Əlizadə kimi milli obrazlar, ifadə vasitələri çevrəsini xeyli genişləndirən yaradıcılar var. Həmin bəstəkarlar haqqında yazarkən, tədqiqatçı musiqimizin inkişafının vacib qanunauyğunluqlarının aşkarlanması səviyyəsinə yüksələ  bilir. Beləliklə, A.Tağızadəni cəsarətlə XX əsr Azərbaycan musiqi tarixini yaradan alimlərdən biri kimi səciyyələndirə bilərik.

Məqalələr toplusunu alim "XX əsr Azərbaycan musiqisi" sərlövhəsi altında dərc etdirmişdir. Məqalələri bir-bir oxuduqca biz ayrı-ayrı bəstəkarların timsalında musiqimizin əsas inkişaf mərhələlərini, həmin mərhələlərdə həll olunan yaradıcılıq vəzifələrinin özəlliklərini aydın təsəvvür edirik. "Dahilik zirvəsi" adlı məqalədə irəli sürülən tezisdən - "Üzeyir Hacıbəyli yaradıcılığı canlı müasirlikdir.... onun çoxcəhətli axtarışları musiqimizin trendini müəyyənləşdirdi" təkan alaraq, alim ilk bəstəkarımızın ideyalarının müxtəlif nəslə aid sənətçilər - Q.Qarayev, C.Hacıyev, F.Əmirov, A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, M.Quliyev və başqaları tərəfindən gerçəkləşdirilməsi yollarının fərqliliyini inandırıcı sərgiləyə bilir. Musiqişünas əmindir ki, həmin müxtəliflik bəstəkarlıq məktəbimizin əzəmətinə dəlalət edir.

A.Tağızadənin Cövdət Hacıyev barədə monoqrafiyası XX əsrin möhtəşəm simalarından birinin sənət nailiyyətlərinə həsr olunub. Alim hər bir əsərin, ilk növbədə hər bir simfoniyanın dramaturji həllinin fərdiliyini bədii qayənin özəlliyi ilə sıx təmasda nümayiş etdirməyə müvəffəq olur. Xüsusən "İnsan. Torpaq. Kosmos" adlı heç bir qəlibə sığmayan Beşinci simfoniyanın (iki hissə, yeddi fəsildən ibarətdir) təhlili əsasında alimin əldə etdiyi nəticələr diqqətəlayiqdir. Simfoniyanın dramaturji inkişafında, fəsillərinin sanki kadrbakadr ardıcıllığında kino dramaturgiyasının, montaj prinsipinin "fəaliyyətini" aşkarlayan müəllif eyni zamanda  əsərin təşəkkülündə muğamın da quruluş xüsusiyyətlərinin əks olunduğunu vurğulayır. Alimin təbirincə, hər bir fəsil formaca bitkin olmayıb, vahid monotematik inkişaf xəttinin bir halqasıdır: "Məhz burada dəstgah prinsipi -muğam silsiləsinə xas variasiyavarilik, süitavari konstruksiya özünü aşkarlayır". 

O, isbat edir ki, C.Hacıyevin  müasir musiqi cəbbəxanasının ən yeni ifadə vasitələrinə müraciəti  dəbə uyğunlaşmaq deyil, milli musiqinin köklü xüsusiyyətlərinin daha dərin təcəssümü məqsədini güdür.

Maraqlıdır ki, kitab 1979-cu ildə işıq üzü görüb. Məhz həmin ildəcə M.Aranovskinin "Simfonik axtarışlar" tədqiqatı nəşr olunmuşdur. Aranovski simfoniya janrının "həyatında" müşahidə olunan "destabilizasiya" vəziyyətini təsbit edərək, silsilə təfsiri, dramaturji həll müxtəlifliyi ilə fərqlənən onlarla əsərin təhlili üçün yeni metod təklif etmişdir.  Aida xanım isə tək bir C.Hacıyevin  simfoniyaları timsalında simfonik formanın müxtəlif yozum variantlarını üzə çıxara bilmişdir.

