525.Az

Zərafətin təcəssümü - Türkan Turan yazır


 

Zərafətin təcəssümü - <b style="color:red"> Türkan Turan yazır</b>

Bu günlərdə Üsküdarda Bağlarbaşı qoruğunun ərazisində yerləşən tarixi Abdulməcid Əfəndi köşkündə möhtəşəm bir sərgiyə qatıldım. Köşkü görəndə az qala, bura nə üçün gəldiyimi unutmuşdum. Köşkün bu günə qədər gördüklərimlə yaxından-uzaqdan əlaqəsi yox idi. Fövqəladə bir abidədir bura, heç bir köşkə, saraya, qəsrə bənzəməyən, bambaşqa bir memarlıq vardı gözlərim önündə.

Köşk Şahzadə Abdulməcid Əfəndinin yazlıq evi olub. Onun sənətsevərliyi dövrün sənətçilərinin, ədəbiyyatçılarının, siyasətçilərinin buraya toplanmasına və köşkdən bir kültür mərkəzi kimi istifadə edilməsinə səbəb olmuşdu. Hərəm binaları və əlavə tikilisi yox edilən köşkdən günümüzə gördüyümüz bu üçmərtəbəli salamlıq binası qalıb. O da Koç şirkətlər qrupu tərəfindən sosial müəssisə olaraq istifadə edilir və qorunur, vaxtaşırı sərgilər təşkil olunur.

Bağça divarı üzərində çini pannolarla örtülü giriş qapısı mövcuddur. Qapıdakı çini kitabədə kufi xəttində "Allahdan başqa qalib yoxdur" ayəsi yazılıb. Köşkün qapısı üzərində isə yenə kufi yazısı ilə "Allah ədaləti, yaxşılıq etməyi, əqrabaya baxmağı əmr edir" yazılıb. Dördbucaq və qutu kimi sərt çıxışları olan köşkü görən kimi heyrət içində rəfiqəmə baxdım. Möhtəşəm görüntülü bu bina ilk baxışda Çin binalarını xatırladır. Daxili məkanda divar və yerlərdəki çini işləmələr, çeşmələr, buxarı, divar rəsmi, mərmər hovuzlu böyük salon, üst qatın pəncərələrindəki vitrajlar insanı valeh edir.

 

Göz oxşayan gözəllik

 

Köşkün 1880-1885-ci illər arasında qədim Misir Xidivi İsmayıl Paşa tərəfindən ov üçün tikdirildiyi düşünülür. İşə bax ki, bu cür möhtəşəm memarlıq abidəsinin kim tərəfindən ərsəyə gətirildiyi bəlli deyil. Bəzi qaynaqlarda memarın Aleksandr Vallauri olduğu yazılır, ancaq bu məsələdə dəqiq məlumat yoxdur. İsmayıl Paşanın ölümündən sonra oğullarından Mahmud Hamdi Paşaya qalan köşk Sultan Abdulhamid tərəfindən bədəli Xəziney-i Hassadan ödənərək Şahzadə Abdulməcid Əfəndi üçün satın alınır.

Daha sonra bağın ərazisində inşa edilən hərəm və əlavə tikili binaları ilə birlikdə köşk geniş bir əraziyə yayılır. Taxtadan tikilən həmin binalar təəssüf ki, günümüzə qədər gəlib çıxmayıb. Bəzi mənbələrə görə, Şahzadə Abdulməcid 1896-97, bəzilərinə görə isə 1900-cü illərdə bu köşkə köçür. Üç il sonra dizayn dəyişikliyi və müəyyən toxunuşlar edilir. Bəzi mənbələrə görə, köşkün əsas qapısı və hər iki yanında yer alan tarixi divarlar Abdulməcid Əfəndi tərəfindən dəyişdirilir. Bundan əlavə, köşkün şərq girişində divardakı "Sevgi Çeşməsi" adlı mənzərə rəsminin altında isə Abdulməcid Əfəndinin dizayn etdiyi və Avni Lifijin isə onu divara işlədiyi yazılır.

.

Bu köşkdə Abdulməcid çərşənbə günləri rəsmlər çəkirmiş. 1918-ci ildə Sultan Vəhdətdinin taxta keçməsi ilə Şahzadə Abdulməcid vəliəhd elan edilir və Dolmabahçe sarayına köçür. Yeri gəlmişkən, sarayda ona məxsus bir-birindən gözəl tablolar sərgilənir.

