525.Az

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır


 

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 Demək olar ki, bütün dünya hönkürtü və ağlaşmalarla dolu olanda, yalnız bu bir adadan hər gün tütək və arfa səsi gəlirdi, teatrlar adamlarla dolu olurdu. Hər bir şəhər bura qurban kəsilməsi üçün öküz göndərmişdi. Antonini müşayiət edən çarların hamısı daha təmtəraqlı qonaqlıq və hədiyyə verməkdə bir-biriylə yarışırdı. Adamlar bir-birindən soruşurdu ki, müharibənin başlanmasının bayram edilməsinə bu qədər xərc çəkilirsə, onda qələbə bayramı üçün, görəsən, nələr ediləcək?

Bundan sonra Antoni və Kleopatra Afinaya yollandılar, burada təzə idman yarışları və tamaşalar onları əyləndirirdi. Antoninin qanuni arvadı Oktaviya afinalılar tərəfindən çox sevilirdi. Oktaviyaya olan bu hüsn-rəğbətdən qısqanclıq hiss edən Kleopatra şəhərin bütün siniflərindən olan adamlarına çox həssas münasibət göstərirdi. Antoni buradan Romaya sifariş göndərirdi ki, Oktaviya onun evindən uzaqlaşdırılsın. Oktaviya bundan sonra bu evi tərk etdi və Antoninin Fulviyadan olan və atasının yanında olan böyük oğlundan başqa, onun bütün uşaqlarını özü ilə götürdü, onunla birlikdə onlar ağlayır və qüssələnirdi. Bu isə bu qadının müharibənin başlanmasına bir səbəb olduğu kimi nəzərə çarpırdı. Romalılar yaxşı başa düşürdülər ki, müharibənin əsas səbəbi öz nəcib davranışı ilə fərqlənən heç də bu qadın deyil, Antoninin özüdür, onun ağılsız hərəkətləridir. Kleopatranı görənlər isə xüsusən qeyd edirdilər ki, gənclikdə və gözəllikdə bu qadın Oktaviya üçün heç bir şans yeri qoymur.

Müharibəyə hazırlığın miqyası və ciddiliyi onun necə qızğın aparılacağından əvvəlcədən xəbər verir. Oktavian Antoninin hazırlıqlarının sürəti və genişliyindən təşvişə düşməyə başladı. O, həlledici döyüşün yayda aparılmasından çox qorxurdu. Çünki lazım olan çox şeyi hələ gözləyirdi və əhali belə çoxlu vergi verməkdən narazılıq edirdi. Doğrudan da, vergilər çox ağır idi və əhalinin xeyli hissəsinin yoxsullaşmasına səbəb olurdu. Belə ki, azad adamlar, vətəndaşlar öz mənfəətlərinin dörddə birini, azad olunmuş qullar olan libertinlər öz əmlakının səkkizdə birini dövlətə ödəməli idilər. Ona görə də Oktaviana qarşı adamlar açıqca narazılığını bildirirdi və narahatçılıq bütün İtaliyanı bürümüşdü. Bu da Antoninin ən böyük səhvlərindən biri oldu ki, o, bu vaxt müharibə yolu ilə təzyiq göstərə bilmədi. O, olduqca ləng tərpəndi və bununla da Oktaviana müharibəyə yaxşı hazırlaşmaq üçün şərait yaratdı. Adamlar isə pullarını vermək tələb olunduqda, onlar qiyamçılara bənzəyir və zorakılıq yolunu tuturdular, pulu ödədikdən sonra isə sakitləşirdilər. Antoninin Kleopatra tərəfindən pis münasibət göstərilən dostları Oktavianın yanına gəldilər ki, Antoninin özünün razılığı ilə, onun vəsiyyəti barədə məlumat versinlər. Oktavian Senatı çağırıb, orada onların gətirdiyi vəsiyyəti açıq şəkildə oxudu. Bu tədbirin biabırçı cəhəti ondan ibarət idi ki, bir adam ölməmişdən əvvəl onun vəsiyyəti elan olunurdu. Oktavian Antoninin öz vəsiyyətindəki dəfn olunması məsələsini xüsusilə vurğulayırdı. O, belə göstəriş vermişdi ki, hətta Roma şəhərində ölsə belə, onun cəsədini Forumdan keçirməklə ölkəni dolaşdıqdan sonra Aleksandriyaya, Kleopatranın yanına göndərsinlər. Sonra o, Sezar tərəfindən yandırılan Aleksandriya kitabxanası kimi, həmin dövrdə çox məşhur olan Perqam kitabxanasını misirli arvadına bağışladı. Bu kitabxanada iki yüz min cild qiymətli kitab saxlanırdı.