XX əsrdə musiqi təfəkkürü paradiqmasındakı dəyişikliklər musiqi kompozisiyasının daxilən yeniləşməsinə, həmin kompozisiyanın təşkilində iştirak edən vasitələrin iyerarxiyasının yenidən qurulmasına gətirib çıxarmışdı. Nə vaxtsa kölgədə qalan, "yardımçı" ifadə vasitələri - faktura, tembr, artikulyasiya əsas "ekspressiya parametri" (V.Xolopova) funksiyasını öz üzərinə götürür. Bu fikir A.Tağızadənin Soltan Hacıbəyov haqqında tədqiqatını oxuyarkən yadıma düşdü. Burada alim kompozisiyanın quraşdırılmasında tembr dramaturgiyasının vacib rol oynadığını vurğulayır. Tədqiqatçı S.Hacıbəyov orkestrinin özəlliklərini - kolorit parlaqlığını, ayrı-ayrı alətlərin personifikasiyasını diqqətə çatdırarkən impressionistlərin,  rus bəstəkarlarının orkestri ilə paralellərə üz tutur. Məsələn,   bəstəkarın alətlərin tembr və intonasiya imkanlarının  sərhədlərini genişləndirmək  cəhdlərini qeyd etdikdən sonra alim mühüm bir nəticəyə gəlir: "Lakin S.Hacıbəyov üçün rənglərin doğurduğu effekt əsas deyil, onun üçün tembrin bədii obraza tam uyğun gəlməsi  önəmlidir".

Musiqişünasın daha bir monoqrafiyası 60-cılar nəslinin ən parlaq simalarından olan Aqşin Əlizadənin yaradıcılığına həsr olunub. "Şostakoviç irsinin nəhəng basqısı"ndan (M.Tarakanovun ifadəsidir) xilas ola bilmiş bu bəstəkarın musiqiyə bəxş etdiyi  töhfələri dövrün əsas üslub təmayülləri - neoklassisizm, neofolklorizm məcrasında nəzərdən keçirərək, alim mühüm qənaətə gəlir. "Bayatılar" silsiləsinin, "Azərilər" kantatasının  novator mahiyyətini açıqlayan müəllif bəstəkarın özgün üslubunu Stravinski, Bartok, Tormisdən irəli gələn üsulların milli musiqi elementləri ilə sadə cəmi deyil, bütün əxz olunanların üzvi sintezi nəticəsində ərsəyə gələn yeni bədii keyfiyyət kimi səciyyələndirir, onun nailiyyətlərinin kəşf xarakterini vurğulayır.

Aida xanımın yeni simfoniyalar, operalar, kitablar, Bəstəkarlar İttifaqının plenum və qurultaylarında səslənən əsərlər haqqında operativ rəyləri heç də analitik materiallarından az maraqlı deyil. Həmin məqalələr onu mütəhərrik musiqi tənqidçisi kimi səciyyələndirir: rəyləri oxuyub dövrün atmosferini duyursan, nəbzini tutursan.

Musiqişünas bədii nəsrdən, kinodan paralellərə müraciət edərək, qənaətlərinə əlavə həcm aşılayır. Məsələn, Arif Məlikovun Dördüncü simfoniyasında romantik ikialəmlilik dünyaduyumunun məxsusi tərzdə təzahür olunduğunu qeyd edən alim buradakı müxtəlif texnikaya əsaslanan layların estetik dissonansını Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanındakı metodla (zaman-məkan yerdəyişmələri ilə) müqayisə edir.

Aida xanım əsasən estetik baxımdan özünə yaxın sənətkarlar haqqında yazır, vicdanı ilə kompromisə girmir, "düzü düz, əyrini əyri" deməyə çalışır, bu və ya digər insanın fəxri adları qarşısında təzim etmir, yeri gəldi-gəlmədi ona mədhiyyə oxumur. Məsələn, "Arşın mal alan" komediyasının val yazısı" adlı məqaləsində bu valın ərsəyə gəlməsində Niyazinin müstəsna rolunu, onun harmoniyalarının rəngarəngliyini, orkestr ixtiraçılığını müsbət qiymətləndirməklə yanaşı, A.Tağızadə iradını da bildirir: "Ü.Hacıbəyli musiqisinin vurğunu olan Niyazi operettanın obrazlarını romantik tərzdə şərh edir. Düzdür, bəzən Hacıbəylinin melodiyalarını cilalamaq üçün istifadə olunan effektli orkestr-harmonik vasitələr artıq görünür, haradasa melodiyaların ruhi gözəlliyinə  zidd gəlir". Beləliklə, alim Niyazinin sənətkarlığını əsla danmayaraq, Üzeyir bəy musiqisinin təbiətinə xələl gətirən məqamlara da göz yummur.