Köşk 1942-ci ildə Kalkavan ailəsinə satıldıqdan bir müddət sonra Kazım Taşkənt tərəfindən alınaraq restavrasiya edilir. II Dünya müharibəsi ərəfəsində bir müddət əsgərlərin istifadə etdiyi yer olur. Sonra uzun müddət boş qalır. 1987-88-ci illərdə yenidən restavrasiya edilir. Daha sonra Koç Şirkətləri qrupu tərəfindən alınır.

 

Keçmişdən bu günə...

 

Sərgiyə gəldikdə isə Sadberk Xanım Muzeyi tərəfindən Üsküdardakı Abdulməcid Əfəndi köşkündə açılan "Mazidən Atiyə zərafət: Osmanlı İmparatorluğunun son dönəmində və Cümhuriyyətin ilk illərində qadın qiyafətləri" adlı sərgidə XIX əsrdə şəhərli qadınların Avropa modasının təqib olunması ilə başlayan, Cümhuriyyətin elan edilməsilə sürətlənən yeni modanın qadın rollarını necə dəyişdiyini görə bilərik. Sərgi, sadəcə qadınların geyimlərini deyil, yaşadıqları çevrəni də tanıtmağa çalışır. Eyni zamanda Lətifə xanım, Mevhibə İnönü və Afət İnanın geyimləri ilk dəfə burada birlikdə sərgilənir. Sərginin ən ecazkar və insanı sehrləyən yanı isə Atatürk üçün xüsusi bir bölümün olmağı, geyimlərinin burada göstərilməsidir. Atatürkün geyimlərinə baxdıqca, öz-özünə düşünürsən, İlahi, insan necə bu qədər zövqlü ola bilər.

Bir də dəhşətə gəlirsən, dünənə qədər içi dolu olan bu geyimlər indi içi boşdur. Ölüm gerçəkliyi bir daha ən sərt şəkildə üzünə çırpılır. Yekə-yekə danışmaqların, öyünmələrin, mənəm-mənəmliyin nə qədər boş, lazımsız, mənasız olduğunu istehza ilə düşünürsən. Kimik axı, dünən gəldik, hər an gedəcək fanilərik də!

Qeyd edim ki, Atatürk bölməsində geyimlərdən əlavə Ömer M.Koç Kolleksiyasından imzalı fotolarla bərabər, Sadberk Xanım Muzeyi və Rahmi Koç Muzey kolleksiyalarında qorunan aksesuarlar və özəl əşyalar da sərgilənir.

Sərgidə Birinci Dünya müharibəsinin yaratdığı yoxsulluqlar və atəşkəs dönəmi boyu paytaxtın işğalının təsiri ilə şəhərli qadın geyimlərinin məruz qaldığı dəyişiklik ilə Cümhuriyyətin paytaxtı Ankarada rəsmi dəvətlərdə, ziyafətlərdə geyinilən geyimlər də yer alır.

 

Dəyişimin ilk addımı

 

Tənzimatın 1839-cu il elanına qədər keçən əsrlərdə Osmanlı qadın qiyafətlərində radikal dəyişiklik olmadı. Zəngin Osmanlı qadınlarının geyimləri qiymətli parçalardan tikilirdi. İmperatorluğun ilk paytaxtı Bursa Bizans dönəmindən etibarən ipək istehsalının mərkəzi olmuşdu. Yeri gəlmişkən, şəhər XIV əsrdə dünyanın ən önəmli ipək bazarları arasındaydı. Ancaq XVII əsrin ortalarında qərbin parça istehsalı qarşısında gücünü itirdi. Parisin modanın mərkəzinə çevrildiyi və saray xanımlarının Paris model və istehsal parçalarına üstünlük verdikləri bir dönəmdə III Səlimin Üsküdarda fransız parçalarına bənzər ipək istehsalının başlanmasına qərar verir. Yenilikçi padşahlar mənimsədikləri həyat tərzi və geyimlərin fərqliliyinə görə camaatın və yeniçərilərin reaksiyalarından çəkindikləri üçün ilk qurban etdikləri qadınların geyim özgürlüyü olur. III Səlim və II Mahmud kimi padşahların zamanında qadınların qiyafətlərinə qaydalar tətbiq edirlər. Nə var ki, moda fərman dinləmirdi. Bəzən üç, bəzən beş il sonra, bəzən də eyni il təkrar fərman verilirdi. Heç bir müdaxilə Lalə Dövrü və III Səlim dövründə yeni geyimlərin yayılmasını əngəlləyə bilmədi.

.