O, Efesdə şəhərlilərin Kleopatranı özlərinin kraliçası kimi salamlamasından da çox məmnun olmuşdu. Bir dəfə axşam yeməyi vaxtı bir nəfər "Kleopatra əgər Misirə qayıtsa, hər şey yaxşı olacaq" - dedikdə Antoni bu sözlərdən hirslənmişdi. Buna görə həmin adam qorxudan Romaya qaçmışdı. Antoninin dostlarının çoxu, Kleopatranın yaltaqlarının həyasız münasibəti nəticəsində Misirdən qaçmalı olmuşdu, onların içərisində Mark Silan və tarixçi Delli də var idi. Onlar Kleopatranın onlara qarşı hazırladığı qəsddən ehtiyat edirdilər. Antoninin bəzi dostlarının günahı yalnız ondan ibarət olmuşdu ki, onlar gileylənmişdilər ki, onlara qonaqlıqda turş şərab vermişlər. Bu söz Kleopatranın çox acığına gəlmişdi.

Oktavian öz hazırlıqlarını başa çatdırdıqdan sonra Kleopatraya müharibə elan etdi və öz ərazisini istifadə üçün qadına verdiyinə görə Antonini hakimiyyətdən məhrum etdi. O, bunu da əlavə etdi ki, Antoni özünün zəhər payını içmişdir və bu, onu ağıldan məhrum etmişdir. O, istehza ilə deyirdi ki, Roma generalları indi hərəmağası Mardionla, Potinlə, Kleopatranın dəllək qızları ilə vuruşacaqlar. Romalılar yaxşı başa düşürdülər ki, keçmiş heç vaxt geri qayıtmayacaqdır. Gündəliyə artıq vətəndaş müharibəsi qoyulmuş, gələcəyi isə zülmət qaranlıq bürümüşdü. Getdikcə nüfuzu artan Oktavian Sezar onun qarşısında duran yeganə maneəni də götürməli və dövlətdə də tək hakimiyyətliliyi ələ keçirməli idi. O, yaxşı başa düşürdü ki, meyvə hələ yetişməmişdirsə, onu budaqdan qoparmaq üçün güc tətbiq etmək lazımdır. Bu meyvənin yetişməsini çox gözləmək də xeyir verməzdi və onu qoparmaq vaxtı gəlib çatmışdı. Bu anda elə bil allahlar da bu müharibənin başlanmasının qarşısını ala bilməzdi.

Roma xalqı üçün yeni bədbəxtliyə səbəb olacaq müharibənin başlanacağı gün yaxınlaşdıqca hər iki tərəf öz hazırlıqlarını bir daha nəzərdən keçirirdi. Antoni özünün silah və qoşun ehtiyatlarını yoxladıqda məlum oldu ki, onun beş yüz hərb gəmisi var və bu, qalib gəlmək üçün kifayət qədər görünürdü. Onun yüz min nəfərlik piyada qoşunu və on iki min nəfərlik süvarisi var idi. Ona tabe olan ərazilərin hamısının - Liviyanın, Yuxarı Kilikiyanın, Kappadokiyanın, Pafloqoniyanın və digərlərinin çarları gəlmişdilər, onlar belə bir vaxtda Antoninin yanında şəxsən olmaqla ona öz sədaqətlərini nümayiş etdirmək istəyirdilər. Pontdan ona gözlədiyi qüvvələri göndərmişdilər, Ərəbistanın, yəhudilərin və Qalatiyanın çarları da belə hərəkət etmişdilər. Midiya çarının göndərdiyi dəstələr də onun ordusuna qoşulmuşdu. Onun rəqibi Oktavian isə iki yüz əlli hərb qalerasına, səksən min piyada qoşuna və on iki minlik süvari dəstəsinə malik idi. Antoninin imperiyası Fərat çayından İon dənizinə və İlliriyaya qədər uzanırdı. Oktavian Sezarın imperiyası isə İlliriyadan başlayıb qərbdə okeana qədər davam edirdi, cənubda isə Toskana və Siciliya dənizi ilə hüdudlanırdı. Afrika qitəsindən isə Sezarın tabeliyinə İtaliya, Qalliya və Herkules sütununa qədər İspaniya ilə üzbəüz olan bütün sahil əraziləri, Antoninin hakimiyyətinə isə Kirenadan Həbəşistana qədər olan əyalətlər daxil idi. Lakin bütün müharibələrdə olduğu kimi, təkcə iqtisadi və hərbi potensial hər şeyi həll etmirdi. Ordunun döyüş qabiliyyəti xeyli dərəcədə onun ruhundan, qələbə əzmindən və sərkərdəlik məharətindən asılı olur.