Aida xanım diqqəti gündəmdə olan məsələlərə cəlb etməyi bacarır. Bu baxımdan 70-ci illərə aid operalar - Şəfiqə Axundovanın "Gəlin qayası" və Məmməd Quliyevin "Aldanmış ulduzlar"ının təhlili maraqlıdır. "Gəlin qayası"nda  muğam operası ənənələrini müasir səviyyədə təcəssüm etdirmək cəhdlərini təqdir edən alim eyni zamanda sovet dönəmində intişar tapmış "mahnı operası"nın qanunlarının fəaliyyəti nəticəsində yaranan fəsadlara - opera formalarının bəsitləşməsinə, simfonik inkişafın süstlüyünə də diqqəti yönəldir. Tənqidçi M.Quliyevin müasir teatrın ideyalarına həssas yanaşmasını, məsələn, B.Brextin tamaşa teatrına xas "yabançılaşdırma" prinsipindən faydalanmasını operamızı yeniləşdirən müsbət hadisə kimi səciyyələndirir.   Librettonun (V.Paşayev) başlıca keyfiyyəti - teatrallığından təkan alan M.Quliyevin yaratdığı musiqi portretlərinin qabarıq və görümlü olduğunu, orkestr palitrasının rəngarəngliyini təqdir edərək, A.Tağızadə tamaşanın rejissor həllinə dair iradlarını da söyləyir. "Müasir teatrın siması rejissorun  dərin  fərdi yaradıcılığı ilə təyin olunur", - deyən alim əlavə edir ki, teatrımızın "azad, sərbəst, yaradıcı, hərtərəfli savada və istedada malik opera rejissoruna  ehtiyacı var". Təəssüf, klassik operalarımız hələ də müasir rejissura intizarındadır!

Məqalələrindən birində Q.Qarayev zövq kateqoriyasının tənqidçilər tərəfindən unudulduğunu qeyd edir, hərçənd məhz o, "sənətkarın daxili mədəniyyəti, tələbkarlığı, ölçü hissi, ifadə vasitələrini səhvə yol verməyərək dəqiq müəyyənləşdirmək bacarığı haqqında mühakimə yürütmək imkanı verir". Səciyyəvidir ki, A.Tağızadə yazılarında hər hansı bir əsəri, ifanı dəyərləndirərkən zövq məsələsinə xüsusi diqqət  yetirir. "Nəcib keyfiyyətləri necə qorumalı? Mənəviyyatsızlıq, bayağılıq, zövqsüzlük təzahürlərinin qarşısına necə sədd çəkməli?" - bu sualların C.Hacıyev üçün əhəmiyyətli olduğunu vurğulayan musiqişünas  özünü də narahat edən mətləblərə toxunur. 

Alma mater - Konservatoriya, Musiqi Akademiyası  - Aida xanımın doğma ocağına övlad sevgisi duyğulandırmaya bilməz. "Konservatoriyamızın hər daşını, hər guşəsini  sevirəm", - deyə Aida xanım kövrələrək etiraf edir.  Onun fəaliyyətə başladığı zaman Konservatoriya qızıl dövrünü yaşayırdı, burada elmin korifeyləri mühazirələr oxuyurdu. Onların arasında itib batmamaq,  mövqeyini dəqiq müəyyənləşdirmək heç də asan deyildi. Aida xanım bunu bacardı və tezliklə həmkarları arasında  qibtədoğuracaq nüfuz qazandı.        

