525.Az

Gənc təhsil idarəçiləri ilə görüş keçirilib


 

Gənc təhsil idarəçiləri ilə görüş keçirilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə gənc direktor və direktor müavinləri ilə görüş keçirilib.

Bu barədə 525.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd təhsil müəssisələrində sağlam psixoloji mühitin təmin edilməsi, müzakirə çərçivəsində çatışmazlıqların aşkarlanması, gənc təhsil idarəçilərinin təkliflərinin dinlənilməsi, onlarla fikir mübadiləsinin aparılmasından ibarətdir.

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva məktəblərdə tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanması və gənc müəllimlərlə işin aparılmasının vacibliyindən danışıb. M.Vəliyeva məktəblərdə sağlam psixoloji mühitin təşkil edilməsi üçün psixoloq və rəhbər heyətin vahid komanda şəklində işləməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirməyin önəmindən bəhs edib.

Məhəbbət Vəliyeva hazırda təhsil müəssisələrində davam edən pedaqoji şura iclaslarına da toxunub, iclasların pedaqoji işin düzgün planlaşdırılması, səmərəli təhsil mühitinin təşkili baxımından əhəmiyyətini vurğulayıb, bu istiqamətdə verilən qərarların, görülən işlərin hesabatlılığının təmin olunmasının vacibliyini qeyd edib. O, həmçinin buraxılış imtahanlarına hazırlıq, təhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə nəzarət, təhsilalanların inkişafı istiqamətində görülən işlər və digər məsələlərə dair tövsiyələrini verib.

Daha sonra çıxış edən BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Məmmədov görüş iştirakçılarına işə məsuliyyətli münasibət, hər bir məsələyə diqqətli yanaşma barədə təklif və tövsiyələrini verib, nəticəyönümlü fəaliyyətin problemlərin həllindən keçdiyini qeyd ediblər.

Görüşdə iştirak edən gənc təhsil işçiləri şagird yerdəyişməsi, məktəblərdə təhlükəsizlik, təminat-təchizat məsələləri, şagirdlərlə işin aparılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi barədə fikirlərini bildirib, qeyd edilən məsələlər üzrə öz təkliflərini səsləndiriblər.

Sevinc Qarayeva 

 





05.02.2024    çap et  çap et