Antoninin özünün səcdə qıldığı Yuli Sezar da Qall müharibələri vaxtı iki-üç, bəzən beş dəfə az qüvvə ilə məhz taktiki ustalığı hesabına müharibə tərəzisinin gözünün özünə tərəf əyilməsinə, ən qüvvətli düşmənini məğlubiyyətə uğratmağa nail olurdu. Romalıların qatı düşməni Hannibal da Kann yaxınlığındakı döyüşdə hələ 185 il əvvəl sayca çox az olan qoşunu ilə sərkərdəlik məharəti sayəsində Roma ordusunu darmadağın etmişdi, dövlətin varlığını böyük sual altına qoymuşdu. Antoni özü də bacarıqlı sərkərdə kimi tanınırdı. Şərqdə bir çox uğurlu döyüşlərə başçılıq etmişdir. İndi isə o, Kleopatra şəxsiyyətinin sadəcə olaraq bir əlavəsinə çevrilmişdi. Quru qoşunlarının düşməndən çox güclü olmasına baxmayaraq, məşuqəsinə xoş gəlmək üçün o, dənizdə qələbə çalmaq eşqinə düşdü. Lakin onun dəniz qüvvələri o qədər də məharətli dənizçilər hesab olunmurdu. Əksinə, Oktavianın gəmiləri üçün dəniz döyüşü daha əlverişli idi. Onlar heç də bəzəkli qaleralar deyildi, cəld hərəkət edən və manevr etməyə imkan verən gəmilər idi. Bundan başqa, Sezar Antoniyə məktub göndərmişdi ki, ona İtaliya ərazisinə çıxmağa imkan verir ki, döyüş Apennin yarımadasında getsin. Antoni isə buna cavab olaraq Oktavianı özü ilə təkbaşına döyüşə çağırdı, baxmayaraq ki, yaşca ondan 23 yaş böyük idi, bu, rədd edildikdə, Oktaviana Yuli Sezarla Pompeyin 17 il əvvəl vuruşduğu Farsal çölündə vuruşmağı təklif etdi. Lakin Antoni öz donanması ilə Aktsi yaxınlığında lövbər saldıqda, Oktavian bu imkanı əldən verməməyi qət etdi və İon dənizindən keçib Epirdə yerləşdi. Səhərisi gün Antoni öz düşmənini üzən gördükdə döyüşə hazır olduğunu nümayiş etdirdi və Aktsi boğazında onların qüvvələri üz-üzə gəldi. Bu, 31-ci ildə baş verdi. Öz hərbi hiyləsində aldanan Oktavian buradan geri çəkildi. O, ağıllı hərəkət edərək bir sıra xəndək xətləri və fortlar tikməklə düşməndən özünü araladı, çünki burada su bol olmayıb, döyüş üçün də o qədər əlverişli deyildi. Çarlardan bəziləri Sezarın yanına getdi. Antoni isə yenidən quruda müharibə aparmağı qət etdi. Lakin legionlara komandanlıq edən Kanidi artıq öz əvvəlki rəyini dəyişdirmişdi və indi Kleopatranın məsləhəti ilə hərəkət edirdi. Əgər bu mübahisə quruda döyüşlə həll edilsə, o, Makedoniyaya geri çəkiləcəkdi. Çarlardan biri də böyük ordusu ilə gəlib, onunla birləşməyi vəd etmişdi. Sezar Siciliya ilə müharibədə yaxşı dəniz döyüşü təcrübəsi qazanmışdı və Sekst Pompeyin qüdrətli donanmasını Mark Aqrippanın komandanlığı altında darmadağın etmişdi. Digər tərəfdən bu, Antoni üçün alçaldıcı olacaqdı. Çünki o, uzun müddət quruda vuruşmuşdu və belə çoxsaylı və yaxşı döyüş qabiliyyətinə malik olan piyada qoşunlarından artıq istifadə etməyəcəkdi. Bunun əvəzində, özünün böyük qüvvələrini gəmilərə paylayıb dağıtmışdı. Bütün bunlara baxmayaraq, Kleopatra qələbəyə kömək etmək variantını seçmək yox, ilk başlanğıcdan məğlubiyyətdən özünü qoruyub saxlamaq üçün qaçmağı qət etmişdi. Dənizdə döyüş aparmaq qərara alındıqda, altmış gəmi istisna olmaqla bütün Misir gəmiləri yandırıldı. Antoninin komandanlığı altında xeyli döyüş aparmış bir piyada kapitanı çoxlu yarası olan bədənini göstərərək, sərkərdəyə dedi ki, "mənim generalım, bizim yaralarımız və qılınclarımız nəyə görə sənin xoşuna gəlmir ki, sən bu qurumuş taxtalara üstünlük verdin? Qoy misirlilər və finikiyalılar dənizdə qalsınlar, bizə isə quruda döyüşməyə imkan ver, biz quruda, torpaq üzərində necə ölməyi və necə qalib gəlməyi bilirik". Bu sözlərə o, heç bir cavab vermədi. Üç gün keçsə də, dəniz sakitləşmədiyindən onlara öz mövqelərini tutmaq müyəssər olmurdu. Ancaq beşinci gün dəniz sakitləşdi və onlar döyüşə başladılar. Antoni özü sağ cinahda komandanlıq edirdi, sol cinah və mərkəz başqa sərkərdələrə həvalə olunmuşdu. Hər iki tərəfin quru qoşunları sahildə dayanmışdı. Antoni kiçik bir qayıqda bir gəmidən o birinin yanına keçir, əsgərləri ruhlandırır, onlara möhkəm dayanmağı və özlərinin iri gəmilərində quruda olduğu kimi vuruşmağı göstəriş verdi ki, onlar düşmən gəmilərinin üstünü lövbər salanda almalı və limana dar və keçilməsi çətin olan girişi qorumalıdırlar.

 (Ardı var)

 





05.02.2024    çap et  çap et