Alimin kafedraya rəhbərliyi illərində bir çox kurslar - ilk öncə "Azərbaycan musiqi tarixi" kursu yeni mövzular, metodik tövsiyələr, vəsaitlər hesabına təkmilləşdirilmişdir. Tədris prosesinə "Müasir musiqi", "Asiya və Afrika xalqlarının musiqi mədəniyyəti", "Orkestr üslubunun əsasları", "Musiqi tənqidinin metodologiyası, nəzəriyyəsi və tarixi", "Teatr tarixi" və s. kurslar əlavə olunmuşdu.

A.Tağızadənin fərdi məşğələləri - diplom işlərinin və dissertasiyaların elmi rəhbəri kimi  fəaliyyəti xüsusən təqdirəlayiqdir. Yetirmələri arasında öz sənətində uğur qazanmış musiqişünaslar - F.Əliyeva, K.Nəsirova, İ.Pazıçeva, S.Rzayeva (namizədlik dissertasiyaları), N.Əfəndiyeva, H.Babayeva, N.Ələkbərova, İ.Köçərli, E.Hüseynova... qeyd olunmalıdır. Mövzu seçiminə, onun aktuallığına diqqət yetirən alim tələbələrinə, dissertantlarına olduqca tələbkar yanaşır, tədqiqatın yüksək səviyyədə icrasına ciddi nəzarət edirdi. Aida xanımın həmkarları "o zaman yazılan diplom işləri indinin  namizədlik dissertasiyaları ilə rəqabət apara bilər" fikrini dilə gətirərək, A.Tağızadənin  pedaqoq, elmi rəhbər istedadına diqqət yetirirlər.

Professorun "qeyri-rəsmi" tələbələrinin - onun tövsiyələrindən bəhrələnənlərin  sayı isə lap çoxdur. Təsadüfi deyil ki, Firəngiz Əlizadə Aida xanımı "hamımızın müəllimi" adlandırmışdı. Həmin minnətdar tələbələr sırasında bu sətirlərin müəllifi də var. 

Burada A.Tağızadənin daim gələcək haqqında düşüncələrlə yaşamasını, yeni kadrlar hesabına kafedranın işini canlandırmaq istəyini qeyd etməliyik. Özü də cavan mütəxəssisi kafedraya dəvət edərkən Aida xanım istedad, zəhmətkeşlik, gəncin ümumi işə nə dərəcədə səmərəli ola bilməsi meyarlarını rəhbər tuturdu. Mənə Bilkənddən ünvanlandırdığı məktubunda, Aida xanım "əgər  tələbə müəllimdən yaxşı deyilsə, deməli, bu, müəllimin  günahıdır", - deyə tam səmimiyyətlə yazır.   Bu sözlər onun şəxsiyyət kimi ucalığına dəlalət edir.

A.Tağızadənin pedaqoji fəaliyyətinin əhəmiyyətli mərhələsini onun qardaş Türkiyədə, Bilkənd Universitetində çalışdığı illər  təşkil edir. Burada o, "Musiqi və səhnə sənətləri" fakültəsində işləyərək vəzifəsini mühazirə oxumaqla bitmiş hesab etməyərək,   maraqlı təşəbbüslərə imza atmış, məsələn, "kompozisiya və nəzəriyyə" şöbəsinin müdiri kimi  tələbə-bəstəkarların konsertlərini düzənləmiş, gəncləri müasir musiqi yaradıcıları ilə görüşdürmüş, yeni əsərləri dinləyib təhlil etməyə, onlara annotasiya yazmağa sövq etmişdir. Qərib məkanda A.Tağızadə Bakı Akademiyasının təhsil ənənələrini uca tutmuş, zəngin təcrübəsini səxavətlə hamı ilə bölüşmüş,  müxtəlif yaş kateqoriyalarına aid  tələbələrinin nüfuzunu qazanmış,   fakültənin sayılıb-seçilən professorlarından biri olmuşdur.