Qərbləşmə dönəmi

 

Osmanlı Sarayı əsrlər boyu sənəti və modanı idarə edən, yönləndirən mərkəz idi. Günümüzə gəlib çatan geyimlərin sayı çox az olması ilə saraylı xanımların geyimlərinin Qərb təsirinə girdiyi prosesi sənədləşdirən ən önəmli qaynaqlar XVIII əsrin sonlarından etibarən tutulmağa başlanan dərzi dəftərləri idi. Sultanların Peradakı dərzilərin ən yaxşı müştəriləri olduqları, işləməli parçaların burada hazırlandığı, geyimlərin bərpası, düzəldilməsi, sökülərək başqa geyimə çevrildiyi saray arxivindəki qəbzlər və ödəməyə dair sənədlərdən öyrənilib. Fransız sənətçi Antonio Melling III Səlimin bacısı Xədicə Sultan üçün geyimlər, şallar, inci işləməli paltarlar tikməsi qərb zövqünə olan marağın göstəricidir. Topqapı Sarayı tərk edilib, Dolmabahçe, Çırağan, Ulduz kimi barok, rokoko üslubunda tikilən saraylarda yaşamaq da dəyişimin səbəblərindəndir. Başda xanım sultanlar olmaqla, modern xanımlar geyimlərini dövrün Avropa moda dərgilərindən seçdikləri modellərdən sifariş edir və ya Qərbdən gələn parçalardan hazırlatmağa üstünlük verirdilər. Bəzən öz paltarlarının üstündə ölçüləri biçib dərziyə göndərir, getməklərinə belə gərək qalmırdı. Ailə qurub öz saraylarında yaşayan padşah qızları geyimlərini İstanbuldakı dərzilərə tikdirmək bir yana qalsın, Paris kimi moda mərkəzlərindən də sifariş verirdilər. Saray və ətrafındakı xanımlar arasında başlayan Qərb tərzi geyim modası, Tənzimatla birlikdə yayıldı. Yenə həmin dönəmdə Krım savaşına görə İstanbulda vəzifəli ingilis və fransız ailələrinin gəlməyi də modaya təsir elədi. Sultan Abdulaziz, Napoleon və Yevgeniya şərəfinə verilən dəvətə başda Pertevniyalı Sultan olmaqla bütün saray qadınları qatılmışdı. Dəvətdə iştirak edən validə sultanın avropasayağı geyindiyini, baş örtüyünü açmadığını da sərgidə göstərilən qaynaqlarda oxuyuruq. Ümumiyyətlə, sarayın yaşlı qadınları milli geyim tərzlərini qoruduqları halda, gənc qadınlar 1875-ci ildən etibarən tamamilə yeni moda ilə geyinməyə başlamışdılar. II Abdulhəmidin qızı Ayşə Sultan xatirələrində qeyd edir ki, bəzi saray sakinləri və yaşlı qadınlar alışdıqları geyim tərzindən əsla vaz keçmirdilər.

Özəl gün qiyafətlərinə gəldikdə isə  bu tərz, fransız və qərb təhsilinin Osmanlıda yayğınlaşması ilə başladı. Fransız izi artıq iqtisadi, təhsil, musiqi və geyim sektoruna qədər gündəlik yaşamda özünü daha aydın şəkildə bəlli edirdi. Qapalı qapılar arxasında yaşayan qadınlar isə modanı fransız musiqi müəllimləri vasitəsi ilə təqib edirdilər. Sultan Abdulməcidin Fransa vurğunu olması və qızlarına bu bəyənməni yansıdan toylar etməyi ilə fransız modası paytaxtdan başlayaraq bütün Osmanlıya yayıldı. Cümhuriyyət dönəmində qadınların yaşam tərzləri, geyimləri yenə sabit qalmadı. Tarix dəyişdikcə moda, tərz, rənglər dəyişdi. Hər şey dəyişir. Nə qədər qadağalar olsa da, nə qədər əmrlər verilib, fərmanlar imzalansa da.

Bu sərgidən bir daha anladım ki, nə boyda gücün olursa olsun, dünyanın gedişatının qarşısını, axan həyatın önünü kəsmək mümkün deyil. Bircə dənə sərgi ilə bu həqiqəti bütün gerçəkliyi ilə gözlər önünə sərir. Dünya budur, belə gəlib, belə də gedəcək, biz olsaq da, olmasaq da. Hər şey dəyir və dəyişəcək, fərqi yoxdur, yaxşıya, yoxsa pisə doğru. Yaxşı və pis olduğu isə dönəmin insanlarına görə dəyişir. Bəlkə də hər kəs üçün pis olan, başqası üçün yaxşıdır. Bu da müzakirəlik məsələdir.

 

 

 





05.02.2024    çap et  çap et