Bakıya dönəndən sonra Aida  xanım yenə də musiqi tarixi  kafedrasında məhsuldar işini davam etdirir, bir sıra yeni araşdırmalar icra edir,  monoqrafiyalarını əlavələrlə zənginləşdirərək Azərbaycan dilinə çevirir. Beşcildlik "Azərbaycan Musiqi Tarixi" nəşrinin (layihənin rəhbəri - akademik Z.Səfərova) Üçüncü cildi üçün C.Hacıyev və S.Hacıbəyov haqqında oçerkləri məhz A.Tağızadə yazıb. Buradaca Heydər Əliyev Fondunun  "Üzeyirşünaslıq" layihəsi üçün alimin Azərbaycan və rus dillərində işıq üzü görən, elmi redaktor və tərtibçisi olduğu  "Üzeyir Hacıbəyli: məqalə, oçerk, esse, arxiv materialları" toplusunu (2014) qeyd edək.

Ön sözündə A.Tağızadə Ü.Hacıbəylinin möhtəşəm fiquru qarşısında heyranlıq hissini ifadə edir, onun keçmiş və gələcək, Şərq və Qərb arasında körpü saldığını bir daha vurğulayır. Sənətkarı xəyalpərəst adlandıran Tağızadə həm də həmin xəyalları icra etmək naminə Üzeyir bəyin titanik fəaliyyətini nəzər-diqqətə çatdırır.

Toplunun dəyəri ondadır ki, burada ilk dəfə bir sıra arxiv  materialları yer alıb, pərakəndə şəkildə mövcud olan məqalələr redaktə edilərək bir araya gətirilib. Aida xanım Üzeyir bəyin çoxcəhətli sənəti ilə bağlı bu və ya digər məsələyə hər bir müəllifin yeni, fərdi yanaşma tərzinə diqqət yetirərək, diskussiyaya sövq edən amillərin var olmasını da  alqışlayır. Mühakimələri qəlibə salmaq niyyətindən özünü   kənarlaşdıran A.Tağızadə əmindir ki, mübahisə olmayan yerdə elmi fikir iflic vəziyyətinə düşə bilər.  Üzeyir bəy kimi nəhəng şəxsiyyətin mənəvi aləmini tam ifadə etməyin mümkünsüzlüyünü  acizanə etiraf edib, alim sonda  "dahi sənətkarla ünsiyyət səadəti yaşatmağın" məqalə müəlliflərinin  ilk əvvəl özləri, sonra oxucuları üçün nə kimi əhəmiyyət kəsb etdiyini vurğulayır.

A.Tağızadə Azərbaycanı müxtəlif  beynəlxalq forumlarda təmsil etmişdir. 1976-cı ildə İtaliyanın Pezaro şəhərində keçirilən və bəstəkarlıq təhsili problemlərinə həsr olunmuş SSRİ və İtaliya bəstəkarlarının ikitərəfli görüşünə - bu görüşün iştirakçıları sırasında isə azərbaycanlılar Q.Qarayev və F.Əlizadə ilə yanaşı, T.Xrennikov, A.Petrov, G.Kançeli, C.Kaxidze, İ.Martınov kimi tanınmış sənətkarlar var idi - A.Tağızadə də  qatılaraq, Azərbaycan bəstəkarlıq məktəbi, onun qısa zaman  kəsimində qazandığı nailiyyətlər haqqında məlumatla çıxış etmişdir.  1987-ci ildə Praqada vaqe olan  beynəlxalq konfransda alimin "Musiqinin humanist mahiyyəti"   mövzusunda məruzəsi tədqiqə cəlb olunan materialın genişliyi, ümumiləşdirmələrin dəqiqliyi ilə seçilir.

Aida xanımın rəfiqələri - Azərbaycanda arfa ifaçılıq məktəbinin təşəkkülündə mühüm xidmətləri olan Aida Abdullayeva və müqtədir pianoçu, pedaqoq Elmira Səfərova haqqında esseləri xüsusən diqqəti çəkir. E.Səfərova  barədə yazısında Aida xanım əxlaq və mənəviyyat məsələlərinə toxunur. "Məncə, nəsillərarası  bölgü təkcə şaquli deyil, üfüqi xətt üzrə baş verir. Ağıllı və dürüst, vicdanlı adamlar necə var elə də qalıblar, karyera dalınca qaçanlar, cılız insanlar yaxşılığa doğru dəyişməyiblər", - deyən alim  həyat təcrübəsinin nəticəsi kimi  yaranan fikirlərini oxucuları ilə  bölüşür.

Bu sözlərdə Aida xanımın şəxsi mövqeyi, həyat prinsipləri də öz ifadəsini tapır. Heç də təsadüfi deyil ki, "XX əsr Azərbaycan musiqisi" kitabının üz qabığında  Q.Qarayevin "Don Kixot" simfonik qravürlərindən "cəngavər çağırışı" mövzusunun akkordları yerləşdirilmişdir. Axı Don Kixot obrazı ilə həqiqət axtarışları, insanlara təmənnasız xidmət etmək niyyəti, saxtakarlıq və təkəbbür təzahürlərinə qarşı etiraz motivləri  bağlıdır. A.Tağızadənin istedadı müdafiə etmək, ehtiyacı olana yardımçı olmaq, nahaq işdə iştirak etməmək, həyat missiyasını vicdanla yerinə yetirmək kimi keyfiyyətləri - başlıca həyat dəyərləri adlandırıla bilər. Alimin ailəsini tanıyanlar bu ocaqda hökm sürən yüksək mənəviyyat ab-havasından ürəkdolusu danışaraq, Aida xanım - Tofiq Əliyev "dueti"ni şəhərimizin ən gözəl, "ideal" cütlüklərindən biri kimi səciyyələndirirlər. Böyük alim, akademik, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Neft və Kimya İnstitutunun rektoru olmuş Tofiq Əliyevi əsl ziyalılara xas təvazökarlıq, sadəlik  fərqləndirirdi, onun siması sanki həmişə nur saçırdı. Bu ailənin yaşadığı Nizami küçəsindəki xudmani, qonaqpərvər evdə olanlar  Aida xanım və Tofiq müəllim arasında tam amal birliyinə əsaslanan ülvi, uca münasibətləri - onlar bir-birini həyatda, elmi işlərdə həmişə dəstəkləyirdilər - heyranlıqla müşahidə etmiş, yaşından asılı olmayaraq bütün qonaqlara eyni diqqətlə yanaşmaq bacarığını qiymətləndirə bilmişlər. Tofiq müəllim və Aida xanımın yolunu onların iki övladı davam etdirir: Fuad Əliyev tanınmış alim, elmlər doktoru, informasiya texnologiyaları və elektrotexnika üzrə Türkiyənin Yeditəpə Universitetinin professoru, Nigar xanım isə anası kimi musiqişünas, müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Azərbaycan musiqi elminin, təhsilinin görkəmli nümayəndəsi olan A.Tağızadənin nüfuzu şəksizdir. Aida Tağızadə dərin bilikləri, nadir müəllimlik istedadını ruh ucalığı, ürək genişliyi, həyata müdrikanə baxışla  birləşdirə bilmişdir. "O vaxt ki biz hər hansı bir işi sevinc və həvəslə gerçəkləşdiririk, onda, deməli, öz Taleyimizə - Tanrının bu torpaqda  bizim üçün nəzərdə tutduğu ali missiyaya riayət edirik", - bu sözlər müəllimimin  məktubundandır. Əminliklə demək olar ki, Aida xanım elə yaradıcılıq yolunun başlanğıcından Taleyinə riayət edib, sonucda görkəmli  nailiyyətlər qazanaraq musiqi sənəti və elmimizdə özünə fərəhli və fəxri yer qazanmışdır.

Bu əlamətdar yubiley günlərində kübarlıq, gözəllik, mənəviyyat mücəssəməsi olan istəkli Aida xanımı onun həmkarları, o cümlədən, xaricdə yaşayan musiqiçi dostları və tələbələri adından ürəkdən təbrik edib, ustadımıza möhkəm cansağlığı, həyat şövqü və sidq-ürəkdən sevdiyi musiqi ilə yeni məftunedici görüşlər, kəşflər arzulamaq istərdim.

 





05.02.2024    çap et  çap et